Cəmiyyətdə qəzəbə səbəb olan hadisə ilə bağlı Birinci vitse-prezidentə müraciət

Cəmiyyətdə qəzəbə səbəb olan hadisə ilə bağlı Birinci vitse-prezidentə müraciət

Sevinc Fədai: "İdeyalarımızı həyata keçirmək üçün dövlət dəstəyinə ehtiyacımız var"

 

Jurnalist, Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri Sevinc Fədai Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müüraciət edib. AYNA müraciəti olduğu kimi təqdim edir: 

 

"Hörmətli Mehriban xanım!

 

Düşünürəm ki, son illərdə milli-ictimai ağrılar, artıq burnumuzun ucuna qədər gəlib çıxan fəlakətlər cəmiyyət olaraq bizi daha çox birləşdirir, birlikdə düşünə, narahat ola, ağlaya, etiraz edə bilirik, nələrisə dəyişməyə çalışırıq. Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğın, Günəşli neft yatağında yanğın, “Aprel döyüşləri” və digər hadisələr hətta siyası baxımdan fərqli cəbhələrdə yer alan beyin sahiblərini belə ortaq nöqtədə bir araya gətirdi, gücə, qüvvəyə çevirdi.

 

Təəssüf ki, bu hadisələrin sırasına ictimaiyyətdə böyük ajiotaj yaradan məktəbli, yeniyetmə intiharları da daxil olub və bu faciələrin baş verməsi, intensiv hal alması artıq Azərbaycan toplumunu narahat edən əsas məsələlərdən birinə çevirib. Biz narahatıq, valideyn, vətəndaş olaraq narahatıq və ictimai məsuliyyət hiss edirik.

Bu mövzuda məhz Sizə müraciətimin səbəbi də ictimai problemlərin və həlli yollarının Sizin məsuliyyətinizə və fəaliyyət sferanıza daxil olmasıdır. Üstəlik, bir qadın və ana olaraq durumun həssaslığını və toplumun narahatlığını Siz daha yaxşı duya, anlaya bilərsiniz. Ölkənin ikinci şəxsinin qadın olması, rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun, elə həmin Fondun vitse-perzidenti olan Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin imza atdığı müsbət sosial layihələr, qadın və uşaqların maariflənməsi istiqamətində çalışan biz vətəndaşlara da ümid və cəsarət verir.

 

Nəzərinizə çatdırım ki, Bakı şəhəri 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharının ağrısı keçməmiş Zaqatala rayonunun Əliabad qəsəbəsində 17 yaşlı Gülər İsmayılovanın intihar hadisəsi baş verdi. Elina və Gülər ailə bağları, məktəb, dost, cəmiyyət bağları olmayan, içində ölüm daşıyan minlərlə şagird, yeniyetmə, gənc deməkdir. Minlərlə beyin, minlərlə insan həyatı deməkdir. O insan həyatları ki, öz xilasını gözləyir. Bu xilas üçün çox dərinlərdə yatan səbəblər araşdırmalı, qarşısı alınmalıdır.

 

Bu, bir nəfərin, bir qurumun dəf edəcəyi problem deyil və məsələ burasındadır ki, səbəblərin üzərində işləməli olan, narahat olmalı olan şəxslər, aidiyyəti qurumlar susqunluq nümayiş etdirir, səbəbkarlar cəzasız qalır. Bu da başqa həyatların sonlanmasına rəvac verir.

 

Valideynlərin, eləcə də uşaq və yeniyetmələrin əmanət olunduğu şəxslərin əksəriyyəti nəinki onların psixologiyalarını, hüquqlarını qorumaq iqtidarında deyil, hətta onların psixologiya və hüquqlarını birbaşa pozan insanlardır. Bilərəkdən və ya bilməyərəkdən... Bu mənada sözügedən mövzuda narahatlığını ifadə edən və səbəbləri aradan qaldırmağa gücü, intellekti yetən şəxslərin təşkilatlanması, bir mərkəzdə qüvvələrini birləşdirməsi labüd görünür. Bu isə dövlət nəzarəti və dəstəyi olmadan mümkün deyil.

 

Hər dəfə bu kimi mənfi tendensiyalar yaşandıqda toplum dövləti günahlandırır və düşünürəm ki, bu narazılıq və ictimai qınaq dövlətimizə lazım deyil. Ona görə də dövlət və vətəndaş cəmiyyəti birlik nümayiş etdirməli, ictimai rəyi yaradan kəsim dövlət dəstəyi sayəsində sözdən əmələ keçid edə bilməlidir. Dövlətin bu istiqamətdə bizə – Qeyri-Hökumət Təşkiklatlarına ən böyük dəstəyi qadın və uşaqların, bütövlükdə ictimaiyyətin, xüsusilə ucqar bölgələrdə yaşayan əhalinin maarifləndirilməsi istiqamətindəki fəaliyyətin qarşısını alan bürokratik əngəlləri aradan qaldırmaq yolunda addım atmasıdr.

 

Kiçik məmur intellektsizliyi, laqeydliyi, ictimai məsuliyyət hiss etmədən vəzifələrini qoruma cəhdləri, bürokratik əngəlləri aşa bilməmə faktoru bu məmləkətin insanını xilas etmək, aydınlatmaq, düşüncələrini sağaltmaq, elmə, təhsillə yönəltmək təşəbbüslərimizi həyata keçirməyə imkan vermir. Hər addımda “Kimə bağlısınız?”, “Bu işləri görməkdə məqsədiniz nədir?” sualları, rəhbərlik etdiyim Qadın və Uşaq Akademiyası İctimai Birliyinin dövlət qeydiyyatdan keçməməsi, qeydiyyata alınmaq üçün müraciətlərimizin heç bir nəticə verməməsi sözügdən istiqamətdə bölgələrdə layihələr həyata keçirməyimizi ertələyir.

 

Bu, təkcə mənim və kiçik komandamın qarşılaşdığı problemdir, mütəmadi şəkildə vətəndaş cəmiyyətinin üzvlərinin bu mövzuda giley və narazılıqların şahidi olur, üzülürəm. Keçən zamanda isə uşaq və yeniyetmələr ölümə, zorakılığa, şiddətə məruz qalır, təhsildən yayındırılır, qızlarımız alver obyektinə çevrilir. Artıq məqsədli şəkildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, kütləvi informasiya vasitələri, sosial media insan həyatı və beyninin xilası,düşüncəsinin sağlamlaşdırılması, ailə institutu, dövlət və cəmiyyət, valideyn və övlad, cəmiyyət və mütəxəssislər arasındakı uçurum üzərində ciddi şəkildə düşünməli və hərəkətə keçməlidir.

 

Zaman-zaman sosial şəbəkələrdə aparılan maarifləndirmə işinin boş olduğu deyilir. Deyil! Təkcə bir yazı nəticəsində övaldını təhsildən yayındırmaq istəyən ata öz qorxularını aşaraq fikrini dəyişib və bir qız uşağının həyatı qurtulub ki, bu da məni bu yolda davam etməyə, qətiyyət göstərməyə vadar edir. Əlbəttə, sağlam düşüncə və əməl olan yerdə nəticə də olur.

 

Məsələ ondan ibarətdir ki, sosial şəbəkədə olmayan kəsimə doğru biz getməliyik, evlərə, ailələrə insanların beyinlərini yuyan, zərərli düşüncələr, vərdişlər aşılayan musiqilər, verilişlər, kəslər əvəzinə biz daxil olmalıyıq, onlarla birbaşa ünsiyyətə keçməli, insanımızla sevgi bə bilgimizi paylaşaraq nəticə əldə edə bilərik.


Məhz buna görə dinlənilməyə, ideyalarımızı həyata keçirmək üçün dövlət dəstəyinə ehtiyacımız var. Bu məsələdə yanımızda yer alan onlarla ziyalı, həkim, psixoloq, pedaqoq, sıravi vətəndaş, evdar qadın var. Övladını tək böyüdən ana olaraq təkcə öz oğlumu sağlam və xoşbəxt böyütmək çabası mənə yetmir və rahatlıq vermir. Oğlumun, övladlarımızın yetişdiyi cəmiyyət, uşaqlar üçün əlimizdən gələni etməyə, dövlətin bu yolda atdığı hər addımda ürək və əmək qoymağa, üzvü olduğumuz toplumun fərqində olmalı olduğu məsələlərə diqqət cəlb etməyə hazırıq.


Hörmətli Mehriban xanım, bu məsələdə diqqət və həssasiyyət göstərməyinizi, Sizin tövsiyə və tapşırığınızla aidiyyəti qurum və şəxslərin problem ətrafında və həlli yollarının axtarılması istiqamətində fikir müzakirəsi aparılmasının təşkil edilməsini xahiş edirəm".

Xatırladaq ki, iyulun 31-də Zaqatala rayonunun Əliabad qəsəbə sakini, 2002-ci il təvəllüdlü Gülər İsmayılova, ailəsi onu sevmədiyi oğlanla zorla ərə vermək istədiyi üçün özünə qəsd edib. Hadisə cəmiyyətdə qəzəbə səbəb olub. Əksəriyyət baş verənlərdə qızın valideynlərini günahlandırıb.

Müəllif: Ayna.az      2 Avqust 2019 16:39
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin