Putin üçün növbəti 16 il – Kreml rəhbəri rekord qırmaq istəyir

Putin üçün növbəti 16 il – Kreml rəhbəri rekord qırmaq istəyir

Rusiyada referendum böyük ehtimalla Prezidentin xeyrinə nəticələnəcək

 

Rusiyada bu gün Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilir. Konstitusiyada bir çox dəyişiklik nəzərdə tutulub. Ancaq Rusiya və dünya ictimaiyyətini dəyişikliklərdə sadəcə bir bənd düşündürür. Həmin bənd Rusiyanın hazırki Prezidenti Vladimir Putinə 2024-cü ildən sonra da Kremlə sahib olmaq imkanı verəcək. Hazırki Konstitusiyaya görə Putinin prezidentlik müddəti 2024-cü ildə bitir. Yeni Konstitisiyaya görə isə Vladimir Putin 2036-cı ilə qədər Rusiyaya başçılıq etmək imkanı verəcək.

 

Rusiyada referendum böyük ehtimalla Prezident Vladimir Putinin xeyrinə nəticələnəcək və o əlavə olaraq 16 il də Kremldə oturacaq. Rusiyanın keçmiş prezidenti Boris Yeltsin Putini əvvəlcə 1999-cu ildə baş nazir, sonra isə öz yerinə təyin etdi. O illərdə Putin siyasi və ekspert dairələrində çox da tanınmırdı və onun ali kürsüdə müvəqqəti fiqur olduğu düşünülürdü. Putinin ulduzu ikinci Çeçenistan müharibəsində parladı. Çeçen mücahidlərin 1999-ci ildə Dağıstana hücum etməsi o zaman Baş Nazir olan Putini hərəkətə gətirdi. Putin faktiki dağılmış ordunu səfərbər edərək Dağıstanda topladı və döyüşlər nəticəsində çeçen mücahidələr Çeçenistana sıxışdırıldı. Ancaq Putinə bu az idi. O özünə gələn Rusiya ordusunun Çeçenistana hücum əmrini verdi. İkinci Çeçenistan müharibəsi xeyli dağıntılara və itkilərə səbəb oldu. Ancaq nəticədə Putin deyən oldu və Çeçenistan ram edilərək yenidən Rusiyanın tərkibinə qaytarıldı.

 

Çeçenistanın ram edilməsi Vladimir Putinə 2000-ci ildə prezident seçkisində qələbəni təmin etdi. Putin bu müddətdə prezident kürsüsünü sadəcə 4 illiyinə dostu Dmitri Medvedyevə təhvil verdi. Buna baxmayaraq, Putin 4 illik Baş Nazir olduğu dövrdə də faktiki ölkənin sahibi sayılırdı. Misal üçün Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı müharibəsində Putinin birbaşa rolu var idi. Medvedyev zəif fiqur hesab edilirdi. Elə buna görə Medvedyev 4 ildən sonra ikinci dəfə namizədliyini irəli sürməyərək ali kürsünü dostuna qaytardı. Putin faktiki 20 ildir hakimiyyətdədir, bunun üstünə növbəti 16 il də əlavə etsək, bu 36 il olacaq. Rusiyanın və SSRİ-nin tarixində heç bir şəxs bu müddətdə hakimiyyətdə olmayıb. İkinci Yekaterina Rusiya imperiyasına 36, İosif Stalin isə SSRİ-yə 32 il rəhbərlik ediblər. Putin hər ikisinin rekordunu təzələməyi qarşısına məqsəd qoyub.

 

Çeçenistanın rəhbəri Ramzan Kadırovun “Putin ömürlük prezident olsun” fikri yeni deyil. O bir neçə dəfə bu təklifini səsləndirib. Belə baxanda 36 il prezidentlik elə ömürlük hakimiyyətdə qalmaq deməkdir. Kadırovun açıqlamasında Rusiya üçün başqa təhlükə var. Kadırov açıqlamasında belə bir cümlə işlədib: “Rusiyada Putini əvəz edəcək şəxs yoxdur”.

 

Məsələyə Kadırovun məntiqi ilə yanaşsaq, bir gün Putin hansısa səbəbdən var olmasa Rusiyanı böyük təhlükələr gözləyəcək. Bu yanaşma Çeçenistana da aiddir. Ramzan Kadırov Putinlə dostdur və ona tabedir. Ancaq gələcəkdə Kremldə Putin yox bir başqası otursa Kadırov ona tabe olacaqmı? Rusiyada idarəetmə oturuşmuş sistemə deyil şəxsi sədaqətə bağlıdır. Bu isə Rusiya üçün gələcəkdə böyük təhlükələr vəd edir.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi      1 İyul 2020 16:50
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin