Əsas səhifə Haqqımızda Xəbər lenti

Təhsil xərclərinin artırılmasına cəmiyyətdən reaksiya: “O pula biz...”

Təhsil xərclərinin artırılmasına cəmiyyətdən reaksiya:         “O pula biz...”

“Ümumiyyətlə, Azərbaycanda təhsil almaq da vaxt itkisidir”

 

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun ötən həftə imzaladığı 239 nömrəli qərarına əsasən, 2020-2021-ci il tədris ili üçün dövlət hesabına təhsil alacaq bəzi ixtisaslar üzrə tələbələrin illik təhsil xərcləri artırılıb. Belə ki, bəstəkarlıq ixtisası üzrə 8200 manat, dekorativ sənət ixtisası üzrə 5200 manat və s. göstərmək olar.

 

Təcrübə göstərir ki, bu cür artım ödənişli əsaslara təhsil alacaq tələbələrin illik ödənişlərinin artmasına səbəb ola bilər. AYNA məsələ ilə bağlı sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib - “İndiki zamanda illik təhsil xərclərinin artmasına münasibətiniz necədir və bu cür şərtlərdə həmin ixtisaslar üzrə Azərbaycanda təhsil alarsınızmı?”, - deyə. Beləliklə:

 

Vüsal Qarayev: “Hazırkı şəraitdə - virus, karantin, sosial sıxıntılar, tarıma çəkilmiş əsəblər… Yersiz qərardır. Sanki, bilərəkdən insanları qıcıqlandırmaq istəyirlər. Digər tərəfdən isə, bəlkə də hazırda insanları sadəcə bir tikə çörək düşündürdüyünü, təhsil haqqının kimsənin vecinə olmayacağını nəzərə alaraq, fürsətdən istifadə edib, məhz belə bir zamanı seçiblər xərc artımı üçün. İstənilən halda, zatən bərbad olan təhsil sistemində qiymət artımı təhsil səviyyəsinin yüksəldilməsinə yox, əksinə kütləvi savadsızlığa doğru atılan addımdır. Pulu, imkanı olan şəxs, zatən övladını xaricdə oxudur”.

 

Məhbubə Məmmədova: “Təhsilhaqlarını azaltmalıdırlar. Bunlar isə əksini etməyə çalışırlar”.

 

Nəsibə Ağayeva: “Azərbaycanda pulsuz təhsil almaq da vaxt itkisidir. Onsuz, tələbə boş yerə universitetə ayaq döyür. Ən yaxşısı xaricdə təhsil almaqdır”.

 

Tərxan Paşazadə: “İllik təhsil xərclərini artırmaqdan əvvəl, təhsilin keyfiyyətini artırmaq lazımdır”.

 

Zakir Nağıyev: “Azərbaycanda təhsil almaq pulu cırıb küçəyə atmaq kimi bir şeydir. Nə özüm Azərbaycanda təhsil aldım, nə də övladlarıma bu təhsil sistemində ali savad verərəm”.

 

Nilufər Nil: “Məncə, indiyə qədər bu “təhsil xərcləri” ya ictimaiyyətə açıqlanmırdı, ya da media bu məsələni qabartmırdı. Birincisi, araşdırmaq lazımdır ki, bu təhsil xərcləri əvvəlki illərdə necəydi. Təhsil haqqının artıb-artmaması imtahanlar tam bitəndən sonra məlum olar, yəqin ki. Səhv eləmirəmsə, abituriyentlər jurnalda ötən ilin nəticələrinə əsasən yerlər və təhsil haqqları barədə məlumat alırlar. İndiki vəziyyətdə təhsil haqqının artırılması ən yumşam dillə desək, “başıxarablıq” olar. Ölkədə təhsil almağa gəlincə, 2-3 universitet xaric heç bir universitetdə normal təhsil yoxdur, o 2-3 universitetə tökdüyün pulla xaricdə magistr belə, oxuyub ölkəyə qayıtmaq olar”.

 

Aydın Natiqoğlu: “Ölkədə təhsil olmadığı halda, təhsil haqları çox bahadır. Keyfiyyət isə yoxdur. Təbii ki, burada təhsil aldığım üçün peşmanam. Gərək xaricdə təhsil alaydım”.

 

Nicat Zeynallı: “Məqsəd xalqı savadsız etməkdir”.

 

Asim Gəraybəylinski: “Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin solo oxu ixtisasını bitirmişəm. Həmçinin ixtisasımın magistr pilləsini də bitirmişəm. Hər ikisini fərqlənmə ilə. Mən bitirdiyim ixtisasın da illiyi 8200 manat olub. Ümumiyyətlə, bir şeyə görə peşmanam - bu ölkədə təhsil almağıma. Çox təəssüf”.

 

Bəkir Osmanov: “8200 manata mən Gürcüstanda bakalavr və magistr təhsili alaram. Həm də Avropada tanınan diploma sahib olaram”.

Müəllif: Təranə Xudabaxşiyeva      20 İyul 2020 23:03
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin