“Cəriməni başa düşdük, amma şəxsi əmlakımıza toxunmayın” ETİRAZINA CAVAB

“Cəriməni başa düşdük, amma şəxsi əmlakımıza toxunmayın”     ETİRAZINA CAVAB

Şəxsi avtomobilin evakuasiya edilməsi nə dərəcədə qanunauyğundur?

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) avtomobillərin evakuasiyasını bərpa etməsi cəmiyyətdə birmənalı qarşılanmır. Qadağan edilmiş yerlərdə park edilən avtomobillər təxliyə edilərək cərimə meydançalarına aparılır ki, bu da sürücülərin narazılığına səbəb olur.

 

“Həm cərimə yazırlar, həm şəxsi əmlakımızı aparırlar. Yaxşı, cəriməni başa düşdük, amma evakuasiya niyə? Axı, mənim əmlakım toxunulmazdır”, - deyə narazı avtomobil sahibləri gileylənirlər.

 

AYNA-nın əməkdaşı bu cür vəziyyətdə toxunulmazlıq amilinə aydınlıq gətirməyə çalışıb. Yəni, şəxsi avtomobilin evakuasiya edilməsi nə dərəcədə qanunauyğundur?

 

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, avtomobil o vaxt evakuasiya edilir ki, həm piyadaların, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur: “Amma belə vəziyyət yoxdursa, sadəcə olaraq dayanma-durma qaydaları pozulubsa, həmin avtomobilin sahibinə cərimə yazılır. Avtobus dayanacaqlarında, səkilərdə, ikinci zolaqda və bu kimi yerlərdə dayanan avtomobilləri isə evakuasiya etməyə məcburuq. Çünki hərəkətə maneçilik törədir, tıxaca səbəb olurlar”.

 

“Biz də avtomobilləri evakuasiya etmək istəmərik. Sadəcə olaraq buna məcburuq. Bu, həm də sürücülərə dərs olar ki, başqalarının vaxtını almağın nə demək olduğunu anlasınlar”, - deyə BNA sözçüsü bildirib.

 

M.Ağayev əlavə edib ki, avtomobillərin evakuasiya edilməsi prosesi kameraya çəkilir: “Bu da avtomobillərin təhlükəsiz daşındığını təmin etmək üçündür ki, sürücü tələb edərsə, göstərə bilərik”.

 

Hüquqşünas Asif Abdullayev isə avtomobillərin evakuasiyasının mülkiyyət toxunulmazlığı prinsipini pozmadığını deyib: “Avtomobil daşınmaz yox, daşınan əmlakdır. Avtomobil bir yerdən başqa yerə aparılanda mülkiyyətçi dəyişmir. Yəni qurum kiminsə mülkiyyət hüququna toxunmur. Amma evi uçurub, başqa yerdə həmin evi tiksələr, o zaman problem yarana bilər”.

 

“Qanunda nəzərdə tutulan hallarda avtomobil cərimə meydançasına aparıla bilər. Avtomobil aparılanda mülkiyyətçinin hüququ pozulmur, avtomobilin dəyəri itmir, ziyan vurulmur. Əgər daşınma zamanı ziyan dəyərsə, bu, başqa məsələdir”, - deyə Abdullayev bildirib.

 

Vəkil Adəm Məmmədov da dünya praktikasında evakuasiya təcrübəsinin olduğunu qeyd edib: “Belə ki, sürücü şəxsi əmlakı olan avtomobili maneə yaradan və tıxaca səbəb olan yerlərdə saxlayırsa, bu zaman həmin avtomobil təxliyə olunur. Bu, qanuni tədbirdir. Amma məsələ ondadır ki, Azərbaycanda həm qanunla qadağan olunan yerlərdən avtomobili aparırlar, həm də ara küçələrdən, tıxac və maneə yaratmayan məkanlardan. Bu isə, qanunsuzdur”.

 

Ekspertin sözlərinə görə, sürücülər şəxsi əmlaklarının qanunsuz şəkildə aparılması ilə bağlı məhkəməyə müraciət etmirlər: “Bu da maddi durumla bağlıdır. Şikayətçi ona dəymiş ziyanı almaq üçün o ziyandan daha çox pul xərcləməli olacaq. Bu da ona sərf etmir. Nəticədə belə problemlər məhkəmələrə kimi gəlib çıxmır”.

Müəllif: Təranə Xudabaxşiyeva      3 Avqust 2019 10:50
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin