Əsas səhifə Haqqımızda Xəbər lenti

“Kürəkçay” müqaviləsi – Sonun başlanğıcı

“Kürəkçay” müqaviləsi –             Sonun başlanğıcı

Xan xanlığı ağır vəziyyətdən çıxarmaq üçün bu tələbə boyun əydi…?

 

Son dönəmlər erməni siyasətçilərin özlərini Qarabağın etnik xalqı kimi təqdim etmələri barədə uydurmaları gündəmdədir. Bizdə isə bu uydurmalara tarixçilər, siyasətçilər tərəfindən hər hansı fakt gətirilərək əks reaksiya vermək, sanki heç kimə maraqlı deyil. Lakin ötən aylarda Münhendə Azərbaycan Prezidenti ilə Ermənistan Baş Nazirinin baş tutan debatında İlham Əliyev “Kürəkçay” müqaviləsini xatırladaraq, orada heç bir maddədə erməni əhali haqqında qeydlərin olmadığını bildirmişdi. Bu həftə də ölkə başçısı yerli televiziyalara verdiyi müsahibədə Azərbaycan-Ermənistan münasibətlərinə toxunarkən, “Kürəkçay” müqaviləsindən bəhs etdi.

 

Ümumiyyətlə, Azərbaycanda “Kürəkçay” müqaviləsi haqqında cəmiyyət məlumatlıdırmı? İstər dərsliklərdə, istərsə də elmi əsərlərdə, nədənsə bu müqavilənin üzərindən sadə anlaşma imiş kimi keçilir. Əslində, “Kürəkçay” müqaviləsi torpaqlarımızın qəsb olunmasının ən ağır dönəmində bağlanmış, dəhşətli sonumuzun başlanğıcı idi. Təəssüf ki, ölkəmizdə geniş xalq kütləsi Qarabağ xanlığının tarixini ancaq Səməd Vurğunun “Vaqif” dramı səviyyəsində bilir. Qarabağın öz tarixi isə, sanki 90-cı illərdə başladı və o illərdən bəri ancaq işğal günlərində xatırlanmaqdadır.

 

Qarabağın qədimdən çox keşməkeşli tarixi olub. Ərazinin əlverişli strateji mövqedə olması qonşu dövlətləri hər zaman bura cəlb edib. Qarabağ Azərbaycanın bağlı qapısı idi. O qapı açılardısa, ölkə əldən gedərdi.

 

“Kürəkçay” müqaviləsinə aparan səbəblər

 

Müqavilə ilə Azərbaycan tarixində faciələrin başlanğıcı qoyuldu. Gəncə xanlığı və Car-Balakən güc yolu ilə tabe etdirilsə də, Qarabağ xanlığı özü təslim oldu. Bu, digər xanlara da təsir etmişdi. Güclü xanlıq təslim aktı imzalayırdısa, artıq onların da güc göstərməsi mənasız idi.

 

Qarabağ xanlığının başı üzərində xanlıq yaranandan qara buludlar dövr edirdi. Lakin o buludlar dəf edilirdi. 1795-ci ildən fəallaşan Ağaməhəmməd Şah Qacar Azərbaycanın şimal xanlıqlarını tabe etmək üçün diplomatik gedişlər edir, onlara qiymətli hədiyyələr göndərərək Qacar şahlığına tabe olmağa dəvət edirdi. Şimali Azərbaycandakı xanlıqlar Qacar şahı ilə danışıqlara getmirdi. İbrahimxəlil xan isə susmadı. Daha irəli gedərək ona sərt cavab verdi və Qacarı İran taxt-tacının sahibi kimi tanımadığını bildirdi. Ağaməhəmməd şah səbr göstərərək daha bir elçi göndərdi.

(İbrahimxəlil xan)

 

Mirzə Adıgözəl bəy yazır ki, Şah Qarabağ xanına elçilərindən bir at yəhəri qiymətli daş-qaş, xələt və xüsusi hazırlanmış qılınc göndərdi, onu itaət etməyə, oğlunu isə Qacar sarayına girov göndərməyə dəvət etdi. İbrahimxəlil xan isə kəskin reaksiya verib, elçiləri saraydan göndərdi. O, daha çox  Lənkəran xanı Mir Mustafa xan, İrəvan xanı Məhəmməd xan və Kartli-Kaxetiya çarı II İrakli ilə bağladıqları andlı müqaviləyə güvənirdi. Belə ki, bu xanlar Qacarın itaət təklifini qəbul etməyəcək və müharibələr olardısa, bir-birilərinə kömək edəcəkdilər. Baxmayaraq ki, 1783-cü ildən II İrakli Rusiya imperiyası ilə “Georgiyevsk” müqaviləsi bağlamışdı və onlara itaət edirdi, amma nədənsə İbrahimxəlil xan ona güvənməkdə davam edirdi.

 

1801-ci ildə Rusiya imperiyasının başına I Aleksandr keçdi və Şərqi Gürcüstanda Kartli-Kaxetiya çarlığını ləğv edib, imperiyanın tərkibinə qatdı. Artıq Azərbaycan xanlarının işğalına da yol açılmışdı. Ardınca Car-Balakən işğal olundu. 1804-cü ildə isə Gəncənin işğalı ilə vəziyyət daha da gərginləşdi.

(İkinci İrakli)

 

Cənubda Fətəli Şah Qacar xanlıqları Rusiyanın tərkibinə keçmədən tabe etmək üçün hazırlıqlara başladı. Gəncənin işğalından sonra general Sisianov bütün xanlara məktub göndərərək, müharibəsiz, dağıntısız tabe olmalarını tələb etdi. İbrahimxəlil xana isə xüsusi təhqirlərlə dolu məktub ünvanladı. Çünki İbrahimxəlil xan onu rəqibi olan Gəncə xanlığı üzərində qələbəsi münasibətilə təbrik etməmişdi. O, məktubunda Qarabağ xanına Cavad xanın aqibətini xatırlatmış və tabe olmazsa, onun da sonunu gətirəcəyini bildirmişdi.

 

İbrahimxəlil xan Sisianovun düşərgəsinə danışıqlar üçün xanlığın nümayəndəsini göndərdi. Sisianov düşünürdü ki, nümayəndə hər hansı müqavilə üçün gəlib. Lakin elçi bildirdi ki, xan ona belə bir səlahiyyət verməyib. Bundan sonra Sisianov daha bir məktub yazaraq İbrahimxəlil xanı aşağıladı. Onu “qorxaq tülkü”, “dovşan” və “əsən yarpaq kimi zəif” adlandırdı. Lakin xan bu məktubların qarşısında sarsılmamışdı.

(Xanlıqda toplantı)

 

Sisianov Qarabağ xanlığının ərazisinin daha çətin olduğunu və xanlıq ordusunun Gəncə xanlığı ordusundan üç dəfə güclü olmasını nəzərə alaraq daha sonrakı məktublarında danışıq tərzini yumşaltdı. O, xanlığın və xanın irsiyyətliyini saxlamaq, ikinci oğlunu imperatorluğun Tiflis baş idarəsinə girov göndərmək, Şuşa qalasında rus qarnizonunun saxlanılmasına icazə və hər il 10 əşrəfi çevron xərac vermək şərti ilə xana Rusiya imperatorluğunun təbəəliyini qəbul etməyi təklif etdi. Bu təklifi xana çatdırmaq üçün mayor Starikov Qarabağa yola düşdü. Bu təklifdən sonra xan və vəzir-vəkillər Xan kəndində toplandılar.

 

“Kürəkçay” müqaviləsi

 

Mir Mehdi Xəzani adlı tarixçi yazır: “İbrahimxəlil xanın Rusiya imperiyasına itaət etməsinin səbəblərindən biri də Qacar şahlarının yürüşü zamanı xanlıq ərazisinin dağılması, zəifləməsi idi. Artıq qonşu xanlıqların Qarabağ xanlığına düşmənçilik etmələri ilə yanaşı sarayda da ixtilaflar başlamışdı. Xanın xanımları və onların övladları da bir-biriləri ilə düşmənçilik edir, qoca İbrahimxəlil xandan sonra hakimiyyətin kimə keçəcəyini çəkişirdilər”.

 

Tarixçinin fikrindən bu qənaətə gəlmək olur ki, xan xanlığı ağır vəziyyətdən çıxarmaq üçün bu itaətnaməni qəbul etdi.

(General Sisianov)

 

I Rus-Qacar müharibəsi (1804-1813) gedişində rusların İrəvan əməliyyatı uğurlu alınmamışdı. Baxmayaraq ki, Qacarlara sədaqətsiz davranan Məhəmməd xan İrəvan ətrafında rus qarnizonunun düşərgə salmasına icazə vermişdi, lakin onlar Abbas Mirzənin nizami ordusuna məğlub olmuşdular. Bu hadisə Sisianovu tələsik Qarabağ xanlığı ilə müqavilə bağlamağa sövq edirdi. Bir tərəfdən Fətəli şah da Qarabağ xanına məktub göndərərək, ondan itaət etməsini, böyük oğlunu sədaqət əlaməti olaraq Tehran sarayına girov göndərməsini istəyirdi. Hətta, süvari ordu komandanı Əbülfət ağanı 500 atlı ilə Qarabağa göndərdi. Əvvəl şahın təklifini qəbul etmək istəyən xanı oğlanları bu işdən çəkindirdilər və Əbülfət ağanın atlıları Şuşa qalasına daxil ola bilmədilər.

 

Fətəli şah isə hər nə olur-olsun, Qarabağı əldən vermək istəmirdi. Ona görə də o, xanlıq xəzinəsindən şah sarayına çatacaq illik gəliri saraya bağışladı və lazım olardısa, iki övladını da Qarabağ xanına girov verməyi təklif edirdi. Yetər ki, Rusiyaya itaət etməsin. Bütün bunlarla yanaşı, Əsgəranın hər iki tərəfində Abbas Mirzənin nizami ordusundan bir bölük yerləşdirib rusların qarşısını təmənnasız alacaqlarını da bildirdi. Bütün bu təkliflər İbrahimxəlil xana təsir etmədi. Bir tərəfdən isə Sisianov tələsir, artıq xanla diplomatik danışıqlar deyil, ultimatumla danışırdı. Lisaneviçi isə Şuşaya göndərmişdi...

1805-ci ilin martında razılaşma əldə edildi. Həmin il aprelin 7-də imperatora məktub yazan Sisianov bildirdi ki, Qarabağ xanı və onun qohumu Şəkili Səlim xan itaəti qəbul ediblər. Yaxın günlərdə müqavilə baş tutacaq. Qarabağ xanlığının xəzinəsi Gürcüstandakı rus hərbi xəzinəsinin xeyli zənginləşəcəyinin də müjdəçisidir.

 

1805-ci il 10 may. İbrahimxəlil xan və Şəkili Səlim xan öz adamları ilə birlikdə Gəncədən 20 verst (21 km) aralıda yerləşən Kürəkçay deyilən əraziyə gələrək düşərgə saldılar. Hazırlıqlar başa çatdı və may ayının 14-də müqavilə rəsmiləşdirildi. Giriş və 11 maddədən ibarət olan müqavilənin girişində imperatorluğun nümayəndəsi Sisianov və Qarabağ xanı İbrahimxəlil xanın bir-birilərinə böyük ehtiramla, razılıqla müqavilə bağladıqları əks olunur.

 

Müqavilənin maddələri isə aşağıdakı kimi idi:

 

- İbrahimxəlil xan İran və digər qonşu dövlətlərə itaət etməyəcəyinə dair and içir;

- Əlahəzrət imperator da öz növbəsində xanın təhlükəsizliyini qoruyur, onun irsiyyətinin davam edəcəyinə söz verir;

- Xan hakimiyyətinin ötürülməsi prinsipi razılaşdırılır. Xandan sonra onun böyük oğlu xan təyin ediləcək;

- Bu təyinat imperatorun xüsusi razılıq fərmanı ilə təsdiq ediləcək;

- Qafqazda rus imperatorunun hərbi komandanı ilə danışıqlar aparılmadan hər hansı qonşu hakimlər və xanlar ilə əlaqə saxlanılmayacaq. Əgər onlardan hər hansı məktublar gələrdisə, bu ərazidə yerləşdirilən qarnizonun generalı ilə birgə açılmalı idi;

- İmperator Qafqazdakı rus qoşunlarının komandanı Gürcüstan Baş Hərbi İdarəsi adından İbarhimxəlil xan və onun varislərinin Qarabağ xanlığındakı hakimiyyətini həmişəlik saxlamağa və xanın daxili siyasətdə tam müstəqil olduğuna təminat verirdi;

- Xanı və ailəsini qorumaq üçün rus dəstələri Şuşa qalasında yerləşdiriləcək. Əgər təhlükə yaranardısa, Gürcüstandakı baş idarə əlavə hərbi dəstələr göndərəcəkdi;

- Şuşada yerləşdirilən rus qarnizonunun bütün xərclərini xanlığın xəzinəsi qarşılayacaq;

- Qarabağ xanının Rusiya imperatorluğu xəzinəsinə illik xəracının miqdarı və ödəmə forması müəyyən edilirdi. Hər il 8 min əşrəfi çevron xəracın yarısı 1 fevraladək, digər yarısı isə 1 sentyabrda ödənilməli idi;

- Bundan əlavə, İbrahimxəlil xan və ondan sonra gələcən bütün xanlar öz ikinci oğullarını Tiflisə girov olaraq göndərəcəklər;

- Müqavilə qeyri-müəyyən müddətə bağlanılırdı.

 

Qarabağ xanlığı ilə müqavilə bağlandı və 22 mayda Şəki xanlığı da müqaviləni təsdiqlədi. Sisianov həmin gün, 22 maydan gec olmadan Şuşa qalasının açarını və “Kürəkçay” müqaviləsinin əslini imperatora göndərdi. İmperatorluğun genişlənməsi münasibətilə onu təbrik etdi. Bundan əlavə, o, sədaqətləri müqabilində İbrahimxəlil xana general-leytenant rütbəsi və aylıq məvacib, daş-qaşla bəzədilmiş qılınc, oğlu Məhəmmədhəsən ağaya general-mayor rütbəsi, aylıq məvacib verilməsini təklif etdi. Bu təkliflər Şəki xanı və onun böyük oğlu üçün də keçərli idi. İmperator I Aleksandır 6 iyul 1805-ci ildə təkilifi dəyərləndirdi və fərman imzaladı. Rus heyəti isə daha bir ay Qarabağda xanın qonağı olaraq dincəldi.

 

Daha sonra isə bu müqavilə Şamaxı xanlığı ilə də bağlandı.

 

Erməni yalanları

 

Göründüyü kimi bu başıbəlalı müqavilə Azərbaycanın Qarabağ xanı ilə bağlanıb. Burada ermənilərə aid hər hansı imtiyazlı maddə əlavə edilməyib.

 

Sovet dövründən bəri bizə qəbul etdirilən 5 erməni məlikliyi həmin dövrdə həqiqətənmi o adla mövcud idi? Erməni məlikliyi adlandırılan Vərəndə, Xaçın, Dizaq, Çiləbörd və Gülüstan məlikliklərinin əhalisi kimlərdən ibarət idi? Əgər erməni idilərsə, niyə Sisianov onlardan istifadə etmədi? Niyə onlar müqavilə bağlanarkən Kürəkçaya dəvət edilmədilər? Xanlığın 21 mahalından hansılarda onlar vardı? Tarixi mənbələr nə deyir?

 

Bütün bu sualların cavabı II yazıda.

 

Ardı var...

Müəllif: Şəhla Cabbarlı      11 İyul 2020 22:06
Tarix bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin