Azərbaycanlı dörd “muşketyor” və ya: “Mən qalib gələcəyəm”

Azərbaycanlı dörd “muşketyor” və ya:       “Mən qalib gələcəyəm”

Ölkəmizə qürur qazandıran şagirdlərimizlə maraqlı söhbət

 

“IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında şagirdlərimiz 1 qızıl, 3 gümüş medal qazanıblar. AYNA, pandemiya şəraitində uğurlu olmaq üçün çalışan və bunu bacaran şagirdlərimizlə həmsöhbət olub. Beləliklə:

 

“Gedəcəm və gümüş medal alacam”

No description available.

Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi, gümüş medalçı Sədiyar Qafarov deyir ki, imtahandan əvvəl bir az həyəcanlı olsa da, istədiyi hədəfə nail olmağı bacarıb: “İmtahanda həyəcanımı boğa bildim. Birinci mərhələ praktiki mərhələ idi. Elə bu mərhələni uğurlu keçdikdən sonra daha da rahatlaşdım. Nəzəri mərhələni bir qədər zəif vermişdim, buna görə pis olmuşdum. Medal ala bilməməkdən, bürünc medal almaqdan qorxurdum. Lakin hər şey istədiyim kimi oldu. İlin əvvəlindən gümüş medal üçün çalışırdım, hədəfimə də nail oldum. Əsas olan sualları anlamaqdır. Belə ki, sualı tərtib edənin necə düşündüyünü bilməlisən. Başqa çətinlik yoxdur. Sadəcə çoxlu kitab oxumaq, internetdən araşdırma aparmaq lazımdır”.

 

Yarışa qədər keçdiyi yoldan danışan qalibimiz söyləyir ki, bəzən səhlənkarlıqları da olub, amma gələcəyini daha düzgün quracağından əmindir. Gələcək hədəflərindən danışan Sədiyar bu uğuru böyük olsa da, bunun qarşıdakı hədəfləri üçün sadəcə bir məşq rolu oynadığını bildirir: “Bu mərhələdə yeni kitablarla da tanış olmuşam. Bunlar da növbəti hədəfim üçün mənə kömək olacaq. Gələn il üçün hazırlaşıram və hədəfim daha böyükdür. Düşünürəm ki, gələn il də hədəfimi reallaşdırsam, dünyaca məşhur universitetlərə qəbul imkanım yaranacaq”.

 

O, gələcəkdə seçəcəyi ixtisası da müəyyənləşdirib, elə bütün cəhdləri də bu istiqamətdədir. Sədiyar dünyaca məşhur universitetlərdən birində təhsil almaq, həkim olmaq istəyir. Qalibimiz təhsildə uğurlu olmağının sirrini çox çalışmağında görür: “Eyni zamanda güclü motivasiyan olmalıdır. Lakin nə özünə çox arxayın olub passivləşmək olar, nə də neqativ düşünüb ruhdan düşmək. Sadəcə müsbət düşünüb çox çalışmaq lazımdır və hədəfi konkret qoymalısan. Məsələn, mən gedəcəm və gümüş medal alacam”.

 

“Aşağı siniflərdən yaxşı oxuyan olmuşam, əlaçı idim, bütün fənləri oxuyurdum. Sadəcə son zamanlar diqqətimi əsas biologiyaya və ona yaxın fənlərə yönəltmişdim. Bu yolda dəstəkçim müəllimlərim və valideynlərimdir. Onlar mənə daim motivasiya verirlər. Düzdür, valideyn və müəllimlərin motivasiya verməsi də önəmlidir, amma mən deyərdim ki, şagirdin özünün iradəli olması daha vacibdir. Zəhmətə qatlaşmaq, çox oxumaq, araşdırmaq, özünü hərtərəfli inkişaf etdirmək şagirdin öz istəyi ilə olan bir şeydir”, - Qafarov vurğulayır.

 

İngilis və rus dillərində sərbəst danışan, bədii ədəbiyyata da maraq göstərən qalibimiz asudə vaxtlarını da biologiya üzrə elmi kitablar oxumaq, araşdırma etməklə keçirir.

 

“Tarixə düşə bilərik

No description available.

Qızıl medalçımız, Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin şagirdi Mətin Muradlının sözlərinə görə, pandemiyaya görə olimpiadaya hazırlıqla bağlı planları tam şəkildə baş tutmayıb: “Olimpiadaya hazırlıq dərslərində bizə yalnız nəzəriyyə öyrədilmir, həmçinin bəhanələr yerinə həllər tapmaq öyrədilir. Biz də bacardığımız qədər çalışırıq ki, problemlərin həlli yollarını tapaq. Bu qalibiyyət də onun nəticəsidir. Düzdür, mövcud vəziyyətə görə bəzən demotivasiya halları da olurdu, amma məqsəd üçün çalışmalı idik. Daim müəllimlərlə əlaqə saxlayırdıq, vəziyyətin nə yerdə olduğu ilə maraqlanırdıq. Beynəlxalq Biologiya Olimpiadası heyətinə də çoxsaylı müraciətlər edilirdi. Buna görə canlı olimpiada ləğv olunsa da, “IBO Challenge” formatında keçirilməsi qərara alındı”.

 

“Bu bizim üçün çox yaxşı oldu. Çünki bir il çalışdığımızın nəticəsini əldə etmək imkanı qazandıq. Digər fənlərdən fərqli olaraq Biologiya Olimpiadasına maksimum iki dəfə qatılmaq haqqımız var idi. Asiman və mən keçən il qatılmışdıq deyə bu il qatılıb-qatılmayacağımız sual altında idi. Ələlxüsus da, bu formatda keçirildiyinə görə bunun olimpiadada iki dəfə iştirak haqqımızdan sayılmadığını biləndə komanda yoldaşım Asimanla çox sevindik. Gələn il də bütün imtahanları uğurla verib komandaya düşsək, Beynəlxalq Biologiya Olimpiadasında üç dəfə iştirak etmiş şagirdlər olaraq tarixə düşə bilərik. Bu da özü ayrı bir motivasiyadır”, - o deyir.

 

Həmsöhbətimiz olimpiadanın strukturu haqda da danışır: “Ənənəvi olimpiadalarda iki hissəli olurdu: Nəzəriyyə və təcrübə imtahanları. Nəzəriyyə imtahanı da öz növbəsində iki hissəli idi. Günortaya qədər və günortadan sonra. Təcrübə imtahanı isə 4 dəfə olurdu. Müəyyən başlıqlar altında olurdu, lakin adətən heyvan fiziologiyası, bitki fiziologiyası, molekulyar biologiya və biokimya, bioinformatika başlıqları altında toplanır. Keçirilən ölkəyə görə bu başlıqların adı və forması da dəyişə bilir. Hazırkı nəzəriyyə suallarının da prinsipi belədir ki, bizə həmin ölkədən və ya həmin ildə elmdə olan yeniliklər və yeni elmi araşdırmalar barədə olan məqalələrdən suallar tərtib olunur və sualların cavabı 4-5 şərtdən ibarət olur. Biz isə bu şərtlərin doğru və ya yanlış olduğunu müəyyənləşdiririk. Lakin bizim belə bir çətinliyimiz də var ki, bəzən elə şərtlər olur ki, həm doğru, həm yanlış ola bilər. Buna görə biz sualı hazırlayanın nə düşündüyünü də tapmağa çalışmalıyıq. Düşünürəm ki, bu, yaxşı bir təşəbbüsdür, çünki bizdə kritik düşünmə və elm adamı prototipi kimi yetişməyimizə kömək olur. Builki olimpiadanın strukturuna qaldıqda isə mövcud vəziyyətə görə praktika sayı 2 oldu. Heyvan fziologiyası və bioinformatikadan oldu. Nəzəriyyə imtahanı isə olduğu kimi keçirildi”.

 

Olimpiadanın gedişində çoxlu çətinliklər olduğunu deyən Mətin, bu çətinliklərin də öhdəsindən gəlmək üçün müəyyən həllər düşündüklərini və komanda ilə birlikdə bacardıqlarını ifadə edir: “İstər sertifikatda, istərsə də mükafatlandırmada ancaq biz şagirdlərin adı yazılır, lakin bunu vurğulamalıyam ki, bu qalibiyyətdə onlarla insanın əməyi var. Hər birinə şəxsi minnətdarlığımı bildirirəm. Biz nə qədər yaxşı nəticə göstərmiş olsaq da, düşüncə tərzimiz də buradan çox uzaqlaşa bilməz. Buna görə də bizim yönləndirilməyə ehtiyacımız var. Bu məsələdə ən böyük dəstəkçim ailəm, müəllimlərim və yaxınlarımdır. Mən 6-7-ci siniflərdə oxuyanda nəinki bioloq olmaq, heç bu sahəyə gəlmək də istəmirdim. Nəzakət müəllim sağ olsun ki, məndə bu sahəyə olan potensialı gördü və mənə, ailəmə qarşı mübarizəsində qazanaraq məni bu sahəyə yönəltdi. Hazırda bu sahədə olmağıma görə Nəzakət müəllimə borcluyam. İstedadlı uşaqlarla iş şöbəsinin bizim uşaqları kəşf etməsində əsas istiqamət verən elə məhz orta məktəb müəllimlərimizdir. Onlara xüsusi təşəkkür edirəm”.

 

Muradlı gələcəkdə bio-tibbi elmlər üzrə elm adamı olmağı düşünür: “Düzdür, bu, bir az geniş sahədir, daxilində bir sıra digər elmləri də ehtiva edir. Buna görə də daha geniş aspektli araşdırmalar apara biləcəyimə inanıram”.

 

“Ən gec 8-ci sinifdən qərarınızı qətiləşdirin

No description available.

Daha bir gümüş medalçımız isə Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanovdur. Olimpiadada qalibimiz ölkəsini layiqli təmsil etdiyi və valideyinlərini sevindirdiyi üçün şaddır: “Bu medalın yaxın gələcəkdə arzuladığım top universitetə qəbuluma imkan yaradacağını düşünürəm. Komanda adından bu nailiyyətimizdə əziyyəti olan bütün müəllimlərimizə, keçmiş “İstək” liseyinin kollektivinə də xüsusi təşəkkürümü bildirirəm. Ümumən olimpiada ilə bağlı təəssüratlarım çox gözəldir. Pandemiyanın bizə yaratdığı maneələrə rəğmən, olimpiadanın təşkil edilməsi çox sevindirici hal oldu. Pandemiyaya görə qonşu ölkələrə səfərlərimiz təxirə salındı. Buna baxmayaraq, Türkiyə ilə dərsləri onlayn davam etdirdik. Olimpiada mərkəzində və Türkiyə ilə birlikdə aldığımız dərslərin bu uğurda bilavasitə rolu var. Ruhdan düşmədik, Türkiyə komandası ilə keçdiyimiz dərslər və öz müəllimlərimizlə göstərdiyimiz səylər nəticəsini verdi. Bu çətin günlərdə olimpiadanın təşkilində əməyi olanlara dərin minnətdarlığımı bildirirəm”.

 

Ranal gələn il də olimpiadaya qatılacaq. O, bürünc medalı hədəfləsə də, gümüş medala sahiblənməsinin gözlənilməz olduğunu deyir. Uğur haqda fikirlərini bölüşən həmsöhbətimizin sözlərinə görə, təhsildə uğurlu olmaq üçün erkən yaşdan böyük hədəflərin olmalıdır: “Müəllimlərim və valideynlərim hər zaman məni dəstəkləyiblər. Özüm də çalışmışam ki, valideynlərimi, mənə inanan, dəstək olan insanları sevindirim. Bu da çıxdığım yolda mənə hər zaman əlavə motivasiya verib. Digər məqama qaldıqda isə, əminliklə söyləyə bilərəm ki, yüksək məqsədlərimə çatmaqda vaxtilə təhsil aldığım “İstək” liseyinin böyük rolu var. 7-ci sinifdən “Top universitetlər”dən birində təhsil almaq arzum olub və təhsil sistemini elə də sevmədiyim üçün olimpiada yolunu seçmişəm. Çox oxumağı elə də sevmirəm. Buna görə digər yollar axtarmağa, başqa variantlardan istifadə etməyə çalışmışam. Biologiyaya isə böyük marağım olub. Burada uğurlu olmağım vaxtında qərar verməyimlə bağlıdır. Biologiya fənni üzrə olimpiadaya qatılmaq istəyənlərə də tövsiyəm budur ki, ən gec 8-ci sinifdən qərarlarını qətiləşdirsinlər, “Campbell Biology” kitabını bitirmiş olsunlar, çünki bu fənn yüksək bilik tələb edir. Təbii ki, dil bilgisi də avantajdır”.

 

“Artıq daha təcrübəli idim”

No description available.

Digər olimpia qalibimiz Asiman Ziyəddinovdur. Keçən il bürünc medalı əldən verən qalibimiz bu il gümüş medala sahib olub: “Mən 8-ci sinifdən bəri olimpiadaya hazırlaşıram. Keçən il də Macarıstanda keçirilən olimpiadaya qatılmışdım. O zaman təcrübəm az olduğu üçün və psixoloji cəhətdən gərgin olduğuma görə az bal fərqi ilə bürünc medalı əldən verdim. Amma bu olimpiada builki mövcud pandemiya şəraitinə görə onlayn olaraq keçirildiyi üçün həyəcan keçirmədim və daha təcrübəli olduğuma görə artıq medal alacağıma inanırdım. Son bir ay ərzində Türkiyənin beynəlxalq olimpiada komandası ilə hazırlaşdıq və gözlədiyimizdən daha yaxşı nəticə əldə etdik. Ancaq yenə də daha yaxşı nəticə əldə edə bilərdim”.

 

Asiman deyir ki, gələn il Portuqaliyada keçirilməsi nəzərdə tutulan olimpiadada daha yaxşı nəticə əldə etmək üçün çalışacaq. Gələcəkdə xarici universitetlərdən birində Molekulyar biologiya və genetika ixtisası üzrə təhsilini davam etdirməyi düşünür.

 

Qəhrəmanımız vurğulayır ki, 7-ci sinfə qədər Şəki rayonunun İnçə-Zunud kənd məktəbində təhsil alıb. O zaman məktəbdə bütün dərslərini yaxşı oxuyub və ona əsas dəstəyi həmin məktəbin biologiya müəllimi göstərib: “Məktəbdəki biologiya müəllimim mənə motivasiya verdi. Həm də birlikdə hazırlaşdıq və mən həmin müsabiqədən gümüş medal qazandım. Bakıda Kimya-biologiya Təmayüllü Respublika Liseyinə qəbul oldum. Həmin vaxtdan Beynəlxalq Olimpiadaya hazırlıq komandasına seçildim və o vaxtdan da bu olimpiadaya hazırlaşıram”.

Müəllif: Aləmdə Nəsib      30 Avqust 2020 22:55
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin