Xalqın dirənişi: Belarus Lukaşenkonun nəzarətindən çıxır

Xalqın dirənişi: Belarus Lukaşenkonun nəzarətindən çıxır

Politoloq: “Mən inanmıram ki, Lukaşenko odlu silahların tətbiqi ilə etirazların qan içində boğulmasına əmr verib, “LUKAŞESKU”ya çevrilsin”

 

“Belarusda hadisələr “Ukrayna Maydanı” deyil, Polşada “Solidarnost”un müqavimət taktikası üzrə cərəyan edir. Ümid edək ki, bu cür də yekunlaşacaq və dinc dəyişiklik baş verəcək”. AYNA xəbər verir ki, bu fikirləri siyasi analitik Şahin Cəfərli Belarusda avqustun 9-da keçirilən president seçkiləri və seçkilər fonunda cərəyan edən qarşıdurmanı şərh edərkən deyib.

 

Politoloq xatırladıb ki, “Solidarnost”un sənaye müəssisələrində, tərsanələrdə başlatdığı tətil hərəkatı sonda rejimin çökməsi ilə nəticələndi: “Şübhəsiz ki, bu çöküşdə SSRİ-nin zəifləməsi və dağılma mərhələsinə daxil olmasının da təsiri var idi. Ukraynanın qan gölünə dönməsi isə ukraynalılarla belaruslar, polşalılar arasındakı hansısa mədəni səviyyə fərqindən deyil, Rusiyanın Ukraynada ölümünə dirəşməsindən qaynaqlanırdı”. 

 

“Lukaşenko son günlərdəki səssizliyindən sonra bu gün ortaya çıxıb və tikinti sahəsində vəziyyətlə bağlı müşavirə keçirib. Adam ya bir çox diktatorun yaşadığı kimi, reallıq hissini itirib, ya da özünü o yerə qoymur və sonrakı addımlarını müəyyənləşdirmək üçün bağlı qapılar arxasında Rusiya və Avropa Birliyi ilə danışıqlar aparır. Ölkə artıq onun nəzarətindən çıxır. Mən inanmıram ki, Lukaşenko odlu silahların tətbiqi ilə etirazların qan içində boğulmasına əmr verib, “LUKAŞESKU”ya çevrilsin. Güc strukturları ona nə dərəcədə sadiqdir, bu da şübhəlidir”, - analitik əlavə edib.

Şahin Cəfərli: “ABŞ Türkiyədən öz siyasətini dəyişdirməsini gözləyir”

Ş.Cəfərli hesab edir ki, hazırda ABŞ və Avropa Birliyi ya səslərin yenidən  sayılmasını, ya da beynəlxalq müşahidəçilərin nəzarəti altında yeni seçki keçirilməsini tələb edirlər: “Birinci halda Tixanovskaya qalib elan olunacaq. İkinci halda isə Lukaşenkonun təkrar namizəd olması anlamsızdır, çünki uduzacağı aşkardır. Əslində hər iki yol onun hakimiyyətdən dinc yolla gedişi üçün təklif olunan mexanizmdir”.

 

Siyasi təhlilçinin sözlərinə görə, Rusiyadan Lukaşenkoya hələ ki açıq dəstək müşahidə olunmur: “Moskvanın hadisələrə ikili münasibəti var. Bəlkə də Qərb və Rusiya Moldovada anlaşaraq bu ölkəni özəlləşdirmiş oliqarx Plaxotnyuku (qərbyönümlü idi) göndərdikləri kimi, Lukaşenkonu yola salmaq üçün də anlaşıblar.

 

Amma digər tərəfdən, məsələn, Rusiya dövlət mediasının rəhbərlərindən olan Marqarita Simonyan yarızarafat, yarıgerçək Belarusa ordu yeritməyə çağırıb. Deməli, Kreml dəhlizlərində, Lubyankada belə bir ideya da masadakı variantlardan biridir.

 

İstənilən halda, Qərb və Rusiya nə edirsə etsin, önəmli olan Belarus xalqının iradəsidir. Bu iradənin qarşısında heç kim açıq şəkildə dayanmaq istəməz. Ermənistandakı inqilabdan sonra bir ehtimal kimi qeyd etmişdim ki, Rusiya ola bilər ki, Ukraynada yol verdiyi səhvlərdən nəticə çıxarıb və çürümüş, xalq arasında dayaqlarını itirmiş rejimləri qorumaq naminə xalqlarla açıq qarşıdurmaya getmək istəmir. Belarus hadisələri (ən azı Moskvanın indiyəqədərki reaksiyası) bu ehtimalı bir az da gücləndirir. Amma Rusiyanın “ağıllı güc”ə çevrildiyinə hələ əmin deyiləm”. 

Russia, Belarus, Vladimir Putin and Alexander Lukashenko - Bloomberg

“Belarus Rusiyanın müttəfiqidir, onun inteqrasiya layihələrinin fəal iştirakçısıdır. Lukaşenko Belarusu Rusiyaya çox sıx bağlayıb, ittifaq dövlətinin yaradılması barədə müqaviləyə imza atıb. Bu səbəbdən, orada ən qatı qərbyönümlü qüvvə də hakimiyyətə gəlsə, Rusiyadan dərhal uzaqlaşmağa qərar verməyəcək, ölkə Avrasiya İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalmağa davam edəcək, ittifaq dövlətindən də çıxmayacaq. Əslində soyuqqanlı yanaşanda görürsən ki, buna ehtiyac da yoxdur. Proses onsuz da gedir, yeni nəsillər üzünü Avropaya tutub və Belarusun Avropaya qovuşması təbii olaraq gerçəkləşir. Bunun üçün təcili şəkildə rəsmi hökumət qərarı qəbul etməyə ehtiyac yoxdur. Belarusda ən qatı rusiyapərəst adam da iqtidara gəlsə, ittifaq dövləti çərçivəsində Rusiya ilə birləşməyə getməyəcək. Çünki xalq bunu istəmir. Xalqın rəyini nəzərə almayan liderin nə ilə üzləşəcəyini hər kəs görür”, - deyə Cəfərli sonda qeyd edib.

Müəllif: Ayna.az      14 Avqust 2020 16:55
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin