Tovuz döyüşlərinin dünyadakı əks-sədası – DİQQƏT CƏBHƏYƏ

Tovuz döyüşlərinin dünyadakı əks-sədası –       DİQQƏT CƏBHƏYƏ

“Ciddi imicə malik xarici media ilk növbədə rəsmi informasiyalara əsaslanmağa üstünlük verir”

 

Sərhəddə barmaqlar silaha tuşlanandan bəri hər kəsin gözü mediaya zillənib. Nəinki ölkə daxilində, eləcə də xarici mediada bu barədə gedən söz-söhbətlər, şərhlər hər kəsin maraq dairəsinə çevrilib. 4-cü hakimiyyət olan mətbuat vasitəsilə hadisələrin necə, niyə baş verdiyi barədə suallara aydınlıq gətiriləcəyi gözlənilir. Bəs görəsən, beynəlxalq medianın ilk reaksiyası necədir? AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.

 

Müstəqil araşdırmaçı jurnalist Seymur Kazımov deyir ki, xarici media ilk gündən sadəcə quru informasiya verməklə kifayətlənir, neytrallığı qorumağa çalışır: “Ciddi imicə malik xarici media ilk növbədə rəsmi informasiyalara əsaslanmağa üstünlük verir. Çünki onların da hazırda əllərində olan budur. Ümumiyyətlə, hər zaman beynəlxalq media bu prinispdən çıxış edir. Sakitlik bərqərar olduqdan sonra hadisələrin gedişatı nəzərə alınaraq təhlillər, şərhlər mediada yer almağa başlayır”.

 

Multimedia mütəxəssisi, jurnalist Vüsal Məmmədzadə də hazırda bununla bağlı ortada kifayət qədər informasiya olmadığını bildirir: “Ermənistan təxribatı dünya mediasında işıqlandırılarkən, "Euronesws", RT, AFP, "Bloomberg" kimi informasiya kanallarının Azərbaycan Müdafiə Nazirliyinə istinad etməsi sevindirici haldır. Tədricən, bütün məsələlər aydın olacaq. Hazırda hələ ki, hər iki tərəf fərqli açıqlamalarla çıxış edir. Prosesin davam etdiyini nəzərə alsaq, bu, təbiidir. Düşünürəm ki, Ermənistan tərəfi itkilərini açıqlamağa məcbur olacaq”.

Cəbhə xəbərləri

“Yerli media qurumları da bu dəfə daha təmkinli görünür. Yalnız rəsmi məlumatlarla çıxış etməyə çalışır. Təəssüf ki, bəzi videoblogerlər və sosial media istifadəçiləri reytinq qazanmaq üçün qeyri-adi başlıqlarla paylaşımlar edirlər və əsası olmayan məlumatlarla auditoriyanı çaşdırırlar. Belə vəziyyətlərdə oxuculara tövsiyəm: məlumatı birinci mənbədən alsınlar və sosial mediada yayılan bütün məlumatlara şübhə ilə yanaşsınlar, həqiqiliyini yoxlasınlar”, - deyə Məmmədzadə əlavə edir.

 

Müstəqil jurnalist Jalə Mütəllimovanın sözlərinə görə, Qarabağ məsələsində xırda bir həyəcan müşahidə olunan kimi, məsələyə Avropa və Rusiyadan dərhal reaksiyalar gəlir: “Rəsmi reaksiyalara paralel, həm də müxtəlif ölkələrin media quruluşları vəziyyəti manşetlərə daşıyır. Çünki Azərbaycan onların sərhədlərindən çox uzaqda yerləşsə də, mövcud coğrafiyamız dövlətlərinin maraq dairəsindədir. Və yanaşmalarında birmənalı dini, milli, strateji maraqlarını önə çəkirlər. Məsələn, bir Rusiya mediasında birmənalı şəkildə Azərbaycanın DQ məsələsində haqlı olduğu və dəstəkləndiyini görə bilməzsiniz. Əksər Avropa mediasında da durum eynidir. Diqqət etsəniz, bütün yazılarda ATƏT hər zamankı kimi, mövqesizlik sərgiləyib. Onsuz da mövqeyi budur - mövqesizlik. Ermənistanın haray-həşiri daha çox diqqət çəkir. Təxminən durum budur. Azərbaycan Qərbdən, Şimaldan və Avropadan sıxışdırılır, amma soyuqqanlılıqla durumu analiz edir, əlində olan üstünlükləri dəyərləndirir və geriləmək fikri yoxdur. Təbii, bu, qarşı tərəflərin qıcığına səbəb olur”.

 

“Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumatları açıqlamaqla bu yöndə yerli və kənar ittihamlara, o cümlədən xarici medianın yazdıqlarına cavab vermiş oldu. Azərbaycan bununla həm də Ermənistandan fərqli olaraq itkilərini ilk etiraf edən tərəf kimi də üstünlük qazandı, psixoloji hazırlıq səviyyəsini nümayiş etdirdi. Bir sözlə, dünya və mediası kimin tərəfində olur olsun, fərq etmir, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan haqlıdır, qətiyyətlidir”, - deyə jurnalist vurğulayır.

 

Mütəllimova müşahidələrinə əsasən, ermənilərin hələ də ölü sayını gizlətdiklərini qeyd edir: “Azərbaycan dövləti isə Dağlıq Qarabağ məsələsində dünya qarşısında qətiyyət göstərir. Bu mövzu ölkədə yeganə məsələdir ki, bütün cinahları birləşdirir və heç kim bu məsələdə düşmənə güzəştdən yana deyil. Əslində, dörd il əvvəl olduğu kimi bu gün də yaranan mənzərə deməyə əsas verir ki, biz kənar müdaxiləsiz torpaqlarımızı geri qaytara bilərik. 12 iyulda başlayan hadisə əslində dörd il öncə yaşadığımız Aprel döyüşlərindən sonra ilk toqquşmadır. 13 iyulda Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının iclasında bütün şəhidlərin qisasının alındığını bəyan etdi. Ermənilər isə hələ də ölü sayını gizlədir, yalnız iki yaralı barədə məlumat verirlər”.

 

“Bəzi şərhlərdə, nədənsə Azərbaycanın pandemiya ilə mübarizə dönəmində zəiflədiyi və bu məqamda döyüşə hazırlıq səviyyəsinin də qənaətbəxş olmadığına işarə edilir. Sərhəddəki məlum insident bu versiyanı darmadağın etdi. Azərbaycan Silahlı Qüvvələri isbatladı ki, o, hətta pandemiya dönəmində də müharibəni başlaya bilər”, - jurnalist söyləyir.

 

O, əlavə edir ki, dünya mediası Ermənistanın Müdafiə nazirinin bir qəbulunu tirajlayıb: “Erməni nazir Rusiya təyyarəçilərini qəbul edib, onlara Ermənistan hərbi hava qüvvələrinə verdiyi dəstək üçün minnətdarlığını bildirdi. Rusiyalı təyyarəçilərə medallar verildi. Məlum insident hələ səngiməmiş belə bir yanaşma, əslində diplomatik dildə əməkdaşlıq edilən tərəfin kimliyini ortaya qoymaq deməkdir. Yəni daha bir qıcıq elementidir. Bunun qarşılığında Azərbaycan tərəfi də işğalla barışmayacağını bildirdi. Bu halda yeni toqquşmalar və ya müharibə ehtimalı da qüvvədə qalmış sayılır. Odur ki, hər kəsi oxuyub, hər mövqeyi diqqətdə saxlayıb öz yolumuzu getməliyik. Bu yolda ədalət və haqq Azərbaycanın tərəfindədir”.

Müəllif: Aləmdə Nəsib      14 İyul 2020 19:16
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin