Rayonlara gediş-gəlişin bərpası müzakirə olunur – BRİFİNQ

Rayonlara gediş-gəlişin bərpası müzakirə olunur –     BRİFİNQ

Hikmət Hacıyev: “Elə etməliyik ki, müsbət tendensiyanı saxlayaq”

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçirilib. AYNA-nın xəbərinə görə, mətbuat konfransında Operativ Qərargahın üzvü, Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev koronavirus və karantin qaydaları ilə bağlı bir sıra məqamlara toxunub.

 

Rayonlara gediş-gəlişin açılmasının müzakirə edildiyini bildirən H.Hacıyev qeyd edib ki, yekun qərarla bağlı məlumat vermək hələ tezdir: “Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır. Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır. Rayonlar məsələsi növbəti dəfə müzakirə mövzusu ola bilər”.

 

“Təhsil müəssisələrinin açılması məsələsi araşdırılır və öyrənilir. Digər ölkələrin təcrübələrinə müraciət edilir. Çox sevindirici haldır ki, Təhsil Nazirliyi tərəfindən təşkil edilən forumlarda valideynlərin, ekspertlərin iştirakı ilə bu məsələ müzakirə edilir. Yekdil qərar barədə danışmaq hələ çox tezdir. Burada peşə məktəbləri, orta məktəblər, ali təhsil müəssisələri ilə bağlı qaydalar tətbiq olunmalıdır. Digər ölkələrdə də bu məsələ ciddi müzakirə edilir. Hətta bəzi ölkələrdə məktəblərin bir qədər gec açılması məsələsi də müzakirə olunur”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

 

Hacıyev bildirib ki, çimərliklərdə o qədər də sıxlıq müşahidə edilmir: “Keçən həftə və bu həftə aparılan monitorinq onu deməyə əsas verir ki, çimərliklərdə o qədər də sıxlıq müşahidə edilmir. Ötən həftə sonu bir az sıxlıq müşahidə edilib. Amma bunun aradan qaldırılması təmin olunub. Cimərlik.az portalına müraciət edən vətəndaşların sayı artmaqdadır. 40 minə yaxın vətəndaş artıq müraciət edib”.

 

“Mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti, o cümlədən digər ölkələrdə dini mərasimlərin keçirilməsi qaydalarını nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini vətəndaşlarımızdan xahiş edirik. Mömin insanların bu qaydalara riayət etməsini gözləyirik”, - Hacıyev pandemiya dövründə dini ritualların həyata keçirilməsində toxunarkən qeyd edib.

 

Prezidentin köməkçisi həmçinin Bakının ictimai nəqliyyatının fəaliyyətindən danışıb. O deyib ki, iyulun 6-dək Bakıda 1800-1900 civarında avtobus fəaliyyət göstərirdi: “Bundan sonrakı dövrdə 100 avtobus əlavə olunub ki, sıxlıq maksimum şəkildə aradan qaldırılsın. Həmçinin Bakı Nəqliyyat Agentliyi tərərfindən Bakı kəndlərini Bakının əsas dayanacaq məntəqələri ilə birləşdirən əlavə xətlər də verilib. Bu əlavə xətlərin sayının artırılması və oraya əlavə avtobusların verilməsi məsələsi də baxılmaqdadır və yaxın günlərdə bununla bağlı əlavə qəraralar veriləcək".

 

“Son günlərdə koronavirusa yoluxmada müşahidə olunan azalma bizi sevindirir. Ancaq qaydalara riayət etməliyik: “Elə etməliyik ki, müsbət tendensiyanı saxlayaq. Hər bir vətəndaşımıza dərin təşəkkürümüzü bildiririk”, - deyə H.Hacıyev vurğulayıb.

Müəllif: Ayna.az      15 Avqust 2020 11:31
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin