Azərbaycan Türkiyə bazarında Rusiyaya sarsıdıcı zərbələr endirir

Azərbaycan Türkiyə bazarında Rusiyaya sarsıdıcı zərbələr endirir

İqor Yuşkov: “Ola bilsin ki, Türkiyə rəhbərliyi "Qazprom"dan aktiv şəkildə qaz almamağı tapşırıb”

 

Azərbaycan bu ilin beş ayında Türkiyə bazarına "mavi yanacaq" tədarükünü 20,4% artıraraq Türkiyədəki qaz varlığını gücləndirir. İlk baxışdan hər şey yaxşıdır, amma nəzərə almaq lazımdır ki, Azərbaycan qazının artan tədarükü bu ölkəyə Rusiya qazının ixracında rekord azalma ilə müşayiət olunur.

 

Türkiyəyə Rusiya qazını çatdıran kəmərlər bir-birinin ardınca sıradan çıxır. İyulun 27-dən etibarən bu yay ərzində ikinci dəfə “Türk Axını” təmir üçün bağlandı və Rusiya qazının Türkiyəyə tədarükü tamamilə dayandırıldı. Bundan əvvəl, may ayında Türkiyəyə gedən daha bir qaz boru kəməri - “Mavi Axın” bağlandı. Təmirdən sonra boru iyulun ortalarına qədər boş qaldı, çünki Türkiyə bir kubmetr belə, qaz sifariş etməmişdi.

 

2020-ci ilin mart ayında Türkiyə Rusiya qazının istehlakını keçən ilin eyni dövrü ilə müqayisədə 7 dəfə, 2018-ci ilin mart ayı ilə müqayisədə isə 14 dəfə azaldıb. Son zamanlar “Mavi Axın” və “Türk Axını” birlikdə gücünün 10% tutumunda işləyir. Bu vəziyyətə səbəb Suriya və Liviyada Ankara ilə Kremlin artan qarşıdurması fonunda Türkiyənin Rusiyadan qaz idxalını kəskin azaltması idi. Türkiyə Azərbaycandan qaz almağa və daha ucuz sıxılmış maye qaz (LNG) idxal etməyə üstünlük verdi.

 

Türkiyə Rusiya qazını Avropa bazarına çay kimi axan və daha ucuz olan maye qazla əvəz edir. Siyasi səbəblərdən başqa bu addımın qiymət səbəbləri də var. May ayında Avropanın ən böyük qaz “xab”larında spot qiymətləri min kubmetr üçün 40-45 dollara qədər düşdü. İyun ayındakı 72 dollara qədər yüksəliş uzun sürmədi və iyul ayında qiymətlər yenidən aşağı düşdü. Beləliklə, Rusiya iki il əvvəl “Qazprom”un Almaniyadan sonra ikinci ən böyük müştərisi olduğu Türkiyənin qaz bazarında ciddi maddi itkilər verməyə davam edir.

 

Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, 2020-ci ilin yanvar-iyun aylarında qazımızın Türkiyəyə ixracı "Şahdəniz" yatağından 5,2 milyard kubmetr təşkil etdi. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Türkiyəyə qaz tədarükünün ümumi həcmində Azərbaycanın payı sürətlə artır.

 

Türkiyə Enerji Bazarını Tənzimləmə Şurasının (EPDK) 2019-cu il məlumatlarına görə, keçən il bu rəqəm 21,2%, tədarükün həcmi 9 milyard 585 milyon kubmetr idi. Ötən il Türkiyəyə qaz tədarükü baxımından Azərbaycan bütün tədarükün 33,6%-ni təşkil edən Rusiyadan sonra ikinci yeri tutdu. İran isə üçüncü yerdədir (17,11%).

 

Rusiyada Azərbaycan qazının Türkiyəyə ixracının "Qazprom"un mövqelərinə zərbə vurduğuna dair getdikcə daha çox fikirlər səslənir. Çünki son vaxtlara qədər Ankara Avropada Rusiya qazının ən böyük istehlakçısı idi. İndi vəziyyət dəyişib. Ötən il türklər Rusiyadan 2018-ci ilə nisbətən 35% az - 15,5 milyard kubmetr qaz aldılar. Türkiyə tərəfinin məlumatlarına görə, Rusiya keçən il ölkənin ən böyük qaz tədarükçüsü olaraq qalsa da, onun bazar payı 2018-ci ildəki 47%-dən 2019-cu ildə 34%-ə düşdü.

 

Bu ilin ilk rübündə Türkiyə Rusiya qazının alışını azaltmağa davam etdi, keçən illə müqayisədə qaz idxalı 17% azalaraq - 3,8 milyard kubmetrə çatdı. Martın sonunda Rusiya Türkiyə bazarındakı liderliyini itirdi və beşinci sıraya düşdü. “Qazprom” Azərbaycan, Qətər, İran və Əlcəzair qazına uduzdu. Qeyd edək ki, Rusiya, Azərbaycan və İran qazı borularla Türkiyəyə axır. Lakin Qətər və Əlcəzair Türkiyəyə LNG (mayeləşdirilmiş təbii qaz) daşıyır.

 

"Ola bilsin ki, Türkiyədə rəhbərlik səviyyəsində "Qazprom"dan aktiv şəkildə qaz almamaq tapşırılıb. Çünki Rusiya ilə Türkiyə arasında Suriya və Liviya ilə bağlı çox böyük ziddiyyətləri var", - deyə Rusiyanın “Vzglyad” portalına Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun mütəxəssisi İqor Yuşkov bildirib.

 

Bununla belə, Rusiyanın Türkiyə bazarındakı payının azalmasının əsas amili yenə də Azərbaycan qazının gəlməsidir. Ekspert qeyd edib ki, Türkiyə yerinə yetirilməli olan sərt müqavilə çərçivəsində yeni qaz partiyaları seçməyə başlayıb.

 

“Düşünürəm ki, Türkiyə tərəfinin belə addımının kökündə ümumi qaz alışını azaltması deyil, külli miqdarda qazı digər tədarükçülərdən alması dayanır. Əgər Türkiyə fors-major vəziyyətə düşsəydi və bu qədər qaza ehtiyac olmasaydı, onda vəziyyət fərqli olardı. Ancaq bu, belə deyil. Bakının Türkiyədəki uğurları Azərbaycanın Rusiya qazını həm də Avropada sıxışdırmaq istəkləri ilə izah edilir. Ancaq Azərbaycan qazı bütün Avropaya bəs etməyəcək. Yunanıstan və Albaniya hərəsi 1 milyard kubmetr qaz alacaq. Daha 8 milyard kubmetrin İtaliyanın cənubuna gələcəyi güman edilir”, - Yuşkov vurğulayıb.

Müəllif: Tanya Samsonova      4 Avqust 2020 10:21
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin