Nazirliyin statistik məlumatı inkişafdan xəbər verir, bəs reallıqda necədir?

Nazirliyin statistik məlumatı inkişafdan xəbər verir, bəs reallıqda necədir?

“Biz o vaxt artımı hiss edəcəyik ki, bazarlarda bolluq hökm sürəcək, qiymətlər əlçatan olacaq”

 

“Bu ilin 6 ayı ərzində Azərbaycanın kənd təsərrüfatında 13% artım qeydə alınıb. 2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının heyvandarlıq həcmində 13%, bitkiçilik məhsullarının həcmində 25,6%, kartof istehsalında 10,3%, meyvə və giləmeyvə istehsalında 37,5%, bostan məhsulları istehsalında 37,5% artım qeydə alınıb”.

 

Bu barədə AYNA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məlumat verib. Onun sözlərinə görə, 2019-cu ilin yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb.

“Ət istehsalı 3%, süd istehsalı 2%, yumurta istehsalı 4,5%, yun istehsalı 0,8% artıb. 2019-cu ilin 1 iyul tarixinə kimi 798,1 min hektar taxıl sahəsində biçin aparılıb. Ümumi taxıl sahələrinin 76,6%-i, o cümlədən buğda sahələrinin 69,9%-i, arpa sahələrinin isə 94,5%-i biçilib. Yanvar-iyun aylarında respublika üzrə 636,6 ton barama tədarük edilib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisi ilı müqayisədə 24% çoxdur”, - deyə o bildirib.

 

KTN-in rəsmi statistikasını AYNA-ya şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, KTN 2015-ci ildən başlayaraq əvvəlcə kənd təsərrufatı idarələri yaratdı, sonra bu idarələri aqrar inkişaf mərkəzləri adlandırdı: “Təxminən 800 nəfərə yaxın yeni işçi qəbul elədilər. Amma bu idarələrin işi, sadəcə rəqəm şişirtməkdən, istehsal göstəricilərini artıq göstərməkdən ibarətdir. Hətta bu idarələr rəqəmlərin artıq göstərilməsi üçün, fəaliyyət göstərdiyi yerlərdə Dövlət Statistika Komitəsinin rayon şöbələri ilə sıx əlaqədədir”.

“Kənd Təsərrüfat naziri İnam Kərimov da bu sahənin mütəxəssisi olmadığı üçün şişirdilmiş rəqəmlər ona tamamilə sərf edir. Amma reallıq ondan ibarətdir ki, Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti aşağı olduğu halda, heyvandarlıq məhsullarının idxalı 6 ay ərzində ciddi şəkildə artıb. Bu reallığı Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitəsinin məlumatlarında da görə bilərsiniz”, - deyə Məhərrəmov vurğulayıb.

 

Ekspert meyvə-tərəvəz idxalında da artım müşahidə olunduğunu deyib: “Bunu da statistikaya baxıb görə bilərsiniz. Bəli, istixana şəraitində yetişən pomidor istehsalı artıb. Amma bu, o demək deyil ki, təbii kartof və digər tərəvəz məhsullarının da istehsalı artıb. Hətta, o istixana şəraitində yetişən tərəvəzlər də xaricdə bizneslə məşğul olan sahibkarların sayəsində artıb”.

 

“Biz o vaxt artımı hiss edəcəyik ki, bazarlarda bolluq olacaq, qiymətlər əlçatan olacaq. Kənd təsərrüfatı sistemi inkişaf etmiş ölkələrdəki sistemlə ayaqlaşacaq. Bu şəxslər, sovet dövrümdə rəqəmlərin şişirdilmə prosesi necə idisə, indi də onunla məşğuldurlar. Çünki bu sahədə çalışanlar işlərinin peşəkarları deyillər və problemin nədən ibarət olduğunu bilmirlər”, - deyə müsahibimiz əlavə edib.

Müəllif: Mərahim Nəsib      1 Avqust 2019 16:08
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin