Aprel döyüşlərindən sonra düzəltmədiyimiz böyük yanlış – AXI NİYƏ?!

Aprel döyüşlərindən sonra düzəltmədiyimiz böyük yanlış –     AXI NİYƏ?!

Bu həqiqəti bədnam qonşularımız hələ də bizdən daha yaxşı dərk edirlər

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Bu sətirləri yazanda saat səhər beşə yaxınlaşırdı. Bütün gecə içimi və çölümü bürüyən siqaret tüstüsü içərisində böyük həyəcanla Tovuzdan gələn xəbərləri izləyir, şəhid olan hərbiçilərimiz - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğluna Uca Allahdan rəhmət diləyirdim (daha bir igidimizi də sonradan itirdik - baş leytenant Mahmudov Rəşad Rəşid oğlu).

Tovuz istiqamətində DÖYÜŞ GEDİR – İtkilər var – MÜDAFİƏ NAZİRLİYİ ...

Əlbəttə ki, müharibənin öz qanunları var və bizim erməniləri, ermənilərin isə bizi birinci atəş açmaqda ittiham etmələrinə təbii baxıram. Erməni boynuna alası deyil ki, birinci provokasiyaya onlar əl atıb? Elə Ermənistan Müdafiə Nazirliyinin məsələ ilə bağlı versiyasını da çox incələməyə ehtiyac yoxdur. Məlumdur ki, nağıldır: düşmən postunu tutmaq istəyən hərbçilər oraya sovet dövründə kolxoz sədrlərinin gəzdiyi, “Vilis” kimi tanıdığımız maşınla, özü də günün günorta vaxtı niyə getsinlər ki? Tankımıza, topumuza nə gəlib?! Və yaxud bizim uğurla istehsal və aprel döyüşlərində istifadə etdiyimiz pilotsuz uçuş aparatlarımızdan niyə istifadə etmirik ki?!

 

Dediyim kimi, nağıldır və bu nağılı incələməyə dəyməz – onsuz da bununla atışma başlayan gecədən hərbi mövzu ilə tanış olan və olmayan çoxlu “ekspertlər” məşğul olmağa başlayıblar. Hərblə hərbçi, diplomatiya ilə diplomat məşğul olmalıdır. Qalanlarının dediyi “ola bilər” və “mümkündür” ehtimalları ilə başlayacaq və elə belə də qəbul edilməlidir.

 

Mən məsələnin başqa tərəfinə diqqətini yönəltmək istəyirəm, əziz oxucu. Dediyim kimi, səhərə qədər həm yerli, həm də xarici media qurumlarını Tovuzdakı vəziyyətlə bağlı izləməyə çalışmışam. Və belə nəticəyə gəldim ki, biz 2016-cı ilin şərəfli aprel döyüşlərindən sonra da müəyyən səhvlərdən nəticə çıxarmamışıq və deyəsən, çıxarmaq fikimiz də yoxdur. Axı niyə belə düşünürəm?! İzah edim.

 

Hələ aprel döyüşlərindən sonra  özümüz yazırdıq ki, dünya mətbuatı, xüsusən də erməni lobbisinin güclü olduğu Rusiya və MDB mətbuatı bizə qarşı qərəzli mövqe tutur, baş verən döyüşləri adətən birtərəfli işıqlandırır, bununla da Azərbaycanı dünya ictimaiyyətinin gözündə sanki aqressor kimi təqdim edirdi. O zaman bəndəniz də daxil olmaqla, bir çox qələm əhli yazılarımızda qeyd edirdik ki, dünya, MDB, Rusiya mediası ilə ciddi işləməli, bu mətbuat orqanlarının səhifələrində hansısa bir hadisənin ildönümündə (20 yanvar, Xocalı və s.) səfirlərimizin verdiyi müsahibələrlə kifayətlənməməliyik. Amma ötən yuxusuz gecədə gəldiyim nəticə bu oldu ki, biz bu media strukturları ilə heç işləməyə cəhd də etməmişik, əgər etmişiksə, nəticə olmadığı üçün gördüyümüz işlər qənaətbəxş hesab edilə bilməz.

 

Fikirlərimi konkret misallarla isbat edim. Bir-iki rus saytı istisna olmaqla, demək olar ki, MDB, xüsusən də Rusiya media resursları Ermənistanla sərhəddə baş verənləri “Azərbaycan Ermənistanı provokasiyada ittiham edir...” cümləsi ilə başlayır və sonra düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin təkzibi və insidentin məhz erməni versiyası verilir. Sayt adları çəkmirəm, ona görə ki, “Google”da axtarış versəniz, o dəqiqə onlarla link çıxacaq.

File:News-media-standards.jpg - Wikimedia Commons

Bəli, Azərbaycan Müdafiə Nazirliyinin mövqeyi az da olsa, qeyd olunur. Amma informasiyanın verilmə tərzi bu konfliktlə tanış olmayan insanda məhz erməni baxış bucağının doğru olması təsəvvürünü yaradır. Yəni Rusiya mediası Aprel döyüşlərindən fərqli olaraq, guya ki, bu dəfə də neytrallıq nümayiş etdirir və bu “neytrallıq” rəsmi Moskvanın Paşinyana olan mənfi münasibətinin göstəricisi olması təsəvvürü yaratdı məndə. Amma, fakt faktlığında qalır. Biz Rusiya və MDB mediasının Aprel döyüşlərindən sonra Ermənistana verdiyi dəstəyin bənzərini belə, müşahidə etmirik.

 

Bu, hələ gecə baş verənlərdir. Bundan sonra, 99% ehtimalla, biz Rusiya telekanallarında və saytlarında çoxsaylı erməni köklü və erməni lobbisindən qidalanan aparıcı və ekspert sürüsünün ittihamları ilə üz-üzə qalacağıq. Bu mənzərəni müşahidə edərkən, “ruslar həmişə erməniləri dəstəkləyir”, “onlar öz itlərinin ayağını basmazlar” tipli ifadələrlə ürəyimizi boşaltdıqdan sonra hamımız – ölkənin media siyasətinə (hansı ki, bu siyasət təkcə yerli saytlara “səviyyəli” tezislər göndərməkdən ibarət olmamalı, həm də xarici media ilə əməkdaşlığın genişləndirilməsini özündə ehtiva etməlidir) rəhbərlik edən keçmiş və indiki məmurlar da daxil, bir sual verməliyik: biz bu situasiyanın düzəlməsi üçün nə etmişik? Və ümumiyyətlə nəsə etmişikmi?

 

Bayaq qeyd etdim ki, hərbçi hərblə, diplomat diplomatiya ilə, jurnalist jurnalistika ilə məşğul olmalıdır. Odur ki, sonuncu sahə barədə nəsə bir fikir söyləmək haqqımdan istifadə etmək istəyirəm. Avropa, MDB, xüsusən də Rusiya mediasında işləmək şansları olan azərbaycanlılara dəstək göstərilməli, onlara “ruslara işləyir”, beşinci və ya neçənci “kolon” damğası vurmaqdansa, işlədikləri media orqanında mümkün qədər irəli getməsinə nail olmaq, hər cür dəstək göstərmək lazımdır. Yalnız belə taktika bir neçə ildən sonra öz faydasını verə bilər.

 

Qloballaşma dövründə yaşayırıq və heç kim Azərbaycanın mövqeyini, necə deyərlər, “dədə xeyratına” müdafiə etməyəcək. Bunun üçün maliyyə və kağızda yazılmasa da, dəstək lazımdır. Eyni taktikanı Avropa və Rusiya məkanında əslən azərbaycanlı olan politoloqlar və ekspertlər nəslinin yetişdirilməsi üçün də reallaşdırmaq lazımdır. Bax o zaman, tutaq ki, Azərbaycanı və Türkiyəni “çox sevən” Vladimir Solovyovun verilişində haqqımızda deyilən təhqir və tənqidlərə qarşı normal mövqe sərgiləndiyini görəcəyik. Və təkcə biz yox, bizi bazar adamı hesab edənlərin hamısı.

 

Bu prosesə 2016-cı ildən başlanılsaydı, yəqin ki, 4 ildən çox bir müddətdə ən azı Rusiya mediasında bizimlə bağlı xəbərlərin verilməsində bir keyfiyyət dəyişikliyi hiss edərdik. Tam olmasa belə. Ən azı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən xəbərlərdə bütün Rusiya və MDB mətbuatını bürümüş bir beqqraundda (sonluq, xatırlatma, qeyd) dəyişiklik edilərdi.

 

Hələ ki, belədir. Deyilir ki, “Azərbaycanla Ermənistan arasında müharibə Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ilin fevralında Azərbaycan SSRİ-nin tərkibindən çıxmasından və öz müstəqilliyini elan etməsindən sonra başladı”. Amma orada bir cümlə belə, qeyd edilmir ki, bu “müstəqilliyin” elanı SSRİ Konstitusiyasının kobud şəkildə pozulması idi və 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi barədə” qanun qəbul etdi.

 

Deyəcəksiniz ki, xırda məsələdir. Bütün böyük işlər hansısa xırda addımdan başalyır. Və təəssüf ki, bu həqiqəti qonşularımız hələ ki, bizdən daha yaxşı dərk edir...

Müəllif: Yoldaş Mircəfər      14 İyul 2020 10:23
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin