“Onu hər xatırladıqca əsəblərim korlanır”

“Onu hər xatırladıqca əsəblərim korlanır”

Tural Əhməd: “Bir də ayılasan ki, artıq dəlixanadasan, amma xoşbəxtsən”

 

“Hər şeyin öz zamanı var” deyilir, müsahibimlə söhbətimizin zamanı da indiyə - karantinli günlərə qismət imiş. Bu söhbət tam bir il gecikib deyərdim, amma məhz buna görə gecikdiyindən də əmin deyiləm. Yox, əgər həqiqətən “gecikmiş” anlayışı varsa, deyərdim ki, adətən arzulanan müsahibələri müsahiblərimiz gecikdirir, amma bu dəfə səbəbkar zamanın özüdür.

 

O, “yetişdim” demədən müsahibimlə söhbətə hansı suallarla gedəcəyimdə tərəddüdlü qalmışdım. Və budur, zamanı gəldi, o söhbət baş tutdu. Həmsöhbətim səsi ilə çoxlarının qəlbinə təsəlli verən söz, sənət adamı, qiraətçi və aktyor Tural Əhməddir.

 

- Hansı sizə daha yaxındır: qiraət, yoxsa aktyorluq?

 

- Aktyorluğa həvəsim uşaqlıq vaxtlarımdan olub. Azərbaycan filmlərinə baxıb aktyorlarımızı sevmişəm. Aktyor olmaq həvəsi böyük bir arzuya çevrilib. Qiraəti də sevirəm. Şeirə həvəs mənə anamdan keçib. Tez-tez şeirlər deyərdi, məndə də şeirə qarşı sevgi yarandı. Amma qiraətsiz qala bilərəm, səhnəsiz, filmsiz əsla...

 

- Səsləndirdiyiniz şeirləri hansı kriteriyalarına görə seçirsiniz?

 

- Əsasən, sevdiyim şeirləri səsləndirirəm. Şeiri bəyəndimsə, müəllifi kim olur-olsun, səsləndirirəm. Bəzən xahiş edənlər də olur ki, mənim şeirimi səsləndir. Nadir hallarda olub ki, sevmədiyim şeiri səsləndirmişəm. Mövzusundan asılı olmadan gözəl şeir məni özünə cəlb edir.

Poeziya, yoxsa nəsr? -

- Özünüz də yazırsınızmı?

 

- Gənclik illərimdə cızma-qara edirdim. Amma bəsit alınırdı (gülümsəyir – A.N.). Hər adam şair ola bilməz, şeir yaza bilməz axı. İndi şairlər çoxalıb, amma yaxşı şairlər seçilir, göz qabağındadır... Mən bacara bilmədiyim işi güclə özümü məcbur edib görə bilmərəm. Gözəl danışa bilərəm, amma şeir yaza bilmərəm...

 

- Hansısa bir şeir olubmu ki, oxuyanda demisiniz, “kaş bunu mən yazardım, şair ürəyimdən keçənləri nəzmə çəkib”?

 

- Elə bir fikir heç vaxt ağlıma gəlməyib. Əksinə demişəm ki, “sanki məndən yazıb”. Orxan Bahadırsoyun şeirlərinin çoxu, sanki məndən yazılıb (gülümsəyir – A.N.). Hər dəfə oxuyanda elə bilirəm, mənə aiddir bu şeir. Bəlkə ona görə də Orxanın şerləri məndə bir başqa cür alınır...

 

- “Vikipediyada yazılıb ki, jurnalistikanı bitirmisiniz, amma jurnalist kimi bir gün fəaliyyət göstərməmisiniz. Bu məlumat dəqiqdirmi?

 

- Bəli, birinci təhsilim jurnalistikadır, amma bir gün belə olsun, jurnalist kimi fəaliyyət göstərməmişəm. Halbuki, jurnalistikanı da sevirəm. Sadəcə aktyorluğa olan sevgimin yanında jurnalistika kölgədə qalır. Bəlkə də haçansa jurnalistikada fəaliyyət göstərdim, kim bilir... Həyat sürprizlərlə doludur.

 

- İncəsənətdən jurnalistikaya gələnlər çoxdur. Nə vaxtsa jurnalist kimi özünüzü sınamağa cəhd etmisinizmi?

 

- Orası elədir. Amma hələ belə bir fikrim yoxdur. Televiziyaya bir neçə dəfə dəvətlər olub, amma qəbul etməmişəm. Jurnalistikayla məşğul olmağa həvəsim yoxdur, həm də o işlə məşğul olsam, gərək aktyorluqdan vaz keçəm. Bu da hələlik möcüzədir.

 

- Tural Əhməd qədərə inanırmı? İnsan öz taleyini özü yazır, yoxsa qədərinin quludur?

 

- Bu sual məni daim düşündürür: “Görəsən, qədər varmı, yoxsa insan özü taleyini yazır?” Bəzən insan həqiqətən də bircə anda öz taleyini özü yazır, bəzən də istəmədən elə hal baş verir ki, xeyli düşünürsən ki, axı niyə? Demək ki, o anda qədərin öz əlində olmur. Qədərə tamamilə inanmıram desəm, yalan danışmış olaram. Hərdən mənə elə gəlir ki, mən idarə olunuram. Həyatdır da, başdan ayağa müəmmadır (gülümsəyir – A.N.).

No description available.

- Yerli seriallarımızın izlənmədiyini deyirlər, keyfiyyətin aşağı olduğundan gileylənirlər. Tural Əhməd kənardan baxan, keyfiyyət axtaran bir izləyici kimi öz seriallarımızı izləyərdimi?

 

- İnsanları bu mövzuda qınaya bilmərəm. Hərənin bir fikri var, bəziləri bəyənir, bəziləri bəyənmir. Amma istəsələr, Azərbaycan serialları da yüksək səviyyədə olar. Türkiyə serialları ilə bizi müqayisə edirlər. Bu, sadəcə gülüncdür. Bir seriyanın büdcəsi orada bəlkə də milyona çatır. Bizdə isə serialın ümumi büdcəsi heç bir milyon olmur. Orada aktyor bir bölümə bizim pulla ən azı 50 min AZN alır, bizdə isə... deməsəm, yaxşı olar. Belə deyək, beş min manata beş yüz min manatlıq maşın almaq olarmı? Əlbəttə ki, yox. Yəni, qısaca deyim ki, aşağı məbləğlə yüksək səviyyəli iş, serial gözləmək düzgün deyil. Bu mövzuda səhərə qədər danışa bilərəm, amma yadıma düşəndə əsəblərim korlanır. Yaxşı-pis, mən də seriallardan evimə çörək aparmışam. Mənim də arzumdur ki, bizdə seriallar yüksək səviyyədə olsun. Ümid edirik, amma ümidimiz uzanıb yaşımızı da ötür... İnşallah yaxşı olsun, nə deyim?

 

- Karantin günlərini siz necə keçirdiniz? Bu dönəm yaradıcılığınıza necə təsir göstərdi və göstərir?

 

- Karantin günlərim belə də... Gah evdə, gah dostlarla görüşürəm. Övladlarımla başımı qatıram, atamgilə gedib-gəlirəm. Kinolara baxıram, hərdən dənizə gedirəm. Qiraət edirəm və sair. Mənfi təsiri odur ki, hal-hazırda çəkiliş yoxdur.

 

- Sizi aktyor və qiraətçi kimi sosial mediadan başqa əhvalda görürəm. Sanki, iki Tural Əhməd var: Biri mavi ekrandan tanıdığım, biri isə sosial mediadan. Bilmirəm, bunu özünüz də hiss edirsinizmi, maraqlıdır, Tural Əhməd hansı mövqedə tam olaraq özüdür?

 

- Tural Əhməd 90% elə özüdür. Həyatdakı kimi sosial şəbəkədə də fikirləri eynidir. Həyatda ola bilər, daha çılğın, daha əsəbi ola bilərəm. Sosial şəbəkədə isə o əsəbi çox göstərmək olmur (gülümsəyir – A.N.). 10 faiz də bu ola bilər. Düzdür, sosial şəbəkədə insanları tanımaq çətindir. Bu gün yanında özünü başqa cür qələmə verən, başqası haqda mənfi fikirlər söyləyən birini, sonra sosial şəbəkədə həmin adamı tərflədiyinin şahidi olursan. Mən isə, açığı, son zamanlarda həm həyatda, həm sosial şəbəkədə insanlardan uzağam. Belə özümü daha rahat hiss edirəm.

 

- Bəzən özünü fərqli göstərənlərə, səmimiyyətinə inanmadığımız adamlara “az aktyorluq elə” deyirik. Sizə görə aktyorluq nədir? Peşəkar aldatma sənəti, yoxsa bir bədəndə min cür ruh halını hiss etmək, yaşamaq və reallıqları canlandırmağı bacarmaq?

 

- Sizi inandırım ki, o sözdə həqiqət var. Yəni, həyatda aktyor olmayan elə adamlar var ki, biz istəsək də, onun kimi nə səhnədə, nə də filmdə oynaya bilərik. O adamların həyatdakı aktyorluqları möhtəşəmdir. "Az aktyorluq elə" sözü elələrinə düşür. Aktyorluq böyük sənətdir. Mən deyərdim, ilahi sənətdir. Bu sənətin cücərtiləri hər insana verilmir. “Aktyor olmursan, aktyor doğulursan” fikriylə mən razıyam. Bu, çox hallarda özünü doğruldur. Böyük həvəsi, biliyi olub, lakin səhnədə, filmdə heç nə edə bilməyən aktyorlar var. Amma savadı olmayan elə aktyorlar da var ki, səhnədə mükəmməldirlər. Bu sənət aşiqlərin sənətidir, yaxşı mənada dəlilərin sənətidir, “mən də aktyor olmaq istəyirəm, necə çəkilə bilərəm” deyənlərin yox... Gərək bu sənətin dəlisi olasan ki, bir də ayılasan, sən artıq dəlixanadasan (bu sənətdə) dəlisən, amma xoşbəxtsən...!

 

- Vilyam Şekspir bildirir ki, həyat bir səhnədir, bizlərsə aktyoruq. Hərə öz rolunu bir şəkildə səhnədə canlandırır. Tural Əhməd bu həyatdakı rolunu necə təsvir edər? Öz rolunumu oynayır? Ssenarini dəyişmək imkanınız olsa, nələri dəyişmək istəyərsiniz?

 

- Bəli, həyat səhnədir, biz də aktyorlar. Hərə öz rolunu bir cür oynayır. Mən də istəyərdim ki, həyatdakı rollarımı tam istədiyim kimi oynayım, amma bu, mümkün deyil. Çünki səhnədə də, filmdə də, serialda da həmişə tam istədiyin kimi oynaya bilmirsən. Bəzən alınır, bəzən alınmır. Ssenarini yazmaq mənim əlimdə olsaydı, Azərbaycanı xoşbəxt ölkə kimi yazardım, insanlarını daha xoşbəxt yazardım. Ssenarini bütöv Azərbaycanda yaşayırıq kimi yazardım. Və bu ssenarini yalnız Sevgi üstündə qurardım. Qaldı ki, öz sənətimizlə bağlı ssenariyə, burada da ssenarini dünyada mədəniyyətimizlə tanınırıq istiqamətində dəyişərdim... Təki bir gün mədəniyyətimizlə dünyada tanınaq. “Kaş ki Türkiyədə doğulaydım, sənətə qiymət verilən ölkədə doğulaydım” deməyək. Bu dünyaya bir dəfə gəlirik, bu şans bizə bir daha verilməyəcək.

 

- Səmimi söhbət üçün təşəkkür edirəm!

 

- Mən də sizə təşəkkür edirəm. Uğurlarınız bol olsun.

Müəllif: Aləmdə Nəsib      3 Sentyabr 2020 23:08
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin