“Azərbaycanla Türkiyə vahid ittifaqda birləşə bilər”

“Azərbaycanla Türkiyə vahid ittifaqda birləşə bilər”

Toğrul İsmayıl: “Son proseslər sübut etdi ki, balans siyasəti də bir yerə qədər effekt verir”

 

Xəbər verdiyimiz kimi, avqustu ayının 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənov Türkiyə Respublikasında rəsmi səfərdə olublar. Səfərdən bir gün sonra isə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini izləmək üçün ölkəmizə səfər edib.

 

Görüşlər çərçivəsində Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlığı üzrə geniş fikir mübadiləsi aparılıb, Dağlıq Qarabağ münaqişəsinin həll yolu, hərbi əməkdaşlıq, o cümlədən iki ölkə arasında tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin olması müzakirə edilib. Həmçinin, Türkiyənin yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana gəlməsi, iki ölkənin münasibətlərinin artan xətt üzrə inkişaf etməsi, birgə hərbi təlimlər və digər məsələlər iki ölkə vətəndaşları arasında həm rəğbətlə qarşlanıb, həm də bəzi suallara səbəb olub.

 

AYNA-nın mövzuya dair suallarını Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl cavablandırıb:

Toğrul İsmayıl: Milli Məclisin buraxılması qərarı Azərbaycandakı ...

- Bildiyiniz kimi, Azərbaycan Xarici İşlər naziri yeni təyinatından sonra ilk rəsmi səfərini Türkiyə Cümhuriyyətinə etdi. Daha əvvəllər də istər ölkə başçıları, istərsə də ən yüksək rəsmilər öz xarici səfərlərini ən yaxın olan ölkəyə edirdilər. Təbii ki, bu, Azərbaycan üçün Türkiyə, Türkiyə üçün də Azərbaycandır. Amma sonuncu səfərdə çox maraqlı bir fakt var idi ki, Azərbaycan Xarici İşlər naziri ilə yanaşı, Müdafiə naziri də Türkiyəyə gəlmişdi. Bu cür simvolik səfərlər isə istər Xarici İşlər Nazirliyi, istərsə də Müdafiə Nazirliyi səviyyəsində yeni görüşlərə ehtiyac olduğunu göstərir. Bu görüşlər həm də onun göstərir ki, Türkiyə və Azərbaycan regionda ikili münasibətləri inkişaf etdirmək yolna qədəm qoyub. Xüsusilə də ermənilərin son provakasiyasından sonra bu münasibətlərin inkişaf etdirilməsi çox vacib xarakter daşıyır.

 

Eyni zamanda, təsadüf kimi görünsə də, əslində, təsadüf olmayan bir məsələ var: Məhz bu ərəfədə həm Ermənistana, həm də Ermənistanı dəstəkləyən dövlətlərə mesaj xarakteri daşıyan Türkiyə-Azərbaycan birgə hərbi təlimləri keçirilir. Bu səbəbdən də bu görüşün qarşılığı olaraq Türkiyə Cümhuriyyətinin Milli Müdafiə naziri Hulusi Akar və yüksək səviyyəli nümayəndə heyəti birgə hərbi təlimləri izləmək üçün Azərbaycana gəldi. Təbii ki, bu özü də simvolik xarakter daşıyır. Əslində, bu cür təlimlərdə adətən buna ehtiyac olmur. Amma biz bu qarşılıqlı səfərlərdən görürük ki, hər iki ölkə münasibətlərin inkişaf etdirilməsinə çox böyük ehtiyac duyur.

 

Ona görə də bu görüşlərin mütəmadi davam etdirilməsi çox vacib və çox əhəmiyyətlidir. Digər tərəfdən, Ermənistanın Azərbayacana son xain hücumunun həm də iki ölkə arasındakı münasibətlərin sürətlə inkişaf etməsinə istiqamətlənməsi, Azərbaycanın həm müdafə sistemində, həm də Qarabağ məsələsinin həllində iki ölkənin bir sıra addımlar atmasına gətirib çıxarır. Yəni, regionda baş verən gərginliklər də iki ölkəni daha aktiv olmağa və aralarındakı münasibətləri inkişaf etdirməyə gətirib çıxardır.

“Tovuzda ermənilərin təxribatı Rusiyadan qaynaqlanırdı” –     DEPUTAT

- Tovuz hadisələrindən sonra iki ölkə arasında müttəfiqliyin güclənməsi müharibə ehtimallarını da artırırb. Bununla bağlı nə düşünürsüz?

 

- Əslində, Ermənistanın havadarları ilə birlikdə Tovuz istiqamətindən Azərbayacana hücum etməsinin səbəbi bəlli idi. Lakin Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da (KTMT), Rusiya Federasiyası da Ermnistana açıq dəstək vermədi və dolayısı ilə Ermənistan istəyinə nail ola bilmədi. Amma buna baxmayaraq, Ermənistanın bu təxribatı uzun çəkdi. Yəni, Azərbaycan öz gücünü göstərsə də, xain hücum nəticəsində çox ciddi bir təhdidlə qarşı-qarşıya qaldı. Bu təhidlərdən biri də Azərbayacnın general və yüksək rütbəli zabitlərinin şəhid olması idi. Təhdid isə bu cür məsələlərin təsadüfi olmamasıdır. Bu səbəbdən də gərginliyin bu həddə çatması müharibə ehtimalının yüksək olmasını göstərdi. Çünki Ermənistan Azərbaycanın Dağlıq Qarabağla əlaqəsi olmayan Tovuz rayonuna hücum etmiş və Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən neft-qaz boru xətlərini, Bakı-Tiflis-Qars dəmiryol xətti kimi əhəmiyyətli yerləri hədəf almışdı. Bu layihələr isə Türkiyə və Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Məhz bu səbədədən də baş verənlər iki ölkə arasında müttəfiqlik məsələsini gündəmə gətirdi.

 

Biz mütəxəssislər əvvəldən də demişdik ki, Azərbaycanla Türkiyə arasında münasibətlər elə yüksək inkişaf edib ki, bu münasibətlərin artıq strateji əmədakşlıqdan daha yüksək səviyyəyə keçməsi lazımdır ki, bu da ittifaq dövləti ilə nəticələnə bilər. Məlumdur ki, Azərbaycanda əvvəlki illərdə bu məsələ ilə bağlı bu qədər aktivlik yox idi. Amma bu böhran həm Azərbaycan cəmiyyətinin, həm siyasi partiyalarının, həm də digərlərinin bu məsələdə daha aktiv olmasına təkan verdi. Çünki belə məqamlarda siyasi iqtidar regiondakı gücləri nəzərə alaraq digərlərinə nisbətən daha ehtiyyatla davranır. Məhz bu səbəbdən, iki ölkənin verdiyi mesajlar və açıqlamalar sözügedən prosesə hesablanıb.

 

- Belə olan halda Rusiyanın prosesə müdaxiləsi, yaxud tərəflərə təzyiqi mümkündür?

 

- Məlumdur ki, Azərbaycan regionda balanslaşdırılmış siyasət aparır. Amma bugünkü şərtlər altında, xüsusilə Ermənistanın Azərbayacana qarşı bu cür təcavüzkar siyasət yürütməsi bu siyasi xətti bir daha diqqətdən keçirməyi ortaya qoyur. Əslində, bu siyasət bir vaxta qədər doğru idi və bəlkə də özünü doğruldurdu. Amma biz mütəxəssislər də əvvəldən deyirdik ki, bu cür balanslaşdırılmış siyasətlər ətrafında güclü dövlətlər olan ölkələr üçün çox çətin və təhlükəlidir. Çünki həmin güclü dövlətlər öz istəklərinə görə, bu balansı istənilən vaxt poza bilir. Xüsusilə də Rusiyanın son illərdə xarici siyasətinə nəzərə salanda, bunu açıq-aşkar görə bilərik. Çünki Rusiya istər Gürcüstanda, istər Ukraynada, istər Suriyada, istərsə də Liviyada hər şeyi öz lehinə çevirməyə çalışır. Ona görə də Azərbaycanın son illərdə inkişaf etməsinə baxmayaraq, Rusiya və İran kimi dövlətlərə təkbaşına müqavimət göstərmək gücündə deyil. Bu baxımdan da Azərbaycanın regiondakı dövlətlərin yürütdüyü siyasətə uyğun siyasət yürütməsi lazımdır.

 

- Son hadisələr Rusiyanın Azərbaycanın balans siyasətini pozmaq cəhdi kimi dəyərləndirilər bilər?

 

- Əslində, bu balansı Ermənistan pozur. Ermənistan KTMT-nin üzvüdür və Rusiya ilə birgə hərbi müttəfiqlik anlaşması var. Ən önəmlisi isə odur ki, Ermənistanda Rusiyanın hərbi bazası var. Ona görə digər dövlətlər də Rusiyanın təzyiqi ilə Ermənsitana yardım etmək məcburiyyətində qalır. Həm də Rusiyanın Ermənistanla üçüncü dövlətin müdaxiləsinə qarşı anlaşması var. Bu balansı da Ermənistan öz lehinə çevirib. Yəni Azərbaycan nə qədər balanslaşdırılmış siyasət aparamağa çalışsa da, Ermənistan Rusiya ilə ittifaq edərək bu balansı öz lehinə pozur. Digər tərəfdən, Azərbaycan müstəqilliyini elan edəndən sonra Türkiyə üzərindən Qərblə inteqrasiya xəttini seçib və bu gün də davam etdirilir. Bu səbəbdən də Azərbaycanın artıq alernativ ittifaqa yönəlməsi lazımdır. Regionda isə Azərbaycanı dəstəkləyən yeganə dövlət Türkiyədir. Ona görə də Azərbaycanın Türkiyə ilə ittifaq qurması, yaxud hərbi müqavilə imzalaması ən məntiqli və ən doğru seçimdir. Təbii ki, Rusiya bundan narahat olacaq. Amma Azərbaycan öz ərazi bütövlüyü və təhlükəsizliyi üçün bu yolda qətiyyət göstərməlidir. Çünki gələcəkdə daha ciddi təhlükələrlə qarşı-qarşıya qala bilər.

 

- Proseslərin bu şəkildə inkişaf etməsi iki ölkənin bir ittifaqda yer alması ehtimallarını artırır. Ümumiyyətlə, bu, mümkündürmü?

 

- Təbii ki, bu gedişat iki ölkənin ittifaq yaratmaq ehtimallarını artırır. Bu da çox təbiidir. Çünki Azərbaycan cəmiyyətində də, Türkiyə cəmiyyətində də bunu istəyirlər. Bu cür ittifaqlar siyasət tarixində də hər zaman mövcud olub və olmaqdadır. 1918-20-ci illərdə belə, Azərbaycan Xalq Cümhuriyyəti Qafqaz məsələsində ittifaq qurmağı gündəmə gətirmişdi. Lakin ermənilər o zaman da buna qarşı çıxmışdılar. Hətta, tam açıq şəkildə desək, bu ittifaqın var olması Azərbaycan üçün daha vacibdir. Çünki Azərbaycanın təhlükəsizliyi, ərazi bütövlüyü, iqtisadiyyatının və digər bu kimi məsələlərdə inkişaf etməsi üçün əsas şərtlərdən biridir. Ona görə də belə bir ittifaqın qurulması mümkündür və hətta, gələcəkdə Gürcüstanı, Orta Asiya dövlətlərini də bu ittifaqa qatmaq olar. Hətta, gələcəkdə Ermənistan normal dövlət olsa, onu da bu regional ittifaqın tərkibinə qatmaq olar. Yəni, Ermənistan aqressiv siyasətindən əl çəksə, Qarabağı Azərbaycana qaytarsa, normal demokratik, sülhpərvər dövlət olsa, Ermənistanın da bu ittifaqın üzvü olmaq ehtimalı var. Mən daha əvvəllərdə demişdim ki, Ermənistan Azərbaycan və Türkiyə ilə dost münasibətlər qursa, dövlət olaraq varlığı təmin ediləcək. Əks halda, bugünkü şərtlər altında Ermənsitana müstəqil dövlət demək məntiqsizlikdir. Çünki Ermənistan müstəqil dövlət şərtlərinə uymur.

 

- İki ölkə arasında tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş məsələsi də müzakirə edilir. Bunun müsbət tərəfləri nədir?

 

- Bu, əslində çox sadə məslədir. Türkiyənin bu məsələdə Gürcüstan, Ukrayna təcrübəsi var. Hətta, Türkiyənin Naxçıvanla qonşu olan ərazilərindən də tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş edilir. Lakin Azərbaycan bu məsələdə bir az ehtiyyatla davranır. Çünki Azərbaycanın bu məsələdə təcrübəsi yoxdur. Amma şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş heç də sərhəd qanunlarını pozmaq anlamına gəlmir. Çünki belə olan halda da sərhədlər qorunmağa davam edəcək. Sadəcə proses daha da sadələşdiriləcək. Yəni, müsbət tərəfləri çoxdur. Amma bunun digər tərəfləri də var ki, prosesin sərhəd xidmətindən tutmuş, ölkə içindəki inzibati məsələlərə qədər sadələşdirilməsi lazımdır. Bundan sonra bu, həll edilə bilər. Yəni, bürokratik əngəllər aradan qaldırılandan sonra, hər hansı bir sıxıntı olacağını düşünümrəm. Məhz bü cür qərarlar da, əslində, ittifaq münasibətlərinin bir mərhələsidir.

Müəllif: Mərahim Nəsib      14 Avqust 2020 19:24
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin