ETAXİ ətrafında yaşanan qalmaqal haqda: “Biz də insanıq, dəmir deyilik”

ETAXİ ətrafında yaşanan qalmaqal haqda: “Biz də insanıq, dəmir deyilik”

Nuriyyə Səlimova: “Qapının üstünə “Müayinələr ödənişsizdir” elanı vurdum, cırıb atdılar”

 

Artıq üç ildir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETAXİ) ətrafında qalmaqal səngimək bilmir. Burada rüşvət, xəstələrin incidilməsi, antisanitar vəziyyət, xəstə ölümlərinin artması və s. ilə bağlı ittihamların arası kəsilmir. İttihamlara görə, İnstitut xəstələrə keyfiyyətli tibbi xidmət göstərmək imkanından mərhumdur və son beş ayda həkim-reanimatoloq çatışmazlığı səbəbindən 68 xəstə dünyasını dəyişib.

 

“COVID-19 infeksiyası ilə əlaqədar olaraq İnstitutda cəmi 8 palatanın (boks) ayrılmasına baxmayaraq, hazırda məlum virusa yoluxan və institutda müalicə alan xəstə sayı 150-dən çoxdur. Onların izolyasiyasında ciddi problemlər var ki, bu da tibb işçilərinin biotəhlükəsizliyinin təhdid altında qalması deməkdir. Tibb işçilərinin ağır mənəvi-fiziki şərtlər altında işləməsinə baxmayaraq, direktor Həqiqət Qədirova onların bu şücaətini, məziyyətini dəyərləndirmək əvəzinə, bir sıra işçilərə qarşı qərəzli, kinli, qeyri-adekvat münasibət sərgiləməkdə davam edir”, - deyə ittihamlarda bildirilir.

 

AYNA ittihamlarla əlaqədar ETAXİ-nin Kliniki Diaqnostik Laboratoriyasının müdiri Nuriyyə Səlimovanın münasibətini öyrənib. O, yayılan məlumatları iftira adlandırıb.

“Bəlkə də, bizim İnstitutun rəhbəri kimi Azərbaycanın heç bir müəssisəsində belə rəhbər yoxdur. O, dürüst, vicdanlı insandır. Amma görürsünüz ki, həmin qarayaxma kampaniyasına qoşulmuş insanlar bu İnstitut haqqında necə neqativ fikirlər bildirirlər. Heç vaxt pis insanlar haqqında belə danışılmaz. Ancaq yaxşı insanların arxasından belə danışırlar, belə qarayaxmalar olur. Biz də insanıq, dəmir deyilik axı. Hər dəfə mədəniyyətimizi qoruyaraq susuruq, gözümüzü yumuruq. Görürlər ki, yox, elə belə də davam etməlidirlər. Heç olmasa, bir dəfə də olsa, belə insanlara tutarlı cavab olmalıdır”, - Səlimova deyib.

 

O, bəzi insanların ETAXİ-yə qarşı qərəzli mövqe tutduqlarını bildirib: “Bütün bu ittihamlar əsasızdır, soruşub, maraqlana da bilərsiniz. 21 ildir burda çalışıram, üç il “Bakı Klinikası”nda çalışmışam. Dövlət müəssisəsi ilə birgə həmin klinikada çalışmağın mümkünsüz olduğu deyilən zaman “Bakı Klinikası”ndan öz ərizəmlə ayrılmışam. COVID-19 müayinəsi ilə bağlı məni sözügedən Klinikaya dəvət etmişdilər. İnanın ki, tibbi personal məni görüncə elə sevindi ki... Pis həkim olsam, məni elə qarşılamazdılar. Anonim olaraq bircə dəfə həmin klinikadan mənim haqqımda soruşun, görün necə həkim olmuşam”.

 

“Amma 21 ildir ki, burda can qoymuşam. Alın tərimlə, zəhmətkeş insan kimi çalışmışam. Həqiqət xanım İnstituta direktor təyin olunduqdan sonra, düz bir il məni yoxladı və bir il sınaqdan sonra məni müdir vəzifəsinə təyin etdi. Və o vaxtdan indiyə qədər mənim başım bu insanlar ucbatından ağrıyır. Həmin insanların mənim haqqımda qərəzli münasibətinin olmasını, elə Samir Zeynalov (ictimai vəkil – red.) kimiləri özləri öz aralarında da dəfələrlə təsdiqləyiblər. Elə özümlə əlaqə saxlayıb, deyib ki, sizlərə qarşı qərəzli münasibətdədirlər. Bizim başımız səhiyyənin işlərinə qarışıb, bunlar kimi ora-bura yazmağa vaxtımız yoxdur deyə, bunlar da nə istəyirlər yaza bilərlər?! Bunlara tutarlı bir cavab vermək lazımdır ki, yerində otursunlar. Hərə öz səviyyəsini nümayiş etdirir, amma nə qədər olar axı?!”

Müdirin sözlərinə görə, bir müddət öncə sözügedən İnstitutun həkim-laborantı Aynur Əsədli də onunla bağlı qərəzli fikirlər səsləndirib: “Hazırda məzuniyyətdə olduğum üçün məlumatım yox idi. Rəhbərimiz mənə bildirdi ki, iyulun 28-də saytların birinin əməkdaşı bizim Həqiqət Qədirovadan müsahibə alıb. Direktorumuz bütün sualları ətraflı cavablandırıb və məqalə dərc edilib. Nədənsə, iyulun 29-da, illərdir mənimlə düşmənçilik edən insanların biri deyilənlərə münasibət bildirərkən, mənimlə bağlı düzgün olmayan, qərəzli fikirlər səsləndirib. Guya, mən işçilərə təzyiq edirəm, onları incidirəm və s. İnanın ki, mən bu rəhbər vəzifədə olandan o qədər yorulmuşam, bezmişəm ki!”.

 

“Təvazökarlıqdan uzaq olmasın, biz elmli və mədəni insanlarıq. Mən 21 ildir fəaliyyət göstərən elmi dərəcəli həkiməm. Birinci vitse-prezidentin dəstək olduğu kadram. Mən sırf səhiyyə işi ilə məşğulam. Lakin həmin insanlar tərəfindən mənə qarşı atılan bütün neqativ addımlara qarşı bircə dəfə də olsun, cavab verməmişəm. Mədəniyyətimdən susub oturmuşam. Bəlkə, insanlar öz hərəkətlərindən dönərlər. Mən onlara hər zaman yardım əlimi uzatmışam. İllərlə xəstəxanada korrupsiya ilə məşğul olan həmin Əsədli Aynurun hərəkətləri üzündən artıq məcbur olub, qapının üstünə elan vurdum ki, “Müayinələr ödənişsizdir”. Yəni xəstələri incitməyin. Məzuniyyətə çıxan günün sonrası gəlib görürəm ki, qapının üstündəki cırıb atıblar. Baxın, belə insanlar mənim haqqımda hər yerdə neqativ fikirlərini bildirirlər. Bütün bunlar artıq dözülməzdir” – Səlimova vurğulayıb.

“Mən öz şəxsi məvacibimin hesabına illərlə genetik müayinələri edib, xəstələri təmənnasız, bir qəpiksiz müayinə etmişəm. Mən belə həkim olmuşam. İndi kimlərsə mənimlə qərəzli münasibət qurublar, gözləri götürmür. Bunları danışmaq istəmirdim. Məcbur oluram. Bir gün deyil, üç gün deyil, illərlə mən susmuşam, onlar əl çəkməyiblər. Susduqca, elə düşünürlər ki, ya qorxuruq, ya da niyəsə susuruq. Haqlı qalıb kənarda, haqsız elə hey hər yerdə bağırır. Biz hansı dövrdə yaşayırıq? Məzuniyyətdə də məni rahat buraxmırlar. Hansısa şöbədaxili bir problem yaranır, pul lazım olur, o zaman Nuriyyə xanım yada düşür.  Mənim kimi insanın qədrini bilməmək, ora-bura yazmaq nə qədər düzgündür?!”, - laboratoriya müdiri əlavə edib.

Müəllif: Ülviyyə Şahin      1 Avqust 2020 22:31
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin