Nazirlik “Günəş”ə cəza kəsib - FOTOLAR

Nazirlik “Günəş”ə cəza kəsib -     FOTOLAR

Heyvanların saxlanmasına dair icazə sənədi olmayıb

 

İsmayıllı-Qəbələ yolunda yerləşən “Günəş” istirahət mərkəzində müştəri cəlb etmək üçün vəhşi heyvanlar nümayiş etdirilir. Bununla bağlı məlumatı iyulun 30-da eko-aktivist Cavid Qara “Ecofront” səhifəsində yayımlamışdı.

 

Məlumatda deyilirdi ki, sözügedən ərazidə 1 meymun, 4 dəvə, 3 maral, 1 zebra, 1 dəvəquşu və başqa heyvanlar saxlanılır: “Meymunun bir gözündə problem var, dəvənin biri arıqlığından ayaqüstə qırxı çıxır. Əksər heyvanlar tək qalıb. Heyvanlar haqqında heç bir məlumat və bələdçi yoxdur, bildiyon əsir düşərgəsi”.

 

Cavid Qara restoranlarda müştəri cəlb etmək üçün vəhşi heyvanların nümayişinin barbarlıq olduğunu, bu cür məkanları baykot etmək və qınamaq lazımdır deyə bildirirdi: “Kimin pulu və əlaqələri varsa, hansı heyvanı, necə istəsə, saxlaya bilərmi? Bu, necə tənzimlənir? Bunu niyə edirsiz axı? Bu heyvanlar yazıq deyil? Bir də yolüstü kabab və qutab verən xüdmani bir kafe var – "Əl-üstü kabablar". Orada da bir dəvəni yolun qırağında ağaca bağlayıblar ki, qonaqlar görüb dayansın. Ümid edirik, ETSN (Ekologiya və Təbii Sərvətlər Nazirliyi – red.) “Yaşıl Ada”da olduğu kimi bu biabırçılığın da qarşısını alacaq”.

 

Məlumatda, həmçinin “Günəş” restoranının meşə fondu ərazisində icarə müqaviləsi ilə fəaliyyət göstərdiyi və əsaslı tikintiyə icazə olmasa da, əsaslı tikinti işləri apardığı qeyd edilirdi.

 

O zaman məsələ isə bağlı ETSN-in mətbuat xidmətindən AYNA-ya bildirilmişdi ki, məsələ araşdırılacaq. Bu gün növbəti dəfə Nazirliklə əlaqə saxladıq. Oradan öyrəndiyimizə görə, İsmayıllı rayonu "Günəş Park" restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub: “Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib. Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan “məcburi göstəriş” verilib”. 

 

Məlumatda o da vurğulanıb ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

Fotoları təqdim edirik
Müəllif: Aləmdə Nəsib      8 Avqust 2020 19:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin