Əsas səhifə Haqqımızda Xəbər lenti

Məşhur “toy qalmaqalı” ilə bağlı verilən cəzalar ədalətli deyil – AXI NİYƏ?!

Məşhur “toy qalmaqalı” ilə bağlı verilən cəzalar ədalətli deyil –           AXI NİYƏ?!

Bilirsiniz də o kişi sizdən nə soruşacaq? Soruşacaq, mütləq soruşacaq.

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Dünyanın başbilənləri deyəndə ki, cahanı ağuşuna alan koronavirus pandemiyası yaşamımızın hər sahəsinə sirayət edəcək, bəzi skeptiklər inanmır, bunun mümkünsüzlüyünü iddia edirdilər. Amma, göründüyü kimi, koronavirus nəinki dünyada və Azərbaycanda iqtisadiyyatı dizi üstə qoydu, həm də daxili siyasətimizə təsir göstərdi.

 

Ötən həftənin gündəmi (yəqin ki, mənimlə razılaşarsınız) AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin bağ evində keçirilən toyu oldu. Daha doğrusu, toyun özünün keçirilməsi bir yana, ölkənin tanınmış ictimai-siyasi, hətta, mədəniyyət xadimlərinin də bu toyda iştirakı və çıxışları oldu.

Bəli, ictimaiyyətin haqlı narazılığına səbəb olan bu toyun təşkilatçıları – Ramiz Mehdiyevin kürəkəni və qudası 15 sutkalıq həbs aldılar, toyda iştrak edən BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, keçmiş nazir Əli Abbasov, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə və xanımı Aysel Adıgözəlzadə, habelə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və xanımı – ombudsman Səbinə Əliyeva da karantin rejiminin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə edildilər. Bundan başqa, 10-15 (rəsmi məlumata görə, 17) nəfər cavan adam cərimələnib. Vəssalam? Elə ağır toyun bu qədər "heyəti"?

 

Amma mən hesab edirəm ki, bu toyla bağlı verilən cəzalar və ondan sonrakı hadisələr tam ədalətli olmadı. Axı niyə belə hesab edirəm?! İzah edim.

 

Təbii ki, bu cəzaların verilməsində siyasi məqamlar olmamış deyil və “köhnə qvardiya dişini qıcayır və ya gücünü göstərir” tipli yazılarla mətbuatımız doludur. Mən məsələnin bu hissəsinə qarşımıram və baş verənlərin nəyin – qanunun aliliyinin təmini və ya hansısa siyasi təlatümün qarşısının alınmasına cəhd olması barədə də konspiroloji fərziyyələr irəli sürməkdən tamamilə uzağam. Cəmiyyətin kütləvi alqışına səbəb olan bu həbs və cərimələr istənilən halda bir neçə sualı hələlik cavabsız qoyub.

 

Məsələn, niyə bu cəzalara ancaq toyda olan 4-5 şəxs layiq görüldü? Bəs, toyda iştirak edən digər şəxslər niyə cəzasız (ən azı yazı yazılan an üçün) qaldılar? Toydan bir gün əvvəl Azərbaycanın hansısa rayonunda evdə 5-10 nəfərin iştirakı ilə keçirilən xınayaxdı mərasiminə müdaxilə edən polislər, orada olan (aralarında yəqin ki, 190 manat müavinət alanlar da var) bütün qadınları 200 manat cərimə etmişdilər.

Mehdiyevin nəvəsinin toyunda iştirak edənlər cərimələniblər -       RƏSMİ

Buna görə də cəmiyyətdə haqlı sual yaranırdı: Bəs toydakılar cərimələnməyəcək? Onların da adlarının açıqlanması maraqlı olardı, ən azı ona görə ki, görək, millət vəkili Fəzail Ağamalı “Toyda Ramiz Mehdiyevin erməni qohumları, Levon və uşaqları... iştirak edirdi”, - deməkdə nə qədər haqlıdır.

 

İkinci maraqlı sual: Akademik Ramiz Mehdiyevin özünün adı niyə nə 15 sutka alanların, nə də cərimə olunanların içərisində var? Məgər, qanunun hamıya aid olduğu barədə dəyərli fikirlər səsləndirmək üçün iki gündür ki, telekanallarda növbəyə duran müxtəlif çaplı deputatlar, ekspertlər, hüquqşünaslar təəccüblənmirlərmi bu fakta? Yoxsa hələ komanda gəlmədiyi üçün deyə bilmirlər?

 

Üçüncü sual, sual olması ilə yanaşı, həm də bir siyasi mədəniyyət məsələsidir. Bu siyasi mədəniyyət ya var, ya yoxdur. Əgər olsaydı: “Toya getmişəm, əcəb eləmişəm” deməklə, ölkədə qanunun hamı üçün olmadığını sübut etməyə çalışan Siyavuş Novruzov təkcə 400 manat və töhmətlə canını qurtara bilməzdi. Ya könüllü olaraq özü, ya da qanunun tələbi ilə deputat mandatından və YAP-dakı vəzifəsindən getməli idi. Eyni sualı Novruzovun xanımı, vəzifəsi insan haqlarının müdafiəsi olan Səbinə Əliyevə ilə bağlı da səsləndirmək olar.

 

Ən əsası, bu prizmadan çıxış etsək, yəni qanunun hamı üçün bərabər olması barədə bəlağətli çıxışlara inansaq, onda elə Ramiz Mehdiyev də cərimə olunmaqla yanaşı, həm də AMEA prezidenti postundan ya istefa verməli, ya da ali hakimiyyət tərəfindən göndərilməli idi. AMEA-da tezbazar seçki keçirməyə nə var ki?! Amma, dediyim kimi, bu, artıq siyasi mədəniyyət məsələsidir.

 

Açığı desək, bu toy qalmaqalının sadəcə məlum olanlarla bitməsinə inanmağım gəlmir. Mənə elə gəlir ki, “bu xəmir hələ çox su aparacaq”. Amma əgər verilən cəzalarla kifayətləniləcəksə, onda bu qərar tam ədalətli olmayacaq. Ən azı ona görə ki, bundan sonra Azərbaycanın ucqar bölgəsində ağacın altında 5-10 nəfərə məclis təşkil etdiyinə görə polis tərəfindən saxlanılan kişi, bilirsiniz də nə soruşacaq? Soruşacaq axı, mütləq soruşacaq...

Müəllif: Yoldaş Mircəfər      24 Avqust 2020 10:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin