“Putini taxtdan endirməyə çalışan şaman istəyinə çatacaq, onu yaxşı tanıyıram”

“Putini taxtdan endirməyə çalışan şaman istəyinə çatacaq, onu yaxşı tanıyıram”

Tərlan Manafov: “Bu dünyada baş verən hadisələrin bütün səbəbləri o dünyalarda yaranır və daha sonra bu dünyada həmin hadisələr gerçəkləşir”

 

Azərbaycan tolerant ölkədir. Əhalinin əksəriyyəti İslam dininin mənsubu olsa da, başqa dinlərə inananlar da rahat şəkildə öz inanclarını yaşadırlar. Ölkədə dini ayrı-seçkilik yoxdur, əksinə insanlar bir-birilərinin dini inanclarına hörmət edirlər.

 

Belə dinlərdən biri də Şamanizmdir. Ölkəmizdə bu dinin təmsilçiləri var. AYNA TV-nin bugünkü müsahibi, şaman Tərlan Manafov kimi.

 

- Tərlan bəy, Azərbaycanda Şamanizm nə zamandan yayılıb?

 

- Azərbaycan Xəzər dənizinin sahilində yerləşsin və burada Şamanizm mövcud olmasın – bu, çox qəribə olardı, elə deyil? Bu din Azərbaycan ərazisində çox əsrlər əvvəldən mövcud olub. Dədə Qorqud, Bayandur xan da şaman olublar. Azərbaycanda Şamanizmin mövcudluğunu sübut edən əsas məkan Qobustandır. Qobustan dünyada 3-4 şaman mərkəzlərindən biridir. Qobustan “keçid” deməkdir. Yəni kölgələr dünyasına keçid olan məkandır. Qobustanda həm üst, həm də alt dünyaya keçidlər var. Qayaüstü rəsmlər ulu əcdadlarımızın yazdıqları kodlardır. O kodları oxumaqla keçidləri açmaq olur. Bakının özü də Qobustanın yeni versiyasıdır. Qız qalası özü də Şamanizmə aiddir. Günəşi izləyən memarlıq abidəsidir.  

 

- Şamanizmə görə neçə dünya var?

 

- Dinlərdə belə deyilir ki, dünya bir neçə qatdan ibarətdir. Hər bir qatda da fərqli varlıqlar yaşayır. Şamanlar da dünyanı 3 qatdan ibarət bilirlər:

 

1) Üst dünya - pak, təmiz və güclü, müqəddəs varlıqların, mələklərin yaşadıqları yer. İnsandan üstün varlıqlar orada yaşayır;

2) Orta qat - biz insanların yaşadığı məkan;

3) Alt dünya - el dili ilə desək, cin və şeytanların yaşadıqları dünya.

 

İnsanlar həm yuxarı, həm də aşağı  dünyaya gedə bilərlər. Şamanlar bunu uzun zaman məşqlər nəticəsində bacarırlar. Ümumiyyətlə, bu dünyada baş verən hadisələrin bütün səbəbləri o dünyalarda yaranır və daha sonra bu dünyada həmin hadisələr gerçəkləşir.

 

- Şamanlar daha çox hansı dünya ilə ünsiyyət saxlayırlar?

 

- Şamanlar balansı qoruyurlar. Amma bu günləri insanlar pis əməllərə daha çox meylli olduqları üçün, qara qüvvələr insanlar arasında daha çox xəstəliklər yaydıqları üçün, şamanlar da, əsasən aşağı dünya ilə işləməli olurlar. Şamanlar həmin alt dünyaya enib, orada azmış ruhları xilas edirlər.

 

- Şamanlar falçılıq və ya ekstrasensliyi də bacarırlar?

 

- Ekstrasenslər və falçılar son illər dəbə düşüb. Şamanın elədiklərinin bir faizini belə, ekstrasenslər bacarmırlar. Şamanlar daha güclüdürlər. Şamanlar kölgələr dünyasına daxil olub, insanın həyatına edilən dəyişikliyi görüb, ona mane olanlara qarşı mübarizə apara bilirlər. Bir sözlə, şamanlar meteoroloqlar kimidir. Hadisələri öncədən görə bilirlər.

 

- Ekstrasenslər və falçılar iki yerə bölünür: Ağ və qara qüvvələrlə işləyənlər. Şamanlarda da belədir?

 

- Şamanlar universaldırlar, yəni hər iki tərəflə işləyirlər. Son zamanlar insanların qəlbi qaradır, qara qüvvələr onlara daha çox müdaxilə edir. Ona görə də məhz həmin dünyalar ilə işləyirik.

 

- Hansı dünya ilə işləmək daha çətindir?

 

- Əlbəttə ki, yuxarı dünya ilə. Amma aşağı dünya ilə işləmək nisbətən asandır. Çünki o dünya insandan aşağı olan yerdir.

 

- Qara qüvvələr insanlara nə kimi ziyan verir?

 

- Onlar bizim dünyaya ova çıxırlar. Qara qüvvələrə yaxın olan insanların ruhu ilə qidalanır, enerji alırlar. Şamanlar isə o dünyaya gedirlər və ruhları qara qüvvələrdən qurtarırlar. Cinlər də bu dünyaya ovlamağa gəlirlər. Həmçinin, şamanlar da o dünyaya ovlamağa gedirlər.

 

- Dünya siyasətinə şamanlar müdaxilə edə bilirlər?

 

- Qədim zamanlardan padşahların, kralların, rəhbərlərin yanında şamanları olurdu. Osmanlı sultanlarının da şamanları olub. Bu gün də dünya liderlərinin əksəriyyətinin məsləhətçi şamanları var. Hakimiyyətə gələnlərin əksəriyyəti qazandıqlarını əldə saxlamaq üçün hər şeyə razı olurlar. Ona görə də qara qüvvələrlə işləməyə belə, razı olurlar. Dünyanı idarə edən qüvvələr, təriqətlər var. Onların da hamısı şamanlardır.

 

- Siyasi liderlərin özləri şaman olmağa cəhd edirlər?

 

- Əslində, qədim zamanlarda hakimiyyətə gələn liderlərin çoxu şaman olub. Misir fironları, Çingiz xan, Teymurləng, Hitler, Stalin şamanlıqla məşğul olub. Hətta şahidlər deyirdilər ki, Hitler tez-tez başqa yuxudan qorxu içində oyanarmış. Varlıqları görüb, onlardan qorxur və onları qovurmuş. Müasir siyasətçilərdən Putin şamanlıqla çox maraqlanır. Hətta Altayda, Tuvada Manquş adlı qoca şaman var. Hər il Putin onun yanına gedir və xüsusi ayinlərlə özünə enerji toplayıb geri qayıdır. Onu da qeyd edim ki, Manquş mənim də müəllimimdir. Trampın özü də başqa şamanlarla işləyir. Ərdoğan sufilərlə işləyir. Fətullah Gülən də şamandır. Rusiyanın Müdafiə naziri  Sergey Şoyqu da şamandır. Kremldə bir-biri ilə mübarizə aparan çoxsayda qüvvələr var. Həmin qüvvələr bu gün milyonlarla hektar tayqa meşələrini yandırırlar ki, güc gəlməsin. Halbuki həmin meşələrdə çoxsayda qüvvələr yaşayır.

 

- Putin demişkən, Rusiyada Aleksandr Qabuşev adlı şaman var. O, Yakutiyadan Moskvaya doğru yola düşüb. Putini şeytan adlandırır və Moskvaya çataraq onu taxtdan endirmək niyyətindədir...

 

- Bəli, Aleksandr ilə tanışam. O, Moskvaya doğru yol alıb. Onun arxasında Çingiz xana xeyir-dua verən qüvvələr durur. Odur ki, istəyinə çatacaq.

 

- Dinlərə görə, insan öləndən sonra əməllərinə görə ya Cənnətə, ya da Cəhənnəmə düşəcək. Şamanlarda inanc necədir?

 

- Türk dilində ölmək sözü yoxdur. Onlar ölməyə uçmaq deyirlər. İnsanın incə bədəni bu dünyadan digər yerə keçir. İnsan taleyini, adını və s itirir. Qalır işıq. Beləliklə insan ya üst, ya da alt dünyaya gedir və səyahətini davam etdirir. Şamanları isə kurqanlarda basdırırlar.

 

- Bir şaman olaraq, yaxın illər haqqında nə kimi proqnoz verə bilərsiniz?

 

- 21-ci əsrin ortalarında ya bugünkü dünyanın axırı olacaq, ya da süni intellekt hakimiyyətə gələcək. Bir sözlə, insanlara ehtiyac olmayacaq. Həmin zaman yuxarı və aşağı qatlardan qapı açılacaq. İnsanların ruhlarını qazanmaq üstündə bu gün də mübarizə gedir. Qalib gələn qüvvələr bu ruhları öz dünyalarına aparacaqlar.

  

Müəllif: Təranə Xudabaxşiyeva      6 Avqust 2019 10:06
Ayna TV bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin