Vətəndən Vətənə atılan güllə: Yaramız qaysaq bağlamasın!

Vətəndən Vətənə atılan güllə:         Yaramız qaysaq bağlamasın!

Tarix təkrar olunur və bir gün o abidələr, o yerlər yenidən bizim olacaq

 

Bir xalqı, ölkəni yaşadan onun tarixidir, dəyərləridir. Xalq keçmişinə baxır, bu günü ona uyğun yaşayır, gələcəyini də ona görə qurur. Müstəqil Azərbaycan da böyük keşməkeşli tarxi dövrlərdən keçib. Lakin əfsuslar olsun ki, bu gün yaralı yerimiz olan dərsliklərimizdə qədim Azərbaycan tarixinin əsas maddi sübutları olan yer adları və tarixi abidələr haqqında məlumatlar demək olar, öz əksini tapmır.

 

Bizim qonşu dövlətlərdə qalan xeyli əmanətlərimiz var. Bəziləri dağıdılıb, yox edilib, bəziləri baxımsız vəziyyətdə qalmaqda, bəziləri isə mənfur qonşular tərəfindən özününküləşdirilməkdədir. Bizim vəzifəmiz bu abidələrə sahib çıxmaqdır. Əgər o abidələr digər hüquqi statusu olan dövlətin ərazisindədirsə, biz bunu kitablarımızda yaşatmalı, unudulmağa qoymamalıyıq. Axı, tarix təkrar olunur, bir gün o abidələr, o yerlər yenidən bizim olacaq.

 

Tarixi ərazilərimiz işğal oluna-oluna, XX əsrin sonunda 86.6 min kv.km. qalmışdı. Onun da 20%-i yenidən işğal olundu. 30 il olacaq ki, o torpaqlarla yanaşı oradakı tarix, mədəniyyət, abidələr də işğaldadır.

 

Qarabağdan sonra ən çox güllə səsi eşidilən bölgəmiz Qazax-Tovuz bölgəsidir. Nə ağırdır ki, həmin mərmilər vətəndən vətənə atılır. Qazax da, Tovuz da vətən qazilərinə bənzəyir - yaralıdır. Bir hissəsi düşmən tərəfindən qoparılıb.

 

Ərazinin tarixi

 

E.ə VIII əsrin sonlarından etibarən Şimali Qafqaz və Qara dəniz sahillərindən türk tayfaları olan İskitlər, Kimmerlər və Saklar Cənubi Qafqaza doğru hərəkət etməyə başladılar. Bu zaman onlar şimal-qərb və qərb ərazilərimizdən keçirdilər. Sözsüz ki, bəzi tayfalar bu ərazilərdə oturaq həyata keçdilər. Lakin bəziləri də cənuba doğru hərəkət etmişdilər. İndiki Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonları, eləcə də əlimizdən alınmış hazırkı Ermənistan əraziləri də bu türk tayfalarının  məskunlaşdığı ərazilərdən idi.

Sovet dövründə həmin ərazilərdə aparılan qazıntılar zamanı İskitlərə aid döyüş silahları, tunc güzgülər, bəzi əmək alətləri, eləcə də katakomba qəbirləri tapılmışdı. Sonrakı dövrdə bu ərazilərdə albanların yaşadığına dair zəngin məlumatlar mövcuddur. Alban mədəniyyətinin izlərinə e.ə IV əsrdən etibarən rast gəlmək mümkündür. Hətta, hazırda ermənilərin Tavuşda mövcud olan və öz kilsələrinin qalığı olaraq təqdim etdikləri kilsəyə, hələ XX əsrin 60-cı illərində Cənubi Qafqazda tədqiqat aparan rus və azərbaycanlı arxeoloq alimlər Alban Xristian Kilsəsi adını vermişdilər. Bu kilsənin memarlıq və dizaynı Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhəri və hazırda Qax rayonundakı alban kilsələrinin qalıqları ilə eynilik təşkil etdiyini öz tədqiqat əsərlərində yazmışdılar.

 

Hətta, bölgəyə eramızın IV əsrində Dərbənd keçidindən gələn Hun türkləri də səfər etmiş, boş ərazilərdə yurd salaraq qala tikmişdilər. Bu qalanın adı mənbələrdə “Tau-ust qala” olaraq keçməkdədir. Adın qədim türk dilində mənası “hündür yerdə qala” deməkdir. Mənbələrdə bu qalaya həm də “Tukustak”, Taustkala” və digər adlarla rast gəlmək mümkündür. Qalanın hazırkı qalıqları ruslar tərəfindən Ermənistana verilmiş Tavus, 1995-ci ildən adı saxtalaşdırılmış Tavuş rayonunda qalmaqdadır.

 

Qalanın yerləşdiyi ərazi Rusiya imperiyasının 1899-cu ilə aid “Göyçə mahalının xəritəsi”ndə yer adı kimi “Taus qala” olaraq göstərilib. İndinin özündə də orada yaşayan yaşlı ermənilər Tavuşa “Taus qala”, yaxud da “Qalakənd” deyirlər.

 

VII əsrdən başlayaraq Qafqaza gələn ərəblər bütün Qafqazı işğal edib vahid əmirliyə tabe etdilər. X əsrdən oğuz, XI əsrdən isə səlcuq türklərinin gəlişi ilə bütün qərb bölgələrimizin türk yurduna çevrilməsi prossesi başa çatdı.

 

Hazırkı Azərbaycan Respublikasının Tovuz rayonu və düşmənlərimizə verilən Tavuş, bildiyimiz kimi, bir zamanlar eyni məkan kimi Şəmşədil sultanlığının da ərazisi idi. Daha sonra isə Qazax qəzasına daxil edildi.

XVI əsrin əvvələrində Səfəvi dövlətinin çox önəmli tayfalarından, hətta dövlətin dayaqlarında olan Zülqədəroğullarının arasında Şəmşədil bəy Zülqədəroğlu da vardı. O, Taus ərazisini, göstərdiyi hərbi xidmətlər müqabilində şah İsmayıldan Tiyul olaraq almışdı. Əsrin sonlarından ərazini, ənənəyə sadiq idarəetmə ilə irsi olaraq Şəmşədil tayfası idarə edirdi. Ərazidəki bütün tarixi qalaları bərpa edib, mərkəz olaraq Taus qalanı seçmişdilər. Burada Tausqala ilə yanaşı, Əlibəyli, Çinarkənd, Şəmsəddin, Qalakənd qədim kəndlər hesab edilirdi.

 

Ağır qisas

 

1736-cı ildə Nadir şah hakimiyyətə gəldiyində, Qarabağ bəylərbəyi və Zülqədəroğulları onun hakimiyyətinə qarşı çıxmışdılar. Hətta, “Muğan qurultayı”na qoşulmayıb, Nadir şaha ağır sözlərin yer aldığı məktub da göndərmişdilər. Onlar Səfəvi dövlətinin saxlanılmasını tələb edir, əgər Səfəvi dövləti dağılarsa, özləri müstəqillik əldə etmək istəyirdilər. Yaranacaq digər dövlətin tabeçiliyini əsla qəbul etməyəcəklərini bildirdilər.

 

Bu münasibət şaha təhdid və aşağılama idi. Şah hakimiyyətini gücləndirən kimi onların gücünü zəiflətməkdən ötrü Qazax, Şəmşədil, Borçalı və Pəmbək sultanlıqlarını Şərqi Gürcüstana təyin etdiyi çar II İraklinin tabeçiliyinə vermişdi. 1801-ci ildə isə Rusiya çarı I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest imzaladı. Bu manifestlə Nadir şahın II İraklinin idarəsinə verdiyi torpaqlarımız Qazax, Şəmşədil, Borçalı və Loru-Pəmbək də Rusiyanın tərkibinə keçdi.

Gəncə xanı Cavad xan Şəmşədilin gürcülərə verilməsi və ardınca da Rusiyaya ilhaqı ilə qətiyyən barışmırdı və 1801-ci ilin yazında Şəmşədilə hücum edərək buradakı ağalardan Gəncə xanlığına tabe olmağı tələb etdi. Lakin Pəmbəkdəki rus qoşunları Qafqaz qoşunlarının Ali Baş Komandanı Knorrinq Lazarevə məktub göndərdilər ki, təcili olaraq Şəmşədilə iki divizya göndərilsin. Göndərilən yenger alayları buranı Gürcüstan ərazisi kimi qorumağı öz üzərlərinə götürdülər.

 

Ermənistanın yaradılması və Şəmşədlin ermənilərə verilməsi

 

1806-cı ildən başlayan Rusiya-Osmanlı müharibələri zamanı müharibə gedən Osmanlı ərazilərindən 200-ə yaxın erməni ailəsi Pəməkə, ruslara sığınmaq üçün gəlmişdi. 1807-ci ilə aid sənədə görə, Şörəyel kəndlərində yaşayan qarapapaq türklərindən isə 1500-ə yaxın ailə türklərə pənah apararaq İrəvan və Qars paşalığının kəndlərinə köç etmişdi. Ruslar da onların evlərində Osmanlıdan qaçıb gəlmiş erməniləri yerləşdirməyə başladılar. 1828-ci ilə kimi ərazi erməniləşdirildi.

 

1828-ci ildə erməni vilayəti yaradılanda İndiki Tavuş ərazisinə hələ ermənilər köçürülməmişdi və bura erməni vilayətinə daxil deyildi. Bura 1846-cı ildə çarın fərmanı ilə Qazax qəzasının tərkibində distansiyalara ayrıldı və Tiflis-İmeretiya quberniyasının tərkibinə daxil edildi. Daha sonra isə əlavə olaraq Qazax qəzası yaradıldı ki, bura Dilican, Qazax və Taus bölgəsi daxil edildi.