Tovuz döyüşlərinin Bakı təntənəsi – 15 iyula baxış

Tovuz döyüşlərinin Bakı təntənəsi –   15 iyula baxış

O gecə kütlənin qarşısına ziyalı(lar) çıxardısa, gəncləri istiqamətləndirərdisə, sonluq məyusedici olmazdı...

 

Bakıda iyulun 14-ü günorta saatlarından başlanan orduya dəstək yürüşü 15 iyul səhər saatlarında başa çatdı. Yürüşə paytaxtın müxtəlif yerlərindən, eləcə də Sumqayıt şəhərindən qoşulanlar var idi. Dinc şəkildə, polisin müşayiəti ilə hərəkət edən yürüş iştirakçıları Milli Məclisin önünə doğru, Şəhidlər Xiyabanı istiqamətində hərəkət edirdi. Son dayanacaqları Milli Məclis olan yürüşçülərdə, eləcə də yürüşü internet üzərindən canlı yayımda izləyənlərdə birlik, vətənpərvərlik hissindən güc alan ruh yüksəkliyi var idi.

 

Buna baxmayaraq, bir qrup təxribatçının Milli Məclis binasına daxil olması və bəzi zorakılıq halları üzündən polis mitinqi dağıtdı. Yürüşdə iştirak edən, izləyən bir çox insanın fikrinə görə, həmin gecə kütlə qarşısına bir ziyalı çıxmalı, çoxu gənclərdən ibarət olan yürüş iştirakçılarını istiqamətləndirməli idi. Ancaq bu yolla təxribatın qarşısı alına və ya təxribat baş tutsa da, dəstək yürüşünün məyusedici bitməsinə mane olmaq olardı.

 

AYNA prosesi yaxından izləyən fəal sosial şəbəkə istifadəçilərinin sözügedən məsələyə münasibətini öyrənib. Beləliklə:

 

Rəhim Xoyski: “Bu aksiya sərbəst toplaşmanın əvvəlcədən planlaşdırılmayan yürüş forması olduğu və spontan şəkildə baş verməsinə görə liderləri yox idi. Düşünürəm ki, ölkədə olan mövcud siyasi vəziyyətdən dolayı kimsə o sayda aksiyanın önünə çıxmaqdan çəkinərdi. Onlara sonradan hansısa təqiblərin olacağı istisna edilmirdi. Lakin ölkə, yaxud Müdafiə Nazirliyi rəhbərliyindən insanların qarşısına çıxan olsaydı, daha xoş mənzərə yaranar və heç bir təxribata yol verilməzdi. Onsuz da yürüşə qatılan insanların əksəriyyətinin məqsədi orduya və dövlətə dəstək vermək idi. Təəssüf ki, xalq dövlətə dəstək versə də, məncə, yetərli geri dönüş ala bilmədi. Aksiyada təxribatın olması normal haldır. On minlərlə adamın olduğu yerdə təxribat qaçılmazdır. Düşünürəm ki, polis bütün aksiyanı dağıtmaq əvəzinə, həmin təxribatçıları saxlayıb, ərazidən uzaqlaşdırmalı idi”.

 

Nemət Mətin: “Sonuncu dəfə belə toplanma 90-cı illərdə olub. İnsanların ürəyində düşmənə qarşı nifrət hissi uzun müddətdir ki, yetişmişdi. Hamı müharibəyə yollanmaq istəyirdi. Yürüşdə polislər vətəndaşların, vətəndaşlar polislərin siqaretini yandırırdı, söhbətləşirdilər. Əvvəlcə mehribanlıq idi, işlər sonradan korlandı. Bunun hansı səbəbdən olduğunu isə bilmirəm. Ziyalı, əlbəttə, olmalı idi. Xalqı sakitləşdirərək yola gətirməli idi. Təəssüf ki, bu olmadı. Mən səhər şəhidlərin dəfninə gedəcəyimi düşünürdüm, elə də oldu, getdik. Allah bütün şəhidlərə rəhmət eləsin. Azərbaycan xalqı mərd xalqdır. Tezliklə qələbə qazanacağımızı düşünürəm. İndi birləşmək zamanıdır. Xalqın qarşısına kimin çıxacağına qaldıqda isə, düşünürəm ki, xalq kimə qulaq asırsa, onu çağırmaq olardı. Məsələn, doktor Rəşid Mahmudov. Məncə, belə olacağını çox adam düşünmürdü. Yürüş iştirakçıları səhəri gözləsəydilər, nəticə yaxşı olacaqdı”.

 

Günel Abbas: “Hər kəsə məlumdur ki, tarix boyu bu cür təmtəraqlı və möhtəşəm yürüşlərə liderlik edən şəxslər olub. Elə 15 iyul günü keçirilən Qarabağ yürüşünün də ən çatışmayan tərəfi məhz liderinin olmaması idi. Əgər meydanlara axışan o gözəl insanlara bir yol göstərən olsa idi, həmin gün orada nə təxribat, nə də başqa bir problem yaranardı. Kimlərin yürüşə rəhbərlik etməsi məsələsini mən daha çox sosial şəbəkələrdən müşahidə etmişdim. Gördüyüm qədərilə xalq bu yürüşdə onlara Xəlil Rza Ulutürk və Bəxtiyar Vahabzadə kimi ziyalıların öndərlik etməsini istərdi. Məncə, bugünkü dövrümüzdə də dahi şairlərimiz kimi ziyalılarımız çoxdur. Onlardan biri bu yürüşə rəhbərlik edə, xalqı daha da ruhlandıra bilərdi. Amma bu çatışmazlıq bizə icazə vermir ki, xalqda yaranan vətənpərvərlik eşqinə kölgə salaq. Bu yürüş nəticəsində mənfur ermənilər Azərbaycan xalqının birliyinin bir daha və kəskin şəkildə şahidi oldular. Hətta, mən deyərdim, bundan olduqca qorxuya düşdülər. Həmin gecədən doğan o qürur hissi ilə millətimlə, azərbaycanlı olmağımla bir daha fəxr etdim, hələ də eyni atəşfəşanlıq içindəyəm. Məncə, bu günləri gələcəkdə öz övladlarımıza qürur hissi ilə danışacağıq. O gecə yaşanan izdihamda şəhid general-mayor Polad Həşimovun böyük rolunun olması da danılmaz bir gerçəklikdir. Necə ki, 1990-cı ildə xalq Azadlıq meydanında şəhidlərin qanı bahasına ayağa qalxmışdı, 15 iyulda da xalqın ruhuna sanki General ruhu köçdü. Bununla da millətimiz türkün gücünün, əzminin, yenilməzliyinin heç bir xalqda mövcud olmadığını sübut etdi. Əgər bu iradə ilə davam etsək, inanıram ki, tezliklə Qarabağ torpaqlarını düşmən işğalından azad edəcəyik. Millətimizə hər zaman bu cür vətənpərvərlik hissi ilə ayaqda, möhkəm və iradəli qalmağı arzu edirəm”.

 

Razim Əhmədov: “Məncə, həmin gün xalq qarşısına çıxacaq insan orada toplaşmış olanların qəlbindəki yanğını duya bilən insan olmalı idi. Bu baxımdan ilk ağlıma gələn isim Ramil Səfərov oldu. Bildiyimə görə, müharibə dövründə erməni vəhşiliklərini çox görüb, ağrı-acının içində olub. Macarıstanda hakim qarşısında çıxışında da erməni vəhşiliyinin qurbanı olmuş qohumlarının olduğunu demişdi. Bu baxımdan Qarabağ üçün toplaşmış insanların qəlbindəki yanğını daha yaxşı başa düşərdi”.

 

Nicat Həşimzadə: “Bəzən prosesləri eyniləşdirirlər. Nəzərə alaq ki, 1988-1990-cı illərdəki proseslərlə indiki arasındakı mahiyyət etibarı ilə fərq var. Birincisi, reallıq budur ki, karantin qaydaları pozuldu. Xəstəlik yayılsa, insanlar sağlamlığından məhrum olacaq. Düşünəndə ki, toplaşanların da çoxu gənclər idi, bu da insanı narahat edir. Orduya sağlam adamlar lazımdır. Kimin çıxmağı məsələsinə qaldıqda isə ziyalı olsa da-olmasa da, təxribatçıların o addımı atmaqdan geri çəkiləcəyini düşünmürəm. Təxribatçıların bunu etməsi sanki əvvəlcədən düşünülmüş idi. Orada çox igid, mərd, sözünü deyən insanlar, gənclər var idi. Orada ziyalı da olsa, bu təxribatın törədiləcəyini düşünürəm. Çünki bir qədər aqressiya da var idi. Bu məqamda ziyalı sözünün keçməsi elə də real görünmür. Təxribatçılar da yaranmış aqressiyanı daha da artırırdı. Bu yürüş başlayandan canlı yayıma hansı internet kanalı ən erkən qoşuldu, bunu bilmək kifayət edir ki, təxribatçıların məqsədini başa düşəsən. Həmin internet kanalları haqda da mövqeyim bəllidir, bir neçə dəfə də bu haqda danışmışam”.

 

Nihat Priyev: “Hesab edirəm ki, 15 iyul tarixi müstəqil Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Çünki biz millət, xalq olaraq Qarabağ məsələsinə necə həssas yanaşdığımızı və cənab Ali Baş Komandanın əmrini çox-çox səbirsizliklə gözlədiyimizi bütün dünyaya duyura bildik. Yürüşün sonundakı təxribata gəlincə isə, bəli, mənim fikrimcə də, kütlənin inandığı və etibar elədiyi bir kəsə ehtiyac var idi. Hansı ki, o kəs təxribatın da qarşısına ala bilərdi. Və yürüş o cür çirkləndirilməzdi. Şəxsən, mənim ağlıma gələn ilk adam Ramil Səfərovdur. Çünki Ramil məhz həmin o coşğunun siması olmağa, o coşğuya qatqıda bulunmağa layiq biridir”.

 

Mirbağır Bünyatov: “Məncə, əgər bu, təşkil olunmuş təxribat idisə, ziyalı çıxsaydı da, çıxmasaydı da olacaqdı. Onlar öz qara əməllərini edəcəkdilər. Lakin nəzərə alsaq ki, orada iştirak edənlərin böyük əksəriyyəti gənclər idi, bəli, onları yönləndirmək üçün hər kəsin hörmət etdiyi adamlardan biri və ya bir neçəsi çıxa bilərdi. Mən Seyran Səxavəti və Sabir Rüstəmxanlını deyərdim”.

 

Orxan Şahbaz: “Həmin aksiya spontan olaraq baş tutmuşdu. Təşkilatçı-filan olmadığından kütlə provakasiyaya daha tez meyilləndi. Düşünürəm ki, o qədər insanın qarşısına hər hansısa ziyalı olmasa da, dövlət rəsmisi çıxıb danışsa, dinlənilərdi. Heyif ki, bizim ziyalılar bu cür məslələrdə bir az çəkingənlik nümayiş etdirirlər. Lakin nəzərə alaq ki, orada həqiqətən də orduya dəstək və torpaq üçün toplaşmış səmimi insanlar çox idi. Buna görə də kim çıxıb xalqa dəstəyini, yanında olduğunu ifadə etsəydi, necə deyərlər, oradakıların ürəyinə yağ kimi yayılardı. Təəssüf ki, bizdə sona qədər dirəniş, birlik göstərmək zəifdir. Buna görə də başsız kütlə təxribata uydu və sonluq ürəkaçan olmadı”.

 

Elvin Cavadzadə: “Əslində, bu, çox gözəl, tarixi hadisə idi. Səhv etmirəmsə, müstəqillik dövründə heç bir siyasi təşkilatın açıq təşkil etmədiyi ilk böyük, gözəl, şanlı, tarixi xalq toplantısı idi. Sonuncusu meydan hərəkatı olmuşdu. Oraya toplanan insanlar eyni olmasa da, çoxu bənzər istəklərlə çıxmışdı. Əsas istəklər ordumuza dəstək göstərib onları ruhlandırmaq, ermənilərə qəzəbimizi ifadə etmək, cəbhədə baş verən hadisələrə qisas istəmək, günahkarların cəzalandırılmasını tələb etmək idi. Zarafat deyil, 30 ilə yaxındır azad edilməyən torpaqlar, əsirlər... Xalq çoxdan yığılıb bu mövzuda. Gözəl şüarlar, himn, marş, birlik, bərabərlik, sevgi... Yaşamaq lazım idi o anları. Suala gəlincə, mən açığı bilmirəm, kim çıxış etsəydi, reaksiya necə olardı. Amma yaxşı olardı ki, kimsə narahatlığı azaldacaq, ürəklərə su sərpəcək nəsə desin və sonra ona əməl olunsun. Söz dolaşırdı ki, indi Ramil Usubov çıxış edəcək, pis olmazdı o, nəsə desəydi. Çıxışında ermənilərə layiqli cavab veriləcəyini, generalın şəhid edilməsinin araşdırılacağını, əvəzində qisas alınacağını deyib xalqın təskinlik tapmasına yardımçı olardı. Şəxsən mən düşünürəm, generalımızın əvəzinə ya general vurulması, ya çox sayda generaldan aşağı rütbəli zabit öldürülməsi, ya işğal olunmuş torpaqlardan bir hissə azad edilməsi layiqli qisas ola bilər, buna ümid edirəm. Düşünmürəm ki, kimsə çıxış etmədiyi üçün mitinq belə sonlandı, ayrı-ayrı məsələlərdir. Amma həm də, yəqin ki, kimsə çıxış etsəydi, xalq bundan sonra dağılışa bilərdi. Sondakı hadisələrin səmimi mitinq iştirakçılarına bir dəxli yoxdur”.

Müəllif: Aləmdə Nəsib      22 İyul 2020 10:18
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin