Bakıda Tovuz “havası”: Silahı bir-birimizə tuşlamaq vaxtı deyil

Bakıda Tovuz “havası”: Silahı bir-birimizə tuşlamaq vaxtı deyil

Cəbhə bölgəsində baş verən döyüşlər paytaxtda yeni siyasi reallıq meydana çıxarıb

 

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutması səbəbindən başlayan döyüşlər davam edir. İnsident nəticəsində hər iki tərəf itki versə də, düşmən tərəfin cəhdləri iflasa uğrayıb.

 

İyulun 14-ü gecə isə bir sıra rayonlarda, xüsusən də paytaxt Bakıda kütləvi şəkildə ordumuza dəstək aksiyası keçirilib. Dəstək nümayişinin təqdir edilməsinə baxmayaraq, gedişatda baş verənlər birmənalı qarşılanmayıb. Məhz bu baxımdan, həm də gərginliyin davam etməsi siyasi həmrəylik məsələsini yenidən gündəmə gətirib və iqtidar-müxalifət birliyi baxmından Parlamentdə müzakirlərin açılması, siyasi partiyaların müzakirəyə dəvət olunması təklif edilir.

 

Ölkə siyasətçiləri bu barədə nə düşünürlər? Mövzuya AYNA tutmağa çalışdıq.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Yeni Azərbaycan partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib ki, hakim partiya ilk gündən bununla bağlı mövqeyini ortaya qoyub: “Amma bununla belə, mən Parlamentdə iştirak edən partiyaların mövqeyini görmürəm. Mən siyasi qüvvələrin bu məsələdə mövqe bildirməsinin, görüşlər keçirilməsinin, birgə bəyanat qəbul edilməsinin tərəfdarıyam”.

 

“O ki, qaldı Parlament səviyyəsində müzakirələrə, bu, artıq partiyaların qərarından asılıdır. Həm parlamentdə təmsil olunan, həm də təmsil olunmayan partiyalar görüşlər keçirə, ümumi mövqe bildirə bilər. Gələcəkdə ehtiyac olarsa, bunu parlament səviyyəsində də etmək olar”,  deyə deputat bildirib.

Seçki öncəsi iqtidar-müxalifət görüşü olacaqmı?

Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli baş verənlərlə əlaqədar bəyanat yaydıqlarını qeyd edib: “Bəyənatımızda ictimaiyyəti, siyasi partiyaları Ali Baş Komandanın ətrafında birləşməyə çağırmışıq. Çünki həssas məqamdır və düşmən Qarabağdan yox, öz ərazisindən ərazimizə hücum edib. Ona görə də hərbi səfərbərlik və fövqəladə vəziyyət təklif etmişik. Təkliflərimizdən biri də Milli Məclisin qapalı iclasının çağrılmasıdır”.

 

“Biz Aydınlar Partiyası olaraq hesab edirik ki, bizsiz də Parlamentin qapalı iclası keçirilməli və müharibə məsələsi ilə bağlı qərar verilməlidir. Biz bundan əvvəl də, indi də dövlət başçısının ictimai-siyasi liderlərlə toplantı keçirməsini təklif etmişik. Təklifimiz qəbul olunsa, biz cəbhədə döyüşməyə hazırıq. Bizim bir arzumuz var - Azərbaycan dövləti uğrunda düşmənlə vuruşmaq”, - sədr müavini vurğulayıb.

 

ReAl Partiyasının icra katibi Natiq Cəfərli də bununla bağlı çıxışlar etdiyini söyləyib: “Dağlıq Qarabağ və işğal məsələsi elədir ki, burada iqtidar-müxalifət ayrı-seçkliyi yoxdur. Mən əminəm ki, bu gün Azərbaycan iqtidarı da Dağlıq Qarabağ məsələsində işğalın sona çatmasını istəyir və bununla bağlı işlər görməyə çalışır. Azərbaycan müxalifətində də eyni qaydadır. Sadəcə bunun hansı yolla, hansı üslubla həyata keçirlməsində müxtəlif fikirlər ola bilər”.

 

“Ona görə də müxtəlif fikirlərin dinlənilməsi, ümumi müzakirələrin aparılması üçün belə bir formatın olmasını çox yaxşı təşəbbüs kimi qiymətləndirə bilərik və müxtəlif siyasi patriyaların parlamentdə Dağlıq Qarabağ məsələsi, işğalın sona çatdırılması ilə bağlı fikir mübadiləsi aparılması və ümumi bir mövqedən çıxış edilməsi daha doğru olar. Çünki hamımızın istəyi bir an öncə topraqlarımızın işğaldan azad edilməsidir”, - Cəfərli əlavə edib.

 

Millət vəkili, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov da hazırkı durumda siyasi həmrəyliyin tərəfdarıdır: “Bir neçə gündə həm şəhidlərin dəfnində, həm də dünən gecə saatlarında Azərbaycan ordusu və Ali Baş Komandana dəstək üçün Azərbaycan xalqının böyük bir hissəsi meydanlara axışdı, insanlar ordumuzun arxasında olduqlarını, torpaqlarımızı azad etməyə hazır olduqlarını bəyan etdilər. Buna baxmayaraq, bizim hələlik səfərbərliyə ehtiyacımız yoxdur və qüdrətli ordumuz hər şeyə qadirdir”.

 

“Hər şeyə rəğmən, dövlətimizin indiki məqamda həmişəkindən daha çox həmrəyliyə ehtiyacı var və hər birimiz əsgər olmalıyıq. Burada başqa yol yoxdur və düşmənimiz birdir. Çünki söhbət vətəndən, millətdən və müstəqillikdən gedir. Artıq bir neçə müddətdir ki, Milli Məclisdən daha yuxarı orqanda - Prezident Administrasiyasında bütün partiya sədrləri ilə görüşlər keçirilir və Dağlıq Qarabağ məsələsi də orada müzakirə olunur. Bu gün ancaq və ancaq həmrəylik nümayiş etdirməli və ölkə başçısının qarşıya qoyduğu məsələləri icra etməliyik. Ona görə də kimin nə təklifi varsa, bununla bağlı istər Milli Məclisdə toplaşmaq, istərsə də hökumətə göndərmək olar. Çünki belə məqamda ədavət kənarda qalmalıdır. Söhbət Azərbaycanın müstəqilliyindən, mövcudluğundan gedir”, - deputat qeyd edib.

 

AĞ Partiya sədri Tural Abbaslı da bütün ümumilli, qlobal, dövlət və dövlətçilik məsələlərində iqtidar-müxalifət həmrəylini qaçılmaz hesab edir: “Əgər, bu gün Azərbaycan öz torpaqları uğrundan mübarizəyə qalxırsa, təbii ki, xalq da görməlidir ki, onun siyasi elitası bu məsələdə bir mövqedən çıxış edir və iqtidarlı-müxalifətli hamı bu məsələdə Azərbaycan dövləti və dövlətçiliyinin, həmçinin Azərbaycan ordusunun yanındadır. Belə bir addım insanlarda əhval-ruhiyyənin yüksəlməsinə, ordumuzda isə döyüş ruhunun artmasına gətirib çıxaracaq və həmrəylik görüntüsü düşmən düşərgəsini psixoloji baxımdan zəiflədəcək”.

 

“Təbii ki, bu məsələdə ilk addım atmalı olan, təklif irəli sürən dövlət rəhbərliyində təmsil olunan şəxslər olmalıdır. Çünki təsir imkanları və inzibati resurslar onların əlindədir. Çünki biz elə təklif verə bilərik ki, o təklif bəkə də ordumuzn maraqlarına xidmət etməyə bilər. Çünki bizim hazırda döyüş əməliyatı gedən ərazilərdən və döyüş taktikasından tam məlumatımız yoxdur. Bu baxımdan da ölkə başçısının müxalifət liderləri, ictimai xadimlər, cəmiyyət arasında xüsusi nüfuza və etimada sahib olan 30-50 nəfərarası kontingentlə vdieokonfrans keçirməsi, hazırkı vəziyyətin müzakirə olunması, vəziyyətlə bağlı müxalifət partiyaları, ictiamiyyət xadimlərinin dəstəyinin alınması həm ordumuza, həm dövlətimizə, həm də millətimizə müsbət nəticələr verər. Biz də AĞ Partiya olaraq üzərimizə düşən istənilən addımı atmağa hazırıq”, - Abbaslı diqqətə çatdırıb.

Müəllif: Mərahim Nəsib      15 İyul 2020 18:55
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin