Kor adamın fili tanımaq cəhdləri ya da düşmən təkcə silahla vurulmur

Kor adamın fili tanımaq cəhdləri ya da düşmən təkcə silahla vurulmur

Nazim Cəfərsoy: “İnformasiya müharibəsində zamanında doğru mesajı vermək çox önəmlidir”

 

İnformasiya müharibəsinin ilk tədqiqatçılarından biri, ABŞ-ın Milli Müdafiə Universitetinin əməkdaşı Martin Libiki (Martin Libicki) informasiya müharibəsi haqqında belə deyib: “İnformasiya müharibəsini bütün incəliyi ilə anlamaq təşəbbüsü kor adamların fili tanımaq üçün göstərdikləri cəhdləri xatırladır: filin ayağına toxunan onu ağac, quyruğuna toxunan adam onu kəndir adlandırır və s. Bu üsulla tam təsəvvür almaq mümkündür? Ola bilsin ki, fil yoxdur, həqiqətən də ağac və kəndir var. Bir qrup mütəxəssis bu anlayış altında bir çox istiqamətləri birləşdirmək istədikləri halda, digərləri informasiya müharibəsinin hər hansı bir aspektini ümumi anlayış kimi qəbul edirlər...”

 

İnformasiya müharibəsi mövzsunda AYNA-nın həmsöhbəti Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoydur.

 

- Nazim bəy, informasiya müharibəsinin bəşəriyyət tarixindəki yeri və rolu nədən ibarətdir?

 

- Əslində, informasiya müharibəsi yeni bir proses deyil. Bu proses tarixin ilk günlərindən etibarən insanlar və ölkələr arasında gedən münasibətlərin, mübarizənin və savaşların əhəmiyyətli faktorlarından biri olub. Lakin 20-ci əsrdən etibarən informasiya müharibəsinin xüsusilə aktuallaşdığını deyə bilərik. Bu, bəşəriyyət tarixinin gəldiyi nöqtə ilə çox yaxından əlaqəlidir. Ümumilikdə bəşəriyyət tarixinin inkişafında 3 faktorun mühüm rolu var: fiziki güc, maddi güc və beyin gücü. Bunları xronoloji olaraq sadalayası olsaq, insanlıq tarixinin ilkin dövrlərindən, təxminən 15-16-cı əsrlərə qədər həlledici amil kimi fiziki gücün mövcudluğu, təşkilatlandırılması və səfərbər edilməsi əsas olub.  Daha sonrakı dövrdə maddi güc cəmiyyətin inkişafında əsas səfərbəredici güc rolunu oynayıb. Təxminən 20-ci əsrin ortalarından etibarən isə beyin gücü bəşəriyyət tarixinin həlledici gücünə çevrilməyə başlayıb. Əgər birinci dalğa müharibələrində əsas məqsəd geniş ərazilər əldə etmək idi isə, ikinci dalğada maddi güc – qızıl, mədənlər, ticarət üçün əlverişli yolların və bazarların ələ keçirilməsi olub. Günümüzdə üçüncü dalğa müharibələrin əsas məqsədi isə bilgiyə nəzarəti və onun idarə edilməsidir. Bu gün real bir müharibəni udmağın birinci yolu informasiya müharibəsini udmaq, ən azından o müharibədə üstünlük təmin etməkdir. 

- İnformasiya müharibəsinin hansı istiqamətləri var?

 

- İnformasiya müharibəsinin müxtəlif motiv və istiqamətləri var. Əvvəla, informasiya müharibəsi cəmiyyətlərin, dövlət və hökumətlərin düşüncəsini, məlumatlanmasını və qəraralma imkanlarına təsiretmə, mümkün qədər öz nəzarətində saxlama məqsədi daşıyır. İkincisi, informasiya müharibəsi həm sülh, həm də müharibə dövründə daim davam edən prosesdir. Lakin sülh və müharibə dövrünün öz metodları və terminologiyası var. Üçüncüsü, informasiya müharibəsinin hədəfi sadəcə rəqib və düşmənlər deyil, eyni zamanda, həm də dost ölkə və cəmiyyətlərdir. Dördüncüsü, informasiya müharibəsinin uniformalı əsgərləri yoxdur. Digər müharibələrdə düşmən bəllidir və görünəcək formada qarşınızdadır. Burada isə vəziyyət fərqlidir. İnformasiya müharibəsində əsgərlər, komandirlər görünmür və görünməməsi, bilinməməsi də şərtdir.

 

İnformasiya müharibəsini ideoloji müharibə, təbliğat müharibəsi, propaqanda şəklində ifadə etmək mümükdündür. Bu analıyışın tarixi keçmişə uzansa da, ən fəal və həlledici mərhələlərindən biri “soyuq müharibə” dövründə yaşanıb. “Soyuq müharibə” dövründə informasiya müharibəsi “ideoloji müharibə”, “ideoloji təbliğat”, “ideoloji hazırlıq”,  və “psixoloji müharibə” kimi anlayışlarla ifadə edilib. “Soyuq müharibə” bitdikdən sonra yeni informasiya müharibəsi daha mühüm anlayışa çevrilib və bəzi yeni terminlərlə ifadə edilməyə başlanıb. Bu anlayışları insanlara daha məsum görünən “strateji kommunikasiya”, “ictimaiyyətlə əlaqələr”, “xalq diplomatiyası” kimi ifadələr əvəz etməyə başlayıb. Təbii ki, “informasiya müharibəsi” termini də istifadə edilməkdədir. Bu termin ilk dəfə 1976-ci ildə amerikalı mütəxəssis Tomas Rone tərəfindən “Silah sistemləri və informasiya müharibəsi” adlı məqalədə istifadə edilib. 

 

- Müasir informasiya müharibəsində uğurlu olmaq üçün hansı şərtlər təmin edilməlidir?

 

- Müasir informasiya müharibəsinin dört əsas komponenti var. Bunlar bir yerə gəlməlidir ki, uğurlu informasiya müharibəsi aparmaq mümkün olsun: Birincisi, yeni nəsil informasiya texnologiyalarından istifadə; İkincisi, çox sürətli və ağıllı reaksiya verə bilmək bacarığı; Üçüncüsü, yaradıcı ola bilmək bacarığı. Bu üçlük isə qarşımıza informasiya müharibəsinin dördüncü komponentini çıxarır ki, bu, olduqca ağıllı, texnoloji bilikləri yüksək, xəyal dünyası geniş və yaradıcı olan komanda yaratmaq və onunla işləmək bacarığıdır. Əgər bu dörd komponenti bir yerə gətirə bilmişiksə, uğurlu informasiya müharibəsindən danışmaq mümkündür. Ancaq bundan sonra lazımlı informasiyanı sadə və səlist formada ən sürətli şəkildə hədəf auditoriyasına uyğun metod və formatlarda çatdırmaqdan danışa bilərik.

 

- Bu metodlar hansılardır?

 

- İnformasiya müharibəsinin çoxsaylı metodları var. Bu metodlardan həm sülh, həm də müharibə vaxtı çox geniş istifadə edilir. Psixoloji müharibə də bunlardan biridir. Bu müharibədə insanların təsir altına alınması, inam hissinin aşağı salınması istiqamətində müxtəlif üsullardan istifadə edilir. Digər metodlara manipulyasiya, hiylə-aldatma, sosial mühəndislik, günahlandırmaq, konspirasiya nəzəriyyəsindən istifadə, qaralama, senzura və s. nümunə göstərə bilərik.

- Azərbaycan ilə Ermənistan arasındakı informasiya müharibəsini necə xarakterizə edərdiniz?

 

- Azərbaycanla Ermənistan arasındakı münaqişə və müharibə uzunmüddətli prosesdir. Bu prosesdə Ermənistan tərəfi daim hücum edən, Azərbaycan tərəf isə müdafiə olunan və cavab verəndir. Azərbaycanla Ermənistan arasında ən mühüm mübarizə istiqamətlərindən biri olan informasiya müharibəsində proseslər iki ana xətt üzrə gedir: dinc və hərbi. İki ölkə arasında informasiya müharibəsinin bütün çalarlarını görə bilirik. Ermənilərin bu müharibəyə daha yaxşı hazırlaşdığını desək, heç də yanılmarıq. Ermənilər 20-ci əsrə qədər ciddi bir dövlətə sahib olmayıblar. Müxtəlif dövlətlərin tərkibində yaşamaq məcburiyyətində qalıblar və bu, onlarda başqa cəmiyyətlərə adaptasiya mədəniyyəti yaradıb. Sistem daxilində də onlarda adaptasiya daha sürətli olub. Ələlxüsus da informasiya müharibəsi üçün lazımlı olan intellektual təbəqənin sistem daxilində formalaşmasını görə bilirik. Bunun həm incəsənət, həm elmi, həm texnoloji, həm də media sahəsində qabarıq nümunələrinə rast gəlirik. Eyni zamanda, xaricdə diaspor yaratmaq, orada daha uzunmüddətli qalmaq, olduqları cəmiyyətin bir parçasına çevrilmək və imkanlarından faydalanmaq baxımından da yetərincə uğurlu olublar. Bu, dövlətsizlik vəziyyəti ilə bağlı olub və onlar “azlıq psixologiyası”nın təsiri altında bir-birilərinə daha sıx bağlanıblar.

 

Ən mühümü isə erməni kilsəsi və elitası heç bir əsaslı kökü olmayan “Böyük Ermənistan” iddiasını canlı tutmaq, yalan faktlar və uydurma tarix analışıyı ilə sosial mühəndislik edərək, erməni xalqı özünün də milli prosesini zəhərləyib. Bu prosesdə uydurma “Büyük Ermenistan” coğrafiyası hesab etdikləri bölgədə yaşayan türklər və müsəlmanlar əsas hədəf və düşmən kimi xarakterizə edilib. Bu durum “soyqırımı” və “miatsum” (Qarabağla Ermənistanın birləşməsi) kimi erməni kimliyinin mühüm komponentlərini təşkil edən anlayışlarda özünü qabarıq göstərir. Bu yanaşma həm məişət, həm ictimai, həm də diaspor içərisində özünü büruzə verir. Mühüm məqamlardan biri odur ki, buna qarşı çıxan alternativ yanaşma Ermənistan və diasporda ciddi təzyiqlər görür və ortaya çıxmasına imkan verilmir. 

 

- Tovuz döyüşlərində informasiya müharibəsindən üzüağ çıxa bildikmi?

 

- Tovuz istiqamətində gedən döyüşlərdə Ermənistan tərəfinin informasiya müharibəsindən çox fəal istifadə etdiyini gördük. Yalan məlumatlar yaymaq, prosesləri manipulyasiya etmək kimi hallar yenə yaşandı. Hücum edən tərəf Ermənistan olsa da, dünyaya bunun əksini göstəməyə cəhd etdilər. Döyüşlərin Azərbaycanın Tovuz bölgəsində yox, Ermənistanın Tavuş bölgəsində getdiyini deyərək ictimaiyyəti yanıltmağa çalışdılar. Eyni zamanda, Qaraqaya yüksəkliyinin ələ keçirilməsi ilə bağlı yalan xəbərin yayılmasını da nümunə göstərə bilərik. Ermənilər sosial mediada çox aktiv idilər. Azərbaycanca, türkcə paylaşım edən profillər var idi ki, arxasında Ermənistanın xarici kəşfiyyat orqanları və radikal erməni qrupları dayanırdı. İtkilərinin sayını belə, gizlədərək öz cəmiyyətlərini aldadır və manipulyasiya etməyə çalışırlar. İtkilərini mərhələ-mərhələ açıqlayılar. Eyni zamanda, erməni tərəfi çox sürətli reaksiya verdiyi halda, bizdə rəsmi məlumatlar da gecikirdi.

 

Lakin 2016-cı illə müqayisədə daha fəal olduğumuzu deyə bilərik. İnformasiya müharibəsində çox ciddi məqamlardan biri ictimaiyyətə verilən məlumatın özünə zərərli olmaması, lakin qarşı tərəfin əleyhinə işləyəcək məzmunda olmasıdır. Təəssüf ki, bu məqamda da yanlışlığımız oldu. Ermənistanın Müdafiə Nazirliyinin keçmiş işçisinin nə vaxtsa “Mingəçeviri vurarıq” başlıqlı açıqlamasına bizim Müdafiə Nazirliyi rəsmisinin “Biz də Metsamor AES-i vurarıq” başlıqda açıqlama verməsi yanlış idi. Bu, ciddi səhvlərdən biridir. Düzdür, bu səhv sonradan Hikmət Hacıyev tərəfindən müəyyən ölçüdə düzəldildi. Lakin informasiya müharibəsində zamanında doğru mesajı vermək çox önəmlidir. Eyni zamanda Ermənistan tərəfdən sosial media fenomenləri aktiv olduğu halda, biz tərəfdə bu aktivlik vaxtında hiss olunmadı. Səfirliklərimizin, xarici diaspor təşkilatlarımızın da bu prosesdə yetərli performans göstərdiyini demək mümkün deyil.

 

- Sizcə, bu müharibədə hansı məqamlar daha çox diqqət çəkdi?

 

- Los-Ancelesdə baş verən hadisələrdə həyatı boyu Ermənistanı görməyən, orada yaşamayan insanların Ermənistan üçün necə bir hərəkət mexanizmi yürütdüyünün də şahidi olduq. Təbii ki, bu, erməni diasporunun uzun illərboyu orada formalaşdırdığı mühit və güclə bağlıdır. Lakin biz tərəfdə də xoş məqamlar oldu. Əvvəla, 14 iyulda xalqın orduya dəstək və Qarabağın azad edilməsi istəklərini ifadə edən yürüşü mühüm bir psixoloji davranışdır. Hərbi xidmətə yazılma da önəmli bir psixoloji müqavimət yaratdı. Ancaq 14 iyul mitinqindəki təxribat və sonrakı bəzi açıqlamalar informasiya müharibəsi və psixoloji savaşda önəmli yanlışlar oldu.

 

Digər tərəfdən ölkə daxilində və xaricində olan gənclərin aktiv reaksiyasını gördük. Xaricdə olan gənclərimiz heç bir kənar təşviq olmadan aktiv hərəkətə keçdilər. Sosial mediada müxtəlif başlıqlar altında Qarabağa dəstək paylaşımları, erməni diasporunun Azərbaycana qarşı həyata keçirdiyi və heç bir hüquqa uyğun gəlməyən proseslərlə bağlı hüquq mübarizəsinin başladılması və s. müsbət addımlardır. İnformasiya müharibəsində doğru mesajı ən uyğun zamanda, mühitə uyğun formada verə bilməyi bacarmaq lazımdır. Bu baxımdan olduğunuz cəmiyyətin önəmsədiyi dil, tərz, terminologiya və s. önəmlidir. Bu məsələdə ermənilər daha sistematik, peşəkar fəaliyyət göstərirlər. Biz tərəf isə bu proseslərdə fəailliyyətə daha yeni-yeni başlamışıq. Bunun üçün zaman lazımdır və bu zamanı da qısaltmaq üçün çox peşəkar, sürətli, yaradıcı olmağı bacaran insanları prosesə cəlb etmək gərəkdir. Bu istiqamətdə bizdə ciddi problemlər var və bunlar həllini tapmalıdır. Xaricdəki Azərbaycan diasporunun imkanlarının bu istiqamətdə səfərbər edilməsinə ehtiyac var. Erməni diasporu ilə müqayisə etdikdə ciddi problemlərimizin olduğunu görürük.

 

- İnformasiya müharibəsində uğur qazanmaq üçün nələr etməliyik?

 

- İnformasiya müharibəsində və mübarizəsində ölkə daxilində informasiya mühitinin də çox ciddi, peşəkar və rəqabətə dayanıqlı formalaşdırılması lazımdır. İnformasiya ilə işləyən media təmsilçiləri ilə informasiya müharibəsinə dair aktiv iş aparmaq, onların daha da maarifləndirilməsi və peşəkarlıq səviyyəsinin artırılması çox zəruridir.  Burada media azadlığı, azad rəqabət mühitinin formalaşması zəruri şərtlərdəndir. Dünyadaki ictimai rəyi formalaşdırmaq mühüm yeri olan informasiya kanallarından fəal və doğru istifadə etmək mütləqdir. Bir mühüm məqamı da diqqətdə saxlamaq lazımdır ki, bəzən bilməzlikdən, xoş niyyətlə verilən hərbi xarakterli məlumat informasiya mübarizəsində çox ciddi problemlərə səbəb olur, qarşı tərəfin anında sizə qarşı istifadə etməsi ilə nəticələnir. Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi informasiya müharibəsi daimidir. Həm dostlara, həm düşmənə, həm rəqiblərə qarşı istifadə olunur. Bunu unutmamaq və doğru planlama ilə bu istiqamətdə böyük və peşəkar işlərin görülməsinə ehtiyac var.

Müəllif: Aləmdə Nəsib      31 İyul 2020 15:56
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin