Uşaqlarda özünə inam yaratmaq dərsdən daha önəmlidir

Uşaqlarda özünə inam yaratmaq dərsdən daha önəmlidir

Jozefin Makulinq: "Əgər siz övladınızla ən yaxşı dost olsanız, hörmət pəncərənin o tərəfində qalacaq"


Xoşbəxtlik Araşdırma İnstitutunun (The Happiness Research Institute) araşdırmasına görə, Kanada uşaq böyütmək üçün dünyada ən yaxşı ölkələr sırasında dördüncüdür. İlk üç yeri İsveç, Danimarka və  Norveç tutur, Finlandiya isə beşinci yerdə dayanır.


Müsahibim Jozefin Makulinqlə Kanadada uşaq tərbiyə etməyin sirlərindən danışdıq. Qeyd edək ki, J.Makulinq 20 ildən çoxdur məktəbəqədər yaşlı uşaqlar üzrə müəxəssis kimi çalışır. O, eyni zamanda müxtəlif dövrlərdə yuxarı sinif şagirdləri ilə də işləyib.


- Jozefin xanım, Kanadada körpələr evindən başlayaraq uşaqlar "sən bunu bacararsan", "sən möhtəşəmsən", "sən çox ağıllısan" kimi sözlərlə ruhlandırılır. Hətta bu, onların dərsindən, ev tapşırıqlarından daha vacib sayılır. Bu cür həvəsləndirmənin üstünlükləri nələrdir?


- Şimali Amerikada uşaqlarda özünə inam yaratmaq və bunu inkişaf etdirmək çox vacibdr. "Sən bunu bacararsan", "möhtşəmsən", "çox ağıllısan" kimi sözlərdən istifadə etmək uşaqları irəliyə aparmaq üçün çox pozitiv yoldur.  Dərs, tapşırıq, bir sözlə, akademik biliklər bir parça kağızdır. Uşağınsa daha çox pozitiv kommunikasiyaya ehtiyacı var. Bu sözləri deməklə ona körpə yaşından özünə inam yaradırıq ki, böyüdükcə akademik bacarıqlarını da göstərə bilsin.

Anadan olandan uşağı ruhlandırmalı, onu etdiyi hər bir hərəkətdə cəsarətləndirməliyik. Düşünə bilərsiniz ki, axı, iki aylıq uşaq heç nə başa düşmür. Amma uşaqlar çox həssasdırlar və valideynin baxışından, hərəkətindən, səs tonundan nə dediyini anlayırlar. Hətta uşaq nəyisə edə bilməsə də, həvəsləndirməyə davam etməliyik. Bu, körpə vaxtından uşağa özünə inamı öyrətmək üçün əsas "açar"dır.


- Əgər uşağa bacarmayacağı halda, "sən bacararsan", "sən cəsursan" desək, məsələn, 10 yaşında uşaq nəyisə edə bilməyincə  bizim ilhamverici sözlərimizdən utanıb məyus olmazmı?


- Bu, uşaqdan asılıdır. Valideyn uşağa bütövlükdə yanaşmalıdır. Ümumilikdə isə Şimali Amerikada bu cür məsələlərə pozitiv yanaşılır və düşünülür ki, əgər uşağa körpə yaşlarından özünə inam aşılanmasa, uşaq neqativə yüklənəcək. Uşaq neqativə yüklənəndə isə özünə inamı çox aşağı olur. Bu baxımdan uşaq edə bilməsə də, valideyn onu ilhamverici sözlərələ irəliyə doğru "itələməlidir" ki, yarım addım belə qabaqda olsun və edə biləcəyinin ən yaxşısını etsin.

Uşaqlar həmişə bizim necə danışdığımıza, hərəkət etdiyimizə baxırlar. Valideyn, xüsusilə ana hər zaman əsəbidirsə, uşaq da həmişə əsəbi olacaq. Uşaqlar bizim enerjimizi alırlar. Təzə ayaq açan körpə yeriyəndə biz, onun yıxılmasından qorxaraq ah-uf ediriksə, uşaq bunu duyur və yeriməkdən çəkinir. Biz valideyn olaraq onların bələdçisiyik, onlarda inam yarada bilən güvənilə biləcək adamlarıq.

 

- Uşaqların ictimai yerlərdə hansı hərəkətlər etməsi burada  qəbuledilməzdir?

 

- 21-ci əsrdə Kanadada uşaqların hansısa hərəkətinin cəmiyyət tərəfindən qəbul edilmədiyini deyə bilməzsən. Bağçada, məktəbdə, ümumiyyətlə, istənilən uşaq müəssisəsində uşağın etdiyi hər bir hərəkət qəbul olunandır. Buna görə həmin müəssisələrdə çalışan kadrlar xüsusi təlim görürlər ki, uşaqlarla anlaşa bilsinlər. Heç bir uşağa heç kim deyə bilməz ki, filan müəssisəyə gəlmə. Çünki bəzi hərəkətlər ailədən gəlir, bunda uşağın heç bir günahı yoxdur. Ola bilsin, ana, yaxud ata rəhmətə gedib, yaxud uşaq özü, ya da anası şiddətə məruz qalır. Kanada qanunlarına görə, uşaqlar arasında ayrı-seçkilik etmək olmaz.    


 - 20 ildən artıqdır uşaqlarla çalışırsınız. Təcrübənizə əsasən, necə düşünürsünüz, Kanadada valideynlər uşaq böyüdərkən hansı səhvlərə yol verirlər?

 

- Elə bir kitab yoxdur ki, kiminsə mükəmməl, yaxud pis valideyn olduğunu desin. Biz mükəmməl pxisoloq, tərbiyəçi, müəllim, jurnalist ola bilərik. Amma mükəmməl valideyn olmaq üçün kitab yoxdur. Sən hər gün öyrənməlisən. Ailədə belə, hər bir uşağın ayrıca xarakteri, şəxsiyyəti var. Kitab oxusan da, uşağını orada tapmaya bilərsən. Sən  uşağının ətraf mühitə verdiyi reaksiyaya, hərəkətlərinə uyğun olaraq çevik qərarlar verməlisən. Sənin disiplinin övladının biri üçün işləyə, digəri üçün işləməyə bilər. Bu, valideynlərin çətinlik çəkdiyi andır. Övladlarına ayrı-ayrı şəxsiyyətlər kimi baxmalısan.

Bəzi valideynlər çox qoruyucu, vasvasıdırlar. Məsələn, əgər uşaq üstünü batırırsa, əsəbiləşir, yaxud uşağın yıxılmaması üçün əlindən gələni edir. Valideynlər xüsusilə ilk uşaqda səhvə yol verirlər. Düşünürəm ki, valideyn ətrafındakıları dinləməlidir, onlardan soruşmalı, təcürbələrini bölüşməlidir. Xüsusilə başqa ölkələrdən gələn valideynlərin Kanadada uşağı böyütmək haqqında təcrübəsi olmur. Bəzi valideynlər isə öz arzularını uşaqlarında gerçəkləşdirmək istəyirlər. Həkim olmaq istədiyini, amma valideynlərinin onu dəstəkləmədiyini, yaxud istədiyi balı yığa bilmədiyindən tibbə qəbul olmadığını deyirlər. Onlar arzularını övladlarına ötürürlər. Bu, valideynlər tərəfindən uğursuz addım, uşaqlar üçün ədalətli qərar deyil. Sən uşağını ilk növbədə müşahidə etməli, hansı sahəyə marağının, istedadının  olduğunu aşkarlamağa çalışmalısan. Yalnız bundan sonra uşağına  gedəcəyi yol üzrə istiqamət verə bilərsən.
Təcrübəmə əsasən deyə bilərəm ki, yaxşı valideyn işdən sonra nə dərəcədə yorğun olsa da, uşağıyla vaxt keçirəndir. Hər gün valideyn uşağından gününün necə keçdiyini soruşmalıdır. Uşağın maddi ehtiyaclarını ödəmək, çoxlu oyuncaq almaq, özəl bağçaya, məktəbə göndərməklə iş bitmir. Yaxşı valideyn uşağını  dinləməyi bacarmalı, övladı özünü pis hiss edəndə, qanıqara olanda hisslərini paylaşmasına şərait yaratmalı, birlikdə problemdən çıxış yolları tapmalıdır. Amma valideyn həmişə problemdən çıxış yollarını özü deməli deyil, hərdən övladının nə düşündüyünü soruşmalıdır. Suallar verməklə övladına imkan yaratmalıdır ki, düşünsün və fikirlərini ifadə etsin. Uşağı bütün pisliklərdən qorusan, onun əvəzinə qərarlar qəbul etsən uşaq heç bir şey öyrənə bilməyəcək və sonunda müstəqil olmayacaq.

Bundan başqa, ata və ana uşaqla bərabər səviyyədə vaxt keçirməli, bütün  məsuliyyəti paylaşmalıdır. Ata mətbəxdə anayla işi bölüşməli, ana evə pul gətirməkdə ataya yardımçı olmalıdır və s.

- Kanadada "daha 5 dəqiqən var" ("5 more minutes") ifadəsini öyrəndim və uşaqlar üzərində təcrübəmdə çox gözəl nəticə əldə etdim.  Məsələn, uşaq parkda müəyyən müddət oynayandan sonra evə getmək vaxtı çatanda valideynlər qəflətən, "gəl, evə gedirik" demir, yaxud cizgi filminə baxarkən qəflətən "pult"u əlindən alıb seriala, yaxud xəbərlər proqramına çevirmirlər. Həmişə uşağa əlavə 5 dəqiqə verilir. "Daha 5 dəqiqə"nin üstünlüyü nədir?

 

- Bu, xəbərdarlıqdır. Uşaq oynayanda beyni ancaq oyunda olur, cizgi filminə baxanda isə, özünü cizgi filminin içərisində hiss edir. Bu  vəziyyətdə uşağa qəflətən "gəl, gedək" desəniz, o, sizi başa düşməyəcək. Amma vaxt vermək onları sevdikləri fəaliyyətdən uzaqlaşdırmağa hazır etməkdir. Bu, bir fəaliyyətdən digərinə keçmək üçün yaxşı keçid növüdür. Uşaq heç 5 dəqiqənin nə olduğunu bilmir. Yəni siz 2 dəqiqə sonra getsəniz , o 5 dəqiqə biləcək, amma əsas odur ki, beynini hazırlayacaq. Böyüklərdə də belədir. Biz axı robot deyilik ki, qəflətən düyməmizi basıb dayandırsınlar, yaxud fəaliyyətimizi dəyişsinlər.
 

- Şimali Amerikada yolda, ictimai yerlərdə yad adam tanımadığı uşağı sığallaya, əlini belə toxundura bilməz. Hətta eşitdiyimə görə, buna görə qarşı tərəfi məhkəməyə verən də olub...

 

- Kanada çoxmədəniyyətli ölkədir. Burada insanların içərisində mental problemli, yaxşı niyyəti olmayan, üzünüzə gülə-gülə övladınızı incidə biləcək adamlar var. Bu baxımdan sözügedən qayda təhlükəsizlik üçün düşünülüb. Əgər uşağınız varsa, küçədə-bacada onqat artıq məsuliyyətli olmalısınız, bir az sonra nə baş verəcəyini proqnoz edə bilməlisiniz. Burada kimsə uşağınızı sığallamaq üçün icazə istəsə, yox deyin. Çünki dediyim kimi, hər mədəniyyətdən çox müxtəlif xarakterli insanlar var.

 

- Bir az da uşağı döyməkdən danışaq. Həm uşaq, həm də valideyn üçün uşağa fiziki güc tətbiq edilməsinin nəticələri nələrdir?


- Uşağı döymək fiziki təcavüz sayılır. Bizim əzələlərimiz çox güclü, uşaqlar isə çox balacadırlar. Bu, təhlükəlidir və fiziki zədə yarada bilər, bədən üzvləri sına, zədələnə bilər, fiziki problem yaranar. Doğrusu, mənim valideynlərim məni döyüb. Çünki onlar uşağı idarə etmək üçün hansı sözlərdən istifadə etməyi bilmirdilər. O vaxt oxumağa, öyrənməyə kifayət qədər material yox idi. İndi isə İnternetdən, KİV-dən kifayət qədər informasiya əldə etmək mümkündür. Şimali Amerikada uşağı döymək cinayət sayılır. Heç uşağa balaca bir çırtma da vurmaq olmaz. Çünki uşağın üzərində görünə biləcək zədə olmasa da, uşağın məktəbdə valideynlərinin onu döyməsini danışması ehtimalı böyükdür. Belə olan halda biz müəllimlər həm valideynə, həm polisə, həm də uşaq sosial xidmətlərinə  zəng edəcəyik. Bu zaman uşaqları sizin əlinizdən ala bilərələr.
Uşaqlığında tez-tez döyülən uşağın böyüyəndə onun da başqalarına fiziki təzavüz etmə ehtimalı yüksəkdir. Bu cür böyüyən uşaqlar  düşünürlər ki, onları döyüblərsə, onlar da gücləri çatan uşaqları, ya böyükləri rahat şəkildə döyə bilərlər.

 

- Bəs uşağı döyməmək üçün valideyn nə etməlidir? Çünki elə an olur ki, valideyn üçün başqa çıxış yolu qalmır, bircə şillə vurmağa belə ehtiyac duyulur...

 

- Düşünmürəm ki, uşağı döymək problemi çözmək deməkdir. Əgər uşaq sizi dinləmirsə, sevdiyi oyuncağı əlindən alın, əgər dondurma almağa söz vermisinizsə, almayın, yaxud uşağı onu incidən, aqressiv edən situasiyadan uzaqlaşdırın, o biri otağa aparın, ya da bərabər çölə çıxın. Bununla övladınızı həmin situasiyadan uzaqlaşdırmış olursunuz.
Yaxud uşaqdan uzaqlaşın, başqa otağa keçin ki, əlinizdən xəta çıxmasın. Əks təqdirdə, fiziki təzyiq etməklə özünüz üçün də problem yaratmış olursunuz.  Əgər uşağın bədənində zədə varsa, polis araşdırma aparanda ilk şübhəli siz olacaqsınız. Buna görə də ən yaxşı yolu uşaqdan uzaq durmaq və onu danışdırmamaq, məhəl qoymamaqdır. O biri otağa keçəndə də deyin ki, nə zaman özünü danışmağa hazır hiss etsə, o zaman elədiyi hərəkət barədə danışacaqsız. Bu üsul işləyəcək.

Sonra həyat yoldaşınız gələndə onunla nə edə biləcəyiniz barədə söhbət edin. Bir məsələni də qeyd edim ki, valideynlər bir komanda kimi çalışmalı, bir-birlərini təkzib etməməlidirlər. Ana "yox" deyibsə, deməli "yox" olmalıdır, ata "hə" deyə bilməz. Yaxud da əksinə. Ana ilə atanın uşaqların yanında eyni fikirdə olmaması daim ailələrdə problem yaradır. Valideynlərdən biri çox ciddi, digəri çox üzüyola olsa da, hər ikisi bir-birinə hörmət etməli, uşaqların yanında eyni fikirli kimi görünməlidirlər. Əgər uşaq ananın sözünə qulaq asmayıbsa, ata işdən evə gələndə uşağın üstünə səsini qaldıra bilər. 

- Jozefin xanım, uşaqlara hansı azadlıqlar verilməlidir?

 

- Bu, sizin dəyərlərinizdən, daşıdığınız mədəniyyətdən asılıdır. Mən uşaqlara bütün fəaliyyət növlərini seçməkdə azadlıq verərdim. Bu, onlara bacarıqlarının və istedadlarının hansı sahəyə olduğunu tapmaqda kömək edər. Məsələn, basketbol, üzgüçülük, şahmat, yaxud istədiyi instrumentdə ifa etməyi özü seçsin.

Evdə verilən azadlıq isə başqadır. Evdə olanda siz valideyn, o uşaqdır. O, sizə hörmət etməlidir. Siz övladınızla heç vaxt yaxşı dost olmamalısınız. Əgər siz övladınızla ən yaxşı dost olsanız, hörmət pəncərənin o tərəfində qalacaq, yox olacaq. Uşaq sizə "ana, ata, gedək, siqaret çəkək", ya da " bir az içki içək" deyəcək. Bu, yolverilməzdir. Mən inanmıram ki, uşaqlar və valideynlər ən yaxın dostdurlar. Valideyn uşaqlarını dinəmək üçündür - nə zaman ki, özlərini pis hiss edirlər, pis durumda qalırlar, danışmağa ehtiyacları var, yaxud xoşbəxtliklərini  siznlə bölüşmək istəyirlər, bu zaman valideyn yaxşı məsləhət vermək üçün onların yanında olmalıdır.

Bəzən görürsən ki, uşaq valideynləri ilə məsləhətləşməmiş zəng edir ki, "ana, bazar günü yığıncaq etmək üçün dostlarımı evə dəvət etmişəm". Ana sevinə-sevinə "hə"  deməli deyil. Çünki o, ilk növbədə anayla  məsləhətləşməlidir ki, evə yığıncaq üçün dostlarını çağıra bilər, ya yox. Məktəbdə də belədir, akademik tapşırıqlara gələndə, uşaqlara seçim veririk, sinifdəki qaydalara gəlincə, bu zaman güzəşt yoxdur. Qayda qaydadır, onu dəyişmək olmaz və bu zaman biz də ən yaxşı dost deyilik.

 

- Bəzən alış-veriş mərkəzlərində, marketlərdə uşağın ayağını yerə döyüb ağlaya-ağlaya valideynindən nəsə almasını isədiyini görürük. Alış-veriş mərkəzində uşağı necə idarə etmək lazımdır?


-   Bu, uşağın yaşına görə nə dərəcədə yetkin olmasından asılıdır. Çölə çıxmamışdan əvvəl gedəcəkləri yerin qaydaları, orada nəyi necə edəcəkləri barədə uşaqla söhbət etmək lazımdır.
Məsələn, su parkına gedəcəyinizi deyir, təhlükəsizlik qaydalarından və bu qaydalara əməl etməyin vacibliyindən danışırsınız. Alış-verişə gedəndə də eyni qaydayla, deməlisiniz ki, məsələn, marketə gedirik, oradan yalnız bir şey seçə bilərsən. Yaxud hansısa restorana, kafeyə gedəcəyinizi deyir, nə istədiyini soruşursunuz. Nə alacağınıza evdə qərar verirsiniz. Ya da oyuncaq mağazasına gedirsinizsə, onun bir, yaxud büdcənizdən asılı olaraq, iki oyuncaq seçə biləcəyini, hətta büdcənizdən asılı olaraq hansı növ oyuncaq seçə biləcəyini danışırsınız. Çünki desəniz, sizə oyuncaq almağa gedirik, uşaqlar həyəcanla düşünəcəklər ki, çoxlu sayda istədikləri oyuncağı seçə biləcəklər. Amma mağazaya çatanda məlum olur ki, yalnız birini seçə bilərlər və bu zaman qışqır-bağır başlayır.

Əgər bu qaydalara övladınız kiçik yaşlardaykən başlasanız, böyüyəndə heç bir probleminiz olmayacaq.
Bir də valideynlər unutmamalıdır ki, nəyəsə "yox" deyirlərsə, deməli, "yox"dur.  Bircə dəfə fikirlərini dəyişsələr, növbəti dəfə uşaqlar həmişə ata-ananı fikrindən döndərmək üçün əllərindən gələni edəcəklər.

 

- İmmiqrantların əksəriyyəti Kanadaya köçəndən sonra övladları ilə aralarında böyük bir uçurum yarandığından şikayətlənirlər. Deyirlər ki, Kanadaya köçəndə övladları onlara qarşı daha məsuliyyətli, daha hörmətcil idi, münasibətləri çox gözəl idi. Amma bir neçə il burada yaşadıqdan sonra hər şey dəyişir, valideynlərini dinləmir, pis uşaqlara qoşulur və s. Onlar düşünür ki, valideyn kimi Kanadada məğlub olurlar. Bu cür problemlərdən kənar olmaq üçün valideynlər nə etməlidirlər?

 

- Öz vətənlərində uşaqlar dərsə gedir, evə qayıdıb anaları deyəni edirlər. Burada isə biz uşaqlara haqlarını, haqları uğrunda mübarizə aparmağı öyrədirik. Üstəlik, öz ölkələrindən fərqli olaraq, böyük uşaqların, gənclərin çox azadlıqları var. Əgər bu ölkəyə gəldinsə, gözüaçlıq olamlı, övladlarınla çoxlu vaxt keçirməlisən. Anlayıram, bu, asan deyil. Gərək nəsə əldə etmək üçün valideynlərin hər ikisi işləsin. 

Bundan başqa, uşaqlarla münasibət, yeni ölkəyə necə uyğunlaşmaqla bağlı araşdırma aparmalı, kitab, internet resurslarını oxumalısan. Uşaqlar böyüdükcə valideynlər planlarının alt-üst olduğunu görürlər. Bunun da əsas səbəbi odur ki, böyüklər yeni ətraf mühitə, yeni cəmiyyətə, ümumiyyətlə, yeniliyə gec alışır, gec uyğunlaşırlar. Biz böyüklər öz yolumuzda, keçmişdən gələn ənənələrimizə sadiqliyimizdə ilişib qalırıq. Biz yolumuzu, stilimizi, fikirlərimizi dəyişmək, yeni mühitə uyğunlaşmaq üçün çarpışırıq, amma uşaqlar bunları asanlıqla qəbul edib, yanımızdan sürətlə gəlib keçir, bir göz qırpımında adaptasiya ola bilirlər. Problem, konflikt də burada yaranır. Siz də uşağınız üçün dəyişməlisiniz, başqa seçiminiz yoxdur. Əgər övladınızın dəyişməsini, yeni mühitə uyğunlaşmasını istəmirsinizsə, geri, gəldiyiniz yerə  qayıtmaqdan başqa çarəniz yoxdur. Bu, dəyişməyi qəbul etməyənlər üçün problemdən yeganə çıxış yoludur.
Əgər valideynlər övladlarının həmyaşıdı olan valideynlərlə ünsiyyətə girsələr, təcrübələrini bölüşsələr və qarşı tərəfin dediklərindən nə isə götürə bilsələr, bu zaman problem yaşamayacaqlar. Amma özlərinə qapalı olsalar, paylaşmasalar, problemin öhdəsindən tək gəlməyə çalışsalar, münasibətlər daha da gərginləşəcək. Bir də pulun olmalıdır ki, uşaqları enerjilərini çıxarmaq üçün daim məşğul saxlaya, məktəbdən sonra müxtəlif məşğələlərə yazdırasan. Sinif yoldaşları bir-birlərinə məktəbdə rəssamlıq sinifinə, karateyə, üzgüçülüyə, baletə, getdiklərini danışırlar. Sənin uşağın heç bir yerə getməsə, danışmağa sözü olmayacaq və özünü izolyasiya olunmuş, tənha hiss edəcək.

Valideynlər unutmamalıdır ki, ətraf mühit uşağa çox böyük təsir edən amildir. Bir daha təkrar edirəm: ağıllı valideyn çevik, yenilikləri çox tez qəbul edən, başqaları ilə qaynayıb-qarışıb onlardan öyrənəndir.  


Lalə MUSAQIZI

Müəllif: Ayna.az      31 İyul 2019 10:56
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin