Əsrin silahı – “Ağ-qara” PR

Əsrin silahı –     “Ağ-qara” PR

Tovuz döyüşlərində də informasiya savaşı ön plandaydı

 

21-ci əsr müharibəsi təkcə səngərdə və silahla aparılmır, həm də informasiya cəbhəsində aparılır və heç də odlu silahdan az təsirli olmur. Hazırda sosial şəbəkələrin kifayət qədər populyar olduğunu nəzərə alsaq, bu platformanın informasiya savaşı üçün nə dərəcədə önəmli olduğu bəlli olur.

 

İyulun 12-də Tovuz istiqamətində düşmən təxribatı nəticəsində başlayan və bir neçə gün davam edən döyüşlər zamanı da informasiya savaşı ön plandaydı. Üstəlik, bu dəfə düşmən daha “qara” PR (piar) texnologiyalarına əl atmışdı – sosial şəbəkə üzərindən Azərbaycan qarşı təbliğat aparır, cəbhə bölgəsindən saxta məlumatlar yayır və cəmiyyətimizdə təşviş yaşanmasına çalışırdı.

 

Təəssüf ki, Tovuz döyüşləri zamanı da cəbhədə qazandığımız üstünlüyü informasiya cəbhəsində qazana bilmədik. Əksər hallarda olduğu kimi, ermənilər yenə istər beynəlxalq mediada, istərsə də sosial şəbəkələrdə daha fəal görünürdülər.

AYNA PR mütəxəssislər vasitəsilə “axsayan ayağımızın” problemlərinə aydınlıq gətirməyə çalışıb.

 

Anar Əsgərovun sözlərinə görə, müharibə şəraitində yaşayan ölkələr kommunikasiya, həmçinin kontent baxımından həmişə hazırlıqlı olmalıdır: “Çünki düşmən istənilən zaman dezinformasiya yaya bilər. Son günlər düşmən paylaşdığı dezinformasiyaları bəlkə də bu günlərdə yox, bir il bundan əvvəl hazırlayıb. Hansısa foto və ya video materialı paylaşmaq üçün onlar əvvəlcədən ssenarilər qururlar və böhran vaxtlarında həmin materialları paylaşırlar”.

 

O deyib ki, əvvəlcədən kontent hazırlananda böhran vaxtı həmin kontenti paylaşmaq daha rahat olur: “Çünki böhran vaxtı rasional qərarlar vermək olmur, stress imkan vermir. Ona görə biz bu vəziyyətə öncədən hazırlıqlı olmalıyıq. Təəssüflər olsun ki, onlar kontent paylaşandan sonra biz buna cavab paylaşımları edirik. Sanki özümüzü müdafiə edirik. Gərək bizə hücum olunsun, sonra biz cavab verək. Bu da səhv addımlardan biridir”.

 

“Onu da qeyd edim ki, ermənilər illərdir bizim media əlaqələrimizə xələl yetirməyi bacarırlar. Məsələn, hansısa azərbaycanlı gedib xarici ölkələrdən birində media ilə əlaqələr quranda erməni lobbisinin nümayəndəsi mütləq həmin münasibəti pozmaq üçün əlindən gələni edir. Yəni, beynəlxalq media ilə ermənilər daim işləyir və bizim media əlaqələrinin inkişaf etməsinə mane olmağa çalışırlar”, - Əsgərov bildirib.

 

Mütəxəssis beynəlxalq media ilə münasibətlərə də aydınlıq gətirib: “Beynəlxalq mətbuata həqiqətlərin çatdırılması ilə bağlı deyə bilərəm ki, düşmənin strategiyası bizim strategiyadan daha güclüdür. Çünki onlar illərlə beynəlxalq media ilə güclü əlaqələr qurublar. Söhbət tək PR əlaqələrindən getmir. Beynəlxalq mediada öz vətəndaşlarının redaktor, müxbir kimi işləməsi də onların beynəlxalq mətbuat əlaqələrinə birbaşa təsir edir. Təəssüf hissi ilə deməliyəm ki, beynəlxalq mediada ermənilər azərbaycanlılara nisbətən daha çox işləyir və bundan maksimum dərəcədə faydalanırlar”.  

 

Vüqar Baba isə diqqətə çatdırıb ki, “müharibə zamanı PR” geniş, çoxşaxəli və dərin fəaliyyətdir: “Bir açıqlama ilə bu barədə nəsə danışmaq çətindir. Bu səbəbdən mən taktikanın özü yox, sadəcə yayımlanma forması barədə fikrimi bildirəcəyəm. Döyüş bölgəsində baş verən uğur və uğursuzluqlar barədə mütləq operativ formada ictimaiyyətə məlumat çatdırılmalıdır. Gecikmə, yubanma, gizlətmə cəhdləri kommunikasiyada böhrana yol açır və əhali arasında aidiyyəti strukturlara qarşı inamsızlıq yaradır”.

 

“Məsələn, hansısa itki varsa, bunu gizlətmək, rəqəmləri kiçik təqdim etmək əvəzinə baş vermiş neqativ hadisə ilə bağlı operativ məlumat yaymaq, lakin bununla bərabər mütləq səbəbləri izah etmək, zərərlərin qarşısının alınması ilə bağlı atılacaq addımlar, yaxud cavab həmləsi ilə bağlı məlumat paylaşmaq lazımdır. İnformasiya paylaşılmaması, gec paylaşılması həmin hadisə barədə məlumatın arzuolunmaz mənbələr vasitəsilə, hətta, düşmən mənbələri tərəfindən yayılmasına səbəb olar”, - həmsöhbətimiz vurğulayıb.

Müəllif: Təranə Xudabaxşiyeva      27 İyul 2020 22:56
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin