DİQQƏT: Beyrutdan dərs çıxarmaq lazımdır!

DİQQƏT: Beyrutdan dərs çıxarmaq lazımdır!

Yanacaqdoldurma məntəqələrinin yaşayış bölgələrində yerləşməsi ciddi təhlükədir

 

Avqustun 6-da Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanında pirotexniki vasitələr anbarında güclü partlayışlar baş verdi. Partlayışın onlarla insanın ölümünə, minlərlə insanın yaralanmasına səbəb olması, həmçinin şəhərə ciddi zərər dəyməsi şəhər mərkəzində, insanların sıx yaşadığı ərazilərdə partlama riski olan obyektlərin istifadəyə verilməməsi məsələsəni yenidən gündəmə gətirdi.

 

Belə ki, ölkəmizdə də, xüsusən paytaxt Bakıda hündürmərtəbəli binaların yaxınlığında yanacaqdoldurma məntəqələri və digər təhlükəli müssisələr yerləşir. Üstəlik, bir müddət əvvəl boya zavodunda baş verən yanğın da yadımızdan çıxmayıb.

 

Təhlükəsizlik eksperti Elmar Nurəliyev AYNA-ya şərhində, yanacaqdoldurma məntəqələrinin təhlükə riski yüksək olan obyeklər olduğunu deyib: “Ümumiyyətlə, təhlükə riski yüksək olan obyektlərin tikintisi zamanı həmin ərazinin coğrafi relyefi, ətrafında yaşayış məntəqələrinin, ictimai-iaşə obyektlərinin, məktəblərin və bağçaların, dəmir yolu keçidlərinin, körpülərin, yüksək gərginlikli elektrik xətlərinin, magistral qaz xətlərinin mövcudluğu və s. bu kimi amillər nəzərə alınmalıdır”.

İşinə peşə olaraq yanaşanlar da var, maaş üçün çalışanlar da ...

“Yanacaqdoldurma məntəqələrinin ictimai binalar və yaşayış yerlərindən, ən azı 50 metr məsafədə olması, dəmir yolu keçidlərindən 250 metr məsafədə, körpü keçidlərindən 1000 metr məsafədə olması məqsədəuyğun hesab edilir. Bu da onu göstərir ki, insanların təhlükəsizliyi nəzərə alınır. Yanacaqdoldurma məntəqələrinin 10 metr yaxınlığından yüksək gərginlikli elektrik və magistral qaz xətlərinin keçməsi isə yolverilməzdir”, - o bildirib.

 

“Bundan əlavə, yanacaqdoldurma məntəqələrinin təbii parklarn, qoruqların, tarixi mədəni abidələrin yaxınlığında və qar uçqunu, sel axını və sürüşmə zonalarında inşası da qadağandır. Məhz bütün bunlar hamısı təhlükəsizlik üçündür ki, hər hansı hadisə baş verməsin, hadisə baş verərsə belə, zərər az olsun”, - ekspert vurğulayıb.

 

Nurəliyev problemin qarşısını hansı yollarla ala bilməkdən də danışıb: “Təhlükə riski yüksək olan obyektlərin təhlükəsiz istismarı üçün digər zəruri olan təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və işçilərin mütəmadi olaraq maarifləndirilməsi və təlimlərə cəlb edilməsi üçün işlərin aparılmasını təşkil etməklə, təhlükə riskini azaltmaq olar və yaxud baş verə biləcək təhlükənin öncədən qarşısını almaq olar. Yanacaqdoldurma məntəsində çalışan işçilər hər gün təlimatlandırıldıqdan sonra işə buraxılmalı, onlara texniki təhlükəsizlik və yanğın təhlükəsizliyinə dair mütəmadi olaraq təlimlər keçirilməlidir”.

 

Müsahibimizin sözlərinə görə, nəzarət edilməli olan əsas məsələlərdən biri də yanacağı doldurulan avtomobilin mühərrikinin sönülü olmasıdır: “Sürücünün və digər sərnişinlərin maşında siqaret çəkməməsinə diqqət yetirməli, nasaz maşınları yanacaqdoldurma məntəqəsinə buraxmamalı, təhlükəli, tez alovlanan və tez alışan maddələr daşıyan yük maşınlarına ciddi nəzarət etməli və avtobusların içərisi sərnişinlə dolu halda içəri buraxılmamasına ciddi nəzarət etməlidir”.

 

“Digər vacib məsələlərdən biri də yanacaq gətirən maşınların saatlarla dolu halda yay aylarında günün altında gözləməsi və nəzarətsiz qalmasıdır. Belə hallara da diqqət edilməlidir. Nəzərə almaq lazımdır ki, benzin, dizel və yanacaqdoldurma məntəqələrinin demək olar ki, çoxunun ərazisində olan dükanlardakı digər sürtkü yağları və kimyəvi tərkibli məhlullar yanmaya və partlamaya meyillidir. Ona görə daha çox diqqətli olmaq lazımdır. Onu da qeyd edim ki, yanacaqdoldurma məntəqələrində baş verən hadisələrin 95 faizi texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq və məsiliyyətsizliyin nəticəsində baş verir. Bütün bunlar kompleks görülən təhlükəsizlik tədbirləri planıdır”, - həmsöhbətimiz əlavə edib.

Müəllif: Mərahim Nəsib      13 Avqust 2020 10:20
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin