“Tək qəzetləri deyil, bütövlükdə medianı düşünmək lazımdır”

“Tək qəzetləri deyil, bütövlükdə medianı düşünmək lazımdır”

Bahəddin Həziyev: “Biz yaxşı qəzet istəyirik, amma satış bazarı yox. Güclü elektron media istəyirik, amma internet yerlə sürünür”

 

“18 qəzetə dövlət yardımı ayrıldı. Bu yardıma haqqı çatanları təbrik edirəm. “Bizim Yol” olaraq biz bu müsabiqədə iştirak etmədiyimiz üçün verilən qərarı şərh etmək bəlkə də doğru olmaz. Ancaq az-çox bu sahədə təcrübəsi olan bir media mənsubu kimi fikrimi bildirmək istərdim”. AYNA xəbər verir ki, bu sözləri “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) qəzetlərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə nəticələrinə münasibət bildirərkən deyib.

 

Həziyev vurğulayıb ki, qəzet şəhər mədəniyyətinin, ümumi mədəniyyətin bir hissəsidir: “Onun oxucuları varsa, yaşamaq haqqı da var. Ancaq normal yayım, abunə imkanları olmasa, biz bilə bilmərik, qəzetin gerçəkdən oxucusu varmı, yoxmu? Metroda qəzet, kitab satışı olmasa, ictimai yerlərdə - aqoralarda səyyar yayıma imkan verilməsə, ümumiyyətlə, yaradıcılıq üçün azadlıq və satış üçün bazar olmasa, biz print mediadan inkişaf gözləyə bilmərik. Susuz hovuzda üzmək mümkün deyil. Yayım, reklam, abunə sistemi ilə bağlı problemlər 2013-cü ilin noyabrında qəzet redaktorlarının ölkə Prezidenti ilə görüşündə də müzakirə olunmuşdu, göstərişlər də verildi. Ancaq 7 ilə yaxın vaxt keçib, vəziyyət dəyişməyib. Daha doğrusu, dəyişdi, amma yaxşıya doğru deyil. "Qaya" firması, Xanhüseyn Əliyev illərdir ki, dövlətdənkənar, məmurdankənar - alternativ və keyfiyyətli yayım sistemi nümunəsini yaşatmaq üçün demək olar ki, təkbaşına mübarizə aparır”.

Bahəddin Həziyev: “Reportyorluğu baş redaktorluqdan daha üstün ...

“Düşünürəm ki, KİVDF də bir dövlət qurumu olaraq, qəzetlərin metroda, eləcə də, küçədə satışının bərpa olunması məsələsinə dəstək versə, yaxşı bir iş görmüş olar. Səyyar qəzet satışını bərpa edib vergi uçotuna alaraq səyyar satıcıların fəaliyyətinə imkan vermək lazımdır. Eyni zamanda yayım firmalarına daha geniş imkanlar yaratmaq olar ki, köşklərin sayını artırsınlar. Bizim poçt sistemimiz tənəzzüldədir. Məlumdur ki, anında (və toplu) onlayn mesajlaşma imkanları olan bir zamanda poçtların bu baxımdan rolu azalıb. Ancaq qəzet yayımını həm də poçt sistemi üzərindən dirçəltsək, poçtu da dəstəkləmiş oluruq. Poçt sistemi üzərindən reklam işini də qurmaq olar. Baltik respublikalarının, eləcə də uzağa getmədən, heç olmasa Qazaxıstanın təcrübəsini öyrənmək olar”, - deyə baş redaktor əlavə edib.

 

B.Həziyevin qənaətincə təbii ki, bütün bunlar hazırda tüğyan edən pandemiya fonunda yersiz görünə bilər: “Ancaq biz bu virusla uzun müddət yanaşı yaşamağa, ayaqda, həyatda qalmağa çalışacağıq. Həyat davam edirsə, qəzetin də həyatımızda bir yeri və payı varsa, onun da yaşamasının yollarını axtarmalıyıq. Bununla belə bütün hallarda medianın elektron seqmentinin inkişaf perspektivi və önəmi daha böyükdür. Print medianın daşıyıcısı kağızdır. TV-lərinki, radionunku yayım tezlikləridir. İnternet medianın - internet TV-lərin və saytlarınkı internet trafikidir. Hamısının ümumi dəstəkçisi sosial şəbəkələrdir. Azərbaycanda internet medianın problemləri qəzetlərinkindən az deyil. Ən əsas da internetin sürəti və keyfiyyəti çox bərbaddır. Biz yaxşı qəzet istəyirik, amma satış bazarı yox. Güclü elektron media istəyirik, amma internet yerlə sürünür. Bu problemlərin həllinə də diqqət ayırmaq lazımdır. Tək qəzetləri deyil, bütövlükdə medianı düşünmək gərəkdir”.

 

“Bizim Yol” rəhbərinin qəzetlərə yardımla bağlı öz təklifləri var: “Bunu media siyasətini müəyyən edən keçmiş məmurlara da publik və fərdi qaydada dəfələrlə demişdim. Mənim fikrimcə, dövlət yardımını redaksiyalara oxucular vasitəsilə çatdırmaq mexanizmini tətbiq etmək olar. Qəzətin “oxucularını dəstəkləmək” mexanizmi ilə. Bu, qəzetlərin daha sürətlə inkişaf etməsinə səbəb olacaq. Bəlkə də "oxucuları dəstəkləmək" ifadəsi qəribə səslənir. Ancaq bununla bağlı konkret təkliflərim var. Söhbət redaksiyaları dəstəkləməyin daha səmərəli mexanizmindən gedir. Media siyasətinə məsul olan qurumlar üçün, o cümlədən, KİVDF üçün maraqlı olarsa, təkliflərimi təqdim edə bilərəm. O cümlədən, elektron media seqmentinin inkişafı, qəzet satışı bazarının bərpası yolları və sair haqda”.

KİVDF-nin yeni tərkibini təsdiqləndi: yeni adlar

“525-ci qəzet”in və “Şərq” qəzetinin gündəlik nəşrini bərpa etməsinə sevindim. Rəşad Məcisd, Akif Aşırlı başda olmaqla bu qəzetlərdə çalışan bütün dostları, həmkarlarımı təbrik edirəm. "Həftə İçi" qəzetinin dövrülüyünün azalmasına təəssüfləndim. Sevinc Seyidovaya keçmiş olsun deyirəm. Hər halda, görünür, meyarlara uyğun olmayan hallar da var. Əlbəttə, ideal heç nə olmur. Bu siyahıda da haqq edən və haqq etməyən qəzetlər mütləq vardır. Təkmilləşmənin sonu yoxdur. Bundan sonrasına baxmaq lazımdır. Məncə, KİVDF tiraj, satış kimi göstəricilərlə yanaşı, qəzetin məzmun keyfiyyətini, ictimai rəydəki yerini və sair real media parametrlərini də nəzərə alsa, daha yaxşı olardı. Dövlət resursları hesabına, büdcə təşkilatları işçilərini onların öz iradələri əleyhinə hansısa boz, anlamsız qəzetlərə abunə yazdırıb, sonra da o qəzetlərə ən yüksək məbləğdə yardım ayırmaq nə dərəcədə doğrudur?! Bu, əvvəlki illərdə də olub. Dövlət bu şəkildə bir qəzeti iki dəfə maliyyələşdirmiş olur. Bəlkə o adamlar zorla abunə edildikləri A qəzetini deyil, öz məzmunu və yayımı hesabına oxucu toplamağa çalışan B, C, D qəzetlərini oxumaq istəyərdi?! Kimin hansı qəzeti oxumağını və ya oxumamağını əvvəldən diqtə etmək olmaz. Nəticə belə alınıb ki, dövlət resursu ilə məcburi abunə hesabına hazır tirajlar əldə edən bəzi qəzetlər üstəlik KİVDF vasitəsilə ən yüksək məbləğdə yardım alıb gündəlik nəşr olunur, ancaq məsələn, "Novoye vremya" kimi çox geniş və mühüm auditoriyaya xitab edən, öz yaradıcılıq məhsulu ilə seçilən məzmunlu qəzet günaşırı, yaxud "Unikal" kimi operativ xəbər kontenti və araşdırmaları olan qəzet həftəlik çıxacaq. Məncə, dövlət yardımı ayrılarkən bundan sonra özəl kontent meyarına daha çox diqqət yetirilsə, eləcə də, internet medianın inkişafı da düşünülsə, yaxşı olar. Hər kəsə uğurlar!”, - deyə Həziyev sonda vurğulayıb. 

Müəllif: Ayna.az      5 İyul 2020 12:40
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin