COVID-19 xəstələrinin evdə müalicəsinin DETALLARI

COVID-19 xəstələrinin evdə müalicəsinin     DETALLARI

Nelli Veysova: “Bir gündən üç günə qədər testin cavabı SMS vasitəsilə vətəndaşa bildirilir”

 

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən COVID-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesi bəyan edilib. AYNA xəbər verir ki, Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova onlayn müsahibəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən COVID-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesi haqqında ətraflı danışdı.

 

Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupuna verilən ən mühüm suallardan biri koronavirusa yoluxma şübhəsi olan vətəndaşlar nə etməli sualını cavablandıraraq, Nelli Veysova bildirib ki, yoluxma şübhəsi yarandıqda ilk addım - poliklinikaya telefon zəngi vasitəsilə müraciət etməkdir: “Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır. Yalnız bu həkimin qərarının əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVID-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir. Bir gündən üç günə qədər testin cavabı SMS vasitəsilə vətəndaşa bildirilir və bu müddət ərzində COVID-19 virusuna yoluxma şübhəsi ilə müraciət edən şəxsin vəziyyəti sahə həkimi tərəfindən izlənilir. Test nəticəsi müsbət olan təqdirdə həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur”.

 

“Sahə həkimləri COVID-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq, müşahidə edirlər. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir. Eyni zamanda xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər”, - deyə Veysova vurğulayıb.

 

Baş Səhiyyə İdarəsinin rəisinin onlayn müsahibəsində qeyd olunub ki, digər infeksion xəstəliklərlə yanaşı COVID-19-un da inkubasiya dövrü 21 gün təşkil edir və bu səbəbdən yoluxmuş xəstələrə həmin müddət ərzində yaşayış yerlərini tərk etməyə icazə verilmir: “Gəlin özümüzü və əzizlərimizi birlikdə qoruyaq!”.

Müəllif: Ayna.az      8 İyul 2020 15:03
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin