Əsas səhifə Haqqımızda Xəbər lenti

“Vəziyyət müxalifətin xeyrinə olsa, ruslar müdaxilə edə bilər”

“Vəziyyət müxalifətin xeyrinə olsa, ruslar müdaxilə edə bilər”

Zaur Məmmədov: “Rusiya istəsəydi, Belarusda çoxdan çevriliş edə bilərdi

 

Belarus Respublikasında avqustun 9-da 6-cı dəfə prezident seçkiləri keçiriləcək və gedişatdan bu seçkilərin digər seçkilərdən daha fərqli və daha coşğulu keçəcəyi hiss olunur. Ölkənin müstəqillik tarixində ilk dəfə olaraq prezident seçkilərində onlarla şəxs namizəd olmaq istəsə də, Belarus Mərkəzi Seçki Komissiyası cəmi 5 nəfərin namizədliyini qeydə alıb.

 

Bununla da Belarusda bir neçə gün sonra keçiriləcək seçkilərdə hakimiyyət uğrunda mübarizəyə siyasi bloger Svetlana Tixanovskaya, keçmiş deputat Anna Kanopatskaya, Andrey Dmitriyev, Belarus Sosial Demokrat Partiyasının sədri Sergey Çereçen və hazırkı Prezident Aleksandr Lukaşenko qatılıb.

 

Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə müxalif namizədlərin mitinqinə 10 minlərlə seçicinin gəlməsi, yeni siyasi xəttə addım atmaqla bağlı iddialar, Lukaşenkonun isə seçkilərdən əvvəl siyasi həbslərə imza atması, namizədlərə təzyiq göstərməsi prosesləri hakimiyyətin əleyhinə çevirib.

 

Mövzu üzrə AYNA-nın suallarını siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov cavablandırıb.

Zaur Məmmədov: “Zatulinin çıxışı birbaşa ermənilərin maraqlarına ...

- Zaur bəy, əvvəlcə ondan başlayaq ki, Belarusda nə baş verir? Lukaşenko 26 ildən sonra nə kimi bir çətinliklə üzləşib?

 

- Belarusda son 26 il ərzində keçirilən prezident seçkilərində bu qədər fəallığın şahidi olmamışdıq. Lukaşenko Belarusda hakimiyyətə gələndən sonra bir neçə dəfə prezidentliyə namizdəliyini irəli sürüb, onun partiyası parlament seçkilərində iştirak edib və hər dəfə də qalib gəlib. Təbii ki, Lukaşenkonun adı müasir Belarus tarixində kifayət qədər dərin izlər buraxan adlardandır. Belə ki, SSRİ-nin dağılmasından sonra bütün respublikalar birdəfəlik kapitalizm sisteminə keçmiş və bu proses SSRİ-dən qalan fabrik və zavodların dağıdılması ilə baş vermişdisə, Lukaşenko bunun əksinə olaraq Belarusda kapitalizm və sosializmin birgə xüsusiyyətlərindən istifadə edərək ölkənin iqtisadiyyatını qurmağı bacarmışdı. Bu gün də Belarusda həyat səviyyəsi onun qonşuları olan Baltikyanı ölkələrinin həyat səviyyəsindən heç də geri qalmır. Əksinə, Şərqi Avropa ölkələri ilə Belarusu müqayisə edərkən, Belarusda vəziyyətin daha yaxşı olduğunu görərik. Təbii ki, bunu müqayisə edərkən, mövcud şərait, iqtisadiyyatın sektorları müqayisə edilir və belə olan halda da Lukaşenkonun Belarusun iqtisadiyyatını gücləndirməyi və müasir Belarusu qurmağı bacardığını görərik.

 

Lakin son zamanlar yetişən gənc nəsil dünyanın müxtəlif ölkələrində hər dəfə seçkilərdən sonra yeni şəxslərin hakimiyyətə gəlməsini görür, daha çox qloballaşma ruhunda böyüyür və Lukaşenkoya mənfi münasibət bəsləyir. Ki, bir şəxsin uzun müddət hakimiyyətdə qalması onların etirazına səbəb olur və nəticə etibarı ilə bu gün Belarusda Lukaşenkoya qarşı yeni elektorat formalaşıb. Bu elektoratın Şərqi Avropadan əsas fərqi isə onların liderlərinin xarici siyasi davranışlarıyla bağlıdır. Yəni onların Rusiyaya, yaxud Avropa İttifaqına qarşı çıxış etməmələri daha çox balanslı siyasət yürüdən kurs aparacaqlarını deməyə əsas verir. Bu namizədlər müxtəlif siyasi partiyaların, müxalif düşərgənin liderləridir ki, onların arasında hal-hazırda həbsdə olanlar çoxluq təşkil edir. Hansı ki, onlar müxalifətin aparıcı simaları sayılırlar. Əslində isə digər ölkələrdən fərqli olaraq onlar millətçi, anti-Rusiya, anti-Avropa meyilləri ilə yox, daha çox orta mövqeləri ilə seçilirlər. Və belə bir fonda Belarusda seçkilər baş verir.

Lukaşenko: “Heç bir fəlakət yoxdur, 794 nəfər koronavirusa görə ...

- Məlum olduğu kimi, Lukaşenkonun Rusiya ilə münasibətləri soyuqlaşıb. Hətta, bir neçə gün əvvəl “Vaqner”ə məxsus muzdlu döyüşçülər Belarus yerli kəşfiyyat orqanları tərəfindən həbs edilib. Ehtimal edilir ki, Rusiyanın baş verənlərdə rolu var. Necə düşünürsüz?

 

- Ötən həftə “Vaqner” ətrafında baş verən hadisələr Rusiya ilə Belarus arasında münasibətlərin heç də yaxşı olmadığını göstərdi. Əslində, Putin və Lukaşenko arasındakı münasibətlər 2018-ci ilin Sankt-Peterburq görüşündə pozulmuşdu və Putin ilə Lukaşenko arasında qazla bağlı fikir ayrılığı olmuşdu. Putinin jurnalisltəri zaldan çıxarmasından sonra isə iki ölkə prezidentləri məsələyə aydınlıq gətrimək üçün qapalı görüş keçirmişdilər. Təsadüfi deyil ki, bundan sonra artıq iki ildir ki, Belarus ilə Rusiya arasında hökumətlərarası heç bir iclas keçirilməyib. Düşünürəm ki, Rusiya istəsəydi, Belarusda çevriliş, yaxud seçkilərə çoxdan müdaxilə edə bilərdi. Lakin “Vaqner” ətrafında baş verənlər Lukaşenkonu Rusiyanın adamı sayan elektoratın fikrini dəyişməyə vadar edəcək və eyni zamanda onlar görəcək ki, Lukaşenko hakimiyyətdə olmasa, Belarusu çətin dövrlər gözləyə bilər. Hər halda Rusiyanın Belarusda Lukaşenkodan daha yaxşı, daha qəti, daha oturuşmuş mövqeyi və yanında olacaq başqa bir namizədi yoxdur. Buna görə də “Vaqner” hadisələri maraqlı olduğu qədər, həm də Belarus-Rusiya münasibətlərinin pis olmasından xəbər verir. “Vaqner”in, ümumiyyətlə orda olmasının səbəbləri hələ məlum deyil. Ola bilsin ki, Belarusda seçkilərdən sonra vəziyyət müxalifətin xeyrinə olsa, “Vaqner” məsələyə müdaxilə edə bilər. Yəni bu, qurulmuş ssenarinin bir parçası da ola bilər. Nəticədən asılı olmayaraq, Belarus-Rusiya münasibətləri artan xətt üzrə inkişaf edəcək. Çünki Belarusun indiki vaxtda başqa çıxış yolu yoxdur. Ümumiyytələ, yaxın 3-4 ildə rəsmi Kremlin əsas planı Belarusu özünə sıx inteqrasiya etmək və elə Belarusdan başlayaraq, daha sonra Qazaxıstanla davam edərək öz ambisiyalarını reallaşdırmaqdır.

 

- Hazırda müxalifətin, xüsusən də Svetlana Tixanovskayanın tərəfdarları çoxluq təşkil edir. Tixanovskaya isə daha çox Qərbə inteqrasiyanın tərəfdarıdır. Onun hakimiyyətə gəlməsi nə dərəcədə mümkündür?

 

- Tixanovskaya Belarus seçkilərində ikinci favorit namizəd hesab edilir. Onun həyat yoldaşı həbs ediləndən sonra Tixanovskaya namizədliyini irəli sürüb. Əslində, Tixanosvkayanın həyat yoldaşı kimi Avropa İttifaqı və Rusiya ilə bağlı qəti mövqeyi yoxdur. Yəni onu tam olaraq Avropaya meyilli şəxs adlandıra bilmərik. Çünki onun əsas hədəfi Belarusda demokratiyanı bərpa etmək və hakimiyyətə gəldiyi təqdirdə, 6 aydan sonra şəffaf seçkilər keçirməkdir. Son zamanlar da dünyanın əksər ölkələrində, o cümlədən qonşu ölkələrdə də siyasi sistemdən çıxmayan, siyasətdə təcrübəsi olmayan, amma cəmiyyətdə kifayət qədər tanınan şəxslərin daha çox rəğbət qazandığının şahidi oluruq. Çünki elektorat artıq populist siyasətçilərdən bezib və onlar düşünür ki, blogerlər, aktyorlar, jurnaslitlər və s. xalqa daha yaxındır. Lakin indiki halda mən Tixanovskayanın hakimiyyətə gələcəyini düşünmürəm. Hətta, o, hakimiyyətə gəlsə belə, onun xarici siyasətlə bağlı planlarının olmaması Belarusa yaxşı nəsə vəd etmir.

Претендент на кресло президента Беларуси не собирается создавать ...

- Bir məsələ də var ki, Lukaşenko hakimiyyəti əldən vermək niyyətində deyil. Və çıxışında söyləyib ki, heç bir təxribat, konflikt yaranmağına imkan verilməyəcək. Bu da onun hakimiyyətdə qalacağını mümkün edir...

 

- Düşünürəm ki, Lukaşenko əhalinin daha çox hissəsinin rəğbətini qazanacaq. Çünki Belarus Rusiya və Avropa arasında hansısa bir mənada səddir. Belarus ümumstarteji mövqedə yerləşir və Belarus xalqı Ukrayna hadisələrindən ciddi şəkildə dərs alıb. Hər halda, indiki məqamda Belarusda hakimiyyət dəyişikliyinə nə Kreml imkan verər, nə də Belarusun daxilində oturuşmuş qüvvələr. Belə görünür ki, Lukaşenko nəyin bahasına olursa olsun, hakimiyyətdə qalacaq. Əgər vəziyyət kritik həddə çatarsa, o zaman ölkədə təxribatçı xarici qrupların olması bəhanəsi ilə müəyyən müvafiq addımlar atılacaq.

 

- Belarusda seçkilərdən sonrakı nəticələr, Lukaşenkonun gedişi, yaxud qalması ölkənin taleyinə necə təsir göstərəcək?

 

- Qərb ölkələrindən fərqli olaraq Asiya (Belarusu tam Avropa ölkəsi adlandırmaq olmaz) və MDB ölkələri üçün lider amili bilavasitə dövlətin gələcəyi ilə bağlıdır. Rusiya başda olmaqla, MDB ölkələrində liderin kimliyindən asılı olaraq vəziyyət dəyişir. Belə ki, biz dəfələrlə Putinin xarici siyasətdəki davranışlarındakı fərqli istiqamətləri və ölkə daxilində fərqli siyasətin aparılmasını görmüşük. Ələlxüsus, söhbət Belarus kimi həssas ölkədən gedirsə, burada hakimiyyətə kimin gəlməsi gələcək Belarusda proseslərin həm uğuru, yaxud da bəlası ola bilər. Digər namizədlərdən fərqli olaraq Lukaşenkonun oturuşmuş siyasi dövlət kursuna yaxşı bələdik və Lukaşenko digərlərindən fərqli olaraq oturuşmuş ideyaya malikdir. Bu ideya təbii ki, Rusiyanın müəyyən maraqlarını nəzərə almaqla Belarus identikliyini qorumaq və Belarusun dövlət və milli maraqlarını həyata keçirməyə hədəflənib. Bu, eynən Qazaxıstanda Nursultan Nazarbayevin dövlət idarəçilik kursu ilə oxşarlıq təşkil edir. Bu baxımdan da Belarus xalqının Lukaşenkonun yanında olacağını düşünürəm.

Müəllif: Mərahim Nəsib      6 Avqust 2020 10:30
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin