Parlament kənarda, hökumət qarışmır və nəticə: “Siqaret təkrar bahalaşacaq”

Parlament kənarda, hökumət qarışmır və nəticə:         “Siqaret təkrar bahalaşacaq”

Pandemiyadan dolayı iqtisadi problemlərin, gərginliliyin yaşandığı bir dönəmdə qiymət artımı kimə və niyə lazımdır?

 

Azərbaycanda tütün məhsullarının qiyməti yenidən bahalaşıb. Ölkədə əsas marka siqaretlərin bir qutusunun qiymətində 10 qəpiklik artım olub. Və təbii ki, hər dəfə olduğu kimi – izahatsız, səbəbsiz.

 

Pandemiyadan dolayı iqtisadi problemlər, gərginlik və stressin yaşandığı belə bir dönəmdə bu qiymət artımı kimə və niyə lazımdır? Bu, kimlərə lazım idi? Hökumət qiymət artımına niyə müdaxilə etməyə çalışmır? Bu cür halların əlavə problemlərə yol açacağını nəzərə almırlarmı? AYNA suallara cavab axtarıb.

 

Milli Məlisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hesab edir ki, bu məsələnin onların fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur: “Bu suala hökumət nümayəndəsi və ya İqtisadiyyat Nazirliyi cavab verməlidir. Bazar qiymətləriini biz tənzimləmirik”.

 

İqtisadiyyat Nazirliyindən isə belə bir cavab aldıq: “Biz dövlət qurumu olaraq tütün və tütün məmulatlarının qiymət artımına müdaxilə edə bilmərik. Onların qiyməti dövlət tərəfindən tənzimlənmir. Bunun üçün siqaret istehsalçıları və idxalçılarına müracitə edin”.

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun dediyinə görə, bu məsələ ilə bağlı onlara hər gün neçə-neçə müraciət daxil olur: “Bəli, belə bir reallıq qarşısındayıq. Hökumət vergi siyasətinə, aksiz siyasətinə müdaxilə edəndə, o zaman qalxma müşahidə olunur.  Lakin bu, bazarın tələb və təklif aksiomu ilə baş verib”.

İstehlakçılara orijinal adı ilə saxta, zərərli yağlar satılır ...

“Əlbəttə, AİB siqaretin qiymətinin qalxmasının tərəfdarıdır, çünki təhlükəli məhsula əlçatarlılıq azalsın deyə biz buna razıyıq. Lakin təəssüflər olsun ki, siqaretin qiyməti qalxanda, bazar ucuz, keyfiyyətsiz, daha təhlükəli qaçaqmal siqaretlərlə dolur. Beynəlxalq təşkilatın 2017-ci ildə apardığı tədqiqata görə, təkcə 2017-ci ildə Azərbaycan büdcəsi qaçaqmal siqaretlərindən iyirmi milyon dollar zərər çəkib. Ona görə də siqaretin qiymətinin dövlət tərəfindən qaldırılması, yəni aksiz və vergi siyasətinin gerçəkləşməsi olarsa, bu, yavaş-yavaş, tədricən baş verməlidir. Öncədən siqaret idxalçılarına və istehsalçılarına bu, məlum olmalıdır ki, onlar bazara qaçaqmal siqaret daxil olmamasına çalışsınlar”, - E.Hüseynov bildirib.

 

O, hesab edir ki, qiymət artımının indiki vəziyyətdə bir neçə səbəbi ola bilər: “Bu, ilk növbədə tələbin artması ilə bağlı ola bilər. İkincisi, xarici ölkələrlə kommunikasiyanın məhdudlaşdırıldığı bir şəraitdə gətirilmənin çətinliyi ilə bağlı ola bilər. Yəni, defisit əmələ gəldiyi zaman qiymət qalxır. Üçüncüsü isə, ölkə Prezidentinin hər zaman dediyi kimi, karter sövdələşməsi və yaxud inhisarçılıq səbəbindən baş verə bilər - qiyməti özləri müəyyən edərək, qaldıra bilərlər”.

 

“Dövlətin buna müdaxiləsinə gəldikdə, dövlət bunu edə bilməz. Çünki bazar tələb və təklif aksiomu ilə işləyir. Əvvəldə qeyd etdiyim kimi, təəssüflər olsun ki, belə bir vəziyyətdə qaçaqmal siqaretlər bazarlara daxil olmağa başlayacaq. Ucuz, keyfiyyətsiz və qorxulu siqarətlərin sayı artacaq. Ümumiyyətlə, siqaretlərin hamsı təhlükəli və pisdir. Filterli və ya filtersiz fərq etmir, siqaretlər də, qəlyanalar da hamısı zərərli məhsullardır”, - AİB rəhbəri vurğulayıb.

 

Eyyub Hüseynov AYNA vasitəsilə əhaliyə çağırış da edib: “Vətəndaşlar, siqaretdən uzaq durun!”

 

İqtisadi-ekspert Samir Əliyev düşünür ki, siqaretin bahalaşması ilk növbətə idxalın azalması ilə bağlıdır: “Misal olaraq xatırladım ki, 2020-ci ilin 5 ayı üzrə daxil olan tütün məmulatlarını 2019-cu ilin analoji dövrü ilə müqayisə etdikdə, 19 faiz azalma müşahidə olunur. Bu ilin təkcə may ayında 2019-cu ilin may ayı ilə müqayisədə, idxalda 50 faiz azalma baş verib. Bahalaşmaya səbəb, məhz tütün və tütün məmulatlarının idxalının azalmasıdır. Azalmanın da səbəbi bir tərəfdən pandemiyanın törətdiyi fəsadlardır, digər tərəfdən isə 2020-ci ildən siqaretlərə tətbiq olunan aksiz vergilərinin, təxminən 50 faiz artırılmasıdır”.

İqtisadçı Samir Əliyev:”Manatın qorunması üçün əsas zəmin var ...

Onun sözlərinə görə, aksiz vergisinin artırılması siqaretin qiymətinin bahalaşmasına təsir göstərib: “Düzdür, bizdə aksiz vergisi artırılanda, gözlənilir ki, ilin əvvəli siqaretlərin qiyməti də kəskin artacaq. Bu artım isə tədricən baş verdi. Görünür, bunun  da təsiri var. Artıq aksizlərə görə ölkəyə idxal olunan siqaretlərin qiyməti əvvəki illə müqayisədə getdkcə bahalaşır. Bu, uzunmüddətli bir dövr üçün səbəbdir”.

 

Ekspert Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsini də xatırladıb: “ÜST bütün ölkələrə tövsiyə edir ki, siqaretə olan vergiləri artırsınlar. ÜST-nin Azərbaycandakı nümayəndəsi ötən il bildirmişdi ki, Azərbaycanda siqaretlərin qiyməti ucuzdur. Hökumətə tövsiyə vermişdi ki, qiymətlərin qaldırılması istiqamətində addımlar atılsın və onlardan biri də vergilərin artırılması olsun. Bütün bunlar sonda ona gətirib çıxarır ki, siqaretin qiyməti getdikcə bahalaşır və dünyada da belə bir tendesiya gedir. ÜST bütün ölkələrə analoji tövsiyələr verir. Məqsəd isə insanları, xüsusilə də gəncləri siqaretdən çəkindirməkdir. Bir sözlə, siqaretin qiyməti bahalaşmaqda davam edəcək”.

Müəllif: Ülviyyə Şahin      5 İyul 2020 15:17
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin