Poliklinikalar dərdə dərman ola bilmir – Evdə müalicə problemi

Poliklinikalar dərdə dərman ola bilmir –           Evdə müalicə problemi

Baş infeksionist: “Dərmanların hansısa poliklinikaya vaxtında verilməməsi mümkündür”

 

Ötən günlərdə “Pandemiya dövlətin nəzarətindədir, amma dərmanı vətəndaş alsın” başlıqlı məqalə yayınlamışdıq. Məqalədə deyilirdi ki, evdə müalicəsi aparılan asimptomatik koronovirus xəstələri dərmanları öz hesablarına almalıdırlar.

 

Məqalə dərc olunduqdan bir neçə gün sonra, yəni iyulun 1-də Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirdi ki, evdə müalicə olunan xəstələr pulsuz dərmanlarla təmin olunur: "Dərman xəstələrə poliklinikalar vasitəsilə çatdırılacaq".

 

AYNA əməkdaşı koronavirusa yoluxan asimptomatik xəstələrin həqiqətən də pulsuz dərmanlarla təmin edilib-edilmədiyini yoxlamaq qərarına gəlib və bunun üçün COVID-19-a yoluxma sayına görə lider olan Bakının Yasamal və Binəqədi rayonlarında yerləşən poliklinikalara müraciət edib.

 

Yasamal rayonu ərazisində yerləşən 19 nömrəli poliklinikanın əməkdaşı deyib ki, ərazilərində yaşayan bütün koronavirus xəstələri lazımi dərmanlarla təmin olunur.

 

Ancaq Binəqədi rayonu ərazisində yerləşən 15 nömrəli poliklinikadan koronavirus xəstələrinin müalicəsi üçün lazım olan dərmanların olmadığını bildiriblər.

 

Bundan başqa, Sabunçu rayonu ərazisində yerləşən 12 nömrəli poliklinikaya da müraciətimiz olub. Oradan verilən məlumata görə, onlar gündəlik evdə müalicə alan yalnız beş xəstəyə dərman verə bilmək iqtidarındadırlar: “Ərazimizdə koronavirusa yoluxmuş xəstələrin sayı çoxdur. Onlar öz növbələrini gözləməli olacaqlar”.

 

Respublikanın baş infeksionisti Cəlal İsayevin AYNA-ya dediyinə görə, koronavirusa yoluxmuş bütün asimptomatik xəstələr həqiqətən pulsuz dərman vasitələri ilə təmin olunurlar. Bəzi poliklinikalarda dərmanların olmaması və ya çatışmaması məsələsinə münasibət bildirən İsayev deyib ki, koronavirus xəstələrinin dərmanlarla pulsuz təmin edilməsi prosesi bu həftə başlayıb.

 

“Buna görə də lazımi dərmanların hansısa poliklinikaya vaxtında verilməməsi mümkündür. Düşünürəm ki, bu problem tezliklə həll ediləcək”, - baş infeksionist vurğulayıb.

Müəllif: Rəşad Rüstəmov      8 İyul 2020 13:29
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin