Yeni qaydalar nə qonağa sərf edəcək, nə də otellərə - Dövlət əlini daşın altına qoymalıdır

Yeni qaydalar nə qonağa sərf edəcək, nə də otellərə - Dövlət əlini daşın altına qoymalıdır

Mütəxəssislər turizm sahəsinin hələ bir müddət böhran yaşayacağını düşünürlər

 

Ölkəmizdə karantin tədbirləri zəifləyir və tədricən mart ayından bəri dondurulmuş sahələrdə işləyənlər ənənəvi iş ahənginə qayıdırlar. Biz xüsusilə, çoxdan boş-bekar qalan otel biznesindən bəhs edirik. Tezliklə onların fəlaiyyəti bərpa ediləcək, amma yeni qaydalarla.

 

Bu yaxınlarda Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası zamanı Azərbaycan Respublikasında otellərin fəaliyyətinin təşkili Qaydaları"nın təsdiq edilməsi barədə qərar qəbul etdi. 80-dən çox nömrəsi olan otellərdə Operativ Nəzarət Qrupu yaradılacağı, digər otellərdə isə operativ nəzarətə cavabdeh bir şəxsin təyin olunacağı bildirilir.

 

Bundan əlavə, otellər sosial məsafənin qorunmasını təmin etmək üçün qəbul etdikləri qonaqların sayını tənzimləməlidir. Qonaqlara rezervasiyalarını cərimə sanksiyaları tətbiq edilmədən ləğv etmək imkanı vermək də tövsiyə olunur. Qonaqların otel ərazisində girə biləcəkləri bütün otaqlarda sanitarlar və kifayət qədər sayda tibbi maskalar olmalıdır. Bundan əlavə, otel işçiləri həftədə bir dəfə COVID-19 testindən  keçirilməlidir.

 

Yeni qaydalar koronavirusun yayılmasının qarşısını almağa yönəlib, amma, eyni zamanda onlar otellərin texniki xidmət xərclərini də artıracaq. Bu sahənin mövcud durumu onsuz da qənaətbəxş deyil.

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Rüfət Hacıyevin AYNA-ya dediyinə görə, bütün regionlarda otellərin avqustun 24-də açılması gözlənilir. Belə ki, bu otellərə bölgələrdə istirahət etmək istəyən vətəndaşlar arasında tələbat var.

 

O bildirib ki, turizm iki mərhələdə dirçəldiləcək: avqustun 24-dən daxili, daha sonra isə ölkələr arasında hava əlaqəsinin açılması ilə xarici turizm bərpa ediləcək. Otel işçilərinin həftəlik keçməli olduqları COVID-19 testlərinə gəlincə, Hacıyev qeyd edib ki, bu mövzu hələ müzakirə olunmayıb. Amma hesab edir ki, bu prosedur otellərin hesabına həyata keçirilsə, çətin ki, onlar buna razı olsun - çox baha başa gəlir.

 

İqtisadçı-ekspert Fuad Əlizadə isə AYNA-ya deyib ki, biznes  yeni şərtlərdə işləməyə uyğunlaşmalı olacaq və bu otellərə də aiddir. Onun fikrincə, yeni qaydaların tətbiqinə görə otel otaqlarında qiymətlər qalxsa belə, bu artım o qədər də nəzərəçarpan olmayacaq.

 

“Bazar əhalinin imkanları ilə tənzimlənir və əhalinin gəlirləri azaldığı üçün qiymət də bu vəziyyətə uyğun olaraq formalaşacaq. Bundan əlavə, ölkədə çox sayda otel var və aralarındakı rəqabət də qiymət siyasətinə təsir edəcək. Otel işçiləri üçün edilən koronavirus testinə gəlincə, düşünürəm ki, otellərin xərcə düşməməsi üçün bu koronavirus testlərinə ciddi endirimlər ediləcək, amma bu məsələni Turizm Asosasiyası həll etməlidir”, - Əlizadə bildirib.

 

İqtisadçı-ekspert Natiq Cəfərli də o düşüncədədir ki, yeni qaydalara görə tələb olunan koronavirus testi ya tamamilə və ya qismən dövlət tərəfindən ödənilməlidir. “Başqa bir yol da var – testlərin xərcini otellər özü çəkir, amma dövlət ən azı ilin sonuna qədər onları bütün vergi və ödənişlərdən azad edir. Əgər otellər dövlət tərəfindən heç bir güzəşt edilmədən testlər üçün tam ödəniş etsə, qiymətləri qaldırmalı olacaqlar. Qiymətləri qaldırsalar, adam az gələcək, bu isə onların fəaliyyətinin bərpasını ümumiyyətlə mənasız edir. İndi otellər daxili turizmə ümid edir və bu zaman yerli əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmalıdır”, - Cəfərli AYNA-ya deyib.

 

Digər həmsöhbətimiz, Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayevin fikrincə, hələ bir müddət otellər ciddi sıxıntı çəkəcək: “Qonaqların azlığı səbəbindən bir çoxu yaxın gələcəkdə tam olaraq fəaliyyətə başlaya bilməyəcək. Buna görə də onların açılması müəyyən dərəcədə otel biznesinin bərpa olunmasının təqlidi sayıla bilər. Məsələn, Türkiyədə otellər fəaliyyətə başlayıb, amma orada olan turist sayı ilə bizimkilərin müqayisəsi belə, qüsurludur”.

 

“Ölkəmizdə, bəlkə də paytaxtda əvvəlcə dörd və beş ulduzlu otellər fəaliyyətə başlayacaq ki, orada Azərbaycana işgüzar səfərə gələn iş adamları qalacaqlar. Kimsə müalicə üçün də gələ bilər, amma belə turistlərin sayı çox olmayacaq. Bu il adi xarici vətəndaşların əksəriyyəti digər ölkələrə, o cümlədən bizim ölkəyə istirahətə getməyəcək”, - Ağayev vurğulayıb.

 

O, qeyd edib ki, qonaqların minimum sayı və yeni qaydalar səbəbindən otellərin fəaliyyəti rentabelli olmayacaq: “Hər həftə otel işçilərinin koronavirus testindən keçməsi üçün heç bir səbəb görmürəm. Testin qiyməti, ən az 100 manat tutur. Hesab edirəm ki, hələ bir müddət bir çox turistlər çoxsaylı məhdudlaşdırcı qaydalara görə otellərdənsə şəxsi mənzil kirayəsinə üstünlük verəcək”.

Müəllif: Elya Belskaya      12 Avqust 2020 21:09
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin