Bakıda koronavirus ocağı: Biz bu dəhşətin içərisində yaşamaq istəyirik? – FOTOLAR

Bakıda koronavirus ocağı: Biz bu dəhşətin içərisində yaşamaq istəyirik? –           FOTOLAR

Müşahidələr onu deməyə əsas verir ki, hələ də çoxları üçün sosial məsuliyyət anlayışı heç bir məna ifadə etmir

 

Azərbaycanda xüsusi karantin rejimi iyulun 20-dək uzadılıb. Rejimin sərtləşməsi COVID-19 infeksiyasının dəyişməyən artım dinamikası ilə əlaqədardır. Ölkədə, həmçinin tibbi maskalar taxmamaq üçün cərimələr də tətbiq olunur.

 

Bir müddət əvvəl qəbul edilən qadağalara görə, hər hansı bir sərnişinin maska olmadan avtobusa minməsi halında, avtobusun dayanacaqdan çıxmağa ixtiyarı yox idi. Avtobuslarda maskalar olmadan minməyin qadağan edilməsi xəbərdarlıqları ilə stikerlər yapışdırılıb.

 

Məncə, bu, çox gecikmiş bir qərar idi. Bütün ictimai nəqliyyat növlərində maska taxmaq tələbi Bakı metrosu ilə eyni vaxtda qəbul edilməli idi. Ancaq necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdir. Bəs, ictimai nəqliyyatda bu qadağalara əməl edilirmi?

 

İşlərimlə əlaqədar Bakının Nizami rayonundakı “Səkkizinci kilometr bazarı”na getmək qərarına gəldim. Bakıətarfı kəndlərdən “Koroğlu” metrostansiyasına gedən avtobusa minəndə gördüm ki, qadağaya baxmayaraq, bəzi sərnişinlər avtobusda maskasız oturublar. Bir neçə dəqiqədən sonra avtobus sürücüsü yerinə oturdu. Ağzına taxılmaq üçün olan maska çənəsində, maska taxmayan sərnişinlərə də heç nə demədən yola düşdü.

 

Son dayanacağa - "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə çatdıq. Kabinədən çıxıb qovşağı gəzərkən, maskaları ağızlarında yox, sinələrində olan bir neçə dispetçer və polis əməkdaşlarını da gördüm.

 

Oradan bazara yollanmaq üçün “Bakubus”ın avtobusuna mindim. Burada hər şey çox səliqəli görünürdü - maskalı sərnişinlər. Bəziləri maska ilə yalnız ağızlarını örtmüşdülər, amma içəri daxil olan dispetçer sərnişinlərdən ağızlarını və burunlarını tamamilə örtərək maskalardan düzgün istifadə etmələrini istədi. Bu cür sosial məsuliyyət təqdirəlayiqdir. Lakin, nədənsə dispetçer yalnız sərnişinlərdən bunu tələb etdi. Maskası ağzında yox, çənəsində olan sürücünü isə “görmədi”.

 

Avtobus bizi bazara çatdırdı. Və gördüklərimdən şoka düşdüyümü desəm, yalan olmaz. Təsəvvür edin ki, bazar ərazisində gəzişən səyyar satıcılar sadə mallarını - corab, telefon üçün qulaqcıq, ağcaqanad dərmanı və sair təklif edirlər. Onların əksəriyyəti maskasızdır, olanlar da qoruyucu vasitəni çənələrinə taxıblar.

 

Həmişə olduğu kimi, bazar ətrafında anitisanitariya yuvasına çevrilmiş zibilliklər. Karantinə baxmayaraq burada canlanma var və şıdırığı alver gedir. Burada gündə neçə insanın koronavirusa yoluxa biləcəyini təsəvvür etmək belə, qorxuncdur. Pandemiyadan əvvəl də bu bazarda  antisanitar vəziyyət hökm sürürdü, amma bu gün durum COVID-19-un geniş yayılması ilə daha da ağırlaşır.

 

Ümumiyyətlə, evdən çıxıb, avtobusa minib bu bazara gələnə qədər müşahidə etdiklərimdən belə qənaətə gəldim ki, hələ də çoxları üçün sosial məsuliyyət anlayışı heç bir məna ifadə etmir. İnsanlar, sadəcə diqqətsizliyi, laqeydliyi ilə başqalarının ölümünə səbəb ola biləcəyini başa düşmək istəmirlər. Belə çıxır ki, hamımız hələ uzun müddət bu dəhşətin içərisində yaşamaq istəyirik?!

Fotoları təqdim edirik
Müəllif: Asif Aydınlı      5 İyul 2020 18:11
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin