Ağırçəkililər bir addım irəli: Sizdən nazir olmaz

Ağırçəkililər bir addım irəli:       Sizdən nazir olmaz

Bundan sonra insanların vəzifələrə bədən quruluşlarına görə təyin olunduğunu görsək, təəccüblənməyək

 

Dünya ölkələrində korrupsiyanın miqyasını təyin etmək heç də indiki kimi asan olmayıb. Əvvəl necə idi? Konkret ölkədə işləyən top menecerlərin “Bu ölkədə hansısa başqa ölkələrdən olan müəssisələrin açılması üçün rüşvət verilməsi və ya təklif edilməsi nə dərəcədə mümkündür?” sualına verilən cavablar əsas götrülməklə, rüşvət verənlərin göstəricisi hesablanırdı. Hər iki göstəricini - korrupsiya qavrayış indeksini və rüşvət verənlərin indeksini nəzərə alsaq, müəyyən bir ölkədə korrupsiyanın səviyyəsi barədə kifayət qədər real mənzərə əldə etmək mümkün olurdu.

 

Bundan əlavə, bu mövzuda araşdırma çərçivəsində vətəndaşlar həm korrupsiya faktları ilə birbaşa qarşılaşmaları, həm də həyatın müəyyən sahələrində korrupsiyanın səviyyəsi barədə fikirlərini açıqlayırlar. Pis variant deyil. Ancaq göründüyü kimi, bütün bu metodlar bəşəriyyətin həyatındakı köhnəlmiş üsullar, koronavirus dövrünün xurafatlarıdır. İndi isə maraqlı fakt budur ki, alimlər 15 postsovet ölkəsindən 299 nazir haqqında məlumatları təhlil edərək, onların piylənmə dərəcələri ilə ölkədə korrupsiya səviyyəsi arasında birbaşa əlaqənin olduğunu söyləyirlər.

 

Daha dəqiq desək, Monpelye Biznes Məktəbinin fransalı əməkdaşı Pavel Blavatski, kompüter texnologiyaları və konvulsional sinir şəbəkələrindən istifadə edərək, keçmiş Sovet İttifaqının 15 ölkəsindəki 299 nazirin obezlik dərəcəsini təhlil edə bilib. Sonra alim obyektivlik üçün bu məlumatları fərqli dövlətlərdə korrupsiyanın səviyyəsini müəyyənləşdirmək üçün aparılan bir neçə araşdırmaya istinad edərək, müqayisə edib.

 

Bunlar “Transparency International”, Dünya Bankının Korrupsiyaya Nəzarət İndeksi, Avropa Korrupsiyaya Qarşı Mübarizə və Dövlət Quruculuğu Mərkəzinin korrupsiya indeksi, Beynəlxalq Demokratiya və Seçkilərə Yardımı İnstitutunun korrupsiya indeksi və Bazel İnstitutunun korrupsiya indeksidir. Tədqiqatın nəticələrinə görə, müxtəlif ölkələrin 299 hökumət üzvündən 96-nın yüksək piylənmə dərəcəsi var - bədən kütlələri indeksi mümkün 40-dan 35-ə çatıb.