Əsas səhifə Haqqımızda Xəbər lenti

Son yüz ilin misilsiz mənzərəsi - Eyni duadan doğulanlar

Son yüz ilin misilsiz mənzərəsi -           Eyni duadan doğulanlar

Biz o ölkələrik ki, analarımız öz əsgər övladlarına etdiyi duanı qardaş ölkənin əsgərləri üçün də edirlər

 

Azərbaycanla Türkiyənin münasibətləri hazırda dünya ölkələrini qısqandıracaq qədər yaxındır. Hər iki dövlətin dili, milli kimliyi, yaşam dəyərləri, mədəniyyəti eyni köklərə bağlıdır. Doğrudur, tarixi keçmişimizdə bir sıra xoşagəlməz hadisələr baş verib. Bu da orta əsrlərin tələbi idi ki, güclü olan güclü ilə savaşacaq, ikisindən biri qalib olaraq cahan imperatorluğu statusuna yiyələnəcəkdi. Lakin yenə də düşmənlər birimizin üzərinə gələndə, mütləq şəkildə “qardaş” deyib, bir-birimizə pənah aparmışıq, sarılmışıq. Lakin hər şey tarixdə sülalə dövlətlərinin tarixi kimi qaldı. Hazırkı güclü əlaqələrimizin təməli isə 102 il əvvəl qoyuldu. Orada imperiyanın sonu, bizdə digər imperiyanın caynağından qurtulub, yeni dünyaya qədəm qoyan körpə qartal...

 

1918-ci il. Biz 90 illik işğaldan qurtulub dövlət qurmuşduq. Osmanlı isə Balkan müharibələrində və Birinci Dünya müharibəsində imperiyanın xeyli ərazisini itirmişdi. Buna baxmayaraq, biz Qafqazda dövlət qurarkən, bölgənin əsas dövlətləri ilə hesablaşmalı idik. Onlardan biri də Osmanlı dövləti idi. Bizdən güclü olan qonşu dövlətlər ya bizim cümhuriyyətimizi tanıyaraq dəstək verəcəkdi, ya da üzərimizə gələcəkdi.

 

Bir müddət davam edən Batum konfransında xeyli çəkişmələr olmuşdu. Amma sonda müqavilə ilə yekunlaşdı və dövlət təhlükəsizliyimizə təhdid olduğunda Osmanlı dövləti bizə dəstək verəcəkdi. 1918-ci il 4 iyunda danışıqların yekunu olaraq Osmanlı dövləti və Azərbaycan Cümhuriyyəti (dövlətin rəsmi adı belədir, amma sonradan Azərbaycan Xalq Cümhuriyyəti (AXC), yaxud Azərbaycan Demokratik Respublikası (ADR) kimi ifadə olunub) arasında “Sülh və dostluq” haqqında müqavilə bağlandı. Bu müqaviləyə bəzən tarixi ədəbiyyatlarda “Batum müqaviləsi” də deyilir.

 

Müqavilə tək hərbi önəm daşımırdı. Çünki müqəddiməsində yazılırdı: “Bir tərəfdən Osmanlı imperiyası, digər tərəfdən suverenliyini elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti öz ölkələri arasında siyasi, hüquqi, iqtisadi və intellektual əsasda səmimi dostluq münasibətlərinin təsbit edilməsi üzrə qarşılıqlı sazişə gəlir”.

 

Osmanlı dövləti ilə ikinci müqavilə isə nəqliyyat infrakstrukturu haqqında idi. Belə ki, Bakı azad olunduqdan sonra buradan Osmanlı imperiyasına gedəcək nəqliyyat yollarının, dəmiryollarının təmiri, yenidən quurulması işinə Osmanlı dövləti nəzarət edəcək və maliyyə yardımı ayıracaqdı. Lakin keçmiş Çar Rusiyasının Cənubi Qafqazdakı dəmiryolu nəqliyyatı Azərbaycanla yekunlaşmırdı, digər iki dövlətin - Gürcüstan və Ermənistanın da ərazisindən keçərək Osmanlıya yol alırdı. Ona görə də yeni yaranan dövlətlərin də bu müqavilədə iştirakı şərt idi və qısa müddətdə şərtlər razılaşdırılaraq müqavilə bağlandı.

 

Azərbaycan Cümhuriyyəti hərbi sahədə sürətlə inkişaf edirdi. General Əliağa Şıxlinskinin rəhbərliyi ilə korpus yaradıldı, ardınca milli ordu yaradılması başa çatdı.

Əliağa Şıxlinski — Vikipediya

1918-ci ilin iyun ayında Azərbaycan Cümhuriyyəti Bakı və ətrafını erməni-rus bolşevik qüvvələrindən təmizləmək üçün “Batum müqaviləsi”nin şərtlərinə uyğun olaraq, Osmanlıdan hərbi yardım istədi.  “Qafqaz İslam Ordusu” adlı ordu Gəncəyə gəldi. 1918-ci il sentyabr ayının 15-də Əlahiddə Azərbaycan Korpusu və Qafqaz İslam Ordusu birgə, qətiyyətli hücumla Bakını azad etdi. Bolşeviklərin bir hissəsi Lənkərana, bir hissəsi isə Sarı adasına qaçdı. Bu qələbə yüz illik əlaqələrimizdə ilk möhtəşəm qardaşlıq birliyi kimi qızıl səhifə açdı.

 

Ondan sonra əlaqələr daha da genişləndi. Cümhuriyyət bütün ölkə boyu milli orta ümumtəhsil məktəblərinin qurulmasına başladı. Bu zaman da Osmanlı dövlətindən müəllimlər dəvət edildi, kitab-dəftər çapı üçün avadanlıq gətirildi. Eyni zamanda, açılan hərbi kadetlər məktəbinə də Osmanlıdan hərb işinə mütəxəsislər dəvət edilmişdi. 28 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyəti süqut etdikdən sonra Bakıda olan türk müəllimlər, mütəxəsislər öz ölkələrinə geri döndülər.

 

“Atatürk, Nərimanov və Qurtuluş Savaşımız”

 

Türkiyədə isə Ankara hökuməti yaranmışdı. Bu hökumət itirilmiş Osmanlı torpaqları uğrunda mübarizənin siyasi rəhbəri hesab edilirdi. Mustafa Kamal Paşa hökumətə rəhbərlik edirdi. Bu zaman Azərbaycan bolşeviklərinin liderlərindən, Xalq Komissarları Soveti rəhbəri olan Nəriman Nərimanov Ankara hökuməti ilə Bolşevik Azərbaycan Respublikası arasında münasibətlərin qurulmasında maraqlı idi. O, özü bolşevik, kommunist ideologiyaya xidmət edən biri olsa da, türk maarifçiləri ilə hələ “Hümmət” təşkilatında təmsil olunduğu vaxtdan münasibətləri vardı.

 

Türkiyəli tədqiqatçı Hüseyn Adıgözəl “Atatürk, Nərimanov və Qurtuluş Savaşımız” adlı tədqiqat əsərində bu münasibətlər haqqında geniş məlumat verir. Həmin əsərdə qeyd olunur ki, Azərbaycan əsilli birinin bolşevik olsa da, Azərbaycana rəhbərlik etməsi Mustafa Kamalı məmnun etmişdi. O, Bakı ilə münasibətin olmasında maraqlı idi. Ona görə də Məmduh Şövkət Əsəndağı Bakıya ilk səfir göndərmişdi.

 

Bir il sonra isə Azərbaycan sovet hökuməti ilə Ankara hökuməti arasında danışıqların nəticəsi olaraq Ankarada Azərbaycan səfirliyi açılır. Bu zaman səfir göndərilən İbrahim Əbilovu şəxsən qarşılayan Mustafa Kamal Paşa çıxışında deyir: “Milli hüdudumuz içərisində azad və müstəqil yaşamaq istəyirik. Əziz millətimiz bu istəyimizin qardaş Azərbaycan türkləri tərəfindən dəstəkləndiyi üçün böyük qürur hissi duyur. Anadolu türkləri qardaşları Azərbaycan xalqının onlara bəslədiyi xoş və gözəl duyğulara böyük dəyər verirlər. Yaşasın qardaşlığımız”.

 

Yeni diplomatiyada ağır günlər - Naxçıvan məsələsi

 

Qərbin imperialist dövlətləri hər tərəfdən dağılmış Osmanlı ilə müharibə aparırdı. Ölkənin bütün cəbhələrində mərmi yağırdı. Bu vəziyyətdə siyasi arenada tək qalmış Mustafa Kamal Paşa ancaq Azərbaycan sovet hökuməti ilə münasibət saxlaya bilirdi. Bir də onlarla müharibə aparan Qərb dövlətlərinin bolşevik hökumətini də tanımamasını bildiyindən, fürsəti dəyərləndirməyə çalışaraq bolşeviklərin Ankara hökumətini tanımalarını təmin etmək istəyirdi.

 

Lakin 1920-ci ilin sonunda Moskvaya göndərilən türk nümayəndə heyətini Moskva hökuməti qəbul etmədi. Buna səbəb Xarici İşlər naziri G.Çiçerinin Anadoluda və Naxçıvan ətrafında yerləşən Osmanlı ordusunun ermənilərə təhdid olması idi. Ermənilər durmadan Qarabağın dağlıq hissəsini, Mehri, Qafan və Naxçıvanı tələb edirdilər. Lakin Türk ordusu, xüsusən də Kazım Qarabəkir Paşa buna mane olurdu.

 

Qərb dövlətləri ilə müharibə aparan Mustafa Kamal Paşa isə Qafqaz cəbhəsində sakitlik yaratmaq, Sovetdən gələcək təhlükəni təminat altına almaq və Ankara hökumətini tanıtmaq üçün yenə cəhd etdi və  bu münasibətlə Nərimanovun köməyindən istifadə etdi. 1921-ci ilin fevralında Moskvaya göndərilən ikinci heyət əvvəl Bakıya gəldi. N.Nərimanov Leninə teleqram vuraraq türk heyətini Behbud Şahtaxtinski ilə birlikdə Moskvaya göndərəcəyini və onların qəbulunun yüksək səviyyədə təşkil edilməsini xahiş etdi.

 

19 fevral 1921-ci ildə Nərimanov Leninə daha bir məktub yazaraq, Şərq məsələsinə toxundu. O məktubda deyirdi: “Erməni məsələsi türklər üçün ölüm-qalım məsələsidir. Türklərin yanında yer almasaq, qurmaq istədiyimiz Şərq diplomatiyası iflas edəcək. Tək qalacağıq. Xalqın da onlara münasibəti məlumdur. Azərbaycanı əldə saxlamaq mümkün olmayacaq”.

 

Bu zaman ermənipərəst Çiçerin yenə də Leninin fikrini yayındırırdı. Lakin Lenin Nərimanovun məktubuna müsbət yanaşır. Türkiyə hökumətini tanıyır və Türkiyəyə 1 milyon qızl pul yardım edilməsi haqqında tapşırıq verir. Lenin Türkiyədən İngiltərə və Fransaya qarşı mübarizədə birlikdə hərəkət etməyi xahiş edir. Mustafa Kamal paşa isə Azərbaycanın yardımına qarşılıq olaraq Naxçıvan məsələsinin birdəfəlik həllini Leninin qarşısında tələb kimi qoyur.

 

Nərimanov yenə də Türkiyəyə yardımları dayandırmadı. İl sonunadək 9 min ton kerosin, 350 min ton isə neft göndərildi.

 

Gərginlik...

 

1921-ci il mart ayının əvvələrində Moskvada geniş tərkibdə görüş keçirildi. Bu zaman ilk çıxış edən Çiçerin Cənubi Qafqaz xalqlarının, xüsusən də Azərbaycan hökumətinin Türkiyə ilə birbaşa xarici siyasətindən narahatlıq ifadə etdi. Lakin Türkiyə heyəti buna qarşı çıxaraq, xalqların milli köklərinin, din qardaşlığının olmasını xatırlatdı. Uzun müzakirələrdən sonra ermənilərin iddia etdikləri Naxçıvan məsələsi ətrafında xeyli mübahisə yarandı. Çünki Mustafa Kamal Paşa türk heyətini Moskvaya Naxçıvan məsələsində güzəştə gedilməyəcəyini və bir neçə variantın mümkünlüyünə razılıq alınmasını bildirərək göndərmişdi.

(Moskva görüşü)

 

10, 12, və 14 mart tarixlərində Naxçıvan məsələsi gərgin müzakirə edildi. Heç cür razılıq əldə edilmirdi. Sovet dövləti hökmən Naxçıvanın Ermənistana verilməsini qarşıya məqsəd qoymuşdu. Bu zaman Naxçıvanda qədimdən türk xalqının yaşamış olması, türk qoşunlarının dəvət edilməsi və orada qərar tutması əsas gətirilərək, ya Türkiyənin ərazisi kimi, ya da Azərbaycanla Türkiyənin ortaq ərazisi kimi təqdim edildi. Yetər ki, ermənilərə verilməsin. Bu da qəbul edilməyincə türk heyəti bildirdi ki, o zaman Naxçıvan ömürlük Azərbaycanın tərkibində qalacaq. Lakin heç bir şərtlə üçüncü dövlətə güzəştə gedilməyəcək.

 

Sovet Rusiyası bunu qəbul etdi və nəhayət, müqavilə və bəndlər 16 mart 1921-ci ildə təsdiqləndi. Nəticədə Türkiyə hökuməti ilə Bolşevik Rusiya hökuməti arasında Moskvada müqavilə bağlanmış oldu. Həmin ilin oktyabrında Cənubi Qafqaz sovet ölkəri ilə bağlanan “Qars müqaviləsi” ilə Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olması bir daha təsdiq edildi.

("Qars" müqaviləsi)

 

Bu, 102 illik münasibətlərimizdə Türkiyə və Azərbaycanın birlikdə əldə etdiyi növbəti qardaşlıq uğuru idi. Lakin Stalin hakimiyyətə gəldi, totalitar rejim qonşu dövlətlərlə bütün münasibətləri kəsdi. Biz qardaşlarımız ilə bir də 70 il sonra əl sıxışa bildik.

 

Türkiyədə azərbaycanlı mühacirlər

 

28 aprel işğalından sonra Cümhuriyyət fədailərimiz üçün sıxıntılı günlər başlamışdı. Amansız bolşeviklər çoxunu həbs edir, ailələrini sürgünə göndərir, bəzilərini Nargin adasında güllələyirdi. Lakin bir çoxu da ailələri ilə birlikdə Türkiyəyə pənah aparırdı.

 

Qısa müddət ərzində yüzlərlə ailə Türkiyə şəhərlərinə doğru yola çıxdı. Müharibə aparan bir dövlət üçün bu qədər mühaciri saxlamaq çətin idi. Lakin keçirilən iclasda qərara aındı ki, 1921-ci ildən etibarən öz ölkəsində siyasi baxışlarına görə ailəsi və özü təyziqlərə məruz qalan, heç bir çxış yolu olmadığından Osmanlıya pənah gətirən mühacirlərin bütün xərclərini dövlət ödəyəcək. Digərlərinin isə xərclərini qarşılamaq üçün ictimai işlərə cəlb edilməsi qərarlaşdırıldı.

 

Rəsmi sənədlərdə göstərilir ki, 1921-ci ilin may ayında İstanbul və ətrafında 7 mühacir şəhərciyi salınmışdı. Orada Sovet zülmündən qaçan 75 min nəfər insan vardı ki, böyük əksəriyyəti Azərbaycandan getmişdi. Azərbaycan mühacirlərinə göstərilən xoş münasibətə görə Cümhuriyyət parlamentimizdə təmsil olunan Hüsnü Rəfi bəy Osmanlı hökumətinə təşəkkür məktubu yazmışdı.

 

Yeni dövr

 

Sovet imperiyası çökmüşdü. 70 il sonra, 1991-ci ilin 18 oktyabrında Azərbayan yenidən müstəqilliyini elan etdi. Həm də 1918-ci ildə yaranan Azərbaycan Cümhuriyyətinin siyasi varisi kimi. Həmin il noyabr ayının 9-da Türkiyə Cümhuriyyəti Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk dövlət oldu. Naxçıvanla “Ümid körpüsü” layihəsi həyata keçirildi. Ərazi bütövlüyümüzə qarşı erməni-rus qəsdinə etiraz olaraq, 1993-cü ildə Tükiyə Cümhuriyyəti Ermənistan Respublikası ilə dövlət sərhədini rəsmi olaraq bağladı.

Müstəqillik günü ilə bağlı tarixi yanlış – 25 ildir nəyi səhv edirik?

Sonrakı dövrdə Türkiyə iş adamlarını Azərbaycana göndərdi. İki ölkə arasında iqtisadi münasibətlər qaydaya salındı. Yenidən nəqliyyat müqavilələri bağlandı. Tarixi ipək yolunun bərpası yönündə işlər aparıldı. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Azərbaycanın Avropa enerji bazarına çıxması üçün Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istifadəyə verildi. Bundan əlavə, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti regionda enerji balansını dəyişdi.

 

Son zamanlar isə TAP və TANAP layihələri həyata keçirildi ki, bununla həm Avropa və Türkiyə qazla təmin olunacaq, həm də Azərbaycan gəlir əldə edəcək. Son 20 ildə Azərbaycan Türkiyəni Avropanın enerji qovşağına çevirdi.

 

Hərbi sahədə də əməkdaşlığımız davam etməkdədir. 1991-ci ildən Azərbaycan hərbçi yetişdirilməsi üçün Türkiyəyə gənc kursantlar göndərir. Hər il gənc zabitlərimiz müxtəlif hərbi layihələrdə peşəkarlıq təcrübəsi keçmək üçün Türkiyəyə gedirlər. Son illərdə isə iki ölkənin Müdafiə nazirliklərinin birgə razılığı ilə genişmiqyaslı hərbi təlimlər keçirilir.

 

Bundan əlavə, Türkiyə Azərbaycanın regionda ən böyük dəstəkçisidir. 2000-ci illərdə İran dövləti hava məkanımızı pozanda Türk “Şahin”ləri onlara öz yerini göstərmişdi.

 

Arxada qoyduğumuz ayda Azərbaycanın Tovuz istiqamətində dövlət sərhədinin pozulması nəticəsində general da daxil, şəhidlər verdik. Bu, Türkiyə dövləti və xalqını da narahat etdi. Dövlət rəsmi olaraq Azərbaycanın yanında olduğunu bəyan etdi və ardınca ölkəmizdə genişmiqyaslı hərbi təlimlərə başlanıldı.

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri keçiriləcək ...

Azərbaycan-Türkiyə münasibətləri dünyanın heç bir ölkəsinin dostluğuna, qardaşlığına bənzəməz. Biz o ölkələrik ki, hərbi təlimlərdən əlavə bir-birimizə qardaş olaraq sarılırıq. Bir evin övladları olaraq yola çıxırıq. Biz o ölkələrik ki, analarımız öz əsgər övladlarına etdiyi duanı qardaş ölkənin əsgərləri üçün də edirlər.

 

Qardaşlığımız, bütövlüyümüz əbədi olsun!

Müəllif: Şəhla Cabbarlı      6 Avqust 2020 22:54
Tarix bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin