“Koronavirusdan sağalan insan başqasını yoluxdurmur” - Baş pediatr

“Koronavirusdan sağalan insan başqasını yoluxdurmur” -         Baş pediatr

Nəsib Quliyev: “Çünki viruslara qarşı əmələ gələn immunitet ən azı altı ay davam edir”

 

“İnsan o vaxt koronavirusa yoluxmaya bilər ki, peyvənd olunsun və bədənində immunitet yaransın. Yaxud da, onun bədənində anadangəlmə koronavirusdan qoruyan immuncismlər olsun ki, bu da mümkün deyil. Ona görə, yoluxmamağın birinci yolu insan orqanizminin sağlamlıq vəziyyətidir. İnsan tam sağlamdırsa, ümumi immunitetlə koronavirusla mübarizə apara bilir, qalib gəlir". AYNA xəbər verir ki, bu sözləri AzTV-nin “Çıxışa doğru” verilişində Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib.

 

Professor bildirib ki, hazırda koronavirusun nə spesifik müalicə metodu var, nə də ki, immunitet yaratmaq üçün vaksin var: "Ona görə də, qorunmaq üçün 3 sadə tələbə əməl olunmalıdır. Bunlar da, maska geyinmək, məsafə qorumaq və gigiyenik qaydalara riayət etməkdir".

 

N.Quliyev qeyd edib ki, insanlar xəstəliyin ilk əlamətlərini hiss edən kimi tibb işçisinə müraciət etməlidirlər: “Dövlətimiz yüksək səviyyədə tibbi xidmət sahələri yaradıb. Dünyanın çox yerində bu sayda və bu səviyyədə ambulator tibb müəssisələri, poliklinikalar yoxdur. Hamını əhatə edən sahə həkimləri var. Onlara müraciət edərək, müalicə ilə bu bəladan yaxa qurtarmaq olar”.

 

“Bu xəstəliyi keçirib sağalan şəxsdə immunitet formalaşır. Həmin adamın başqasını yoluxdurmaq ehtimalı olmur. Sağalan insanın özü də tezliklə yenidən yoluxmur. Çünki viruslara qarşı əmələ gələn immunitet ən azı altı ay davam edir”, - deyə baş pediatr vurğulayıb.

 

Professor yaranmış vəziyyətlə bağlı vətəndaşlara müraciət edib: “Vətəndaşlarımız biz tibb işçilərinə dəstək versinlər. Onlar özlərini xəstəlikdən qorumaqla bizə çox böyük kömək etmiş olurlar. Əks təqdirdə, yoluxma zəncirini qırmaq asan olmur. Deyilən yalan informasiyaları hər kəs bir kənara atıb, bacardığı qədər tibb işçilərinə dəstək versin ki, koronavirus bəlasına birgə qalib gələ bilək”.

Müəllif: Ayna.az      6 İyul 2020 23:37
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin