Uzaq diyarlarda “Qarabağ savaşı” – Erməni dinc dayanmır

Uzaq diyarlarda “Qarabağ savaşı” –         Erməni dinc dayanmır

Düşmən dünyanın hər yerində soydaşlarımıza qarşı təxribatlara əl atır

 

Xaricdə yaşayan bir qrup soydaşımızdan redaksiyamıza daxil olan müraciətə görə, erməni terror təşkilatları - ASALA və HAYDAT Avropadakı azərbaycanlılara hücum əmri verib. “Belçika Krallığının Antverpen şəhərində ASALA və HAYDAT terror təşkilatlarının toplantısı keçirilib. Onlar Avropada yaşayan sadə azərbaycanlılara, Azərbaycanla bağlı qurumlara, azərbaycanlı ictimai-siyasi xadimlərə, jurnalistlərə, aktivistlərə hücum qərarı veriblər. Soydaşlarımızı diqqətli olmağa çağırırıq”, - deyə müraciətdə bildirilir.

 

AYNA məsələ ilə bağlı xaricdəki bir sıra diaspor nümayəndələrimizlə həmsöhbət olub.

 

İspaniyada yaşayan soydaşımız Fərid Mustafayevin sözlərinə görə, hazırda Avropada erməni lobbisi çox güclü təbliğat aparır: “Ona görə də əksər avropalılar Qarabağ problemi haqqında səhv fikirdədir, bunun əksini sübut etmək üçün Azərbaycan tərəfinin hansısa ciddi addımlar atdığını, təəssüf ki, görmürük. Qarabağ məsələsinin Brüsselə "daşınması" bizə qətiyyən heç nə qazandırmır. Əksinə, bu, yenə vaxt itkisinə səbəb olan bir prosesdir. Artıq bu, heç kəsə sirr deyil ki, bir çox ölkələr üçün Qarabağ problemi bir gəlir mənbəyidir. Qarabağ problemi Qarabağda həll olunmalıdır. Bizim Qarabağ müharibəsini Avropada qazanmağımızın bir yolu var - güclü təbliğat. Avropada Dağlıq Qarabağ haqqında doğru məlumatlar media vasitəsi ilə avropalılara çatdırılmalıdır”.

 

“Son günlərdə yaşananlar şübhəsiz ki, hamını narahat edir. Bəzi Avropa ölkələrdəki soydaşlarımız təhlükədə ola bilərlər. Əgər bunun qarşısı vaxtında alınmazsa, çox pis nəticə verə bilər. Aydın məsələdir ki, bu provokasiyaların intensivləşməsində kimlərinsə əli var. Şübhəsiz ki, Avropa ölkələrində hüquq mühafizə orqanları bu tip məsələləri nəzarətdə saxlayır. Buna baxmayaraq ehtiyatı əldən vermək olmaz. Ümumiyyətlə, mən düşünürəm ki, baş verənlər bir çox gələcək hadisələrə təsir edəcək”, - Mustafayev deyir.

 

Fransada yaşayan Azər Osmanov Fransanın erməniləri dəstəklədiyini bildirir: “Biz bunun bir daha burada keçirdiyimiz mitinqlərdə şahidi olduq. Avropa siyasətçisi, bələdiyyəsi də ermənilərə dəstək verir. Qarabağ cəbhəsini Belçikaya daşımaq o deməkdir ki, Azərbaycanda insanların başı xarici ölkəyə qarışsın. Biz bu müharibəni uduzmamaq üçün birləşib birlik nümayiş etdirməliyik və birdəfəlik Qarabağımızı geri qaytarmalıyıq. Bir deyim var: "azadlığı vermirlər, alırlar". Qarabağı Ermənistan qaytarmayacaq, biz almalıyıq!”.

Almaniyada yaşayan soydaşımız Rizvanə Əliyeva qeyd edir ki, Avropa insanı hadisələrə daha məntiqli yanaşır və Qarabağ münaqişəsi haqda məlumatlıdır: “Bir neçə il öncə əvvəl yaşadığımız şəhərdə Xocalı faciəsi ilə əlaqədar tədbir keçirdim, bələdiyyə işçilərini və ziyalıları dəvət etdim, ehsan süfrəsi verdim. Xocalıya aid fotoları göstərmək istədikdə, bələdiyyənin sədri məni dayandırıb, Xocalıdakı erməni vəhşiliyindən, insanların ölüm sayından danışdı. Burada zülm, diktatura və terrora qarşı münasibət birmənalıdır. Sadəcə bizim diaspor, səfirlik öz vəzifələrini bilmir. Erməninin məktəblisi də yalan məlumatlarla insanları çaşdırır. Biz isə başımıza gələn müsibəti söyləməkdə acizik”.

 

Rusiyada yaşayan və uzun illər orada vəkil kimi çalışan Ələkbər Qarayev üzləşdiyi hadisəni danışıb: “Bugünlərdə bizi Moskva və Moskva vilayətinin Federal Təhlükəsizlik Xidmətinə (FTX) dəvət etdilər. Orda Mehriban Sadıqova, Ağadadaş Kərimov, Şamil Tağıyev, AMOR-un icraçı direktoru, “Azərrost”un üzvlərindən olanlar var idi, təxminən 12-15 nəfər azərbaycanlı var idi. FTX-də hamımızla görüş keçirildi, görüşdə dörd nəfər general-mayor iştirak edirdi. Moskva və Moskva vilayəti üzrə FTX-nin, Moskva vilayətinin Daxili İşlər şöbəsinin yüksək səviyyəli məmurları toplanmışdı. Onlar bizim ağzımızı açmağa imkan vermədilər, özləri danışdılar. Bizdən bir saat sonra isə ermənilərlə görüşdülər. Çox ciddi çıxışlar etdilər. Onlar bildirdilər ki, nə azərbaycanlılara, nə də ermənilərə artıq bir hərəkət etməyə imkan verəcəklər. Dedilər ki, nə qədər adam var, hamısı məsuliyyətə cəlb olunacaq, ömürlük deportasiya olunacaq, Rusiyada olanlara isə cinayət işi qaldırılacaq”.

 

“Baxmayaraq ki, iyirmi ildir burda vəkil kimi çalışıram, mən heç vaxt onların belə sərt danışığını və münasibətini görməmişdim. Sözümün canı ondadır ki, bu məsələylə bağlı hamını xəbərdar etmək və bir qədər ehtiyatlı olmaq lazımdır. Düzdür, ermənilər barbarlıq etdilər. Hamsını da onlar başlatdılar, hamımız şahidi olduq. Bizimkilər də cavabsız qalmaq istəmədilər və cavablarını verdilər. Amma bir-iki ermənidən ötrü artıq bizim igid oğlanlarımız əziyyət çəkməsinlər. Onlar həbsxanalara düşməsinlər. Hazırda uşaqları saxlayıblar, hər zaman dəstək olurdum, yanlarına gedirdim, indi isə əlim çatmır, gedə bilmirəm, dəstək ola bilmirəm. Hər kəsi ehtiyatlı olmağa çağırıram. Hər bir işi məsləhətlə, təkliflə etmək lazımdır. Bir məsələyə görə ürəyim yandı ki, bizim Rusiyada nə real diasporumuz, nə diaspor rəhbərimiz, nə də vahid mərkəzdən idarə olunan təşkilatımız var. Çox təəssüf edirəm. Bəlkə də bu, bizim gələcəkdə birləşməyimiz üçün bir zəmindir”, - Qarayev vurğulayır.

 

İsveçdə yaşayan həmvətənimiz Rahim Telman Sadıqbəyli isə düşünür ki, əgər biz bu məsələləri gündəmdə saxlamasaq, Avropa insanı heç vaxt bu məsələlərlə maraqlanmayacaq: “Azərbaycan və Afrikanın hansısa bir ölkəsində baş verən hadisələr arasında onlar üçün heç bir fərq yoxdur. Bəzi dairələrə Azərbaycanın harda yerləşməsi də bilinmirdi. Əsasən “Eurovision”dan sonra Azərbaycan bir qədər populyarlaşdı. Avropa bu gün başqa fikir və dəyərlərlə yaşayır. İqtisadi və sosial vəziyyət pandemiya dövründə xüsusən də çox gərginləşib. Yəni bunların bizim haqqımızda fikirləşmək üçün vaxtları yoxdur. Amma sözsüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 30 illik bir münaqişədir. Bunlar da zaman-zaman bu münaqişənin içərisində olublar”.

“Bilirsiniz ki, ATƏT-in Minsk Qrupundan başqa Yaxın Şərq Tərəfdaşlıq Proqramı var idi. İsveç və Polşa həmin proqrama başçılıq edirdi. Mən İsveçin Xarici İşlər naziri ilə bu barədə müsahibə etmişdim. Həmin müsahibə AYNA-da da yayımlanmışdı. Orda belə bir şey vurğulandı ki, bu gün biz Azərbaycana tələblər qoymuşuq və təəssüflər olsun ki, Azərbaycan həmin tələbləri yerinə yetirməkdə çox da maraqlı deyil. Ondan sonra Şərq Tərəfdaşlığının yubileyi oldu və orda keçmiş XİN başçısı Elmar Məmmədyarov da iştirak etdi. Amma Elmar Məmmədyarovun bura gəlişi çox qəribə və qapalı bir ortamda oldu. Hətta AZƏRTAC-ın nümayəndəsi belə, içəri buraxılmadı. Çünki Elmar Məmmədyarov başqa məmurlardan fərqli olaraq mətbuatla heç bir şəkildə işləmirdi”, - Sadıqbəyli söyləyir.

 

“Bir məsələni də deyim ki, azərbaycanlılarla ermənilərin xaricdə belə münaqişə yaşaması avropalılar üçün heç maraqlı deyil. Ciddi-cəhdlə bunun qarşısı alınmalıdır və heç kəsə bu, sərf etmir. Qətiyyən belə münaqişlərə yol vermək olmaz, bu, böyük təxribatlara çevriləcək. Çörək arxasınca Avropa, Rusiya və digər ölkələrə gedən azərbaycanlıların deportasiyası ilə, həmin ölkələrin vətəndaşlarıdırsa, onların həbs olunması ilə nəticələcək bu məsələ. Deport olunanlar arasında hökumət əleyhinə olanlar, agentlər, son dərəcədə təhlükəli olan adamlar da olacaq. Ona görə də həm dövlət, həm də hökumət, həm də sıravi insanlarımız adına son dərəcədə ehtiyatlı olmalıyıq ki, bu məsələlərin qarşısını ala bilək. Mən sevinirəm ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da xalqa müraciət edib və biz də xalqa zaman-zaman bu müraciətləri edirik. Tanınımış diaspor nümayəndəsi və yaradıcı adam kimi mənim də ayrıca bir müraciətim olacaq”, - həmsöhbətimiz əlavə edir.

 

Kanadada yaşayan jurnalist Lalə Musaqızının dediyinə görə, qanunların ali olduğu bu ölkədə iki qrupun bir-biri ilə əlbəyaxa olmasına, daş atmasına yaxşı baxılmır: “Bu qruplardan hansının haqsız, hansının haqlı olmasına gəlincə, kanadalılar belə məsələləri araşdırmağa meylli deyillər, heç vaxtları və həvəsləri də yoxdur. Media, sosial şəbəkələr onlara nəyi təqdim edirsə, ona da inanırlar. Bu baxımdan hələ ki, ermənilərə uduzduğumuzu düşünürəm. Amma Kanadada fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan icmaları, gənclərimiz informasiya müharibəsində qalib gəlmək üçün könüllü şəkildə dayanmadan, yorulmadan, şikayət etmədən çalışırlar. Müşahidələrim onu göstərir ki, zənn etdiyimizdən çox xəbis, çox rahatlıqla yalan danışan və özlərini də buna inandıran düşmənlə üz-üzəyik. Bunun nəticəsidir ki, azərbaycanlılar, əsasən ermənilərin yazdıqlarını təkzib etməklə, onların sosial şəbəkələrdəki profillərini bağlatdırmaqla, yaxud hansısa TV kanalında Azərbaycanın əleyhinə gedən informasiyalara etiraz etməklə məşğuldurlar. Ermənilərin yalan istehsal edən maşınları o qədər sürətlə işləyir ki, demək olar, ancaq onların dediklərini təkzib etməyə zamanımız çatır”.

 

“Olduqca hiyləgər bir düşmənlə üz-üzəyik. Haqq səsimizi, haqlı olduğumuzu dünyaya sübut edə bilmirik. Bunun üçün hər şeyi sadə azərbaycanlıların boynuna yükləmək, yalnız onlardan gözləmək düzgün deyil. Haqlı olduğumuz halda, haqsız duruma düşməmək üçün Azərbaycan hökuməti həm maddi, həm mənəvi baxımdan dünyanın müxtəlif yerlərinə səpələnmiş insanlarının yanında olmalıdır, açıq-aşkar olmasa da, qollarını çırmalayıb işə başlamalıdır. Müxtəlif ölkələrin parlamentariləri ilə işləyən deputatlarımız özlərini kənara çəkməməlidirlər. Hər ölkədən heç olmasa, bircə deputatın öz sosial şəbəkə hesabından Azərbaycanın haqlı olduğunu deməsinə çalışmalıdırlar”, - jurnalist bildirir.

 

Soydaşlarımızın ermənilərlə yaşadığı toqquşmalar üzündən həyatlarına təhlükə hiss etmələrinə gəlincə, Musaqızı qeyd edir ki, belə bir təhlükə istisna deyil: “Doğrusu, Rusiyada, Avropada, Amerikada baş verənlərdən sonra bir anlıq qorxu hissi yaşadım. Xüsusilə azyaşlı uşağı olanlar üçün bu, daha da təhlükəlidir. Amma düşünmürəm ki, Kanadada bu baxımdan problem yaşansın. Yenə də ehtiyatlı olmaq lazımdır, xüsusilə ermənilərin kompakt halda yaşadıqları regionlarda”.

Müəllif: Ülviyyə Şahin      1 Avqust 2020 15:22
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin