Baş Nazirin qərarı narahatlıqlara yol açıb: Təhsil haqları qalxacaq?

Baş Nazirin qərarı narahatlıqlara yol açıb:       Təhsil haqları qalxacaq?

Dövlət sifarişli bəzi ixtisasların xərclərinin artırılması cəmiyyətdə suallar yaradıb

 

Baş Nazir Əli Əsədovun bir neçə gün öncə imzaladığı 239 nömrəli qərara əsasən, 2020-2021-ci il tədris ili üçün dövlət hesabına təhsil alacaq bəzi ixtisaslar üzrə tələbələrin illik təhsil xərcləri artırılıb. Belə ki, bəstəkarlıq ixtisası üzrə 8200 manat, dekorativ sənət ixtisası üzrə 5200 manat, dirijorluq ixtisası üzrə 8200 manat, heykəltəraşlıq ixtisası üzrə 6000 manat, instrumental ifaçılıq ixtisası üzrə 8200 manat, musiqişünaslıq ixtisası üzrə 8200 manat, qrafika ixtisası üzrə 6000 manatı göstərmək olar.

 

Bu ixtisaslar üçün dövlət büdcəsindən illik xərclərin artırılması təəccüb doğurub. Əvvəla sual yaranır ki, universitetlərimizdə bu xərclərə cavab verəcək təhsil verilirmi? Hər kəsi narahat edən suallardan biri də odur ki, ödənişsiz əsaslarla təhsil alacaq tələbələrin illik təhsil xərclərinin artırılması ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik ödənişlərinin artmasına səbəb olacaqmı?

 

AYNA mövzu ətrafında təhsil ekspertləri ilə həmsöhbət olub.

Buraxılış imtahanlarında şagirdlərin 70-80 faizi aşağı qiymət alır ...

Elçin Əfəndinin sözlərinə görə, qərarda qeyd edilən məbləğlər dövlət sifarişi ilə təhsil alacaq bir tələbənin bir il ərzində çəkiləcək xərcləridir: “Bunu əsas götürərək demək olar ki,  artıq dövlət və özəl universitetlər də ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik qiymətlərini artıracaq. Əgər dövlət büdcəsindən bəstəkarlıq fakültəsində oxuyacaq bir tələbə üçün 8200 manat ayrılırsa, təbii ki, ödənişli əsaslarla oxuyacaq tələbədən də ən azı eyni xərcləri ödəmək üçün bu məbləğ alınacaq”.

 

“Pandemiya dövründə, insanların gəlirlərinin aşağı olduğu bir zamanda təhsil haqlarının artırılması insanlarda sıxıntı yaradacaq. Bu dövrdə ödənişli əsaslarla təhsil almaq istəyən tələbələr üçün indiki zamanda belə qiymətlərin tətbiq edilməsi doğru olmaz. Onu da qeyd edim ki, verilmiş məbləğlər həddindən artıq şişirdilmiş rəqəmlərdir. Məsələn, bəstəkarlıq fakültəsində təhsil alacaq tələbə üçün 8200 manat illik ödəniş doğru deyil. Axı bu gün bizim Üzeyir Hacıbəyov, Qara Qarayev səviyyəli bəstəkarlarımız yoxdur. Həm də bu gün bəstəkarlıq fakültəsində təhsil alan tələbələrə o qiymət müqabilində onlara təhsil verə bilmirik”, - ekspert deyib.

 

Müsahibimiz hesab edir ki, bu cür qiymət artımları təhsil sisteminə uğur gətirməyəcək: “Əksinə, insanlar ödənişli əsaslarla təhsil almaqdan imtina edəcəklər. Mən təklif edirəm ki, bu qədər böyük məbləğdə pullar ödənişsiz əsaslara dövlət büdcəsindən ayrılırsa, ödənişli əsaslarla təhsil ləğv olunsun. Bəlkə, bununla təhsildə rəqabət artımı ola bilər və təhsilə maraq yaranar. Əks halda təhsil haqqı artırılacaqsa, o zaman sadəcə ödənişli əsaslarla təklif olunan yerlərin əksəriyyəti boş qalacaq”.

 

E.Əfəndi başqa bir məqama da diqqət çəkib: “Onsuz da yeni tədris ili onlayn keçiriləcək və verdiyimiz onlayn təhsilin keyfiyyəti də o qədər ürəkaçan deyil. Bu cür şərtlərlə qiymət qaldırmaq doğru deyil”.

 

Kamran Əsədovun dediyinə görə, təhsil terminologiyasında iki ifadə var: “Təhsil xərci və təhsil haqqı. Bunlar bir-birindən fərqli anlayışlardır. Baş Nazir tərəfindən imzalanan qərarda bir kadrın hazırlanması üçün illik xərclər nəzərdə tutulur. Təbii ki, bu vəsaiti tələbələr arasında bölüşdürəndə ortaya fərqli rəqəmlər çıxır. 8200 manatın qeyd edilməsi o demək deyil ki, ixtisasın ödənişli əsaslarının təhsil haqqı o qiymətə olacaq. Bu, dövlət sifarişi üzrə kadrın hazırlanması üçün dövlət büdcəsindən ayrılan vəsaitdir. Təhsil haqqı isə ünuversitetin bir kadr üçün çəkdiyi xərclərə görə müəyyən edilir. Məsələn, tələbə sinifdə olan zaman xərclənən elektrik enerjisinin pulu, auditoriyanın təmizlənməsi, müəllimlərin əməkhaqlarının verilməsi və s”.

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

“Yəni, qeyd olunan rəqəmlər məhz təhsil haqqı yox, təhsil xərcləridir. Ona görə abituriyentlər və valideynlər təşvişə düşməməlidir. Ali təhsil müəssisələrində illik təhsil haqları ölkədə gedən inflyasiyaya görə dəyişir. Xərclər artanda təhsil haqları da artırılır. Nəzərə alaq ki, pandemiya dövründə hansısa inflyasiya qeydə alınmadı. Həmçinin təhsilin onlayn rejimə keçirilməsi nəticəsində tələbələr üçün ikinci semestr boyu nəzərdə tutulan xərclər universitin büdcəsində qaldı. Deməli, həmin büdcə qaldığı üçün, həmçinin inflyasiya gözlənilmədiyi üçün bu il ödənişli təhsil haqlarında artım gözlənilmir”, - ekspert bildirib.

 

“Məsələnin ikinci tərəfi isə təhsil haqlarının reallığı əks etdirməməsidir. Azərbaycanda ali təhsil əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı həyata keçirmir. Azərbaycanda, hətta pulsuz ali təhsil belə, bahadır. Əslində, bir çox ixtisaslar əmək bazarının tələblərinə cavab vermədiyi üçün yenilənməlidir. Ədəbiyyat siyahıları köhnəlib, yeni tədris sistemləri tətbiq edilmir. Universitetlər kağız üzərində bəzən xərclərini şişirdir. Real olmayan xərclər yazırlar. Məsələn, tələbənin ezamiyyə xərcləri, laboratoriya xərcləri də əlavə edilir. Və yaxud da tələbənin təhsil haqqına süni xidmətlər qeyd olunur. Nəticədə real olmayan təhsil haqları yaranır. Bu məsələlər diqqətdə olmalı və həllini tapmalıdır”, - Əsədov vurğulayıb.

Müəllif: Təranə Xudabaxşiyeva      10 İyul 2020 23:08
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin