KMDF-ə ödənilən vəsait işçilərin maaşından tutulur? – İDDİA və CAVAB

KMDF-ə ödənilən vəsait işçilərin maaşından tutulur? –         İDDİA və CAVAB

“Şirin” MMC sabiq əməkdaşının iddialarını təkzib edir

 

2020-ci ildə dünyanı pandemiya öz cənginə aldı. Bütün dünya ölkələri kimi Azərbaycan da koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlər gördü və karantin tədbirlərinə başladı. Koronavirusla mübarizə üçün xüsusi fond yaradıldı. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir illik maaşlarını həmin fonda bağışladılar. Bu təqdirəlayiq addımdan sonra əksər iş adamları, şirkətlər, adi və sıravi vətəndaşlar, dövlət məmurları da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr köçürməyə başladılar.

 

Bu şirkətlərdən biri də “Şirin” MMC şirkəti oldu. Alqışlanası addımdır, ölkənin pandemiya ilə mübarizə apardığı bir dövrdə dəstək durmaq, ianə ayırmaq təqdirəlayiq haldır. Amma bu, işin sadəcə görünən tərəfidir. Əslində, məsələnin bir əmması da var. Sən demə, şirkət Fonda köçürdüyü pulu əməkdaşlarının maaşından tuturmuş. Bu barədə redaksiyamıza, bir müddət əvvəl sözügedən məsələyə görə şirkətlə yollarını ayıran Zamiq İbrahimov məlumat verib.

 

“2020-ci ilin mart ayında “Şirin” MMC-də supervayzer kimi işə dəvət edildim. İşə qəbul üçün ilk görüşdə şirkət rəhbərliyi iş qaydalarını izah edəndə bildirdi ki, əməkhaqqım 1300 AZN olacaq və maaşım rəsmi qaydada adıma açılan bank kartına köçürüləcək. Bundan əlavə, aylıq satışa və müştərilər tərəfindən yığılan ödəmələrə görə bonusların da olacağını bildirdi. Ay tamamında isə maaş kartımı soruşdum, mənə maaşı bu ay kassadan nağd şəkildə alacağımı bildirdilər. Aprel ayında isə şirkətin İnsan Resursları Şöbəsinə çağrıldım və əmək müqaviləsi imzalandı. Mən isə adətim üzrə imzaladığım bütün müqavilələri sona qədər oxuyuram. Əmək müqaviləsini də tam oxudum və müqavilədə rəsmi əmək haqqım 1300 AZN, iş vaxtı həftədə 40 saat olmaqla 5 gün 08:00-17:00 qrafiki ilə göstərilmişdi. Müqaviləni imzaladım”, - sabiq şirkət əməkdaşı deyir.

Bildirir ki, may ayında da əməkhaqqı üçün nəzərdə tutulan bank kartını verməyiblər: “Bu səbəbdən də aprel ayının maaşını bankdan şəxsiyyət vəsiqəmi təqdim edərək aldım. Bankın əməkdaşı hesabıma 1071 AZN köçürüldüyünü bildirdi. Bankdan maaşımı götürüb “Şirin” MMC-nin mühasibi ilə əlaqə saxladım. Mənə dedilər ki, aprel ayının əmək haqqından 3 günlük məbləğ tutulub və buna görə maaşım 1300 yox, 1071 AZN olub. Amma mən 5 mart 2020-ci il tarixdən “Şirin” MMC-də çalışırdım. May ayını da işlədim və iyun ayında da yenə də maaş kartım olmadığı üçün şəxsiyyət vərəqəsi ilə bankdan maaşımı almağa getdim. Bu dəfə isə, sözün əsl mənasında şoka düşdüm. Çünki 1300 AZN əvəzinə hesabıma 836 AZN köçürülmüşdü. Şirkətə gəldim və bunun səbəbini soruşdum və mənə may ayının 1 həftəsinin maaşının hesablanmadığını dedilər. Bu barədə rəhbərliyə sual verəndə “Qərarı müdiriyyət verib, biz bilmirik” cavabını verdilər”.

 

“May ayında mənimlə birlikdə işləyən supervayzer Famil Əliyevin də maaşı ilə bağlı eyni hal təkrarlandı və o da 836 AZN əmək haqqı aldı. Bundan əlavə, mənim tabeçiliyimdə olan satış nümayəndələri və merçandayzerlərin də maaşlarından müxtəlif məbləğlərdə pul tutulmuşdu. O günlərdə isə şirkət işçiləri arasında ““Şirin” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min AZN ödəyib. Pulu isə işçilərin maaşından tutur” kimi söz-söhbət gəzirdi. Həmin gün isə işdən ayrılmaq qərarına gəldim. Ərizə yazıb işdən çıxmaq istədim. Şirkətin satış müdiri vəzifəsini icra edən Eton İbrahimov isə mənə “Buyur, yaz. Amma tarix qoyma, ayın sonuna qədər işlə, 30 iyun tarixində işdən çıxarsan” dedi. İyun ayının 30-a qədər “Şirin” MMC-də çalışdım və 30 iyun tarixində şirkətdən ayrıldım”, - Z.İbrahimov qeyd edir.

 

O, 16 iyul tarixində əmək kitabçası və iyun ayı üçün maaşını almaq üçün şirkədə gedib: “Kassada mənə 268.50 AZN maaş yazıldığını dedilər. Bu dəfə isə 3 həftəlik iş günümü nəzərə almamışdılar. Maraqlıdır ki, şirkət son ayda da rəsmi maaş ödənişi etmədi. Görəsən, şirkətin müvafiq dövlət qurumlarına verdiyi hesabatlarda işlədiyim dövrdə mənə verilməli olan 1300 AZN maaşımın tam ödənilməməsi necə izah edilir? Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi və Dövlət Vergi Xidmətinə yazılı şəkildə müraciət etməyə hazırlaşıram. Buradan rəsmi şəxslərə müraciət edirəm, bu şirkətlər gördükləri bu cür qara işləri necə gizlədirlər? İşçinin işə gəlmədiyini rəsmi hesabatlarda aktsız, arayışsız necə göstərmək mümkündür? Bu cür şirkətlər haqqında hələ də niyə tədbirlər görülmür?”

 

Məsələ ilə bağlı AYNA-ya danışan “Şirin” MMC-nin İnsan Resursları Şöbəsinin müdiri Səriyyə Hüseynovanın sözlərinə görə, Zamiq Hüseynovla mart ayından iş görüşmələri olub, aprel ayının 3-dən isə rəsmi qaydada işə başlayıb: “Həmin gündən də maaşı yazılıb. 1300 manat əməkhaqqı olsa da, işçi öz öhdəsinə düşən 14% vergini özü ödəyir. Bu, şirkətdə olan bütün işçilərə şamil olunur”.

 

May ayında bir həftəlik əməkhaqqının kəsilməyinə aydınlıq gətirən Səriyyə Hüseynova deyir ki, Zamiq may ayında bir həftəlik işdə olmayıb: “Şirkətin qapısı üzünüzə açıqdır, daxil olub istənilən işçidən soruşa bilərsiniz ki, əməkhaqqınız kəsilirmi? Zamiq bəy may ayında bir həftə işdə olmayıb. Bizdə kart sistemidir. Şirkətin giriş-çıxış aparatı girəcəkdə quraşdırılıb. Aparatın yaddaşı 6 ay qalır. Əməkdaşın giriş-çıxış saatlarını təqdim etməyə hazırıq. Zamiq bəy iddia edir ki, “həmin günlərdə mən birbaşa əraziyə getmişəm”. Yaxşı, belə olan halda mən bunu necə yoxlaya bilərəm? Mənim nə səlahiyyətim var ki, marketdən kameraları açmağını istəyim, dəqiqləşdirim görüm, həiqətən də Zamiq bəy ərazidə olub, yoxsa yox?! Ayın sonunda giriş-çıxış günlərinə görə maaş hesablanır”.

 

Maaş kartının gec gəlməsi iddiasına cavabında isə şirkət nümayəndəsi maaş kartının gec verildiyini təsdiq edir: “Zamiq bəy rəsmi işə qəbul olunan ərəfədə əməkdaşlıq etdiyimiz “YapıKredi Bank”ın Cəfər Cabbarlı filialında əməkdaşlar növbəli iş qrafikində çalışıblar. Kart geciksə də, hesab nömrəsi anında açılıb. Kart gecikdiyinə görə isə şəxsən özüm zəng vurub demişəm ki, kart bizdən asılı olmayan səbəblərdən dolayı gecikir, pulsuz qalmayın deyə bankın istənilən filialına yaxınlaşın və hesab nömrənizə oturmuş maaşınızı götürün. Qeyd edim ki, Zamiq bəy kimi həmin ayda işə qəbul olan 24 əməkdaş da eyni aqibətdə olub”.

 

Ümumilikdə yaranmış narazılığa toxunan S.Hüseynovanın bildirdiyinə görə, iddiaçı şəxsin işlədiyi müddətdə işləri zəif olub: “Zamiq bəy ərazilərə az gedib. Digər supervayzerlərdə nəticə yüksək olsa da, Zamiq bəydə çox aşağı olub. Satış müdiri də öz iradını bildirib. Bu da xoşuna gəlməyib. Özüm dəfələrlə iclasda vurğulamışam ki, kimin nə problemi varsa, buyura bilər. Dinləməyə və həll etməyə hazıram. Lakin Zamiq bəy bir dəfə belə, yazılı, yaxud şifahi şikayət bildirməyib”.

 

Mövcud mənzərəni AYNA-ya şərh edən vəkil Vamiq Şükürovun sözlərinə əsasən, belə halda işçi Dövlət Əmək Müfəttişliyi və ya məhkəməyə müraciə edə bilər. Şirkət səlahiyyətlisi Səriyyə Hüseynova isə deyir ki, indiyədək nə Dövlət Əmək Müfəttişliyi, nə də məhkəmədən ona bu məsələ ilə bağlı məktub və ya zəng gəlməyib: “Belə bir müraciət daxil olacağı təqdirdə, bizim bütün sənədlərimiz qaydasındadır”.

Müəllif: Aləmdə Nəsib      24 İyul 2020 23:07
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin