Oyun içində oyun: “Pokeri masada görsəniz, təəccüblənməyin”

Oyun içində oyun: “Pokeri masada görsəniz, təəccüblənməyin”

Natiq Bağırov: “Biz proqnozlaşdırılması mümkün olmayan bir dünyada yaşayırıq”

 

Belarus Respublikasının Əməkdar idman ustası, sambo və cüdo üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş həmyerlimiz Natiq Bağırov AYNA-ya müsahibəsində maraqlı mətləblərə toxunub. Beləliklə:

 

- Böyük idman dünyasında əsas, təəssüf ki, kədərli xəbərlərdən biri UFC versiyası üzrə yüngül çəkidə dünya çempionu Həbib  Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun ölümü oldu. Bildiyimə görə, Abdulmanap Nurməhəmmədov ilə şəxsən tanış idiniz. Onunla bağlı hansı xatirələriniz var, o, necə idmançı olub?

 

- Bəli, Abdulmanap Nurməhəmmədovu çox yaxşı tanıyırdım. Son vaxtlara qədər danışırdıq. Daha dəqiq desək, aprelin 28-də mənə telefonla səsli mesaj göndərdi, sağaldığını, çətinliklərin bitdiyini söylədi. Təəssüf ki, hər şey sonunda belə oldu. Necə idmançı idi? Sərbəst güləş üzrə SSRİ idman ustası, cüdo və sambo üzrə Ukrayna çempionu idi. Təkcə bu göstəricilər onun çox istedadlı, çox güclü bir idmançı olduğunu deməyə əsas verir. Uğurlu idmançılar yetişdirən mükəmməl bir məşqçi, əsl söz sahibi idi. Bununla yanaşı, nisbətən qısa ömründə insanlar üçün çox yaxşı işlər görməyi bacaran, mehriban, asanlıqla ünsiyyət quran, səxavətli bir insan idi. Allah rəhmət eləsin!

- Şübhəsiz ki, onun ən yaxşı tələbəsi oğlu Həbib Nurməhəmmədovdur. Sizcə, Həbibin uğurunun, yenilməzliyinin sirri nədir və onu ideal döyüşçü hesab edirsinizmi?

 

- Hər bir idmançının, hətta böyük çempionların da üstün və güclü cəhətləri ilə yanaşı mənfi cəhətləri də var. Eyni zamanda, dəqiq zərbə vurmağı öyrənməyin çox çətin bir iş olmadığını qeyd edirəm. Ancaq yaxşı güləşmək, mübarizə aparmağı öyrənmək üçün illərlə tər tökmək lazımdır. Özümün də yaxşı tanıdığım Həbib, hər şeydən əvvəl, bir güləşçi kimi inanılmaz dərəcədə güclüdür. Ancaq onun unikallığı universallığında və stabilliyindədir. Zərbə texnikasında da çox yaxşıdır. Həbib döyüşünü əvvəlcədən planlayan və “kozır”ları əldən verməyən çox ağıllı döyüşçüdür. Bütün bunlar, mənə elə gəlir ki, ona daha çox qələbə qazanmağa kömək edir.

 

- Kimsə indi Həbib Nurməhəmmədovu məğlub edə bilər?

 

- Güclü döyüşçülər çoxdur. Bəli, bunların arasında ən güclü və sabit döyüş göstərəni Həbibdir. Ancaq eyni zamanda, qeyd etmək istəyirəm ki, arıqlamaqdan tutmuş döyüşçülərin psixoloji vəziyyətinə qədər bir çox amillər istənilən döyüşün nəticəsinə təsir göstərə bilər. Üstəlik, əvvəllər alınmış və tam sağalmayan xəsarətlər də özlərini yada sala bilərlər. Müasir döyüşlər qədim qladiator döyüşlərini xatırladır. Odur ki, qalibi bəri başdan söyləmək heç də həmişə doğru çıxmır.

 

- Rafael Ağayev Azərbaycan idman tarixinin ən titullu karateçisidir. On bir dəfə Avropa, beş dəfə dünya çempionu olub. Necə düşünürsünüz, o, oktaqonda bəxtini sınaya bilərmi?

 

- Bildiyim qədər, Rafael Ağayev cüdo güləşi ilə də məşğul olub. Statistikaya görə, cüdoçuların və sambo güləşçilərinin, ümumilikdə oktaqonda qalib gəlmə ehtimalı daha yüksəkdir. Bundan əlavə, Ağayevin döyüşlərdə tez-tez güləş texnikalarından necə istifadə etdiyini, parlaq qələbələr qazandığını görmüşük. Eyni zamanda, inanılmaz dərəcədə unikal zərbəyə malik bir idmançıdır. Ancaq yenə də karate və oktaqonda döyüşlər tamamilə fərqli şeylərdir. Rafael Ağayevə də bu döyüşlərdə iştirak etməyi məsləhət görməzdim. O, artıq dünya idman tarixinə adını qızıl hərflərlə yazdırıb. Yeri gəlmişkən, gözümün qabağında böyümüş Zabit Səmədovla bağlı da eyni fikirləri deyə bilərəm. O, parlaq kikboksçudur, WBC versiyasında muay-tay  kikboksinq üzrə dünya çempionudur. Bir vaxtlar ona oktaqonda döyüşlərdə iştirak etməyi məsləhət görmüşəm. Bu, fərqli bir döyüş növüdür.

 

- Bu il növbəti Yay Olimpiya Oyunları Tokioda keçirilməli idi. Lakin, koronavirus pandemiyası səbəbindən gələn ilə keçirdilər. Əlbəttə ki, bu, idmançılara böyük zərbədir. Onların bir çoxu üçün olimpiadada iştirak idman həyatında əsas hadisədir. Gələn il hansı formada olacağı məlum deyil. Bütün bunlara əsaslanaraq, bu olimpiadanın gələn ilə təxirə salınması nə dərəcədə düzgün qərar idi? Bəlkə vaxtı dəyişməyib, Olimpiadanı tamaşaçısız keçirmək daha yaxşı idi?

 

- Sizinlə tamamilə razıyam ki, hər hansı bir idmançı üçün olimpiadada iştirak etmək və bundan da daha çox qələbə qazanmaq onun karyerasının zirvəsidir. Bütün olimpiya təsnifatı dövrü boyunca ardıcıl yüksək nəticələr göstərməklə, olimpiadaya hazırlaşmaq, formanı sonadək yüksəkdə saxlamaq çox çətindir. İdmançıların həyatlarında əsas yarışların vaxtının bir illik dəyişməsini öyrənməsi onların çoxu üçün faciəlidir! Bəli, səbəb çox ciddidir - dünyada hər gün minlərlə insanı öldürən koronavirus pandemiyası hökm sürür. Ancaq problem də elə budur. Axı gələn il dünyanın COVID-19-un öhdəsindən gələcəyinə heç kim zəmanət vermir. Ancaq idmançılara ən vacibi odur ki, yarışa hazır olmaq üçün dəqiq bir yarış cədvəli olmalıdır! Olimpiadanın tamaşaçısız keçirilməsinin mümkünlüyü barədə mübahisə edərək, başa düşmək lazımdır ki, ən böyük və ən vacib idman yarışması olan olimpiada çoxdan kifayət qədər siyasiləşib. Bu günün reallığı budur.

 

- Və təəssüf ki, təkcə siyasiləşməkdən danışmırıq. Mütəxəssislər deyirlər ki, indiki idmanda əvvəllər görünməmiş tendensiyalar populyarlaşır. Şou əsl idmanı əvəz etməyə başlayıb? Bu baxımdan, gələcək olimpiya oyunlarını necə görürüsünüz?

 

- Mən öncəgörən omasam da, sizin düzgün olaraq qeyd etdiyiniz meylləri çox kədərlə müşahidə edirəm. Bir müddətdən sonra poker və ya stolüstü futbolun olimpiya “idman növü” elan olunmasının şahidi olsam, təəccüblənmərəm. Bununla yanaşı, inkişaf etmiş ənənəvi idman növlərinin Olimpiya Oyunlarının proqramından çıxarılmasının da şahidi ola bilərik. Söhbət ilk dəfə 1896-cı ildə Afinadan başlayaraq, bütün olimpiadaların proqramında olan idman növlərindən gedir. Və bütün bu dəhşətə hüquqi "əsaslandırma" verilə bilər. Bəli, biz həqiqətən də proqnozverləməyən bir dünyada yaşayırıq. Yüksək dərəcələr əldə edilən idman növləri, təəssüf ki, bundan zərər görə bilər.

Müəllif: Əkbər Həsənov      7 İyul 2020 22:58
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin