Əsas səhifə Haqqımızda Xəbər lenti

Sümüklərimiz şaqqıldayacaq, dişlərimiz töküləcək – Və o zaman gec olacaq

Sümüklərimiz şaqqıldayacaq, dişlərimiz töküləcək –       Və o zaman gec olacaq

Evdən çıxmaq limitli, dəniz yox, günəş enerjisi qəbul etmək imkanı məhdud, bu tərəfdən də koronavirus təhlükəsi və qarşıda soyuq aylar...

 

Karantindən dolayı ortaya çıxan bir sual hələ də cavabsız qalıb və hələ də beyinləri qarışdırır: D vitamininə həsrət qalan vətəndaş payız-qış mövsümündə nə edəcək, immunitetini necə möhkəm tuta biləcək? Evdən çıxmaq limitli, dəniz yox, günəş enerjisi qəbul etmək imkanı məhdud, bu tərəfdən də koronavirus təhlükəsi və qarşıda soyuq aylar...

 

Pediatr Günay Rəsulova AYNA-ya deyib ki, D vitamini uşaqlar üçün xüsusilə vacibdir: “Virusdan qorunmaq üçün immun sistemi möhkəm olmalıdır. D vitamini çatışmazlığı immuniteti aşağı salır. Nəticədə uşaqlar daha tez xəstəliyə yoluxa bilirlər. Koronavirusla mübarizə üçün də D vitamini çox vacibdir. Hətta, bu virusun müalicəsi protokoluna da D vitamini salınıb”.

 

“Bu gün günəş şüalarını profilaktik olaraq qəbul etməliyik ki, orqanizmimiz D vitamini ilə təmin olunsun. Əgər karantin dövrü ilə əlaqədar olaraq bu, mümkün deyilsə, o zaman sağlam qidalanmağa çalışmalıyıq. Tərkibində D vitamini olan qidalar qəbul etməliyik. 2-3 yaşa kimi olan uşaqlara həmişə prifilaktik olaraq D vitamini tövsiyə edirdik. İndiki karantin dövrü ilə əlaqədar olaraq 3 yaşından böyük uşaqlara da D vitamini qəbul etmələrini məsləhət görürük”, - həkim bildirib.

 

Rəsulova qeyd edib ki, D vitamini azlığından şübhələnən valideynlər həkimə müraciət etməlidirlər ki, uşaqdan analizlər götürülsün, D vitamininin nə qədər olduğu öyrənilsin: “Daha sonra lazım olduqda dozanı artırmaq olar. İnsanlar az olan yerlərdə uşaqları qısa müddətlik də olsa, günəş altında gəzdirməyi məsləhət görürük. Evin havasını da tez-tez havalandırmaq şərtdir. Həyət evlərində olan şəxslər isə uşaqlarının maksimum həyətdə oynamalarına şərait yaratmalıdırlar”.

 

Pediatr Aytən İsmayılzadənin AYNA-ya dediyinə görə isə, D vitamini üçün bütün gün çöldə olmaq vacib deyil: “Heç dənizə də getməyə gərək yoxdur. Həftədə üç dəfə doğru saatlarda 15 dəqiqə günəşlənmək kifayət edir ki, bədənimiz D vitamini alsın. Günün ən uyğun vaxtları isə 10:00-11:00, 16:00-17:00 arasıdır. Hətta, qızmar yay günlərində səhər 08:00-10:00 arası da D vitamini almaq üçün əlverişli vaxt hesab olunur”.

 

“Onsuz da, insanlar kölgədə gəzməyə üstünlük verirlər. Günəş kremi çəkirlər ki, şüalardan qorunsunlar. Bu da D vitamini almalarına əngəl törədir. Mən düşünürəm ki, bu gün ən çox koronavirus kimi qorxulu xəstəliklə mübarizə aparan, qapalı yerlərdə işləyən həkimlər D vitaminini qəbul etməlidirlər. Onların günəşlənməyə vaxtları belə, yoxdur”, - İsmayılzadə vurğulayıb.

 

Qeyd edək ki, D vitamini insan orqanizminə günəş şüaları və yaxud günəşdən meydana gələn qida məhsullarının köməyi ilə daxil olur. Uzun müddət günəş altında gəzməyən insanlarda D vitamin çatışmazlığı çox vaxt hiss olunur və bununla bağlı bu növdə olan məhsulların qəbul edilməsi məqsədəuyğundur. Çünki D vitamini çatışmadıqda kalsiumda əskikliklər meydana gəlir və nəticədə dişlərin xəstələnməsinə yol açır. Eyni zamanda sümüklərin boşalması və ürək problemlərini də meydana gətirir.

 

Həkimlər günəş şüalarının çatışmaması üçün bu rasiona daxil olan qidaların qəbul edilməsini məsləhət görürlər. Balıq növləri, xüsusən qızılbalıq, tunes (iri yırtıcı balıq), skumbriya və balıq yağı bu tipə aid edilir. Həmçinin, tərkibində az miqdarda günəş şüaları olan qidalar da var. Bunlara isə malın qaraciyərini, yumurta sarısını və bir neçə növ pendiri misal göstərmək mümkündür.

Müəllif: Təranə Xudabaxşiyeva      23 İyul 2020 15:47
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin