“Allah bizə dedi ki, “girin evlərinizə, sizi görməyim!”

“Allah bizə dedi ki, “girin evlərinizə, sizi görməyim!”

Sadıq Qarayev: “Koronavirus sonsuza qədər çoxala bilməz, onu təbiət yaratdığı kimi, təbiət də məhv edəcək”

 

Əgər sağ qalsaq, pandemiyadan sonra bu günləri yaşanmış tarixin canlı şahidləri olaraq özümüz nəql edəcəyik. Hələlik isə yaşadıqlarımız “niyə?” sualına pərçimlənib, ayrılmaq bilmir. Odur ki, bu günlərin söhbət mövzusu da elə olanlar və “niyə?” sualı ətrafında fırlanan müzakirələrdir.

 

AYNA-nın həmsöhbəti AMEA Mərkəzi Nəbatət Bağının aparıcı elmi içşisi, biologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının və Türkiyə İLESAM-ın üzvü Sadıq Qarayevdir.

 

- Sadıq müəllim, necə düşünürsünüz, COVID-19 bəlasını təbiətin bizə qəzəbinin ifadəsi hesab etmək olarmı?

 

- Bütün təbii fəlakətləri insanın ayağına yazmaq, onun fəaliyyəti ilə əlaqələndirmək düzgün olmazdı. Düzdür, antropogen amillərin ətraf mühitə müxtəlif müstəvilərdə təsirləri böyükdür. Vaxtilə Engels deyirdi: “İnsanlar təbiətə vurduqları zərbə ilə heç də öyünməsinlər, təbiət bunun əvəzini yüzqat çıxacaq...” Müasir dövrümüzdə dünyada sürətli demoqrafik, sosial-iqtisadi inkişafın və elmi-texniki tərəqqinin insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqinin nəticəsində antropogen amillərin təbiətə mənfi təsirləri daha da artıb. Bütün bunların nəticəsində təbiət çirklənib, eroziya və səhralaşma prosesləri sürətlənib, ekosistemlərin bioloji qida zəncirlərində pozulmalar, biosenozlarda xaotiklik və deqradasiyaya meyillər yaranıb. Periodik olaraq baş verən təbii iqlim dəyişmələri antropogen amillərin yaratdığı mənfi təsirlərlə  üst-üstə düşərək, münbit əkin sahələrinin azalmasına səbəb olub, ekosferdə tarazılığın pozulması prosesini sürətləndirib, bioloji müxtəlifliyin təhlükə altına düşməsi və ayrı-ayrı növlərin sıradan çıxması ehtimalının çoxalması ilə nəticələnən qlobal ekoloji problemləri gücləndirib. Məsələn, UNESCO-nun qiymətləndirməsinə görə, son dövrlər əkinə yararlı sahələrin hər il 6 mln. hektarı səhralaşma nəticəsində yararsız hala düşür. Respublikamızda ekoloji gərgin rayonlardan hesab edilən Böyük Qafqazın Cənub yamaclarında meşələrin yuxarı sərhədi 200-500 metr aşağı enib, antropogen amillərin təsirindən torpaq eroziyası sürətlənib.

Sadıq Qarayev adlı şəxsin şəkli.

Ancaq bütün bunlarla yanaşı, təbiətdə baş vermiş dəyişiklərin hamısının səbəbkarı insan deyil. O cümlədən də qlobal istiləşmə, müxtəlif xüsusiyyətli virusların meydana çıxması və sair kimi hadisələr. Təbiətdə baş verən qlobal hadisələrin əsas səbəbi elə təbiətin özüdür. Məsələ burasındadır ki, kainatda zərrədən nəhəng qalaktikalara qədər hər nə mövcuddursa, bir-birilə vəhdətdədir. Və periodik olaraq müəyyən zaman intervallarında müəyyən dəyişikliklər, hadisələr baş verir, təkrarlanır. Əgər doğurdan da, COVID-19 təbiətdə mutasiya nəticəsində yaranıbsa, onun səbəblərini antropogen amillərdə çox, təbiətin özündə, xüsusilə ekoloji mühit amillərinin dəyişməsində axtarmaq lazımdır. Elmi baxımdan belə desək, daha düzgün olardı.

 

- Bəs, bir yazıçı kimi?

 

- Yazıçı təxəyyülü ilə isə belə deyərdim: Yarpaqları budaqlarda, budaqları ağaclarda, ağacları isə meşələrdə “maksimum günəşə tərəf” nizami ilə düzən elm və nur sahibi məscidlərini, müqəddəs yerlərini tövbələri qəbul etməyəcək qədər qəzəbindən insanların üzünə bağlayıb. Zərrədən külli kainata qədər hər Plank məsafəsini, o ölçüdə olan hadisələri Plank zamanında nəzarətdə, tarazlıqda saxlayan, bütün növ sahələrin, qüvvələrin, enerjilərin mənbəyi olan qüdrət sahibi, zamanların ali, əzəli və əbədi sarvanıdır. Koronovirus bəşəriyyətin yeni müstəvidə təkamülünü davam etdirmək üçün görünməz aləmlərdən birinin hadisələrdə iştirakıdır. Onun ortaya çıxmasını beynin işıq və qaranlıq tərəfinin sarvanlıq uğrunda mübarizədə bir-birilərini söndürmələri zəruri edib. XX əsrin sonlarından başlayaraq elm və texnikanın görünməz müstəvidə, sürətli inkişafından həm beynin işıqlı, həm də qaranlıq tərəfi yeni güc alıb. Bəşəriyyət kapitalizmdən sonrakı yeni ictimai formasiya quruluşuna qədəm qoyub. Fərdlər, ailələr, xalqlar və dövlətlərin qarşılıqlı münasibətlər sistemi yeni müstəviyə keçib. Bu müstəvidə qaranlığın, şərin də güclənməsi təmin olunub. Bu güc azalmalı idi. Beyin işığı buna nail ola bilmədiyindən, Tanrı özü müdaxilə edib.

Alimlər: Kainatımızın əkizi var, orada vaxt əks istiqamətdə axır ...

İnsan məntiqi ilə onun bizə belə dediyini təxmin etmək olar: “Girin evlərinizə, sizi görməyim! Hələlik öz evlərimdə, müqqədəs yerlərdə sizi görmək, tövbələrinizi qəbul etmək istəmirəm! Qürrələndiyiniz elmlə görünməz aləmimin törətdiklərinə əlac tapın! Oturun, uğrunda hər cür əməllər etdiyiniz o daşlar, betonlar, metallar arasında! Mənim elmimi, qüdrətimi inkar edib, öz adınıza çıxdıqlarınızla yerimdə, dənizimdə, göyümdə gedənlərə minməyin! Onsuz da mənim yaratdığım, hakim olduğum, sizin riyaziyyat, fizika, kimya, biologiya dedikləriniz qanunlar olmasa idi, heç bir atom da yarada bilməzdiz. Sizə beyin verdim ki, elmimdən öyrənin. Öyrəndiklərinizi işıqlı tərəfə yığın. Ancaq siz xəstəxanalar yox, göydələnlər, elm ocaqları yox, yemək, əylənmək yerləri tikdiz. Alimlərimi, Yer üzündə işıqlarımı ələ saldız, ac saxladız, indi onlardan nə istəyirsiniz? Gedin siyasətçilərdən, artistlərdən, kapital sahiblərindən nur istəyin! Yeni doğulmuş xəstə uşaqlara xəstəxanalarda az miqdar oksigeni, dərmanları, mağazalarda adi suyu necə və neçəyə satırsınız? Mən isə sizə nə qədər oksigen, hava su, ruzini necə səxavətlə və asan verdim? Bunları düşünmək, özünüzü dərk etmək, yenidən format etmək üçün oturmalı, sükunətə yaxınlaşmalısınız! Siz deyilsiniz qüdrət əlimlə yaratdığım torpağın, bitirdiyim otların üstünü betonlayıb, “bura mənimdir” deyən? Hardan sizin oldu? Heç bir aləmimdə öz həcminizdən artıq məkanım sizin deyil! O məkanda mövcudluğunuza icazə verilib! Siz deyilsiniz, ağaclarımı kəsib, bitkilərimi məhv edib, təbii sistemi pozub restoranlar, otellər, hərbi hissələr tikib özünüzü və mənim məkanlarımı murdarlayan? Siz deyilsiniz, sularımın qabağını kəsib, torpağımı zəhərləyib, yaratdığım yerdə, göydə, suda olan canlılarımı məhv edən? Bəs mənim aləmlərimin necə bir- birilə əlaqəli olduğunu, edilmiş təsirin əks-səda verəcəyini bilmirdiniz? İndi o məkanlarda gəzin, baxım! Görünməz aləmim ancaq siz insanları o məkanlardan qovub. Digər canlılarıma qadağa yoxdur. Dünyada hər şeyi sizin üçün yaratdım. Hələ təkcə orada sizin on mislinizə çatacaq qədər maddi nemətlər, təbii sərvətlər vardır. Bunlar hamı üçün bərabər nəzərdə tutulub. Siz cığallıq etdiz! Özünüzə çox götürmək üçün Xocalıda, Yaxın Şərqdə, Afrikada, dünyanın hər yerində uşaqları, köməksizləri öldürmədiniz? Verdiyim ruziləri anbarlarda yığıb, bəndələrimi acından, susuzluqdan öldürmədiniz? Özünüz artıq yeyib, görünməz aləmlərimə məkan olub, fiziki, mənəvi təbii qurluşunuzu pozmadınız? Elə bilirdiz zavallılarımın sahibi yoxdur, görmürəm, şikayətlərini eşitmirəm? Bahalı aftomobillərdə, komfortlu, sərin otaqlarda gün keçirən, boynu və buxağı ət basmışlar oruc tutmaqla məni aldatdıqlarını zənn etdilər? Ya minindən oğurlayıb, birini doyuranlar savab işlərini yazmağıma güman etdilər? Bir savabın üzərində körpüdən keçəndə, min əlin onları dartıb dəhşətli məkana salacaqlarını fikirləşmədilər? Oğurladıqca mənəvi çöpə, cismən şişmana dönənlər özləri ilə isti qum üzərində, dəri və sümükdən ibarət olan, mənə baxanların fərqini bilmədiyimi zənn etdilər? O virusların görünməz aləmimin Somalidəki dəri-sümük uşaqlarla əlaqisi yoxmu sanırsız? Var! Bütün aləmlərim vəhdətdədir. Bu vəhdətin mexanizmləri möhtəşəmdir, mənim yanımdadır. Oturun evlərinizdə! Təmizlənin, təkləşin, xüsusiləşin, xaotik dünyanızı nizamlayın, həqiqətə tərəf mənəviyyatınızı istiqamətləndirin! Çox və sizə aid olmayan küçələrə meyil salmışdınız! Düşünün: Hansı qüvvə sizi bu qədər gəlirinizdən, kefinizdən məhrum edə, küçəyə çıxmağınızın, səfərlərinizin, gəzməyinizin, əylənməyinizin, oğurlamağınızın, daha nələrin qarşısını ala bilərdi? Müharibə, inqilab edərdiniz! Görünməz aləmlərimdən biri bunu etdi! Valideyinlərinizin, övladlarınızın, insan sahiblərinizin, ordularınızın edə bilmədiyini görünməz taclı krallar etdi. Oturun evlərinizdə! Düşünün hər şeyi! Oturun evlərinizdə, uşaqlarınız sizi doyunca görsün, həyat yoldaşlarınızı, yaxın insanlarınızı daha yaxşı tanıyın. Bir az təmizlənin. Düşünün həqiqətə yaxınlaşın, onu dərk etməyə çalışın”.

В Южной Корее выявили рекордное с марта число новых случаев COVID-19

- Siz necə düşünrsünüz, COVID-19 təbiətdə yaranıb, ya insan tərəfindən süni yaradılıb?

 

- Təbiətdə hər hansı bir canlı növünün sürətlə çoxalmasına, ümumi tarazlığın pozulmasına imkan verilmir. Çoxalma və azalma dalğavari prosesdir. Sürətlə çoxalmanın qarşısını bir çox hadisələr alır, tarazlıq pozulmur. İnsanlar aləmində bu müharibələr, xəstəliklər və ya təbii fəlakətlərlə tənzimlənir. Bu virus məsələsi də təbii fəlakətdir. Koronaviruslar da sonsuza qədər çoxala bilməz. Prosesin pik nöqtəsindən sonra enmə, sönmə müşahidə edilməliydi və edilir. Təbiət özü onun qarşısını alacaq. Süni yaradılan virus təbiətdə bu qədər yayıla bilməz! Allah təbiətdə vəhdəti, nizam-intizamı, özünümüdafiə və sabitliyi saxlamaq enerjisini hakim edib. Süni, geni dəyişdirilmiş istənilən canlı yaşamaq üçün xüsusi mühit tələb edir və rəqabətə davamlı olmur. Eyni zamanda təbii sistem elə qurulub ki, istənilən yad elementə qarşı müqavimət göstərir.

 

Həm də süni yaradılsaydı, başqa canlılara da yoluxardı. Koronavirusun mutasiya nəticəsində təbiətdə öz-özünə yarandığını düşünürəm. Həyatın müxtəlif şərtləri, zərbələri insanı necə dəyişirsə, təbiətdə işıq, su, istilik və s. amillər müxtəlif canlılarda irsi keçən sıçrayışlı – mutasiyalı dəyişikliklər yaradır. Düşünmək olar ki, çox kəskin mutasiyaların yaranmasında Yer kürəsinin daxili qatlarında, xüsusilə nüvəsində və Günəşdə gedən periodik proseslər nəticəsində istilik, şüalanma, işıqlanma, radiasiya və maqnit sahələrinin intensivliyindəki dəyişikliklər əsas rol oynayır. Tarixən baş vermiş epidemiyalar da bu səbəbdən ola bilər. Elmin bu sahəsi çox az öyrənilib. Heyvanla başlayıb insanla davam edən prosesi bitkilərin durduracağını ehtimal etmək olar. Yekunda təbiətdə yarananı təbiət özü məhv edəcək.

Operativ Qərargah: Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək ...

- Karantin elan olunan ilkin vaxtlarda çox insan bunu qaçaqaçlı dünyamızda “nəfəs almaq üçün fürsət” adlandırdı. Bu vəsilə ilə yavaşlayaraq özünə gəldiyini deyənlər də oldu. Bəs, sizcə, dünyanın bu “fürsət”ə ehtiyacı var idimi?

 

- Bəlkə də, insanların özünə gəlmək, özünü dərk, ailə daxili, xalqlar arasında qlobal həmrəyliyi təmin etmək üçün sükunət nöqtəsinə yaxınlaşmağı təmin edəcək bir vasitəyə ehtiyac var idi. İnsan təbiətində yeniliyə, nəyisə qarşılamağa, hadisə kimi maraqla izləməyə bir həvəs, maraq var. Odur ki, ilk vaxtlar koronovirusla bağlı xəbərlər, çoxdan arzulanan istirahət zamanları maraqlı gəldi... Ancaq müəyyən müddət sonra xəbərlər köhnəldi, evdə qalmaq darıxdırıcı oldu. İnsan fərd olaraq və külli-bəşəriyyət olaraq gələcəyə, dəyişikliyə can atmaqdadır. Bu, onun fitrətindən irəli gəlir. Odur ki, siz dediyiniz “nəfəs almaq üçün fürsət” sonradan əks təsir göstərdi.

 

- Pandemiya bizə nəyi öyrətdi və nələri öyrətməkdə davam edir?

 

- Pandemiya bəşəriyyətə hər şeydən əvvəl bəndə olmağı, Allahın yanında aciz olduğunu unutmamağı, təbiətin, canlı və cansız aləmlərin sirlərinin çox hissəsini bilmədiyini bir daha anlatdı. Eyni zamanda, milli və bəşəri həmrəyliyi, Yer üzünün bütün xalqların vahid evi olduğunu öyrətdi. Tibb elminin kapital sahibləri tərəfindən bəşəriyyəti istismar vasitəsinə çevrildiyini, insanların həqiqi sağlamlıqlarının keşiyində dura biləcək inkişaf səviyyəsinə çatmadığını əyani nümayiş etdirdi. Təmtəraqlı, maddi və zaman israfçılığı ilə müşayiət olunan bir sıra tədbirlərsiz keçinmək olduğunu göstərdi. Canlı ünsiyyətsiz keçinməyin mümkün olduğunu, lakin bir çox hallarda, məsələn, təhsildə uğur gətirmədiyini öyrətdi. Başlıcası isə hər gün gördüyümüz, adi hesab edib fikir vermədiyimiz insanların, havanın, təbiətin nə qədər dəyərli, əvəzsiz olduğunu anlatdı.

 

- Pandemiya dünyanın sürətli inkişafını nə dərəcədə ləngitdi? Bu gedişatı bəşəriyyətin xeyirinə hesab etmək olar, yoxsa əksinə?

 

- Bizə mövcud zamanda qəribə gələn, faciəvi görsənən hadisələrin qlobal təkamül xəttində vacib element olduğu, ümumən bəşəriyyətin inkişafı üçün zərurətdən doğduğuna inanıram. Biz zəncirin bir həlqəsini görüb fikir söyləyirik. Bütövünü görə bilsək, yəni keçmişə, bu günə və gələcəyə vəhdətdə baxsaq, həqiqət aydın olar. Postkoronovirus dövründə dünyanın iqtisadi, sosial, siyasi müstəvisində ciddi dəyişikliklər, mövcud ictimai formasiya quruluşunda deformasiyalar olacağı qaçılmazdır. Bəzi böyük şirkətlərin, bankların, hətta dövlətlərin süqutu da mümkündür. Buzlaşmadan sonra relikt bitkilərin qaldığı kimi, relikt mədəniyyətlərin, ictimai münasibətlər sisteminin qalacağı gözlənilir.

 

- Karantin dönəmini siz necə keçirdiniz (keçirməyə davam edirsiniz)?

 

- Karantin dövrünün bir hissəsini Yevlaxda keçirdim. Orada hərdən Kür qırağına getdim, ağac və kolları müşahidə elədim. Bu, mənim elmi işlərimin əsas istiqaməti olmaqla yanaşı, eyni zamanda təbiətlə təmasda olmaq həmişə mənə zövq verir. Təbiətdən mükəmməl müəllim, həkim yoxdur. Karantinin bir hissəsini isə Bakıda keçirdim. Bu, hamı kimi bizə də çətin oldu. Eynilik insanları yorur. Ümumiyyətlə, təbiət özü eynilikdən qaçır. Bir ağacın üzərindəki yarpaqlar belə, eyni deyil... Nə qədər eyni divara baxmaq olar, uşaqların tələblərini, istəklərini dinləmək olar?! Ancaq mən bir neçə hekayə, esse, elmi işlərimə aid məqalələr yazmaqla zamanı bir az qısalda bildim.

 

- Yaradıcılığınız, fəailiyyətinizlə bağlı hansı planlarınız var?

 

- Doktorluq dissertasiyasını tamamlamaq, “Azərbaycanın ağac və kolları”, “Azərbaycanın relikt və endem dendroflorası” kitablarını, “Mövcudluğun...” romanını yazmaq istəyirəm. Bunları ən mükəmməl, ürəyim istədiyi, özüm razı qalacaq kimi yazıb, sonra qələmi qırağa qoyacam. Yayda Zorbulaq yaylağına gedəcəm, nəvələrimlə quzu otaracam. Arana gələndə öz əkdiyim bostandan ən şirin yemiş, qarpızları yığıb, onlara aparacam.

Müəllif: Aləmdə Nəsib      17 Avqust 2020 23:01
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin