Milli domenlə bağlı həyəcan təbili: Nazirin Fərmanova gücü çatmayıb?

Milli domenlə bağlı həyəcan təbili: Nazirin Fərmanova gücü çatmayıb?

Osman Gündüz: “Açıq-aşkar görünür ki, dövlətin özü milli domenin tənzimlənməsi prosesindən kənarda qalıb”

 

“Heç bir hüquqi sənəddə adı olmayan bir şəxs milli təhlükəsizliklə əlaqəli bir sahəni necə tənzimləyə bilir? Doğrudanmı nazir Ramin Quluzadənin Faiq Fərmanova və milli domen qeydiyyatında maraqlı olan digərlərinə gücü çatmayıb?”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun rəhbəri, İKT mütəxəssisi Osman Gündüz deyib.

 

Mütəxəssis deyib ki, ötən gün Telekommunikasiya haqqında Qanuna milli domenimiz olan .az domeni ilə bağlı dəyişiklik edilib: “Qəribə bir dəyişiklikdir. 27 il mövcud olan bir faktın , .az domeninin milli inzibatçısının tərifi verilib. Yəni, qeyd edilib ki, milli inzibatçı milli domenlərin tənzimləməsini həyata keçirən səlahiyyətli şəxsdir. Görəsən hansı zərurətdən doğub bu dəyişiklik? Bəs kimdir bu milli inzibatçı, hansı qurum və ya hüquqi şəxsdir? Ən maraqlı məqam elə bundan ibarətdir ki, milli inzibatçının kim olması heç bir hüquqi-normativ aktda, nə Telekommunikasiya haqqında qanunda, nə Nazirlər Kabinetinin “Milli domen adlarının qeydiyyatı və istifadəsi Qaydalarında” , nə də nazirliyin sənədlərində var. Maraqlıdır, adı heç bir hüquqi sənəddə qeyd olunmayan bir kimsə Azərbaycan interneti ilə bağlı məsələni, ölkənin milli təhlükəsizliklə bağlı məsələsini necə tənzimləyəcək?”.

 

“Prezident Adminstrasiyasının müvafiq şöbəsinə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) sual vermək istərdim ki, adı heç bir hüquqi sənəddə qeyd olunmayan bir şəxslə siz hüquqi proseduraları gələcəkdə necə müəyyən edəcəksiniz?”, - deyə Gündüz qeyd edib

 

Form rəhbəri bildirib ki, internet ictimaiyyətinə məlumdur ki, 27 ildir milli inzibatçı səlahiyyətini İNTRANS şirkətinin və NRYTN-nin Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov həyta keçirir: “Bu sahədə uzun illərdir ki, inhisarçılıq və qeyri-şəffaf mühit, milli domenlərin qeydiyyatı ilə bağlı yüksək qiymətlər hökm sürür. Qeydiyatla bağlı xarici və yerli qeydiyyat şirkətlərindən toplanan böyük vəsaitlər üzərində hər hansı dövlət və ictimai nəzarət yoxdur. İnternet ictimaiyyəti bu proseslərdə iştirak etmir. Milli domenin yeni təklif olunan qeydiyyat modeli kimə məxsusdur, burada separat sövdələşmə olubmu? Yeni təklif olunan modeldə, yəni, adı heç bir yerdə olmayan birisinə külli-ixtiyar səlahiyyətlər, yerli və hətta xarici qeydiyyatçıları da müəyyən etmək, reyestri müəyyən etmək səlahiyyəti, toplanan vəsaitləri dövlət və ictimai nəzarətdən yayındırmaq səlahiyyətlərinin verilməsi onu deməyə əsas verir ki, bu prosesdə böyük , gizli sövdələşmə olub”.

Osman Gündüz: “Bu rüsum 3000 faizədək qaldırılıb” Yeni Sabah

“Açıq-aşkar görünür ki, dövlətin özü milli domenin tənzimlənməsi prosesindən kənarda qalıb. Kimlərsə 27 il ərzində qeyri-qanuni, beynəlxalq normalara uyğun olmayan bir proseduru qanunləşdirməklə öz şəxsi maraqlarına uyğun bir sistem formalaşdırmağa çalışıblar. Reallıq ondan ibarətdir ki, nazirlik və internet ictimaiyyəti yeni dəyişiklikldən sonra milli domenlərin qeydiyyatı və istifadəsi prosesində iştirak etməyəcəklər. Yəni, sistem elə qurulub ki bu proses üzərində dövlət və ictimai nəzarət mükünsüzdür. Nazirlik yalnız qeydiyyatla bağlı ödənişin məbləğinin müəyyən olunmasında iştirak edə biləcək”, - deyə mütəxəssis əlavə edib.

 

O.Gündüz hesab edir ki, NRYTN-nin rəhbəri Ramin Quluzadənin bu sahədən xəbərsizliyindən istifadə edərək, milli domenlə bağlı səlahiyyətləri kollegial quruma deyil, heç olmasa nazirliyə deyil, hansısa bir fiziki şəxsə veriblər: “Burada daha çox maddi maraqların üstünlük təşkil etməsi gözə görünsə də, istisna etmirəm ki, bu cür strateji əhəmiyyət kəsb edən sahədə digər maraqlar da olmamış deyil. Milli domen məsələsi dayanıqlı milli internet infrastrukturu üçün çox əhəmiyyət kəsb edən məsələdir. Burada ən diqqət yetiriləcək məqamlardan biri də milli təhlükəsizliklə bağlıdır. Diqqət yetirdikdə, statistikaya baxdıqda gömək olar ki, milli resursların böyük əksəriyyəti son zamanlar milli deyil, beynəlxalq domenlərə üstünlük verirlər”.

 

“Sual oluna bilər ki, əslində necə olmalıydı? Beynəlxalq normalar tələb edir ki, milli domen qeydiyyatının tənzimlənməsi üçün dövlət və özəl sektorun (Provayderlər , İT şirkətlər və s.), həmçinin internet ictimaiyyətinin maraqlarına uyğun kollegial bir qurum formalaşdırılmalıydı. Hansı ki, bunu nazirlik etməliydi. Milli domen olan .az domeninin reqistrantlarını bu qurum akreditasiyadan keçirməliydi. Reyestrlər, datalar bu qurumun kontrolunda olmalıydı. Şəffaf və rəqabətli bir milli domen bazarı formalaşmalıydı. Toplanan vəsaitlərdən Azərbaycan internetinin inkişafı üçün istifadə olunmalıydı. Ümid edirəm, hökumət, xüsusən də NRYTN və DTX bu məsələyə aydınlıq gətirəcək”, - O.Gündüz sonda vurğulayıb.

Müəllif: Ayna.az      13 Avqust 2020 13:58
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin