İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu

Millinin digər üzvü isə mükafatın bir addımlığında büdrəyib

 

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir. AYNA xəbər verir ki, APA-nın məlumatına görə, mundialın ilk medal günündə Azərbaycan millisinin üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

 

Komandamızın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (65 kq) çempion tituluna yiyələnib. O, həlledici qarşılaşmada Avropa Gənclər Yay Olimpiya Festivalının finalında məğlub etdiyi rusiyalı Batirbek Tşxovrebovla üz-üzə gəlib və Bakıdakı ssenari təkrarlanıb. Yenə hesabda geriyə düşən yığman üzvü əzmkar qələbə qazanaraq (6:4) dünya çempionatının qızıl medalına sahib olub. 

 

Millinin digər üzvü Cavid Cavadov (48 kq) isə mükafatın bir addımlığında büdrəyib. Bürünc medal uğrunda hindistanlı Udit Uditlə güləşən idmançı 2:11 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib. 

 

Qeyd edək ki, bu gün keçirilən görüşlərdən sonra Murad Haqverdiyev (45 kq) və Fərhad Kərimli (60 kq) də bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanıb. Onlar sabah müvafiq olaraq, Stefan Şterjov (Makedoniya) - Vladislav Nikandrov (Qırğızıstan) və Genik Asatryan (Ermənistan) - Yoşinosuke Aoyaqi (Yaponiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Müəllif: Ayna.az      31 İyul 2019 02:19
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin