“Paytaxtla bölgələr arasında gediş-gəliş bərpa olunmalıdır, əks halda...” – HƏKİM

“Paytaxtla bölgələr arasında gediş-gəliş bərpa olunmalıdır, əks halda...” –           HƏKİM

Bakıda orduya dəstək aksiyasından sonra yoluxma sayında artım olmaması yeni reallıq meydana çıxarır

 

Ölkə üzrə koronavirusla bağlı son günlərdə açıqlanan statistik rəqəmlər ümidverici görünür. 14-15 iyul orduya dəstək yürüşündən sonra 2 həftədən artıq vaxt keçməsinə baxmayaraq, statistikada yoluxmaların sayında ciddi bir yüksəlmə görə bilmədik. Doğrudur, buna görə son günlərdə açıqlanan statistik nəticələrə şübhə ilə yanaşan insanlar da var. Lakin ümumi baxdığımızda hər kəs öz tərəddüdünü qoynunda sıxıb təqdim ediləni qəbullanaraq, başını aşağı salıb işini görür.

 

Lakin isti yay aylarında bina evində sıxılan, şəraitsiz evlərdə bağrı çatlayan insanların əsəbləri lap tarıma çəkilib. Bir tərəfdən işsizlik, maddi problemlər, digər tərəfdən də təmiz hava, su kimi nemətlərdən məhrum olub dörd divar arasında qalmaq lap dözülməz hal alıb. Həkimlər də çağırış edirlər ki, yay aylarında normal dincələ bilməyən insanlarda immunitet aşağı düşə və insanlar payız-qış aylarında virusa daha tez yoluxa bilərlər. Bəs görəsən, hazırkı gedişat bizə nə vəd edir? Hansı addımlar atılamlıdır ki, payız-qız aylarında fəlakətlə qarşılaşmayaq?

 

Qeyd edək ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin avqustun 31-dək uzadılmasına qərar verib. Bəzi yumşaldılma halları istisna olmaqla, əsas məhdudiyyətlər qüvvədə qalıb.

 

AYNA-ya danışan infeksionist həkim Vüqar Cavadzadə cəmiyyəti statistikadakı azalmaya arxayın olmamağa çağırır: “Təxmini on gün əvvəl yoluxma sayı 500-600 səviyyəsinə yüksəlmişdi. İndi yoluxma sayına görə rəqəmlər 300-400 arası dəyişir. Lakin biz bundan arxayın olmamalıyıq. Yəni, profilaktik tədbirlər davam etdirilməlidir ki, bu göstəricilər yüksəlməsin. Bunun üçün birinci növbədə qapalı yerlərdə maskadan istifadə etməli, insanların çox sıx toplaşdığı yerlərə getməməyə çalışmalıyıq. Çünki qapalı məkanlarda nə qədər çox sıxlıq varsa, yoluxma riski də o qədər yüksək olur. Eyni zamanda da açıq məkanlarda əgər sıxlıq varsa, maskadan istifadə etmək zəruridir. Bəzi insanlar bu xəstəliyi asimptomatik keçirirlər. Epidemik baxımından da elə ən çox təhlükəli olanlar xəstəliyi belə keçirən insanlar sayılır. Özləri də bilmədən ətrafdakı insanları yoluxdura bilirlər”.

Həkim deyir ki, əgər insanlar indi və növbəti həftələrdə karantin qaydalarına riayət etməsələr, yoluxma sayında statistik nəticələr yüksələ bilər: “Ölkəmizdə koronavirusa hələlik rast gəlinir və daim artma təhlükəsi gözlənilir. Bu, qaçılmazdır. Buna görə hər birimiz sosial izolyasiya qaydalarına riayət etməliyik. Yalnız bu halda yoluxma sayını azalda bilərik. Bu infeksiya hava-damcı yolu ilə keçir. Bunun da qarşısının alınması üçün yeganə yol maska taxmaqdır. Nə qədər ki, bu virusun vaksini tapılmayıb, deməli, bu, təhlükə həyatımızda var. İnsanlar bunu anlamalı və ciddi yanaşmalıdır”.

 

“Yay aylarında insanların rayonlara getməsi üçün şərait yaradılmalıdır. Test verdikdən sonra nəticə neqativdirsə, gedib dincəlsələr, yaxşıdır. Eyni zamanda da mövsümi meyvələrin bol-bol qəbul edilməsi immuniteti yüksəldər. Payız-qış aylarında yolxumanın yüksəlməsi təhlükəsinə qaldıqda isə insanlar maska taxdığı halda payız aylarında da yoluxma sayını nəzarətdə saxlamaq olar. İnfeksiyanın geniş yayılmasının qarşısını almaq üçün, fikrimcə, iri ticarət mərkəzləri açılacağı təqdirdə, sanitar-gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Maskasız insanların girişi birmənalı olaraq qadağan edilməlidir. Dezinfeksiya və bu kimi tədbirlər görülməlidir ki, xəstəliyə yoluxanların sayı artmasın”, - Cavadzadə bildirir.

Həkim-nevroloq Qalib Əsədov da avqust ayında karantin rejiminin yumşaldılmalı olduğunu düşünür. O, AYNA-ya şərhində qeyd edir ki, avqust ayında rayonlara gediş-gəliş açılmalı, çimərliklər öz fəailiyyətini davam etdirməlidir: “Heç olmasa, isti avqust ayında insanların normal dincəlməsi və immunitetlərini qaldırması üçün imkan yaradılmalıdır. Əks halda payız aylarında bizi fəlakət gözləyə bilər. Sosial məsafə saxlamağı, maska taxmağı tələb edərək insanların istirahət hüququnu təmin etmək mümkündür”.

 

“Eyni zamanda, virusun mutasiya edərək aqressivliyinin yumşaldığını görürük. Koronavirus əvvəlki kimi aqressiv deyil, daha çox can almır. Əksinə, ayaqüstü keçirən xəstələrin sayı həddindən çoxdur, evdə asimptomatik (simptomsuz) keçirən xəstələrin sayı həddindən artıq artıb. Bu, bizə onu deməyə əsas verir ki, karantin rejimi ehtiyatla yumşaldılmalıdır. İnsanlar rayonlara gedib-gəlməlidirlər. Məsələn, bu gün xarici dövlətlərə getmək mümkündür. Test verdikdən sonra gediş-gəliş üçün problem yoxdur. Rayonlara gediş-gəlişdə də bunu tətbiq etmək olar”, - mütəxəssis vurğulayır.

 

Əsədov virusun insanlarda kollektiv immunitet əmələ gələndən sonra öz-özünə yoxa çıxacağını əlavə edir: “Necə ki, SARS, MERS virusları zəiflədi, eləcə də COVID-19 da kollektiv immunitet əmələ gəldikdən sonra yoxa çıxacaq. Əsas məsələ indiki vəziyyətdə immun sistemini gücləndirməkdir. D vitamini balansını düzəltmək üçün çimərliklər açılmalıdır, istirahət məsələsi həll edilməlidir. Virusa qarşı zamanla insanlarda kollektiv immunitet əmələ gələndən sonra virus öz-özünə yoxa çıxıb gedəcək və bizlə, bizim orqanizmimizlə birlikdə yaşamağa artıq öyrəşəcək. Eyni ilə SARS və MERS virusları kimi”.

 

Bakıda 14-15 iyul orduya dəstək yürüşündən sonra statistik nəticələrə diqqət çəkən həkim deyir ki, o hadisədən artıq 2 həftə vaxt keçib, amma yoluxma sayında yüksəlmə müşahidə edilməyib: “Tovuzda erməni təxribatı ilə bağlı ölkədə keçirilən kütləvi aksiyalarda heç bir sosial məsafə gözlənilmədi, heç bir qaydaya riayət olunmadı. Artıq o hadisədən 2 həftədən artıq vaxt keçib və biz indi koronavirusa yoluxanların sayında sıçrayış görməli idik, amma görmürük, əksinə azalmasının şahidiyik. Bu, o deməkdir ki, insanlarda kollektiv immunitet əmələ gəlməkdədir. Ona görə də bu karantin tədbirləri yumşaldılmalıdır”.

Müəllif: Aləmdə Nəsib      3 Avqust 2020 19:13
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin