Əsas səhifə Haqqımızda Xəbər lenti

“Ermənistan və havadarları Azərbaycanın Qərblə əlaqələrini kəsmək istəyirdi”

“Ermənistan və havadarları Azərbaycanın Qərblə əlaqələrini kəsmək istəyirdi”

Qorxmaz İbrahimli: “Azərbaycan və Türkiyə orduları Qarabağda, regionda öz sözünü deyəcək”

 

İyulun 12-də cəbhənin Tovuz istiqamətində erməni təxribatı səbəbindən başlayan və bir neçə gün davam edən döyüşlərin ardınca, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin start götürməsi xüsusi diqqət çəkir. Türkiyə ordusunun 10 günlük təlimlər üçün Azərbaycana gəlməsi, regionda yeni müharibə ehtimalları və digər mövzular ətrafında AYNAA-nın suallarını Aydınlar Partiyası sədrinin birinci müavini, Xalq Hərəkatının fəallarından olmuş Qorxmaz İbrahimli cavablandırıb.

 

- Qorxmaz müəllim, öncə ondan başlayaq ki, Tovuz döyüşləri nə ilə yadda qaldı?

 

- Bildiyiniz kimi, ermənilər, əsasən işğal altında olan Dağlıq Qarabağ ərazisindən bizə hücum edirdi və layiqli cavablarını da alırdılar. 2016-cı ildə də onlara kifayət qədər layiqli cavabı verilmişdi. Amma indi çox qəribə bir hadisə baş verdi, işğalçı Ermənistan bu dəfə öz ərazisindən bizim Qarabağdan kənar ərazimizə - Tovuz bölgəmizə hücum elədi və xain hücum nəticəsində hərbçilərimizi, dinc sakinlərimizi qətlə yetirdilər. Təbii ki, Azərbaycan ordusu onların layiqli cavabını verdi və Azərbaycan xalqı xain hücuma cavab olaraq könüllü sərhədə axın elədi. Bu, son illər Azərbaycanda görünməmiş bir hadisə idi. Yəni artıq millət öz ordusu ilə bir idi və işğalçı dövlətdən gələn hücuma sərt reaksiya verdi.

- Hücumun işğal olunmuş ərazilərdən deyil, Tovuz istiqamətindən baş verməsi ilə bağlı hələ də müxtəlif fikirlər var. Sizin qənaətiniz nədir?

 

- Ermənistanın burada əsas məqsədlərindən biri Azərbaycanla Avropanı, ümumiyyətlə Asiya ilə Avropanı birləşdirən ipək yolundakı xətləri qırmaq idi. Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dərmiyol xətti, Bakı-Tbilisi-Ceyhan neft və qaz xətti, avtomobil yolları və s. Ermənistanın ərazisinə yaxın ərazidən keçir və buradan tək Ermənistan deyil, Ermənistanın havadarları da Azərbaycanı, o cümlədən Azərbaycanı dəstəkləyən qardaş Türkiyəni təhdid etmək istədilər. Onun da layiqli cavabını aldılar. Şübhəsiz ki, bu gün Rusiya dövləti Azərbayacana hücum edib ərazilərimizi işğal eləmək niyyətində deyil. Ən azından, bu niyyətdə olsalar, bunu vassalları ermənilərin vasitəsilə həyata keçirmək istəyərlər. Lakin Azərbaycan xalqı ayağa qalxaraq buna imkan vermədi. Yəni burada əsas məqsəd Azərbaycanın hansısa kəndini bombalamaq yox, Azərbaycanın şimal-qərb zonasının Qərb dünyası ilə əlaqələrini kəsmək idi.

 

- Bu hadisə beynəlxalq aləmdə hansı reaksiya doğurdu?

 

- Təbii ki, baş verənlər xristian-müsəlman dünyasının qarşıdurması kimi bir rezonans doğurmadı. Hətta, Ukrayna kimi dost ölkə bizə birinci dəstək verən ölkələrdən oldu. Təbii ki, qardaş Türkiyə və Paksitan da həmişə olduğu kimi bizim yanımızda oldu. O cümlədən, bir çox dünya dövlətləri də bizi dəstəklədi. Hətta, Rusiyanın siyasi dairələrində də Azərbaycanı dəstəkləyən böyük qüvvələr ortaya çıxdı.

 

- Bildiyiniz kimi, qarşıdurmalar ölkə hüdudlarından kənara da sirayət elədi və qarşıdurmanı cəbhədən xaricə çəkməyin lazım olmadığı ilə bağlı fikirlər səsləndirildi. Siz necə hesab edirsiz?

 

- Azərbaycan vətəndaşları ölkə daxilində olduğu kimi, xaricdə də dövlətini dəstəklədi. İlk dəfə idi ki, mühacirətdə olan, xarici ölkələrə işləməyə gedən insanlar da dövlətlə həmrəy oldular. Bildiyiniz kimi, bu birlik ilk olaraq Moskva bazarlarından başladı və Ermənistandan daxil olan məhsullar boykot edildi. Ondan sonra isə hadisələr Avropaya sıçradı. Təbii ki, bu, normal bir şeydir. Lakin qarşıdurmalar insan ölümləri, zədə almaları ilə nəticələnməsəydi, daha yaxşı olardı. Amma müharibədə olduğu kimi belə məqamlarda da insanlar özlərinə hakim ola bilmirlər. Dünyanın hər yerində başqa dövlətin nümayəndəliyi o dövlətin ərazisi sayılır. Ona görə də, xüsusən ABŞ-ın Los Ancles şəhərində olan hadisə çox üzücü idi. Ki, bizim əraziyə hücum olunmuşdu. Milliyətçi ermənilər planlaşdırılmış şəkildə bizim konsulluğa hücum etmiş, lakin azsaylı da olsa, Azərbaycan türkləri konsulluğumuzun səsinə səs vermişdilər. Təəssüf ki, ermənilər yenə də vandallıq etmiş və bu da onların ABŞ cəmiyyətində pis üzlərini üzə çıxarmışdı. Avropada olan hadisə də bunun başqa bir forması idi. Biz müharibə tərəfdarı olmasaq da, işğal olunmuş ərazilərimizi geri tələb edirik. Dünya ictimaiyyəti də bunu bilməlidir. BMT-nin üç qətnaməsinə hələ də əməl olunmur. Belə olan halda da xalq öz gücünü göstərməyə başlayır.

 

- Baş verənlərin fonunda Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana gəlməsini necə dəyərləndirirsiz?

 

- Türkiyəni Azərbaycandan ayıran heç bir şey yoxdur. Yəni xoş günümüz olanda birlikdə sevinirik, pis günümüzdə də yenə birlikdəyik. Çanaqqala döyüşündə də Azərbaycandan könüllülər gedib döyüşüb və şəhid olublar. Belə hallar bizim tariximizdə çoxdur. Düzdür, son vaxtlarda iki ölkə arasında konfederasiya, ittifaq məsələləri də gündəmə gəldi. Təbii ki, bunu deməklə olmur, çünki hər iki tərəfin bunun üçün referendum keçirməsi lazımdır. Ki, bu da sonrakı mərhələnin işidir. Əməkdaşlıq məsələsinə gəlincə, Türkiyə ilə Azərbaycan arasında bir neçə il əvvəl belə bir müqavilə imzalanmışdı. Eyni zamanda, Azərbaycanda və Türkiyədə birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılmışdı və normal olaraq həyata keçirilirdi. Sadəcə olaraq ermənilərin son xain hücumundan sonra bu təlimlər şübhəsiz ki, Azərbaycan vətəndaşlarında ruh yüksəkliyi, ermənilərdə isə psixoloji təzyiq yaratdı. Hər şeyə rəğmən mən ümid edirəm ki, Azərbaycan və Türkiyə orduları Qarabağda, regionda öz sözünü deyəcək və torpaqlarmızı düşməndən azad edəcəyik.

Müəllif: Mərahim Nəsib      31 İyul 2020 18:47
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin