“Homoseksuallıq düşüncə xətası deyil”

“Homoseksuallıq düşüncə xətası deyil”

Psixoloq: “Duyğusuz robot olmaq lazım deyil, duyğuların məntiqin önünə keçməsinə mane olmaq lazımdır”

 

İnsanın dostu insandır. Bu, bir az birbaşa, bir az məcazi anlamda işlənsə də, hər iki halda nəticə dəyişmir. Biz insanlar sosial varlıqlarıq və birlikdə varıq, birlikdə uğurluyuq. Elə buna görə də bir-birimizin həyat fəaliyyətini izləmək, etdiklərindən, dediklərindən dərs payı çıxarmaq, təcrübələrini, fikirlərini, nə hiss etdiyini eşitmək, qarşılıqlı fikir mübadiləsi etmək ehtiyacımız var.

 

Bu ehtiyacdan yola çıxıb “Müasir söhbət” rubrikamıza başlayırıq. Müasirlərimizlə öz bilik və təcrübələrinə söykənərək günümüzdə aktual olan məqamlara toxunmağa, siz oxucularımız üçün faydalı müsahibələr təqdim etməyə çalışacağıq. Beləliklə, ilk müsahibimiz Psixologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssis psixoloqu Fuad Əsədovdur.

 

- Salam, Fuad bəy.

 

- Salam, xoş gördük.

 

- Müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Ümid edirəm, söhbətimiz oxucularımız üçün faydalı və maraqlı olacaq. Gənc psixoloqlar arasında ən çox tanınanlardansınız, amma nə vaxtdan fəaliyyət göstərməyinizlə bağlı dəqiq məlumatım yoxdur. İlk olaraq istərdim bunu bilim, peşəkar psixoloq kimi fəaliyyətiniz nə vaxtdan başlayıb?

 

- İki ildir ki, peşəkar psixoloq kimi fəaliyyət göstərirəm. Lakin tələbəlik illərindən psixologiya sahəsində olmuşam. Müxtəlif təlimlərdə, forumlarda, konqreslərdə və s. iştirak edirdim. 19 yaşımda Avropa Tələbə Psixoloqlar Assosiasiyası Federasiyasının konqreslərində də iştirak etmişdim. Yəni peşəkar fəaliyyətə qədər bir xeyli təcrübəm var idi.

 

- Sosial media hesabınızdan yazmısınız ki, “mən psixoloq olmaq istəyən zamanlarda psixoloqlar “dəli həkimi” adlanırdı”. Maraqlıdır, Fuad Əsədov “psixoloq olmaq istəyirəm” deyəndə, bu haqda düşünəndə xəyalındakı təsvir necə idi?

 

- Psixologiyaya marağım orta məktəbdə məktəb psixoloqu ilə söhbətimizdən sonra yarandı. Şüuraltı haqda danışmışdı. O yaşımda bu barədə söhbətlər mənə çox mistik görünürdü və təbii olaraq diqqətimi çox çəkmişdi. Ondan sonra psixologiya ilə maraqlanmağa, müxtəlif ədəbiyyatlar oxumağa başladım. Maraqlandıqca qərara aldım ki, psixoloq olacam. Universitetə ixtisas seçimi zamanı da ancaq Psixologiya ixtisasını yazmışdım. Dərslərə başladıqdan sonra məlum oldu ki, bir çox şeyləri yanlış anlamışam. Aldığım təhsil məni daha doğru yola istiqamətləndirdi. Həmişə fikirləşirəm ki, yəqin psixoloq olmasaydım, fizik olardım.

Fuad Əsədov adlı şəxsin şəkli.

- Özünüzü uğura çatmış hesab edirsinizmi?

 

- Təvazökarlıqdan uzaq olsa da deyim ki, uğura gözlədiyimdən daha az zamanda çatdım. Universiteti bitirdikdən qısa bir müddət sonra uğur qazanmağa başladım. Planlamalarıma görə, beş il müddətində əldə edəcəklərimə bir ilə nail oldum. Dövlət imtahanımı verdiyim günün səhərisi iş axtarmağa başladım. Eşidirdim ki, deyirlər, iş tapmaq çətindir. Mən də düşündüm ki, indidən axtarmağa başlasam, bir-iki aya tapa bilərəm, buna görə də gecikməyim. İlk iş görüşümdə söhbətimiz - “Salam, mən psixologiyanı bitirmişəm və işləmək istəyirəm. Cavab: Sabahdan gəl, işlə” - bu şəkildə oldu.

 

- İlk addımda belə uğurlu olmağınızın səbəbini nədə görürsünüz?

 

- Çünki tələbəlik illərindən müxtəlif təlimlərdə iştirak edirdim, özüm təlimlər verir, layihələrə rəhbərlik edirdim. Artıq az-çox tanınırdım. İşə götürən də məni tələbəlik illərindən tanıdığına görə etimad göstərdi.

 

- Sizi verilişlərdə də tez-tez qonaq qismində görürük.

 

- Elədir, işə başladıqdan sonra sosial media hesabımdan ixtisasımla bağlı aktiv paylaşımlar edirdim, beləcə bir-iki ay sonra televiziya, radio verilişlərindən təkliflər gəlməyə başladı. Təbii ki, efirdən çıxışlarım psixoloq kimi daha tez tanınmağıma, fikirlərimin yayılmasına kömək oldu. Daha sonra öz bloqumu yaratdım, sosial mediadan daha da səmərəli istifadə etdim. Psixologiya Elmi Tədqiqat İnstitutu yarandı və yarandığı gündən də mən orada işləməyə başladım.

 

- Uğurlu olmağınızda aldığınız təhsilin payı nə qədərdir? Çox savadlı insanların iş tapa bilməməkdən şikayətləri aktual problemdir.

 

- Bilmək işin sadəcə bir hissəsidir. Digər önəmli parça bilgini təqdim etmək bacarığıdır, bu, çox önəmlidir. Uğurlu olmaq üçün insanda mütləq bu qabiliyyət də olmalıdır. Çox insan sadəcə bilgi qazanmağa çalışır. Tələbələr universitet dönəmində əlaçı, zərbəçi olmaq üçün oxuyur. Lakin iş axtarmağa gedəndə işəgötürən üçün bu, elə də maraqlı olmur və bizdən universitet qiymətlərimiz soruşulmur. Özüm universitetdə əlaçı olmuşam, amma bu, mənim hansısa məqamda işimə yaramayıb, sadəcə universitet dövründə yüksək təqaüd almışam.

Fuad Əsədov adlı şəxsin şəkli.

- Bəs bilginin rolu nədədir? 

 

- Bilgili insan özünə güvənir. Bu arxayınlıq da ona sahib olduğu bilgini daha yaxşı formada təqdim edə bilməyində kömək olur.

 

- Belə çıxır ki, əsas dərslərdir, gərək dərslərini daha yaxşı oxuyasan...

 

- Tam belə deyil, universitetdə çox az şey öyrədilir. Mən özüm oxuduğum Psixologiya fakültəsində sadəcə baza təhsili almışam. Bu, yaxşı psixoloq olmaq istəyən üçün çox azdır. Lakin universitetdə keçirilən dərsləri yaxşı oxumaq şərtdir. Əgər bir tələbə sırf dərslərə fokslansa, o, heç vaxt yaxşı psixoloq ola bilməz. Universitetdən əldə etdiyin baza təhsilini gərək başqa ədəbiyyatlara müraciət edərək, dünya praktikası ilə maraqlanaraq zənginləşdirəsən. Əks halda istənilən ixtisasda peşəkar olmaq mümkünsüzdür. 

 

- Deyirlər, “psixoloqlar dinləmək üçün pul alır, heç bir məsləhət vermir, niyə gedim?” Psixoloq əslində kimdir? Biz nəyi səhv başa düşürük?

 

- “Psixoloqlar dinləyir” fikri yanlışdır. Psixoanalitiklər sadəcə dinləyirlər. Bu gün dünyada geniş yayılmış terapiya üsulu koqnitiv terapiyadır. Mən də daxil olmaqla Azərbaycanda bir çox psixoloqlar koqnitiv psixoterapiyadan istifadə edirlər. Bu terapiyada düşüncə xətası tapılır. Koqnitiv terapiya belə bir iddia ilə çıxış edir: “Əgər siz özünüzü yaxşı hiss etmirsinizsə, hansısa bir narahatlığınız varsa, bu, heç vaxt sizin başınıza gələn hansısa hadisənin təsirindən ola bilməz. Sadəcə sizin düşüncələrinizlə bağlıdır”. Bizim problem dediyimiz həyatımızda baş verənlər deyil, onlara yanaşma tərzimizdir. Məsələn, biz uşaq vaxtı xəstələnəndə bunu dərsdən qalmaq üçün bir fürsət bilirdik və sevinirdik. Lakin indi xəstələnməni özümüz üçün problem edirik. Yanaşma tərzimizə görə birində xəstələnməyimiz sevinc, digərində isə kədər, narahatlıq hissi gətirir. Buna görə də nəsə sizi narahat edirsə, deməli, düşüncə xətası edirsiniz. Psixoloq olaraq bizim vəzifəmiz isə bunu müəyyən etmək, pasiyentə göstərmək və daha sonra məntiqi yanaşmaya keçid etməyin yolunu öyrətməkdir. Bundan sonra problem qalmır.

 

- Bir insan necə bilsin ki, onun psixoloqa ehtiyacı var? Axı bir çox hallarda yanlış sahə həkimlərinə üz tuturuq, nəticədə də sağalma ehtimalı varsa da, bu cür etməklə müalicə prosedurunu qəlizləşdirmiş oluruq. Necə seçim edək ki, bir dərdimizi beş etməyək?

 

 

- Əgər sizin həyat fəaliyyətiniz əksər vaxtlarda qaydasındadırsa, ciddi bir beyin pozuntunuz yoxdur və sadəcə hansısa səbəbdən özünüzü pis hiss etməyə başlayırsınız, son vaxtlar tez-tez əsəbləşir, həyatı mənasız olaraq görür və ya həyacan keçirirsiniz. Lakin bunlar xaricində siz ağılla, məntiqlə həyatınızı yaşamağa davam edirsinizsə, bu halda psixoloqa müraciət etməlisiniz. Psixoloq terapiya apardığına görə həm də psixoterapevtdir. Obsessiv kompulsiv pozuntu, həyəcan-təşviş pozuntusu, depressiya, özgüvən, ertələmə problemi, konfliktli münasibətlər və s. problemləri həll etmək üçün koqnitiv terapiyada çox yaxşı texnikalar var. Bu gün dünyada ən reytinqli və üstündə araşdırma aparılan, işəyararlığı sübut olunmuş terapiya üsuludur. Bu terapiya düşüncə xətası üzərində işləməklə problemin həlli istiqamətində ən tez nəticə alınan üsuldur. Məsələn, psixoanalitika müraciət etsəniz, o, mövcud problemdən yola çıxaraq sizin uşaqlığınıza enəcək, cinsəl problemlərinizi, uşaqlığınızdakı və valideynlərinizlə olan münasibətlərinizi araşdıracaq. Bu isə uzun müddət tələb edir. Mütəxəssisə müraciət edən insanı, adətən problemin ən qısa zamanda həlli maraqlandırır. Bu baxımdan koqnitiv terapiya ən tez effekt verən terapiya üsulu hesab olunur.

 

- Diqqət çəkmək üçün sosial media hesabından psixoloji testlər paylaşan psixoloqlar var. Testləri bu cür, hamı üçün paylaşmaq və nəticəsini yazmaq nə dərəcə düzgündür? Məqsəd nədir?

 

- Sosial şəbəkədə qarşımıza çıxan testlərin əksəriyyəti yanlışdır. Çox az hallarda doğru testlərlə qarşılaşa bilərsiniz. Bu gün asanlıqla tapılan IQ testlərinin birinin hazırlanması, təxminən 500-1000 dollara başa gəlir. Bu şəkildə hazırlanan testlər normalda 200 dollara satılır. Lakin internetdən pulsuz şəkildə əldə edilən testlər etibarlı sayıla bilməz. Psixoloqların paylaşdığı testlərə gəldikdə isə, bunun marketinq olub-olmaması barədə dəqiq bir fikir söyləmək çətindir, pasiyentin problemi haqda düzgün də deyə bilər. Lakin digər tərəfdən, əgər bir psixoloq kiməsə kömək edə biləcəyindən əmindirsə, bu halda öz bilik və bacarıqlarını nümayiş etdirməyində bir qəbahət görmürəm. Sabah kiməsə psixoloq lazım olduqda internetdə axtarış verdiyi zaman müxtəlif psixoloqların fikirləri ilə qarşılaşır və bu zaman seçim qarşısında qalır. Öz bilik və bacarığından əmin olan psixoloqun fikirləri ilə qarşılaşması onu əmin əllərə istiqamətləndirmiş olacaq. Lakin problemi olmayan insanları müxtəlif üsullarla terapiyaya cəlb etmək əlbəttə ki, heç etik sayılmır. Özümün dəfələrlə geri qaytardığım pasiyentlər olub. Yanıma hansısa problemlə gətiriblər, konsultasiyadan sonra demişəm ki, ehtiyac yoxdur, hər şey qaydasındadır. Bir çox hallarda valideynlər homoseksual övladlarını gətirirlər ki, siz danışın, hetereoseksual olsun. Axı bu düşüncə xətası deyil.

 

- “Hər şey beyində başlayır” deyilir. Beyin də rasional düşüncəni simvolizə edir. Ruhi aləm deyildikdə isə emosiyalar yada düşür. Uğurlu insan dedikdə də çox vaxt təsəvvürümüzdə ağılla hərəkət edən, emosiyalarını bir kənara qoymuş, soyuq, quru obraz canlanır. Biz ruhi aləmdən, emosiyalardan kənarda uğurlu ola bilərikmi? 

 

- Bu, bizim uğur anlayışına münasibətimizdən asılıdır. Sırf məntiqlə hərəkət edən insanlar kariyeralarında uğurlu ola bilərlər, amma sosial münasibətlərdə, ailə həyatlarında uğurlu ola bilmirlər. Əsas məsələ balansı təyin etməkdir. Duyğusuz robot olmaq lazım deyil, sadəcə duyğuların məntiqin önünə keçməsinə mane olmaq lazımdır.

 

- Sizinlə söhbət çox maraqlıdır, amma düşünürəm ki, bir az da davam etsək, oxucularımız yorula bilər. Buna görə də bəlkə növbəti mövzularda təkrar həmsöhbət olmaq niyyəti ilə hələlik söhbətimizə burada ara verək?

 

- Haqlısınız. Söhbətimiz mənim üçün də xoş oldu. Davamlı olsun...

Müəllif: Aləmdə Nəsib      19 İyul 2020 23:05
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin