Əsas səhifə Haqqımızda Xəbər lenti

Bolşevik-daşnakların kabusu, Qarabağın xilaskarı və ƏSGƏRAN ZƏFƏRİ

Bolşevik-daşnakların kabusu, Qarabağın xilaskarı və         ƏSGƏRAN ZƏFƏRİ

Üzərindən yüz il keçsə də, düşmənlərimiz də eynidir, dostlarımız da

 

56 səhifəlik şəxsi işinin sonunda “39 yaşındadır, subaydır, qardaşı ilə birgə yaşayır. 20 sot ortaq dədə-baba torpaqları, 3 sot isə bağı var” – yazılmışdı. Xalq arasında isə, sadəcə “Əsgəran qəhrəmanı” kimi tanınırdı.

 

40 gün öncə Tovuzda baş verən düşmən təxribatı və döyüşlər zamanı, müstəqillik tariximizin ən inkişaf etdiyi dövrdə, digər hərbçilərlə birlikdə general-mayor rütbəsində bir igid də itirdik. O, ön cəbhədə əsgərləri ilə birgə döyüşərək şəhid oldu. Bu hadisə Azərbaycan cəmiyyətini dərindən sarsıtdı. Amma Polad Həşimov əsgəri ilə birgə döyüşən generalların nə ilki, nə sonu idi. Bizim tariximiz ona görə şanlıdır ki, həmişə ən bacarıqlı sərkərdələr əsgərinin önündə düşmənlə üz-üzə gəlib. Məhz bu keyfiyyətlərimizlə bu gün bir dövlət kimi ayaqda qala bilmişik. Bu gün biz Azərbaycan Cümhuriyyətinin rəsmi varisi hesab edilən respublikayıqsa, bizim hərbçilərimiz də, insanlarımız da sələflərinin taleyini yaşayacaqlar. Dövr yüz il irəlidə olsa da, düşmənlər də eynidir, dostlar da.

 

Azərbaycan Cümhuriyyəti yaşadığı 23 ay ərzində bir çox generalara sahib çıxdı, onlara inandı, düşmən üzərinə göndərdi. Bu yazıda oxuculara milli hökumətin ən çox etibar etdiyi, çəkinmədən düşmən üzərinə göndərdiyi bir sərkərdənin iki ildə yazdığı əbədi tarixindən bəhs edirik: düşmənlərin kabusu general-mayor Həbib Bəy Səlimov

1881-ci ildə Naxçıvanda dünyaya gəlmişdi. Uşaq yaşlarından hərbiyə marağı vardı. Onun gənclik yaşları imperiyaların çökdüyü, müharibələrin tüğyan etdiyi dövrə təsadüf edir. Həbib bəyin də orduya marağı buradan qaynaqlanıb. O, öncə könüllü olaraq keçmiş Yelizavetpol süvari alayında xidmətə başlayıb. Daha sonra isə hərbi təhsil almaq qərarına gəlib. Tiflis Süvari məktəbində hərb təhsilinə başlayıb, Nikolayev hərbi akademiyasında təhsilini bitirib.

 

Azərbaycan Cümhuriyyəti yaranıb, milli ordu qurularkən, peşəkar hərbçi kimi ordu sıralarına dəvət edilir. 1918-ci ilin iyun ayının sonunda Bakını azad etmək və hökumət mərkəzinin Bakıya köçürülməsi üçün milli hökumət ilə Qafqaz İslam Ordusu komandanı Nuru Paşa birgə əməliyyat planı hazırlayırdılar. Bu zaman Nuru Paşa cənub bölüyünün komandiri vəzifəsini Həbib Bəy Səlimova həvalə edir. Təbii ki, belə məsuliyyətli vəzifənin Həbib bəyə verilməsi onun işində nə qədər peşəkar və bacarıqlı olmasından irəli gəlirdi. Eyni zamanda, həmin ilin avqust ayında Qafqaz İslam Ordusu Həbib bəyi qərargah rəisi də təyin etdi.

 

Bakını azad etmək üçün yola çıxan qoşunların Cənub bölüyü Gəncə-Bakı dəmir yolu üzrə hərəkət edirdi. İtkisiz və keçdiyi əraziləri azad edərək Bakıya yaxınlaşırdılar. Lakin su, yemək və ayaqqabı çatışmazlığı onu narahat etmişdi.

Bakı azad edildikdən sonra Milli Hökumət onun hərbi sərkərdəlik bacarığını qiymətləndirərək onu polkovnik rütbəsi ilə təltif etdi. Milli Hökumətin mərkəzi Bakıya köçürüldükdən sonra Həbib bəy Səlimov ordunun yenidən qurulması, daha da gücləndirilməsi və suvari bölüklərinin peşəkarlaşdırılması, təlimlərin aparılması yönündə Hərbiyyə Nazirliyində xidmətə başladı. 1919-cu ilin 26 fevralında Hərbiyyə nazirinin 31 saylı əmri ilə Həbib bəy Səlimov general-mayor rütbəsi ilə təltif edildi.

 

Cənub zəfəri

 

1919-cu ildə Milli Hökumətin əsas məsələlərindən biri də ölkəni bütövləşdirmək və hökumətə tabe olmayan əraziləri də tabe etməkdən ibarət idi. Bu ərazilərdən əsas olanı Cənub bölgəsi idi. Bakıdan və bölgələrdən qaçmış bolşeviklər, daşnaklar Lənkəran qəzası və Muğanda toplaşmışdılar. Onlara Xəzər dənizi vasitəsi ilə Rusiyadan hərbi yardımlar göndərilirdi. Onlar əhalini inandırmışdılar ki, cənubdan basqın edən İran quldurlarına və düşmən türk ordusuna qarşı onları qoruyacaqlar. Xalq da onlara bu işdə dəstək olmalıdır. Təbii ki, heç nədən xəbəri olmayan yerli əhali onlarla əlbir olub silahlanırdı. qərargahları qəzada olan rus kəndlərində qurmuşdular. Hətta onlar bolşevik hərbçi Cirginin rəhbərliyi ilə 1919-cu ilin may ayında bölgədə Sovet-Muğan Respublikası da yaratmışdılar. Onların 1200 nəfərlik hərbi dəstəsi, 4 topu vardı.

 

1919-cu ilin iyun-iyul aylarında Lənkəran qəzasına ordu göndərmək üçün şərait yarandı. Hərbiyyə naziri Səməd bəy Mehmandarov cənub bölgəsini də Milli Hökumətə tabe etmək və Qacar İranı ilə sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə hərbi dəstə göndərilməsi haqqında 1919-cu il 4 avqust tarixində əmr imzaladı. Ardınca isə Lənkəran qəzası və Muğan camaatına müraciətnamə imzaladı. Lənkəran qəzasına gedəcək hərbi dəstənin rəisi general-mayor Həbib bəy Səlimov təyin edildi.

Lənkəranda bolşeviklərlə döyüşlər zamanı Həbib bəy sərhəd mühafizəsi ilə də məşğul olaraq, bolşeviklərin İran dövlətinə qaçmasını və ya İranın da qəfil Lənkərana ordu göndərəcəyini ehtiyat etdiyindən tədbirlər alırdı. Hətta, hökumətə bu barədə teleqram da vurmuşdu. O, teleqramda sərhəd mühafizəsinə 16 yüksək rütbəli zabit olmaqla ümumilikdə 750 nəfər cəlb edilməsinin vacibliyini bildirmişdi. Bu dəstə ya Hərbiyyə Hazirliyinə, ya da Daxili İşlər Nazirliyinə tabe edilməli idi. Lakin maliyyə sıxıntıları üzündən onun bu təkilfi tam olaraq həyata keçirilə bilmədi. Lənkəran bolşeviklərdən tamamilə azad edildikdən sonra Həbib bəy Bakıya qayıdır və 1919-cu ilin dekabrında Bakıda Nazirliyin İstehkamçılar Dəstəsinin rəisi təyin edilir. 

 

Qarabağa görünən yol

 

1920-ci ildə erməni daşnakları xüsusilə fəallaşmışdılar. Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırıb Ermənistana birləşdirmək istəyirdilər. Onlar 1920-ci ilin mart ayının 22-si axşamı qəflətən Əsgəran keçidini tutmaq üçün hücuma keçdilər. Əgər Əsgəran keçidi tutulsaydı, Azərbaycanın Qarabağın dağlıq hissəsi ilə əlaqəsi tamamilə kəsiləcəkdi. Təbii ki, bölgədə olan Azərbaycan ordu bölükləri onlara əks-hücum təşkil edirdilər. Lakin hadisə ilə bağlı Hərbiyyə Nazirliyində də ciddi qərar verilməli idi.

 

Həmin gecə nazir general Mehmandarov, Baş Qərargah rəisi general Məməd bəy Sulkeviç və digərləri təcili iclas etdilər. Bölgəyə göndərilmək üçün bir neçə hərbçi təklif edildi. Lakin general Səməd bəy Mehmandarov hərbi bacarığı və Milli Hökumət dövründə uğurlu əməliyyatlarının olmasını əsas gətirərək, Qarabağa təcili göndəriləcək ordunun rəhbərliyinə general-mayor Həbib bəy Səlimovu təyin etdi. Həbib bəy gec olmadan ordu ilə birgə Qarabağa yola düşdü.

 

Onun komandanlığı altında erməni quldur dəstələri ilə Əsgəran ətrafında 12 gün qanlı döyüş getdi. Erməni quldurlarının başçısı Dəli Qazar öldürüldü və ermənilər pərən-pərən düşərək qaçdılar. Bu zəfər tarixə “Əsgəran zəfəri”, “Əsgəran qələbəsi” kimi düşdü. General-mayor Həbib bəy Səlimov isə “Əsgəran qəhrəmanı” adlandırıldı.

Lakin həmin müharibə dövründə bəzi çətinliklərlə də üzləşmişdilər. Müharibəyə aid sənədləri arxivlərdən əldə edən Şəmistan Nəzirli tədqiqat əsərində generalın Qarabağdan Hərbiyyə Nazirliyinə göndərdiyi teleqram və məruzələri yayımlayıb. Həmin məruzələrdən birində Həbib bəy deyirdi: “Podpolkovnik Bəhram bəy Nəbibəyovun üçüncü batareyasının topları tamamilə yararsız vəziyyətə düşdüyü üçün onların 1902-ci il nümunəli porşenli toplarla əvəz olunması və yaxşı olar ki, yeni batareya göndərilməsi haqqında təcili sərəncam verəsiniz”.

 

Eyni zamanda, Baş Qərargah rəisinə göndərdiyi teleqramda ermənilərə Cavad qəzası tərəfdən güclü zərbə endirilməsinin tərəfdarı olduğunu bildirmişdi. Cənubi Azərbaycanın döyüşkən Şahsevən tayfalarının da Zəngəzura hücumunun vacibliyini qeyd edərək, daşnakların başçısı Dro Kanayanın ikitərəfli zərbə altında qalmasını arzulayırdı.

 

Möhtəşəm zəfərlərin susqun sonu

 

Azərbaycan Cümhuriyyətinin 1920-ci il 28 aprel işğalından sonra bir sıra hərbçilər bolşeviklər tərəfindən həbs edildilər, güllələndilər. Bəziləri isə bölgələrdə ruslara qarşı təşkil edilən üsyanlarda öldürülmüşdülər. Həmin ilin sentyabr ayında Həbib bəy Səlimov da əks-inqilabçı kimi həbs edildi. Onun haqqında bir çox ittihamlar vardı. Həmin ittihamların çoxu Milli Hökumət dövründə araşdırılmışdı. Lakin 1241 saylı məhkəmə işində ən əsas üç ittiham irəli sürüldü:

 

1) 1919-cu ildə Lənkəran və Muğan bölgəsində inqilabçıları tərk-silah edib, onları zorla Müsavat hökumətinə tabe edib;

2) Bütün fəaliyyəti boyu Sovet hökumətinə qarşı əks-inqilabda iştirak edib. Müsavat hökumətinin silahlandırılması işində canfəşanlıq edib;

3) Gəncə üsyanı zamanı Sovet Azərbaycanından qaçaraq İrana keçmək istəyib. Orada bəzi silahlı qrupları təlimləndirərək, Sovet Azərbaycanına qarşı mübarizəsini təşkil edib.

Oxu.az - ADR–100: Cümhuriyyətin süqutu

Onun məhkəməsi zamanı əsas şahid kimi dindirilən və ona qarşı qərəzli, əsassız fikirlər söyləyənlər - Naxçıvandan olan bolşeviklər, Şahtaxtinski, Rüstəmov kimi şəxslər və Xəlil Paşa idi. Naxçıvanın yerli sakinləri adlandırılan bolşeviklər Həbib bəyi əhali arasında Sovetə hökumətinə qarşı təbliğat aparmaqda günahlandırırdılar.

 

Təbii ki, Həbib bəy özünümüdafiə üçün məhkəmədə sözünü demişdi. İttihamların bəzilərini öz dövlətinə sədaqət kimi dəyərləndirmiş və bununla qürur duyduğunu bildirmişdi. Lakin onun heç bir çıxışı nəzərə alınmadan, 1920-ci ilin 30 dekabrında səhər saatlarında güllənəndi.

 

Qara tarix

 

Beləliklə, əsgəri ilə birlikdə səngərlərdən səngərlərə gedən bir general kimsəsiz şəkildə bolşevik gülləsi ilə həyata gözlərini əbədi yumdu. Sovet dövründə digər Cümhuriyyət fədailərimiz kimi onun da adı anılmadı, unutduruldu, “Bəy-xan dövləti”nin vətən xainləri kimi məhkəmə hökmləri fəhlə hökumətinin tozlu arxivlərinə göndərildi.

 

Lakin tarixdəki bütün zalım quruluşlar kimi Sovet İttifaqı da dağıldı. Zaman keçdi, Cümhuriyyətin varisi olan Azərbaycan Respublikası yenidən Günəşə sarı boylandı. Bütün qəhrəmanlarımız örnək kimi araşdırıldı, yazıldı və xalqa tanıtdırıldı. Bu gün general şəhid olanda biz yüz il öncəyə qayıdır, onları anırıq. O gün də düşmən eyni idi, biz onun gözünə dik baxırdıq, bu gün də. “Bir ölüb, min dirilərik” – Anadolu kəlamını təsdiqləmiş xalqıq. Təki Vətən sağ olsun!

Müəllif: Şəhla Cabbarlı      22 Avqust 2020 22:48
Tarix bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin