Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakının dərdinə çarə axtarışları – İşin içindən “iş” çıxır

Bakının dərdinə çarə axtarışları –         İşin içindən “iş” çıxır

Problemin kökü yenə korrupsiya amilinə dayanır

 

Bir neçə gün əvvəl qısamüddətli yağan yağışın törətdiyi fəsadlar barədə məlumat vermişik. “Bakının dərdi var, Bakı xəstədir, amma dərdini kimə desin?!” başlıqlı yazımızda küçələrdə sel axdığını bildirmişdik. Həmin vaxt dövlət qurumları problemin həllində bir-birilərini ittiham etmişdi. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Azərsu” ASC problemin məsuliyyətini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) üzərinə atmış, AAYDA isə dolayısı ilə “Azərsu”nu günahlandırmışdı.

 

Bəs, əslində problemin kökü kimdə və nədədir? AYNA-ya danışan yol-nəqliyyat eksperti İlqar Hüseynlinin sözlərinə görə, ortada iki ciddi problem var: “Ümumiyyətlə, problemin həlli ilə bağlı da ciddi problemlər var. Biri var problem, biri də var problemin həlli ilə bağlı problem. Məsələ burasındadır ki, biz ekspertlər Bakının son illərdəki ikinci Baş Planı hazırlanarkən, təklif irəli sürmüşdük ki, bu planla bağlı tamamilə yeni infrastruktur qurulmalıdır, yalnız ondan sonra şəhərsalmaya start vermək lazımdır. Bakının hazırkı infrastruktur imkanı ötən əsrin 70-80-ci illərinə hesablanıb. O zaman Bakı şəhəri hələ meqapolisə çevrilməmişdi və bu qədər kütləvi şəkildə bina tikinitisi, insanların kütləvi şəkildə Bakıya axını yox idi. Su-kanalizasiya sistemləri iki milyon yarım əhali üçün hesablanmışdı. Amma hazırda Bakıda durmadan artan, iritutumlu mənzil tikinti layihələndirilməsi gedir. Üstəlik, şəhərsalma və arxitektura qaydaları Bakı şəhərinin prinsip və coğrafi mövqeyinə uyğun şəkildə aparılmır. Xəzər sahili boyunca iri, nəhəng tikintilərin aparılması və Bakı şəhərində sürətlə vətəndaşların çoxalması artıq Sovet dönəmində o şəhər üçün nəzərdə tutulmuş su-kanalizasiya sisteminin su ötürmək imkanlarını tamamilə azaltdı”.

Ekspertin fikrincə, burda günahkar birmənalı şəkildə BŞİH-dir: “Onların bunu başqalarının üstünə atması ilə deyil. Bu gün boyunlarından ata bilərlər. Çünki hər şey arxada qalıb. Şəhərin elə yerlərində, elə binalar tikilir ki, əvvəla şəhərin estetik baxımından görkəmini korlayır. Həmçinin, Bakı elə şəhərlərdən biridir ki, burada dənizdən şəhərə güclü gilavar, xəzri küləkləri əsir, yəni amfiteatr şəklində tikilmiş bir şəhər idi. Orda su sistemlərinin dənizə axıdılması asan bir iş idi. Amma indi elə bir infrastruktur yaratdılar ki, su ötürülmə sistemlərinin özündə də ciddi problemlər yaranıb. Bakı Şəhər İcra Hakimiyyəti hardan, kimdən, hansı sahibkardan gəldisə, rüşvəti aldı, torpaq sahələrini satdı. Nəticədə kim harda nə istəyirsə tikmiş oldu və bizim kanalizasiya sistemlərinin, ötürücü sistemlərin özündə çox ciddi böhranlı vəziyyət yarandı”.

 

İ.Hüseynli bir məqamı dilə gətirdi: “Bakı şəhərindən bir qədər aralıda, Masazır kəndində bağlar var. Hazırda bağlar olan ərazidə çox iri tutumlu, çoxmərtəbəli binaların tikintisinə start verilib. Məsələn, həmin bağların bir küçəsində 30-40 ev bir kanalizasiyaya 200-300-lük borularla qoşulmuşdusa, indi yeni tiklimiş binalar da həmin sistemə qoşulacaq. Həmin sistemə qoşulan kimi təbii ki, 100 ailə və mənzil üçün nəzərdə tutulan kalanizasiya sistemi 500 əlavə mənzillə yüklənəcək və bunun da yükgötürmə qabiliyyəti sıfır olacaq”.

 

“Öncədən hər bir özəl tikinti şirkətinə, onun su-kanalizasiya sisteminin qurulması ilə bağlı texniki şərt verərkən bu hallar nəzərə alınmalı idi. Tutalım ki, ərazidəki kanalizasiya sisteminin boruları dəyişməlidir, həcmi böyüdülməlidir. Ondan sonra sən burda tikinti apara bilərsən. Mənzilləri həmin kanalizisaiya sistemlərinə qoşa bilərsən. Bu, məslənin bir tərəfidir. Digər tərəfi isə təbii ki, şəhərin asfalt örtüyü ilə bağlı olan məsələdir. SSRİ dövründə çox böyük həcmli kanalizasiya qapaqları quraşdırılırdı və hətta onların üzrində elə deşiklər olurdu ki, asfalt üzərində axan suyu asanlıqla həmin deşiklər vasitəsilə ötürə bilirdi. Xeyli sayda kanalizasiya tağlarının özü asfalt örtüyünün altında qaldı. Sonradan göstəriş verdilər ki, prospektlər üzərindəki həmin o kanalizasiya qapaqlarının xeyli hissəsini yenidən drenajlar vasitəsilə deşərək, üzərini açdılar, təmizlədilər və ötürücülüyünün təminatı ilə bağlı bir fəaliyyət göstərdilər. Amma o qapaqların özlərinin həcmi və ölçüləri asfalt üzərindən sürətlə axan yağış sularının ötürücülk imkanlarını azaldıb. Hətta onu tam asfalt örtüyü ilə bərabər səviyyədə qurublar. Və onun özünün texniki quraşdırılması zamanı çox ciddi nöqsanlara yol verilib”, - müsahibimiz vurğulayıb.

 

Hüseynli ümumi problemin kökündə korrupsiya amilinin dayandığına da toxunub: “Bunun detallarını isə daha sonra müzakirə etmək olar.  Korrupsiya faktorlarının nədən ibarət olduğunu araşdırmaq lazımdır.   Məhz bu mənada ciddi jurnalist araşdırmalarına ehtiyac var. Yolların çəkilişi zamanı lazımi bütün işlərin görülüb-görülmədiyi, hər bir işə nə qədər məbləğ xərcləndiyi və nə qədər xərclənməli olduğu, büdcədən nə qədər vəsait silindiyi araşdırılmalıdır. Bunun çözümü ciddi araşdırmalar istəyir. Demirəm ki, bu araşdırma problemlərin aradan qaldırılmasına səbəb olacaq. Ən azından məsul şəxslər cəzalandırılmalıdır, quraşdırma işlərinə yenidən baxılmalıdır”.

Müəllif: Ülviyyə Şahin      23 Avqust 2020 19:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin