İki ildir axtarışda idilər, yaxalandılar

İki ildir axtarışda idilər, yaxalandılar

Xızı polisi əməliyyat keçirib

 

Xızıda iki ildir axtarışda olan şəxslər tutulublar. Bununla bağlı AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Məlumatda qeyd olunub ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şurabad qəsəbəsi ərazisində törətdiyi cinayət hadisələrinə görə 2018-ci ildən Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - bu maddə də nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə axtarışda olan Sumqayıt şəhər sakini Ağabala Səlimov yaşadığı şəhər ərazisində tutularaq RPŞ-nə gətirilib.

 

Ağabala Səlimov ətrafında həyata keçirilən əməliyyat-istintaq hərəkətləri nəticəsində onun qeyd olunan hadisəni qohumu Samir Rzayev və tanışı Fariz Tağıyevlə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında törətdiyi məlum olub.

 

Polis əməkdaşları tərəfindən S.Rzayev və F.Tağıyev də yaşadıqları Sumqayıt şəhəri ərazisində saxlanılaraq Xızı RPŞ-nin İstintaq Qrupuna təhvil veriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, Ağabala Səlimov qohumu Samir Rzayev və tanışı Fariz Tağıyevlə qabaqcadan əlbir olaraq 2018-ci ilin iyul ayının 10-da Xızı rayonunun Şurabad qəsəbəsinə gələrək, burada əvvəllərdən ədavəti olduğu Orxan Bayramovla mübahisə ediblər. Mübahisə nəticəsində həmin şəxslər Orxan Bayramova və tanışı Elbrus Atakişiyevə bıçaqla xəsarət yetirərək, hadisə yerindən uzaqlaşıblar.

Müəllif: Ayna.az      8 İyul 2020 11:36
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin