Əgər istədiyimiz bir şey olmursa, ya daha yaxşısı olacağı üçündür, ya da...

Əgər istədiyimiz bir şey olmursa, ya daha yaxşısı olacağı üçündür, ya da...

Mövlanə: “İstəsən, heç danışma, sadəcə otur ve ağla, çünki O, səni dərdlərini səndən daha yaxşı bilir”

 

İslam dünyasının və təsəvvüf cərəyanın ən görkəmli nümayəndələrindən biri, şair və mütəfəkkir Mövlanə Cəlaləddin Rumi əsərlərinin birində “Kədərlənmə! Əgər istədiyin bir şey olmursa, ya daha yaxşısı olacağı üçündür, ya da olmaması lazımdır” deyir. İzah olunması və dərk edilməsi lazım olan xüsus bundan ibarətdir ki, kədərlənməyin ölçüləri, yaxud ümumi bir qaynağı varmı? Yəni, Mövlanə bu fikri nəyə istinadən söyləyib?

 

Əvvəlcə onu qeyd edim ki, vacib olan məsələ budur: insan sevgi ilə yoğrulmuş, sevgi ilə böyüyən, sevgi istəyən, sevgi əhatəli bir varlıqdır. Yəni, Yaradana sevgi bəsləyən hər insan, daxilində də dərin bir insan sevgisi bəsləmiş olur. Elə təsəvvüfdə də deyildiyi kimi: “Yaradanı sevməyən, yaradılanı da sevə bilməz”.

 

Mövlanənin bu fəlsəfəsinə zaman-zaman müxtəlif müzakirələrdə, sosial şəbəkələrdə çox rast gəlmişəm. Lakin əhəmiyyətli olan bu fikri gündəlik həyatımızda tətbiq etməkdir, söz xətrinə demək yox. Çünki bu, insana səbr, dözüm, iradə bəxş edir və yaşamaq gücünü artırır.

 

Fikrimi daha aydın ifadə etmək üçün mövzuya uyğun bir misal çəkmək istəyirəm. Məsələn, bir nəfər ev almağa hazırlaşır və qiyməti də onun üçün münasibdir. Lakin hər şey hazır olandan sonra məlum olur ki, ev həmin adamdan əvvəl başqasına satılıb və bu hadisə həmin şəxsin kədərlənməsinə səbəb olur. Məhz, elə bu əsnada Mövlanənin səsini eşidirik: “Kədərlənmə! Əgər istədiyin bir şey olmursa, ya daha yaxşısı olacağı üçündür, ya da olmaması lazımdır”.

 

Ona görə də gündəlik həyatımızda dərin təsir buraxmayan hadisələr üçün kədərlənməməliyik. Yəni, “ya daha yaxşısı olacağı üçün, ya da olmaması lazım olduğu üçün olmadı” düşüncəsi ilə özümüzə təsəlli verməliyik. Ən pis halda isə, keçici bir kədərlə, hətta, kədərlənmədən həyata qaldığımız yerdən davam etməliyik.

 

Lakin bu fəlsəfənin bəzi məsələlərdə uyğun olmadığını da, bilirəm ki, məhz eşqin ən gözəl, ən böyük təmsilçisi də bunu danışacağım məqam üçün istisna edib. Qısası, əgər mövzu eşqdirsə, kədərlənməyə dəyər. Ki, mənəviyyat aləminin sultanı da bu ifadəni dünyəvi və maddi məsələlər üçün vurğulayıb. Yəni ki, insanların könül dünyasına dair məsələlərdə çətinliyə düşdükləri zaman bu fəlsəfəni əsas götürmələrini düzgün hesab etmirəm.

 

Çünki Mövlanənin özü də müəllimi, dostu, yoldaşı, yüksək dərəcədə sevgi bəslədiyi Şəms Təbrizinin qəfildən yoxa çıxması nəticəsində dərdə düçar olub və buna “Xam idim, bişdim, yandım, əlhəmdülillah!” deyərək münasibət bildirib. Demək ki, mövzu sevgi və sevginin dərin təcəssümü olanda, “Kədərlənmə! Əgər istədiyin bir şey olmursa, ya daha yaxşısı olacağı üçündür, ya da olmaması lazımdır” ifadəsi keçərli olmadığı üçün, Mövlanə də Həzrəti Şəms gələnə qədər kədərin caynağından xilas ola bilməyib.

 

Məlumdur ki, Mövlanə eşq yanğısı ilə qovrulan və dünyaya “Eşq” ilə səslənən, əsərləri ilə tarixə qızıl hərflərlə həkk olmuş böyük bir şəxsiyyətdir. Tarix Mövlanənin eşqi izah etməsindən, onun eşqi yaşamasından hələ də yazır və yazmağa davam edəcək. Mövlanə haqqında bilənlər onun eşq düşüncəsinə heyran olur, dünya isə hələ də Mövlanənin eşq dünyasının ölçülərini araşdırır.

 

Ona görə də mövzu eşq və sevgi olanda bu sözün məğzi mahiyyətini itirir. Çünki özündə dərin sevgi hissləri bəsləyən bir qəlb sevgidən məhrum olduğu təqdirdə, kədərlənməməsi mümkün deyil. Çünki həssas qəlblər ancaq və ancaq bunu tələb edir.

 

Bir sözlə, insan kədərləndiyində belə, dərdinin qiymətini bilməli və sevincindən imtina etməməlidir. Güldüyü zaman isə şükr etməli və qəlbinin nəşəsini qorumalıdır. Həyatın kədərləri ilə, sevincləri ilə, eniş və yoluxşları ilə bütöv oluğunun fərqinə varmalıdır. Çünki davamlı olaraq sevinməyi arzu etmək eqoistlik olduğu kimi, dərdin caynağında olanlara da haqsızlıqdır. Yenə Mövlanə kimi: “Xam idim, bişdim, yandım, əlhəmdülillah” deməli və ya deyə biləcək bir nəzərlə hərəkət etməlidir.

 

Yazıma isə elə Mövlanənin fikirləri ilə son vermək istəyirəm: “Dərdin nə olursa olsun, kədərlənmə! Dəstəmaz al nəfəs kimi və bir səccadə sal otağın bir küncünə. İstəsən, heç danışma, sadəcə otur ve ağla! Çünki O, səni dərdlərini səndən daha yaxşı bilir”.

Müəllif: Mərahim Nəsib      10 Avqust 2020 23:38
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin